“Anti-türk” siyasət, yoxsa Avropanın “holland sindromu” – ziyalılardan ETİRAZ
Bizi izləyin

Nida Təhlil

“Anti-türk” siyasət, yoxsa Avropanın “holland sindromu” – ziyalılardan ETİRAZ

"Avropa NATO üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşmasına çox qısqanclıqla yanaşır".

Türkiyənin iki nazirinin Niderland hökuməti tərəfindən ölkəyə buraxılmamasından sonra rəsmi Ankara ilə Amsterdam arasında yaranan böhrana Azərbaycanın ayrı-ayrı tanınmış ziyalıları və millət vəkilləri də münasibət bildirib.

Publika.az xəbər verir ki, azərbaycanlı ziyalılar Hollandiya hökumətinin Türkiyəyə qarşı atdığı anti-demokratik addımları qınayıblar.

Milli Məclisin deputatı Rafael Cəbrayılov isə qeyd edib ki, Hollandiyanın Türkiyəyə qarşı son addımı bütün bəşəriyyətə utanc gətirir:

Türkiyəyə qarşı bu cür addımlar atması gözlənilən idi. Çünki bu cür addımlar bütövlükdə Avropa Birliyinin Türkiyəyə qarşı ümumi fəaliyyətidir. Bu gün Avropa Birliyinin əsas məqsədi Türkiyəni bu təşkilata buraxmamaqdır. Çox təəssüf ki, Avropa ali və sağlam dəyərlərin carçısı olan Türkiyəni özünə təhlükə görür. Türkiyə Avropa Birliyinə üzv olsa, bu məkana çox sağlam dəyərlər gətirəcək. Həmin dəyərlər isə hər bir Avropa insanı üçün daha cəlbedici olacaq. Bu gün Avropa dəyərləri ailə modelindən tutmuş, adi insani keyfiyyətlərə qədər o qədər bayağılaşıb və çürüyüb ki, artıq dağılmaq ərəfəsindədir. Bəzən biz “Avropa inkişaf edir” deyəndə heç də inkişafın elementlərini görmürük. Bu gün Avropa Birliyi dövlətlərində mənəvi dəyərlər dağılır, əvəzində yeni iyrənc forma meydana gəlir. Bu inkişafdırmı? Tarixə nəzər salsaq, görərik ki, bəşəriyyət üçün ən utancverici hadisələr məhz Avropada, o cümlədən Hollandiyada yaşanıb. Misal üçün narkotik maddələrin leqallaşdırılması, eynicinsli insanların nikahının qeydə alınması, eutanaziyaya icazə verilməsi və digər bu kimi hallar ilk dəfə Avropada tətbiq edilib. Halbuki bu proseslər nəinki islam, heç xristianlıq dini tərəfindən də bəyənilmir. Bu gün Avropa Birliyi ölkələrində, o cümlədən Hollandiyada yuxarıda sadaladığım hallara çox adi hal kimi baxılır. Çox təəssüf ki, bəzi insanlar da bütün bunları Avropanın inkişafı kimi görürlər. Çin, Sinqapur, Yaponiyada inkişaf edir, amma mənəvi dəyərləri dağıdılmır”.

Deputat vurğulayıb ki, Niderland hökumətinin bu addımı gözlənilən idi:

“Çünki Türkiyədə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər bu dövlətin daha da güclənməsinə gətirib çıxaracaq. Avropa Birliyi dövlətləri də bunu bilir və görür. Buna görə də Türkiyə hökumət rəsmilərini gözdən salmağa və türk xalqı ilə aralarında nifaq toxumu səpməyə çalışırlar. Biz yaxın tarixdə buna oxşar hadisələri Avropa Birliyinin Fransa və digər ölkələrində də görmüşük. Amma Qərbin Türkiyə əleyhinə bu cür addımları heç bir nəticə verməyəcək. Artıq “qoca qitənin” mənəvi dəyərləri dağılmaq üzrədir, Avropa mənəvi dəyərlər baxımından geri gedir. Bunu Avropa Birliyinin öz təhlilçiləri və uzaqgörən alimləri də yaxşı anlayır”.

Politoloq Qabil Hüseynli bildirib ki, Avropa dövlətləri, o cümlədən Hollandiya Türkiyəyə qarşı ədalətsizlik edib:

“Özlərini “demokratiyanın vətəni” hesab edən dövlətlər ölkələrində yaşayan türklərin Türkiyənin rəsmi şəxslərilə görüşlər keçirməsinə icazə vermirlər. Bu məsələdə Hollandiya bütün sərhədləri keçib. Hollandiyadakı Türkiyə konsulluğunun ətrafına toplaşan türklərə qarşı itlərdən istifadə olunub. Polis zorakılıq tətbiq edilib. Hətta, Hollandiya polisi 15 dinc sakini də həbs edib. Bütün bunlar onu göstərir ki, Avropada islamafobiya və müsəlmanlara qarşı nifrət hissi yüksək səviyyədədir. Avropa NATO üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşmasına çox qısqanclıqla yanaşır. Bu qısqanclıq son hadisələrdə də özünü büruzə verdi”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş deputat Sabir Rüstəmxanlı söyləyib ki, Hollandiyada yaşayan türklər Avropa Birliyi ölkələrinin vətəndaşlarıdır və Niderland dövlətinin qanunları ilə hərəkət edirlər:

"Hazırda Hollandiyada çox sayda üzvü olan türk diasporu mövcuddur. Ola bilsin ki, bu Niderland hökumətini narahat edir. Bundan Almaniya da narahatdır. Ona görə də Türkiyə dövlət və hökumət rəsmilərinin gedib Avropa Birliyi ölkələrində yaşayan türklərlə birgə mitinq keçirməsindən narahat olurlar. Bunu başa düşmək olar. Ancaq bunu dövlətlərarası böhrana çevirmək mənasızıdır. Hollandiya rəsmilərinin Türkiyə rəsmiləri haqqında heç bir diplomatiyaya sığmayan fikirlər söyləməsi nadanlıqdır, anti-demokratik addımlardır”.

Milli Məclisin digər deputatı Musa Urud isə deyib ki, Niderland hökumətinin Türkiyəyə qarşı bu cür addımlar atması təsadüfi deyil:

“Bu gün Türkiyə Qərbin ümumtürk və ümummüsəlman təzyiqləri ilə qarşı-qarşıyadır. Uzun illərdir ki, ABŞ və Qərbi Avropa dövlətləri müxtəlif xəyanətlər edərək, Türkiyəni daim təzyiq altında saxlamağa çalışır. Niderland hökumətinin Türkiyə rəsmilərinə və türklərə qarşı hərəkəti də heç bir qanun-qaydaya uyğun deyil. Niderland hökuməti türkiyəli nazirlərlə hörmətli davranmalı və onlara şərait yaratmalı idilər. Çünki orada yaşayan türklər heç bir qanunu və ictimai-asayişi pozmurdu. Onlara sivil qaydada müraciət olunacaqdı. Bu cür təcrübə dünyanın əksər ölkələrində mövcuddur”.

Deputat qeyd edib ki, Türkiyəyə qarşı sözügedən addım Niderland hökumətinin öz qərarı deyil:

“Yəqin ki, ABŞ və Avropa Birliyinin göstərişi ilə Niderland hökuməti Türkiyəyə qarşı sözügedən addımı atıb. İstənilən halda bu cür addımlar qeyri-demokratikdir. Bu cür hərəkətlərə Avropa Birliyinin mənəvi və siyasi deqradasiyasının simptomları kimi baxmaq olar. Bu, Qərbin təkcə Türkiyənin indiki iqtidarına olan münasibət deyil, bütövlükdə türk və müsəlman dünyasına qarşı olan riyakarlıqdır. Bütün bunlar bir daha onu göstərir ki, Avropa Birliyi ölkələrində baş verən bu cür proseslər sözügedən təşkilatın çökməsinə bir işarədir”.

M.Urud Türkiyənin, Azərbaycanın və digər müsəlman-türk dövlətlərinin necə hərəkət etməsinin Avropanın atdığı addımlara adekvat olacağını söyləyib:

“Baxmayaraq ki, Hollandiya tərəfinin Türkiyədən üzrxahlıq mövqeyi var. Ancaq bu kifayət etmir. Avropa Birliyinin nə istəməsindən asılı olmayaraq, Türkiyədə referendumda da baş tutacaq və türk xalqı öz qərarını bildirəcək. Yenə də məğlub vəziyyətdə qanuna, ədalətə və hüququ hörmət etməyən, ancaq özünün bütün bunların carçısı kimi təqdim edən Hollandiya qalacaq. Türkiyə buna oxşar hadisələrlə birinci dəfə deyil ki, üzləşib. Buna qədər də Avropa Birliyi ölkələri tərəfindən Türkiyəyə qarşı qondarma və qərəzli qərarlar qəbul edilib. Amma bütün bunlar Türkiyəni öz yolundan döndərə bilməyib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm