Pulsuz qalmayaq deyə, nələrə və necə qənaət edək? - EKSPERT MƏSLƏHƏTİ
Bizi izləyin

Təhlil

Pulsuz qalmayaq deyə, nələrə və necə qənaət edək? - EKSPERT MƏSLƏHƏTİ

Dünyada cəryan edən iqtisadi böhran “qənaət” anlayışını gündəmə gətirib. Belə ki, gəlirlərin dəyişmədiyi şəraitdə ərzağın, kommunal xərclərin artması insanları yaşamaq üçün nələrə qənaət edə biləcəklərini düşünməyə məcbur edir. Bu sırada ilk ağıla gələn fikir xidmət sektoruna - restoran-kafe, taksi, özünə qulluq kimi şeylərə yönəldilən xərclərin azaldılmasıdır. Bundan əlavə, aylıq xərclərin yazılı şəkildə tərtib edilməsi də qənaətin yollarından sayılır. Daha nələr etmək olar? Bu istiqamətdə Publika.az-ın suallarını ekspertlər cavablandırıb:

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, qənaət etmək çox vacib məsələdir:

“İlk növbədə daha vacib xərclər ödənilməlidir”.

İqtisadçı hesab edir ki, insanlar hazırki çətin durumda səyahət və əlavə geyim xərclərindən imtina etməli, israfçılığa yol verməməlidir:

“Aşağı gəlirli vətəndaşlar üçün qənaət etmək imkanı olduqca məhduddur. Qənaət daha çox orta gəlirli insanlara aiddir”.

V.Bayramov deyir ki, qənaət həm də psixoloji əhəmiyyət daşıyır:

“Xərclərə fəqli yanaşma ortaya qoyulmalıdır. Böyük Britaniya təcrübəsi göstərir ki, qənaət üçün ailə büdcəsinin planlaşdırılması vacibdir. Hər bir ailə büdcəsinin planlaşdırılmasını aparmalıdır. Belə halda xərclərin istiqamətləri, nələrə qanaətin edilməsinin mümkünlüyü ortaya çıxır”.

O ki qaldı nələrə qənaət edilməsinə, V.Bayramov deyir ki, istehlak səbətinə uyğun qida məhsulları alınmalıdır:

“Minimum istehlak səbətinə uyğun ərzaqlar alınmalıdır. Qənaət etmək istəyən şəxs restoranlarda, kafelərdə deyil, evdə nahar etməlidir. Evdə yemək bişirilməsi qənaətə imkan verir. Geyim xərclərinə qənaət olunmalıdır. Geyim məhsulları uzun müddət istifadə edilə bilər”.

Ekspert deyir ki, qənaət rejimində minimum istehlak səbətindən az qidalanmaya yol verilməməlidir:

“Təhsil, səhiyyə xərcləri bu sıradandır. Yalnız vacib olan xərclərin reallaşması daha önəmlidir. Bunun reallaşması hesabına pula qənaət etmək mümkün olacaq”.

İqtisadçı-ekspert Qubad İbadoğlu isə deyir ki, ailə büdcəsinə qənaət etməklə bağlı bir neçə qızıl qayda var. Ekspertin fikrincə, bu sahədə daha mütərəqqi üsul ailə xəzinəsidir:

“Ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir”.

Q.İbadoğlunun sözlərinə görə, “qənaət məsləhətləri”nin 6 qızıl qaydası var:

1. Mağazaya heç vaxt ac getməyin, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiz.

2. Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir.

3. Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin.

4. Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır.

5. Büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün. Belə olan halda, özünüzə söz verin ki, bunu bir az gec, 3-4 günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək.

6. Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər.

7. Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaq yolu ilə ilkin məbləği toplamaq mümkündür".

Ekspert məsləhət görür ki, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol, xırda-xuruş üçün lazım olan məbləği müəyyənləşdirsin. Belə olduqda, həmin məbləğdən az hallarda kənara çıxılır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm