Yuxuları çin edən daş – FOTOLAR
Bizi izləyin

Layihə

Yuxuları çin edən daş – FOTOLAR

Rəngi ilə Kleopatranı belə valeh edib

Bizi bəzi daşların parlaqlığı, bəzilərinin isə rəngləri cəlb edir. Xrizolit məhz rəngi ilə insanı valeh edən qiymətli daşlardan biridir. Onun parlaq açıq yaşıl rəngi insanın zövqünü oxşayır. Ona görə də ta qədim zamanlardan zərgərlikdə geniş şəkildə istifadə edilib. Kleopatranın ən sevimli zinət əşyalarını bəzəyən bu daş haqqında Publika.az-ın "Mücrü" layihəsində olduqca maraqlı məlumatlar əldə edəcəksiniz.

Xrizolit və ya peridot parlaq sarıya çalan açıq-yaşıl rəngdədir. Ona yaşıl rəngi tərkibindəki dəmir mineralları verir. Dəmir mineralı nə qədər az olarsa, daşın dəyəri bir o qədər artır. Təbiətdə tək rəngdə tapılan nadir dəyərli daşlardan biridir. Zümrüdə oxşayır. Ancaq zümrüddən fərqli olaraq yarı dəyərli daşdır. Dəyərli zinət əşyalarının bəzədilməsində istifadə ediləcək qədər keyfiyyətli olan xrizolit çox nadir hallarda tapılır.

Avstraliya, Norveç, Çin, Braziliya, Keniya, Meksika, Cənubi Afrika, Pakistan, Şri-Lanka, Tanzaniya və ABŞ-da xrizolit yataqları var.

Xrizolit daşı kiçik hissəciklər halında tapılır. 1 santimetr böyüklükdə xrizolit tapmaq böyük uğurdur.

Xrizolit kövrək daşdır. Ona görə də, daşın tez qopub tökülməməsi üçün ona forma verilərkən zümrüd kəsimi, oval və yuvarlaq kəsimlərə üstünlük verilir.

"Gecə zümrüd"ü, "güc və pul daşı"

Keçmiş zamanlarda ən çox Misirdə istifadə edilib. Bəzi tarixçilər Kleopatranın məşhur zümrüd kolleksiyasındakı daşların əslində xrizolit olduğunu bildirirlər.

Romalılar da bu daşdan geniş şəkildə istifadə ediblər. Zümrüdə oxşadığı üçün Romada onu "Gecə zümrüd"ü adlandırıblar.

Bəzi mədəniyyətlərdə "güc daşı", bəzilərində də "pul daşı" hesab edilib.

İnsanı sakitləşdirən qiymətli təsbehlər

Xrizolitdən təsbehlərin hazırlanmasında da geniş şəkildə istifadə edilib. Bu daşdan hazırlanan təsbehlər çox qiymətli olur.

Belə təsbehləri adətən, təsbeh kolleksiyası yığanlar alırlar. Belə təsbehlərin hazırlanması çoxlu səbir və əmək tələb edir.

Xrizolitdən hazırlanan təsbehlərdən istifadə insanı sakitləşdirir və rahatlaşdırır. Bu xrizolitin yaşıl rəngindən qaynaqlanır.

Hollivud ulduzlarının və elit təbəqənin göz bəbəyi

Bir ara xrizolit çox nadir tapıldığı üçün öz populyarlığını itirib. Ancaq 1990-cı illərdə Pakistan və Əfqanistanda tapılan zəngin xrizolit yataqları bu daşın yenidən zərgərlikdə geniş istifadə edilməsinə təkan verib.

Hazırda dünya ulduzları arasında xrizolit daşına böyük maraq var. Oliviya Palermo, Rihanna, Ledi Qaqa kimi məşhurlar öz şıqlıqlarını məhz xrizolit daşlı zinət əşyaları ilə vurğulayırlar.

İngiltərə şahzadəsinin həyat yoldaşı, Kembric hersoqinyası Keyt Middleton da bütün dəyərli daşlar kimi, xrizoliti də diqqətdə saxlayır. Keyt Middletonun bir daşı akvamarin, bir daşı isə xrizolitdən olan zərif sırğası onun dəb ilahəsi olmasından xəbər verir.

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı, cazibədar xanım Karla Bruni də xrizolit sevən məşhurlardandır.

Xrizolitin uğur gətirdiyi bürclər

Xrizolit Əkizlər və Qız bürclərinə uğur gətirir. Odur ki, bu bürclərdən olanlar xrizolitdən istifadə etsələr, bütün çətinlikləri asanlıqla dəf edə bilərlər.

Min bir dərdin dərmanı xrizolit

Xrizolit daşı sadəcə qadınları bəzəyən zinət əşyalarının yaradılmasında istifadə edilmir. Bu daş həm də əsl şəfa mənbəyi hesab edilir.

Xrizolitin sağlamlığa müsbət təsirlərini saymaqla bitirmək olmaz. Ürəkdən dalağa, ciyərlərdən beyinə kimi bir çox orqanı gücləndirib xəstəliklərdən qoruyan xrizoliti hər zaman yanınızda gəzdirə bilərsiniz.

*Xrizolit ürək, dalaq və ciyərlərə yaxşı təsir edir.

*Toxumaların zədələnməsinə mane olur.

*Bədənlə zehnin tarazlığını qoruyur.

*Xoşbəxtlik hissi verir.

*İnsana enerji verir.

*Dünyaya pozitiv baxmağa kömək edir.

*Səbəbsiz yerə yaranan qorxulardan xilas edir.

*Qayğını azaldır.

*İnsanlarla tez ünsiyyət qurmağı təmin edir.

*Qısqanclıq, eqoistlik kimi mənfi duyğuları yox edir.

*Bu daşın insana uğur, şans və gözəllik bəxş etdiyinə inanılır.

*Stressdən qoruyur.

*Yuxusuzluqdan və depressiyadan əziyyət çəkənlərə yaxşı təsir edir.

*Öd kisəsi və qaraciyərin işini yaxşılaşdırır.

*Doğuş zamanı qadının ağrısını azaltdığı deyilir.

*Eşq həyatını aktivləşdirir.

* Yastığın altına qoyduqda gecələr görülən yuxuların çin çıxacağına inanılır.

*Əsəbləri sakitləşdirir.

*Zehni açır.

*Tənbəllik hissini aradan qaldırır.

*Gözləri gücləndirir.

*Orqanizmi toksinlərdən təmizləyir.

*Bolluq, bərəkət daşıdır. Qədim zamanlarda tacirlər pul kisələrində həmişə xrizolit daşı gəzdiriblər.

Bu kövrək daşı necə mühafizə etməli?

Xrizolitdən hazırlanan zərgərlik əşyaları mütləq gümüş və ya qızıldan olmalıdır. Faydalarından yararlanmaq üçün daşın dəriyə təmas etməsi vacibdir. Ona görə də, zərgərlik əşyasının hazırlanmasında bu nüans diqqətdə saxlanılır.

Kövrək daş olduğu üçün ondan hazırlanan zinət əşyaları yaxşı mühafizə olunmalıdır. Həddən artıq istiyə və kimyəvi maddələrə məruz qalmamalıdır.

Əgər xrizolit daşlı zinət əşyası almısınızsa, birinci dəfə səhər erkən saatda taxın. Onu islaq bezlə təmizləyərək mənfi enerjiləri daşdan uzaqlaşdıra bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm