Başmaqçını mələyə, dilənçini başmaqçıya çevirən sirli adam - FOTOLAR
Bizi izləyin

Yazarlar

Başmaqçını mələyə, dilənçini başmaqçıya çevirən sirli adam - FOTOLAR

Həmişə həqiqəti yazan Lev Tolstoy

Mən Tolstoyu oxumağa başlayanda vur-tut iyirmi yaşım vardı. Amma onda hələ bu nəhəng yazıçıya girişməyə ürək eləmirdim, buna baxmayaraq, işin lap ağırından yapışdım – birbaşa “Hərb və sülh”ün mütaliəsinə başladım. İndi, aradan illər keçəndən sonra qeyd dəftərçələrimi vərəqləyirəm, sadəlövh qənaətlərlə zəngin olan bu dəftərçələrdə kifayət qədər yanlış və bəzən də dəqiq, maraqlı fikirlər yer alıb.

Tolstoy və Dostoyevski

“Tolstoy insan qəlbinin tərcümanıdır.”25 mart, 1997-ci ilin qeydidir. Bu o vaxtlar idi ki, mən hələ “Hərb və sülh”ün başgicəlləndirici təsiri altında idim və hələ bilmirdim ki, bu sözlər Tolstoyun müasiri, rus nəsrinin digər nəhəngi Dostoyevski haqqında lap çoxdan deyilib. Sonralar “Hacı Murad”ı, “Sevastopol hekayələri”ni oxudum və Tolstoy mənim üçün yenidən açıldı.

Tolstoyu Tolstoy edən, ona dünya ədəbiyyatında mötəbər status qazandıran nədir? İlk növbədə millilik, deyərdim. Lenin deyirdi ki, bu qrafa qədər əsl kəndli ədəbiyyatda yox idi. O, yüz illik bir dövrdə həm şəhər, həm də əyalət zadəganlığının bütün daxili ziddiyyətlərini açıb göstərdi, bu təbəqəni təmsil edən yaddaqalan, koloritli insan portretləri yaratdı.

Daha çox Çexov nəsrinə xas olan soyuq realizm Tolstoyun da əsərlərində aparıcı mövqedədir. “Sergi ata” povestini oxuyun, reallığın soyuq qamçısı üzünüzü yandıracaq. Yüksək mənsəbə çatmaq istəyən bir qvardiyaçı zabit qarşısındakı bütün maneələri dəf edir, yüksək saray dairələrinə düşməyə can atır və bu dəm həmin təbəqəyə mənsub olan bir qızla tanış olur, ona vurulur.

Tolstoy bu yerdə yazır ki, “Sevgi onun gözlərini elə bağlamışdı ki, şəhərdə hamının bildiyi şeydən xəbər tutmamışdı, demə onun adaxlısı bir il əvvəl Nikolay Pavloviçin məşuqəsi olub.” İlk görüşdəcə qız bu həqiqətin üstünü açır və bununla da gənc zabitin həyatı alt- üst olur. O, çar ordusunda xidmətdən istefa verərək monastıra çəkilr, sonra guşənişin olub insan yaşamayan yerlərdə dolaşır, dilənçiliyə qədər alçalır. Bu faciəni Tolstoy elə realist boyalarla təsvir edir ki, heyrətlənməyə bilmirsən.

Tolstoy hər şeydən əvvəl xarakterlər ustasıdır. O, qəhrəmanlarını öz arxasınca apara bilir. Dostoyevski ilə Tolstoyun əsas fərqi ondadır ki, Dostoyevski qəhrəmanlarının arxasınca gedir, Tolstoyun qəhrəmanları onun arxasınca gəlir. Tolstoy dünya nəsrində yeganə yazıçıdır ki, qələminin gücüylə Napoleonun, Kutuzovun cahanşümül obrazlarını ən incə ştrixlərinə qədər əks etdirə bilmişdir.

Cəzalandırılmış mələk

Bir neçə il bundan öncə Tolstoyun rus dilində çap olunmuş bir kitabı əlimə keçdi, kitaba daxil edilmiş “İnsan nə ilə yaşayır” povesti diqqətimi cəlb etdi, əsəri oxudum və qəti əmin oldum ki, bu əsər indiyədək bizim dilə tərcümə olunmayıb. Axundov adına kitabxanaya gəlib Tolstoyun indiyə qədər Azərbaycan dilində çap olunmuş bütün kitablarını sifariş verdim, onların heç birində bu povestə rast gəlmədim və bundan sonra onu dilimizə çevirmək qərarına gəldim. Povest hissə-hissə öncə “Səhifələr” qəzetində, sonra isə “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavələrində çap olundu.

Bu povesti çevirməzdən öncə özüm üçün aydınlaşdırmağa çalışdım: Tolstoyun yaradıcılığında əhəmiyyətli yerlərdən birini tutmuş bu əsər niyə indiyə qədər azərbaycancaya çevrilməyib? Məsələ burasındadır ki, bu povestin süjeti dini təmayüllər üzərində qurulub, bir başmaqçı küçədə soyuqdan donmaq üzrə olan dilənçini yazığı gələrək evinə gətirir, yedirir, içirir, öz sənətini ona da öyrədir.

Sən demə, bu məxluq Allahın mələklərindən biri imiş, hansısa günahına görə Allah tərəfindən yerə göndərilib. Sizcə, kimin cəsarəti çatardı ki, ateizmin tüğyan elədiyi sosializm illərində bu əsəri tərcümə etsin?

Məlumdur ki, Tolstoyun islam dininə böyük rəğbəti olub, maraqlananlar onun hələ də rusca oxumaq məcburiyyətində qaldığımız “Din nədir? “ kitabını oxusunlar. Həmin kitabın 2-ci bölümündə yazıçı qeyd edir ki, günümüzün oxumuşlarının verdiyi qərara görə, din artıq lüzumsuzdur, onun yerini artıq elm almaqdadır. Lakin unudurlar ki, keçmişdə olduğu kimi, bu gün də heç bir insan cəmiyyəti və ya ağlı başında olan bir kişi dinsiz yaşamamışdır və yaşaya bilməz. Bu, azman bir yazıçının gəldiyi qənaətdir və təbii ki, doğru qənaətdir.

Tolstoy həqiqəti

Soljenitsın deyirdi ki, bir həqiqi söz bütün dünyaya dəyər. Tolstoyun “Hərb və sülh”də işlətdiyi tək bircə cümlənin böyük bir roman ağırlığında siqləti var: “Lakey üçün böyük şəxsiyyət yoxdur, çünki lakey böyüklüyü öz arşını ilə ölçür.” Bu yazıçı üçün həqiqət hər şeydən üstün olub, bütün polemik traktatlarında, Yasnaya Polyanaya onun görüşünə gələn sadə insanlarla söhbətlərində, dünyanın hər tərəfindən aldığı məktublara cavablarında Tolstoy hamını həqiqətə səsləyib.

“Sevastopol hekayələri”ndə Tolstoy yazırdı: “ Mən əsərimin qəhrəmanını qəlbimin bütün qüvvəsi ilə sevirəm, onu bütün gözəlliyi ilə əks etdirməyə çalışmışam, o həmişə gözəldir, gözəl olub və olacaq, bu qəhrəman – həqiqətdir.” Tolstoy məhz buna görə güclü idi, buna görə oxunurdu. O, qraf idi, kifayət qədər təmin olunmuş bir həyat yaşayırdı, bununla belə bir yazıçı kimi rus məişətinin, rus həyat tərzinin dibinədək enməyi bacardı.

“Kazaklar” povestini oxuduqdan sonra proletar yazıçısı Maksim Qorkinin fikirlərinə haqq qazandırmaya bilmirsən. Qorki deyirdi ki, Tolstoyu bilmədən heç kəs özünü öz ölkəsinə bələd adam saya bilməz...” Tolstoyun bədii aləminə yol tapa bilmək üçün Qorkinin bu fikirləri açar ola bilər.

“Kazaklar”da Qafqaz bütün etnoqrafik cizgilərinə, milli koloritinin incəliklərinə, təbiətinin bütün gözəlliklərinə qədər ustalıqla təsvir edilib. Bu təsvirlərdə qətiyyən romantika yoxdur, təbiət tam realist boyalarla işlənib, ictimai münasibətlərdəki qeyri- bərabərliyə qarşı sənətkar protesti əsərin içindən narın bir xətt kimi keçir. Bu, Tolstoyun ən gözəl əsərlərindən biridir. Qraf olmasına baxmayaraq, reallığı yaza bilirdisə, bu, o dövr üçün çox böyük bir cəsarət idi.

İndiki ədəbi mühitdə hansı dövlətdə vəzifə tutan yazıçımız cəmiyyətin alt qatlarındakı eybəcərlikləri öz əsərində təsvir etməyə cəsarət edər? Bax, həqiqəti deməyin çətinliyi də bundadır. Sona qədər ədəbiyyata sadiq qalmaq hər yazıçıya müyəssər olmur, bunun üçün çox şeydən keçmək lazım gəlir.

Yenə “Hərb və sülh”

Tolstoy haqqında yazımı yekunlaşdırmaq istəyərkən qeyd dəftərçələrimə yenidən ötəri bir göz atdım və yenə Tolstoyun “Hərb və sülh”ündən seçib yazdığım bir cümləylə qarşılaşdım:

“ Əgər yararsız insanlar birləşərək böyük bir qüvvə əmələ gətirirsə, namuslu insanlar da beləcə birləşməlidirlər. Axı bu, çox sadə bir işdir.” Yazıçı bunu Pyer Bezuxovun dilindən deyir.

Bu sadə iş insanlar üçün həmişə müşkül olub və indi də müşkül olaraq qalır.

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm