• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Sektalara mənsub olan məmurlarla bağlı böyük bir siyahı var" - İDDİA

  • Nida.az
  • 18 Mart 2014 13:20
  • 1 182 Baxış
"Sektalara mənsub olan məmurlarla bağlı böyük bir siyahı var"  - İDDİA


“Nurçuluq icması ilə bağlı olan məmurların, dövlət strukturlarında təmsil olunanların bundan sonra da vəzifələrindən uzaqlaşdırılacağını istisna etmirəm”.

Bu barədə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Publika.Az -a açıqlamasında adı nurçuluqda hallanan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, burda iki məsələ əsasdır: “Birincisi, müəyyən sektalara mənsub olan məmurlarla bağlı böyük bir siyahı var. Sözsüz ki, bu siyahı araşdırılmalıdır.

İkincisi isə Azərbaycan dövlətçiliyi, kadr siyasəti ilə hansısa sektanın dövlət strukturlarında kök atması bir araya sığmır. Mən bu iki məsələni əsas götürürəm və güman edirəm ki, dövlət başçısı da məsələyə bu prinsiplərlə yanaşacaq. Əgər bu yanaşma ilə davam edəcəksə, yeni qərarların şahidi ola bilərik. Təbii ki, bütün bu məsələlər bizim rəyimizdən asılı deyil. Çünki burda dövlət başçısının verdiyi qərarlar əsas rol oynayır. Hər şey onun iradəsinə bağlıdır. Amma dediyim iki əsas məsələni də unutmamalıyıq”.

A. Quliyev qeyd edib ki, nurçuluq təriqətinə bağlı insanların dövlət strukturlarında kök atması ilə bağlı informasiyalar onda lap əvvəllərdən olub.

“İllər öncə mən Azərbaycanda belə bir prosesin getdiyini bilirdim. Bir qəzet redaktoru olaraq mənim özümdə də çoxlu informasiyalar var idi. Hətta hansı dövlət strukturlarının bu təriqətlərə meyl etməsi, hansı motivlər əsasında bu təriqətdən asılı vəziyyətə düşdükləri, yaxud kimlərin könüllü olaraq bunu qəbul etdikləri ilə bağlı şəxsən məndə informasiyalar mövcud idi. Qəzetdə də bununla bağlı zaman-zaman konkret adlar göstərilməsə də, yazılar çap edirdik. Yəni bu təriqət Azərbaycanda dövlət strukturlarında illər öncə kök salmağa başlamışdı. Nə yaxşı ki, bununla bağlı siyasi iradə açıq şəkildə ortaya qoyuldu”.

Bu informasiyalara çıxışı necə əldə etməsinə gəlincə, baş redaktor bildirib ki, media işçisi üçün həmişə mənbələr var və onun özündə bu mənbələr kifayət qədərdir.

Qeyd edək ki, Azərbaycanda dövlət strukturlarında nurçuluğa bağlı məmurların olması haqqında informasiyalar, konkret elə Elnur Aslanovun adının çəkilməsi ilk dəfə “İnci Azəri” adlı “Feysbuk” profili tərəfindən yayılıb. Həmin profilin Aydın Quliyevin rəhbəri olduğu qəzetə aid olması haqqında informasiyalar yayıldı. Lakin A. Quliyev bəyanatla çıxış edərək bunu təkzib etdi.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR