• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanlı jurnalist necə mühasirəyə düşdü – Fotolar, Video

Azərbaycanlı jurnalist necə mühasirəyə düşdü – Fotolar, Video

Publika.az-ın “Könlüm keçir” layihəsində budəfəki həmsöhbətimiz Cəbrayıl rayonundan olan jurnalist, Modern.az saytının redaktoru Əfqan Qafarlıdır. Onu çalışdığı saytın redaksiyasında söhbətə çəkdim.

Mən də günahkaram…

Bu layihədə mənimlə həmsöhbət olmaq istəyinizi söyləyəndə, əslində könlümdən heç danışmaq keçmədi desəm, daha düz olar. Amma həmkar olaraq siz təkid etdiniz...

Doğulduğum, boya-başa çatdığım, dədə-babamın dəfn olunduğu yurd yerimiz 20 ildən çoxdur işğal altındadır, adam danışmağa utanır. Tələbəlik dövründə, ondan sonralar da başqa rayonlardan olan dostlar, yoldaşlarla işğal mövzusunda söhbətlər düşəndə həmişə bir bəhanə ilə onların yanından aralanmışam. Çünki üzüm gəlməyib nəsə danışmağa. O bölgənin sakini olaraq rayonumuzun, kəndimizin işğalında həmişə mən də özümü günahkar bilmişəm.

1993-cü ilin o qanlı-qadalı avqust-oktyabr aylarında institutun 2-ci kursuna keçmişdim... O günlərə qayıtmaq, o hadisələri xatırlamaq çox üzücüdür... O dəhşətli, barıt qoxuyan vaxtlarda şəhid olan dostlarımın, sinif yoldaşlarımın, qohumlarımın, əzizlərimin, qonşularımın, kəndçilərimin adlarını xatırladıqca utanıram...

“Söz tapmağa çətinlik çəkirəm...

Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində doğulmuşam... Hər kəsə öz doğulduğu yer əziz olduğu kimi, Cəbrayılı, Böyük Mərcanlını da mən anam qədər sevirəm... Və bu sevgi bitməz, tükənməzdir... Soruşursunuz ki, “könlünüz doğulduğunuz o yerlərdən tez-tezmi keçir?” Nəinki tez-tez, hər gün, bəlkə də hər saat... dar məqamlarda da, xoşbəxt anlarda da... yuxularımda da... yadıma düşür... Bu mövzuda həmsöhbət olmaq, yurd itkisi haqda danışmaq çox ağırdır, yəni elə şeylər, elə hisslər var ki, adam sözlə ifadə etməyə çətinlik çəkir. Yəqin ki, bu ağrı-acını yaşayanlar məni daha yaxşı anlayar... 20 ildən çoxdur, o yerlərə nə əlimiz yetir, nə ünümüz çatır. Hələ ki gücümüz ancaq internetdə doğulduğumuz rayonun, kəndin şəkillərini axtarıb tapmağa, onlara baxaraq ah çəkməyə yetir.. Söhbətin bu yerində tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun bir şeiri yadıma düşdü – “Şuşaya gedirəm". Sanki, hamımızın hislərini anlayaraq ifadə edib. Şeirdən iki bəndi yada salmaq istəyirəm, bu məqamda çox yerinə düşür:

Hər gün Şuşaya gedirəm

Google-un xəritəsində

Gözlərimlə dayanıram

Düz Şuşanın ortasında…

Mən də qorxaq bir kişiyəm,

Elə ki, arvadım yatır,

İnternet dadıma çatır,

Çıxıb Şuşaya gedirəm.

Google-un xəritəsində,

Google anamı ağladır,

Mən hər gecə ağlayıram,

Düz Şuşanın ortasında…

Şeirdəki “Şuşa” sözünün yerinə işğal olunmuş istədiyiniz rayonumuzun adını yazmaq olar: Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Qubadlı, Xocalı... Bax mən də dəfələrlə Google-un xəritəsində Cəbrayılın tanıdığım yerlərini, xüsusilə də öz kəndimizi – Böyük Mərcanlını, evimizi, yolumuzu, oxuduğum məktəbi, evdəkilərdən oğurlanıb uşaqlarla çimməyə, balıq tutmağa qaçdığım su kanalını, quzu otardığım çölləri-dağları-təpələri, üzüm və tut bağlarımızı, kənd klubunu, kolxoz idarəsini, futbol meydançamızı, Çoban bulağını, Sellik dərəsini, kəhrizi, Cüllab düzünü, qəbiristanlığı, Araz çayını axtarıb tapmışam, baxmışam, təəssüflənmişəm, üzülmüşəm...

Ya “Allah haqqı”, ya da “Hacı Qaramana and olsun” deyirdik

Doğulub, boya-başa çatdığım Böyük Mərcanlı kəndi əhalisi və ərazisinə görə Cəbrayıl rayonunun ən böyük kəndi idi. O vaxt 8 minədək əhalisi vardı, kəndin yuxarı başında yaşayanlar aşağı başında yaşayanları yaxşı tanımırdılar, amma buna baxmayaraq, heç kim-heç kimin xeyrindən, şərindən qalmazdı. İki klub, iki mədəniyyət evi, bir neçə kitabxana, 3 orta, bir ibtidai məktəb, iki uşaq bağçası, iki poçt, iki stadion, bir xəstəxana, iki tibb məntəqəsi, iki tikiş fabriki, dəmiryol stansiyası, iki qəbiristanlığı olan kənd bir sovetlikdə (sonralar icra nümayəndəliyində) birləşirdi... Arazboyu düzənlikdə, İranla həmsərhəddə yerləşən kəndimizdən Bakı-Naxçıvan dəmiryol xətti, Bakı-Zəngilan magistral yolu keçdiyindən iqtisadi cəhətdən inkişaf etmişdi. Üzümçülük, baramaçılıq, heyvandarlıq və əkinçilik camaatımızın əsas məşğuliyyəti idi.

Mərcanlı kəndinin adı ilə bağlı müxtəlif məlumatlar var. Bir məlumata görə, vaxtilə igid, qorxmaz insanları ilə bağlı "mərd canlı" sözündən yaranıb, başqa bir məlumata görə əvvəllər əhalisi tərəkəmə olmuş kəndin adı "mal canlı", "köçəri tayfa", "tərəkəmə tayfası" ilə bağlı olaraq adlandırılıb. Mərcanlılar Cəbrayılın ən qədim türk tayfalarından, otuzikilərdən olan bir qoldur. Həm də deyilənə görə, Türkiyə ərazisindən köç ediblər. Bildiyimə görə, indi də Türkiyə ərazisində, eləcə də Azərbaycanın Bərdə rayonunda Mərcanlı tayfaları, kəndləri var və Cəbrayılın Mərcanlı əhli onlarla eyni qoldandırlar. Bunu da deyirlər ki, köçəri mərcanlılar vaxtilə Şah İsmayıl Xətainin qoşunlarında yaxşı vəzifələr də tutub.

Bizim camaatın and yeri Cəbrayıldakı Hacı Qaraman ocağıydı. Kim nə isə bir şey danışanda ağır bir and içmək istəyirdisə, ya “Allah haqqı”, ya da “Hacı Qaramana and olsun” deyirdi... Elə indi də bu and yaşlı və orta nəslin dilindədir...

Nə indiki kimi üşüyürdük, nə də istidən bişirdik...

Barlı-bərəkətli torpağımız vardı. Nə əkirdin bitirdi... İnsanlar da çox zəhmətkeş idilər... Kəndimizdə işləməyən, əkib-becərməyən, mal-heyvan saxlamayan adamlara lağ edirdilər, belələri barmaqla sayılacaq qədər az idi. Bizlərdə dükan-bazara ancaq pal-paltar, qənd-çay və digər xırda-xuruş şeylərə görə gedirdilər. Ət, yağ-pendir, yumurta, kartof-soğan, bostan bitkiləri, göy-göyərtini hamı öz həyətyanı sahəsində yetişdirib əldə edirdi, qışın azuqəsini da yayın axırından, payız gəlməmiş ehtiyat toplayırdı...

Kəndimizdə dədə-baba üsuluyla qazılmış bir neçə kəhriz vardı, buz kimi təmiz, saf suyu vardı. O kəhrizlərin suyunu kəndin müxtəlif yerlərinə çəkib bulaq düzəltmişdilər... Axşamüstü qız-gəlinlər o bulaqların başına toplaşır, deyib-gülür, evlərinə səhənglərdə su daşıyırdılar. Həyətlərdə də şirinsulu quyular vardı... Amma bəzən o suları bəyənməyib maşınla, motosikletlə, at-eşşək arabasıyla dağın ətəyindəki Çoban bulağına, Söyüdlü bulağa gedənlər olurdu, deyirdilər ki, “mən o bulaqların şirin suyundan qaynayan çayı daha çox xoşlayıram”.

Bizim kəndin mülayim təbiəti vardı, qışı nə çox soyuq, yayı nə çox istiydi. Hər halda, bizə belə gəlirdi... Düzdür, qışda bizdə də qar, şaxta, çovğun, sazaq, yayda istilər olurdu, amma nə indiki kimi üşüyürdük, nə də istidən bişirdik. Yadımdadır ki, şaxtada, sazaqda, qarlı günlərdə məktəbə başıaçıq, paltosuz gedirdik. 10-cu sinfi bitirənədək mənim paltom, plaşım, kürküm olmayıb. Eləcə də digər uşaqların. Qışın oğlan çağında yüngül geyimdə evdən məktəbə çatanadək üst-başımızı qar örtürdü. Amma nə bir dəfə xəstələnirdik, nə öskürürdük... Böyüklərin gözündən oğurlanıb evlərin damından, ağaclardan sallanan buz salxımlarını – biz ona sırsıra deyirdik – qırıb ləzzətlə yeyirdik, qar yeməkdən doymurduq. Nə dişlərimiz ağrıyırdı, nə qızdırmamız qalxırdı... Bütün bunlar da yəqin ki, yaşadığımız təbiətlə, nəfəs aldığımız havanın təmizliyilə, yediyimiz qidaların təbii olmağıyla, içdiyimiz suyun saflağıyla bağlıydı... Mən gözümü açandan görmüşdüm ki, Qurban bayramı və ilaxır çərşənbə biz tərəfdə xüsusi təmtəraqla qeyd olunur. Qurban bayramında imkanından asılı olmayaraq hər evdə bir heyvan kəsilməsi daşlaşmış bir ənənəyə çevrilmişdi. Novruz ərəfəsində kəndin müxtəlif yerlərində məclislər qurulur, cavan, yaşlı, uşaq hamı o məclisdə Kosa, Keçəlin məzəli hərəkətlərindən, dadlı-duzlu söhbətlərindən doymurdu. İlaxır çərşənbədə uşaqlar əllərində torba qapıları gəzib qoz-fındıq, yumurta yığırdı, qızlar qapıpusduya gedirdilər. Evlərdə bişirilən bayram aşından mütləq qonum-qonşu da dadmalıydı...

Bir gecədə 22 əsgərimiz şəhid oldu

Cəbrayıl işğal olunanda 2-ci kursa keçmişdim. İşğal başlayandan ta bitənədək öz kəndimizdəydim. Kəndi də ən sonuncu tərk edənlərdən oldum və mühasirəyə düşdüm... Kimsə bizə irad tuta bilər ki, “siz döyüşə bilmədiniz, məğlub oldunuz”, bunun da səbəbləri çoxdur, qısaca olaraq deyə bilərəm ki, ordu başıpozuq vəziyyətdəydi, nizam-intizam zəif idi, Surət Hüseynov hakimiyyətə qarşı təzəcə qiyam qaldırmışdı, ölkənin idarəetmə aparatı daxilində parçalanmalar, bölünmələr baş vermişdi, ermənilər də belə bir məqamda rusların yardımı ilə irəliləyirdilər. Bu barədə çox danışmağa lüzum yoxdur, bir sözlə deyim ki, o zaman it yiyəsini tanımırdı. Bu baxımdan, “torpaqlarınızı qoyub qaçdınız” ittihamı söylənlərlə razılaşmıram. Mənim kimi minlərlə insan ən son məqamadək doğma torpağındaydı. Ermənilər kəndin yuxarı başından girəndə biz məcburən aşağı başdan çıxmalı olduq.

1993-cü il avqustun əvvəlində işğal təhlükəsi artırdı, narahatlıq böyüyürdü, başımızın üstündə alan qara buludlar sıxlaşırdı. Avqustun 15-də Daşbaşı postuna hücum edən ermənilər bir gecədə 22 əsgərimizi öldürüb, meyitləriylə vəhşicəsinə davranmış, bəzilərinin başını kəsmiş, bəzilərinin boynunu sındırmış, gözlərini çıxarmışdılar... O hadisə Cəbrayılın işğalının başlanğıcı oldu. Bir neçə gün sonra rayon mərkəzi işğal olundu. Amma Arazboyu kəndlər, o cümlədən də bizim Böyük Mərcanlı yerindən tərpənmirdi. Avqustun 23-də rayon mərkəzi, yuxarı kəndlər işğal olunsa da, biz hələ 2 ay kəndimizdən çıxmadıq... Ermənilər Cəbrayılın işğalını oktyabrın 23-də Arazboyu kəndləri də tutmaqla başa çatdırdılar...

Sonuncu gün...

Cəbrayılın rayon mərkəzi, yuxarı-dağlıq ərazilərdəki kəndlər işğal olunduğundan, Arazboyu yaşayış məntəqələri atəş altında qalmışdı. Hər an bizim kəndlərin də tutulma riski vardı. Bu səbəbdən də bir çox ailələr mümkün təhlükəyə qarşı uşaqları, qız-gəlinləri, yaşlıları, hətta bəziləri mal-heyvanı qabaqcadan çıxarıb, Beyləqan, İmişli ərazisinə gətirmişdilər. Hər evdən isə heç olmasa bir kişi, cavanlar kənddə qalmışdıq. Düz iki ay o cür yaşadıq... Hər gecə əlimizdə silah tonqal başına yığışıb, növbəylə yatırdıq... Son günlər anam, kiçik qardaşım da mənimlə kənddəydi. Arvad-uşaq, qız-gəlin... Yaşlılardan da kəndə qayıdanlar çox idi. Hətta çox adam mal-qarasını da kəndə qaytarmışdı. O cümlədən də biz. Baxmayaraq ki, ermənilərlə məsafə çox deyildi, amma heç kim inanmırdı ki, bizim kəndlər də işğal olunacaq. Oktyabrın 23-ü kəndimizdə son günümüz oldu. Axşamüstü hay-haray düşdü, xəbər gəldi ki, yuxarı postlar dağıdılıb, ermənilər kəndə çatırlar... O ərəfədə ortancıl qardaşım döyüşlərin qızğın getdiyi səngərlərdəydi, bir həftəydi ondan xəbər ala bilmirdik, atam bacımla nənəmi kənddən çıxarmışdı, anam kiçik qardaşımla mənimlə birgəydi. Üstümüzə od ələnirdi, top mərmilərinin vahimə yaradan dəhşətli uğultusunu bilmirəm necə ifadə edim ki, təsəvvür yaransın. Bu uğultu xüsusilə o zaman dəhşətli olur ki, mərmi sənə doğru gəlir, başının üstündən ötüb keçir, partlayır... O mənzərə gözümün qarşısından heç getmir... Vahiməli mərmi vıyıltılarına arvad-uşağın, qız-gəlinin, qocaların ah-naləsi, ağlaşmalar da qarışmışdı. İtlər mərmi uğultularından özlərinə yer axtarırdılar. Evdən heç nə götürə bilmədik, heç götürmək, apara bilmək imkanımız da yox idi. Heyvanlarımızı (3-4 baş mal-qara, 20-25 baş qoyun-quzu, bizim kənddə bundan çox saxlayan yox idi) da qabağımıza qatıb kəndi tərk etdik...

Amma kənddən çıxmaq istəməyən ağsaqqallar da oldu. Oğul-uşağının təkidinə, yalvarışlarına baxmayan Məhəmməd kişi, Bahar kişi və daha bir neçə kişi çıxmadı, “qoy gəlib bizi burda öldürsünlər” dedilər... Qürurlarına sığışdırmadılar... Biz bilmədik o ağsaqqalların axırı necə oldu, şübhəsiz, öldürüldülər...

...Gün batmağa doğru gedirdi. Kəndi tərk edənlərin qarşısında iki yol vardı: Araz çayına doğru gedib, sərhəddən keçməklə İran ərazisinə adlamaq və Arazqırağı torpaq yolla Füzulu rayonu ərazisindən çıxmaqla xilas olmaq. Hər iki yolu seçənlər oldu, hər iki yolda da ölüm-itim oldu. Biz çoxluqla bərabər Araza doğru getdik. Qonşumuz Fazil özünün, qardaşlarının ailəsini yığdığı qoşqulu traktoru digər istiqamətə - Arazboyu yola doğru sürdü. Onda mən anama yalvardım ki, o da bu traktora minib qonşularla birgə getsin, fikirləşdim ki, bizlərdən daha tez xilas ola bilər. Anam üstümə qışqırdı ki, “qardaşınla səni qoyub heç yana getməyəcəm”. Nə yaxşı ki, mənim sözümə baxıb o traktora minmədi... Yoxsa vicdan əzabından qurtula bilməzdim. Çünki ertəsi gün bildik ki, dörd ailə üzvlərinin yığışdığı traktor yolda mühasirə vəziyyəti yaradan erməni pusqusuna düşüb. Pusquya düşən təkcə o traktordakılar olmamışdı, daha bir neçə maşında gedən kənçilərimiz o aqibətlə üzləşmişdi... Hamısını gülləyə tutmuşdular, qaça bilənlər özlərini Araza atmışdı, qaça bilməyənlər qətlə yetirilmişdilər... O soyuq oktyabr günlərdində 2 sutkanı Araz çayının sahilindəki meşədə qaldıq. Başıpozuq, pərən-pərən düşmüş azsaylı hərbçilərimiz də mülki əhaliyə qarışmışdı. Meşəlikdə gecələyənlərin dəqiq sayını bilmirəm, minlərlə insan vardı, çünki qonşu kəndlərin də əhalisi ora tökülüşmüşdü. Eni 60-100 metr olan çayı keçməyə münasib yer tapılandan sonra insanlar özləri və heyvanlarıyla birgə İrana adlamağa başladı. Mən də anamı və qardaşımı İran ərazisinə keçirdim. Üçüncü gün artıq kəndi tutmuş ermənilərə bizim yerimiz məlum olmuşdu və meşəliyə qəfil hücum elədilər. Yaxşı ki, arvad-uşaq, qız-gəlin, qocalar çayı keçməyə fürsət tapa bilmişdi. O qarışıqlıqda heyvanlarımızı itirdim. Hücum olanda biz cavanlar özümüzü çaya vurduq. Üzə bilməyənlərdən ölüb-itənlər oldu... Ermənilər meşəlikdən böyük bir sürü mal-qara, qoyun-quzu apardılar. Cavanlarla yenidən çayı üzüb geri – meşəliyə qayıtdıq. Qoyun-quzumuzu tapmasam da, inəklərizi tapa bildim, onları çətinliklə Arazın o tayına keçirdim. Ermənilər kəndimizə od vurmuşdular... Arazın o tayından bu biri tərəfdə yandırılan, tüstülənən evlərimizə baxırdıq... Çox dəhşətli mənzərəydi, çox. Bunu sözlə ifadə edə bilmirəm... Arazın o tayında İran jandarmları, dəllallar başımızın üstünü aldılar. Kimdə silah vardı yığdılar, mal-qarasını, qoyun-quzusunu keçirə bilənlər onları dəyər-dəyməzinə o taylı dəllallara satdılar. Mən də iki inək keçirə bilmişdim, su qiymətinə bir iranlıya satdım.. O tayla xeyli yol qət edəndən sonra İranın Parsabad sərhəd-keçid məntəqəsinə gəlib çatdıq. Oradan öz tərəfimizə - Biləsuvara adladıq. Bir dəhşətli mənzərəni də həmin yerdə gördüm. Sərhədin bu tayında mühasirədən çıxıb gələ bilən əzizlərini gözləyənlərin ürəyi parça-parça olmuşdu. Atam da onların arasındaydı...

Acılı-şirinli xatirələr yalnız özümə maraqlıdır...

Doğma yerlərlə bağlı xatirələr hər yaşda olub. Bilmirəm nələri danışam. Uşaqlığım, yeniyetməliyim orda keçib, öz evimizdən hərbi xidmətə yollanmışam, ali məktəbə qəbul olunmağımın sevincini orda yaşamışam... Nə bilim, adi bir jurnalistin xatirələri, doğma kəndi ilə bağlı hissləri ilə bağlı deyilənlər kimin üçün maraqlı ola bilər? Yəqin, o xatərələr özümdən başqa digərlərinə çox maraqlı gəlməz...

Məktəbə ilk dəfə məni nənəm aparmışdı... Onun əlindən tutub gülə-gülə, sevinərək getmişdim. Amma direktor demişdi ki, “noyabr ayında doğulduğundan 1-ci sinfə iki ayı çatmır”. Elə nənəmin əlindən tutub ağılaya-ağlaya evə qayıtmışdım. Məktəbə getmək sevincini bir də növbəti il yaşadım. Nənəmdən söz düşmüşkən, sinəsi söz, nağıl, bayatı, qoşmayla dolu bir arvad idi. Birdən bədahətən elə bayatılar, qoşmalar deyirdi, elə maraqlı şeylər danışırdı ki. O bayatıları mən heç yerdə oxumamışdım. Çox heyf, onun bildiklərini kağıza köçürmədim... Köçürsəydim, bəlkə də, bir kitab alınardı... Nənəm çoxları kimi vətənə geri qayıtmaq arzusuyla köçdü bu dünyadan...

Acılı-şirinli xatirələrim çoxdur... Hansı birini danışım? Məktəbdə ən yaxşı oxuyan şagird olmağımı, utancaqlığıma görə həmişə evdə danlanmağımı, həmyaşıdlarımla quzu otarmağa, balıq tutmağa, futbol oynamağa, çayda çimməyə getməyimi, uşaqkən dostlarımla meyvə bağlarından oğurluq etməyimi, qardaşlarımla tez-tez dalaşıb-barışmağımımı deyim? Yoxsa 4-cü-5-ci sinifdə oxuyanda özümdən böyük qızlara vurulmağımı,qonşumuz Vidadi əsgər gedəndə içib keflənərək həmin axşam kənddəki toyda oynamağımı, sinif yoldaşlarım olan qızların bunu görüb şoka düşməyinimi danışım? Ya da sinif yoldaşım Azərin, dostumun qardaşı Arifin şəhid olmağından, əzizlərimin, qonşularımızın işğal günündə həlak olmağından, qardaşımın döyüşdə yaralanmağından, özümün güllə yarası almağımdan, möcüzə nəticəsində qəzadan xilas olmağımdan, kəndimizi tərk edən gün dəhşətli dərəcədə sarsılmağımdanmı bəhs edim?.. Heç yaddan çıxacaq deyil... Əlbəttə, xatirələrimdə hər gün kəndimizə qiyabi də olsa, səyahət edirəm. Dağı-dərəsi, yolu-yolağası, bağları, insanları...

Heç yaddan çıxacaq deyil...

Evimizdə də elə gün olmur ki, Cəbrayıldan, Böyük Mərcanlıdan bəhs olunmasın. Ata-anamın nisgilli xatirələri, öz xatirələrim, övladlarımın, qardaşım uşaqlarının bitib-tükənməyən sorğu-sualları, kəndimizdən olan kimlərinsə ölüm-itimi, toy-düyünü, nişanlanmağı bu mövzunun hər gün çözülməsinə səbəb olur. Oğlum 4-cü sinfə keçib, kəndimizdən, uşaqlğımdan, məktəb illərimdən, əsgərliyimdən nənəmdən, babamdan, evimizdən, bağlarımızdan ona o qədər şeylər danışmışam ki... Bir ara öyrəncəli olmuşdu, hər gecə yalvarıb “yenə balacalığından danış” deyib, təkid edirdi, mən də yadıma yeni əhvalat sala bilməyəndə məcbur olub o yerlərlə bağlı yaşamadığım hadisələr uydururdum.

İndi kəndimizi yuxuda tez-tez görə bilmirəm, amma görməyi çox istəyirəm... Torpaqlarımızı işğaldan azad edəcəyimizə inanıram. Bunun gec-tez baş verəcəyinə olan ümid bizim yaralarımıza bir məlhəm, qaysaqdır... Kaş bu, sonrakı nəslin dövrünə qalmayaydı. Aradan 21 il keçib, Cəbrayılın işğalından sonra doğulan nəslin 21 yaşı var... O yerlər barədə ancaq sözdə-söhbətdə eşidən nəsil... Heç yaxşı əlamət deyil.. Doğma yerləri azad etsək, şübhəsiz ki, ilk baş çəkdiyim məkan doğulub, boya-başa çatdığım, acılı-şirinli günlər keçirdiyim ata yurdum, öz evimiz olacaq...

Ortaya, heç olmasa, bir şəkil qoya bilmirəm

Heyf ki, Cəbrayılla, doğma Böyük Mərcanlı kəndiylə bağlı xatirələrimi danışanda ortaya heç olmasa bir şəkil qoya bilmirəm. Hamısı evimizdə qaldı, uşaqlıq, yeniyetməlik, məktəb illərini, hərbi xidmət dövrünü özündə əks etdirən çox şəkillərim, hətta o dövr üçün çox az adamda olan videokasetim vardı... İşğal günündən əvvəl atam öz maşını ilə nənəmgili kənddən çıxaranda bəzi yüngül şeyləri, sənədlərimizi maşına qoymuşduq ki, birdən it-bata düşər. Onda pasportlarımız, hərbi biletim, bəzi kitablarım olan kiçik çantanı maşına özüm qoymuşdum. Elə bilmişəm ki, şəkillərim, orta məktəb “vinetkam” da onun içindədir... Amma səhv eləmişəmmiş... Biz ev əşyalarımızın da hamısını orda qoyub gəldik, heç nə çıxara bilmədik... Onları Böyük Mərcanlı stansiyasında dayanmış yük vaqonuna yığmışdıq... Təkcə biz yox, kənd əhlinin 80 faizi... İşğaldan bir müddət öncə stansiyaya 300-dən çox yük vaqonu gətirilmişdi, camaata deyilmişdi ki, əmlakını o vaqonlara yığsınlar. Hər iki-üç ailəyə bir vaqon ayırmışdılar. Guya, başbilənlərin planına görə, işğal təhlükəsi yaranarsa, o dolu vaqonlar üzü bəri çəkilib gətiriləcəkdi... Amma işğaldan sonra içərisi xalça-palaz, kilim, mebel əşyaları, qab-qacaq, televizor, soyuducu, yorğan-döşək və digər əşyalarla dolu 300-dən çox vaqonu ermənilər Qafana çəkib apardılar... Təbii ki, bu itkilər, çıxara bilmədiyimiz əşyalar torpaq itkisinin yanında heç nədir... Əsas torpaq itkisidir, kaş bu itkini biz bundan sonra çox yaşamayaq...

Cəvahir Səlimqızı

FOTO:Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR