Qorxaqlıq
Bizi izləyin

Yazarlar

Qorxaqlıq

İnsanın müxtəlif duyğuları var. Məhz bu duyğular şüurla birgə insanı heyvandan fərqləndirir. Psixoloqlar hesablayıblar ki, hər şey insana yaradan tərəfindən bərabər paylanır. Bunların biri insanda azlıq təşkil edərsə, psixoloji tarazlıq pozular və nəticədə müxtəlif xəstəliklər əmələ gələr. İnsan təbiət etibarı ilə həzz duyğusuna meyillidir. Psixoloq Vladimr Levi “Fikir ardınca” kitabında siçovulların üzərində aparılan təcrübədən bəhs edərək göstərir ki, biri mənfi, digəri müsbət olan naqillər vasitəsi ilə heyvanlara müxtəlif duyğular aşılayan təcrübə aparılıb və burada şərti reflekslərə yiyələnmiş siçovullar sonradan onlarda həzz duyğusu oyadan naqillərə üstünlük verib, neqativ duyğular aşılayan naqillərdən kənar qaçıb. İnsan da eynən belədir. Lakin həyatın özü bu prosesin qarşısını alır və hər şeyi bərabər paylaşdırır. Xeyir-şər, sevinc-kədər, məhəbbət-nifrət kimi duyğular ikili olub öz varlıqlarını sürdürür. Cəsarət və qorxu da belədir. İlk baxışda həyatda qorxaq görünən şəxs ekstrimal vəziyyətdə elə cəsarət nümunəsi göstərə bilər ki, adi vaxtda bunu etməyi ağlına belə gətirə bilməz. Amma biz bu gün yalnız qorxaqlıqdan söhbət açacağıq.

Təbii ki, ilk qorxu hissini insan anadan olanda keçirir. Yeni doğulmuş körpə tanımadığı bir mühitə düşdüyündən qorxub ağlayır. Bundan da göründüyü kimi, qorxunun mənbəyi məlumatsızlıqdan qaynaqlanır. İnsan ona məlum olmayan yad mühitdən həmişə çəkinir və ehtiyat edir. Əslində, bu onun normal reyaksiyasıdır.

Dünya bina olandan insanda həmişə Allah xofu və sevgisi mövcud olub. Bu dünyəvi və dini kitablarda da öz əksini tapıb. Bibliya, Quran və digər müqəddəs kitablarda bu barədə onlarla hadisələr və əhvalatlar təsvir edilib. Qədim dövrü qanlı müharibələr tarixi kimi təqdim etmək olar. İnsanlar maddi nemətlər uğrunda vuruşur, eynən təbiətdəki kimi yaşamaq uğrunda mübarizə gedir, daha güclülər qalib gəlirdi. Məhz ona görə də insan cəmiyyətində qayda-qanun yaratmaq üçün peyğəmbərlər peyda oldular. Onların verdiyi bilgilər əsasında dövlətlər qanunlar yaratdılar. Həmin qanunlar tam mükəmməl olmasalar da, insan cəmiyyətində haqq-ədaləti bərpa etmək və qorumaq baxımdan çox böyük işlər görmüş oldu. Burada igidin və qorxağın da hüquqları bərabər şəkildə tənzimlənirdi.

Təbii ki, sonrakı ədəbi məhsullarda qorxaqlıq pislənmiş və cəmiyyət tərəfindən təqdir edilməyib, hətta qınaq obyekti olub. Qorxaqlığı doğuran amillər araşdırılmayıb, bu halı doğuran ictimai hallar öyrənilməyib. Cəmiyyətin sonrakı inkişafında müxtəlif zorakı dövlətlərin yaranması, inkvizisiya, şəriət məhkəmələri insan düşüncəsinin inkişafının qarşısını almağa cəhd etsə də, sonda bu alınmadı. Faşist Almaniyası, eləcə də kommunist Rusiyası formaca müxtəlif, məzmunca eyni mahiyyətdə olub insanları qorxu altında yaşamağa məcbur edib, onun irticaçı mahiyyətini başa düşən insanları konslagerlərdə, həbsxanalarda çürüdüblər. Həmin düşərgələrdə yüz cür əzaba düçar olmuş insanların qorxunun fövqünə qalxaraq insanlıq adına şərəf gətirəcək qəhrəmanlıqlar etdikləri barədə yüzlərcə əhvalatlar mövcuddur. Həmin şəxslərin çoxu fiziki cəhətdən zəif ziyalılar idi. Lakin tarix qarşısında cavabdehlik daşıdıqlarını dərk edərək ruhən qorxmaz olduqlarını sübut etmiş oldular.

İlk qorxu hissim uşaqlığımla bağlıdır. Onda adi şeylərdən qorxar və ağlayardım. İndi arxada qalan o günlərə gülməyim gəlir. Etiraf edirəm, indi də bəzi şeylərdən qorxur və çəkinirəm. Amma heç vaxt özümü qorxaq hesab etmirəm. Sadəcə, qorxu hissimə hörmətlə yanaşmağa çalışıram və düşünürəm ki, hər bir normal adamda bu hiss var. Gəlin hiss və duyğularmıza hörmət edək…

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm