Tbilisi-Bakı qatarında yarımçıq düşüncələr
Bizi izləyin

Yazarlar

Tbilisi-Bakı qatarında yarımçıq düşüncələr

15 dəqiqə sonra qatar yola düşəcəkdi. Çamadanını sürüdükcə, yükün ağırlığı hər iki metrdən bir onu dayanmağa məcbur edirdi. Hər ayaq saxladığında qatarın yola düşməsini gözləyənlərə qulaq müsafiri olurdu: "Ayə, veş keçirən çoxdu. Qlavnı hörmət eləməkdi", "Bir aydan bir gəlib gedir, maşın alverçisidi", "O vaxtdar vəzifədəydi, xod gedən vaxdarıydı".

- Xanım, baxın, biletim bu vaqonadır?

- Yox, ən axırıncıya.

..... Bir yandan zənbillərin ağırlığı, digər yandan aclığı - əlləri titrəyirdi. Sıradakı ən son vaqona çatanda lap əldən düşmüşdü. Qolunda güc qalmasa da, əlini çətinliklə qaldırıb biletini vaqonun girişindəki bələdçi xanıma uzadır.

- Pasportu da verin!!

- Xanım, bəlkə sizdə çörək olar. Qorxuram 15 dəqiqəyə çatdırıb ala bilməyim.

- Yox! Mən özüm də acam!

Qatar yola düşər-düşməz bələdçilərin koridordan səs-küyü eşidilir: Kto xocet çay? Kim çay istəyir?

Yorğunluğunu, əzələlərindəki ağrını, bir yandan da zənbillər üçün çox pul istəyən hambalın kobudluğunu kupenin göz oxşayan təmizliyi unutdurur. Ahh.. nəhayət... kupenin havasını içinə çəkərək oturmaq istəyir ki, zənbilindəki gürcü pendiri suluqunini xatırlayır. Tələsik bələdçinin otağına tərəf yollanır. Buz dolabına pendiri qoyanda bələdçi qapını açmağa mane olur:

-Sİz kimdən icazə almısız? Bu xaladilnik bələdçilərindir. Qoya bilərsiz, ancaq gərək əvvəlcə hörmət edəsiz.

Çöməlib pendiri yerləşdirir, qalxanda gözü başının üstündəki bir selofan dolusu doğranmış çörək dilimlərinə sataşır. Bir tikə açıb yemək istəyi güc gəlir, reflektiv olaraq ağzında toplanan tüpürcək şirələrini udqunur. Yox, olmaz, mənim deyil.

Qayıdır kupesinə.

Kupe yoldaşı 2-ci bələdçiyə: Xanım, olar mən də pendirləri qoyum. Bir də sizdə çay olmaz?

2-ci bələdçi: Olar, ancaq ikisinə də ayrı-ayrı hörmət edəsən gərək. Çayın pulun da bəri başdan alırıq.

Çox keçmədən çaylar kupeyə gətirilir. Nə gözəl bir hiss. Susuzluqdan qurumuş torpaq damlanı necə içinə çəkirsə, çayı elə yudumlayırlar. Bəh-bəhh.. Kupe yoldaşı ilə yeməklərini paylaşdıqdan sonra mədəsi sakitləşir. Nə xoş an.. Üzdə təbəssüm. Söhbətə keçid zamanı...

1-ci bələdçinin başı kupedən içəri soxulur:

- Çay sizinkidi?!

- Hə, xanım, üstündə adımız yazılıb !!

Səssiz düşünür: haha.. Deyəsən ikinci bələdçinin ondan cəld davranıb çay servisi etdiyini görməyib.

Koridordan artıq hər iki bələdçinin tanış səsləri eşidilir: Kto xocet çay? Kim çay istəyir?

Gürcü sərhəddini keçirlər. Ona elə gəlir ki, gürcü gömrükçüləri və sərhədçiləri yoxlamanı yola verirlər. Qəribədir. Nə tez getdilər bunlar. Hələ üstəlik gülümsəyirdilər də. Adam da belə ciddi vəzifədə gülümsəyər?!

Qatar Azərbaycan sərhəddinə keçir və yoxlama üçün burada da dayanır. Qara bığlı, qaşlarını çatmış sərhədçi və onun arxasınca gələn 2 köməkçiyə gözü sataşır. Bax! Gör necə ciddidirlər. Koridorun o başından yaxınlaşdıqca onları baxışıarı ilə izləyir.

- Sərnişinlər, keçin içəri!!! Pasajiri, zaxodite v kupe!!!

- Görən bunları kim əsəbləşdirib. Bəlkə uzun müddət ciddi duranda əsəbi görünürsən. Offf. nə bilim. yəqin işləri belə olmağı tələb edir. Onda bəs gürcülər niyə.. eeeyyhhh.. indi beynim yorğundu. sonra yenə düşünərəm.

Vaqonun tavanını bələdçiyə açdırıb, əlindəki cihazla orda nəsə axtaran sərhədçini kupenin aralı qapısından maraqla izləyir. Əslində kimin sərhədçi, kimin gömrük işçisi olduğunu çox da anlamır. Məktəb vaxtı hərbi rütbələri də əzbərləyə bilməmişdi. Yəqin ona görədir, deyə özünə haqq qazandırmağa çalışır.

Koridordan gələn qəzəbli kişi səsindən ürəyi çırpınır.

- Hələ deklarasiyaları paylamamısız????!!! Bizim işimizi niyə ləngidirsiz?! Sizi rəhbərliyə raport edəcəm!!

Özlüyündə düşünür ki, bayaq qabaqda gedən qara bığlı kişidir hər halda, əsəbləşdi.

- Qurban olum, başşıvızaa dönüm, bu dəfə bağışlayın. Elə bildim o biri qız paylıyıb. Başımız qarışmışdı.

Özün güclə saxlayır ki, kupedən başın çıxarıb desin: hə, başları çay satmağa qarışmışdı. Əşşşii.. lənət şeytana.. neyləsinlər. 250 manat nə maaşdı ki, bələdçi onunla dolana bilsin indiki vaxtda. Susub oturur.

Koridorun digər başından başqa bir səs gəlir: "Sizə hər dəfə demək lazımdır ki, zibil qutularının ağzını açıq saxlıyın!!"

Oəribədir. Qəflətən hiss edir ki, əlində ağır əşyası qatara tələsəndə ac-susuz, yorğun idi, ancaq sanki daha sakit idi. Koridordan atmacalı dialoqlar gəldikcə, çölə çıxmaq, nəsə demək istəyirdi. Ancaq Demək istəyirdi ki, sizə nə olub. Niyə hamınız belə qaş-qabaqlısız. Qışqırıq səsləri, gərgin üz ifadələri onu da nəfəsini tutmağa, nəsə bir pis şey olacaqmış kimi gözləməyə vadar edirdi.

-"Yox, sərhədçilər, eee, gömrükçülər, off, görəsən hansı hansı idi, onların işi belədir. gərək ciddi olsunlar!! Çox ciddi dayananda da əsəbi olursan da axırda".

"offf.. deyəsən düzgün təhlil etmirəm. yəqin beynim hələ də yorğundur".

1-ci bələdçi yüksək səslə vaqonun o biri başındakı bələdçiylə "Buna bax ee, malakasos, qışqırmağına zadına bax ee hələ. Deyəsən bilmir e kimnən danışır. Özzümü güjnən saxladım, yoxsa otuzdurardım yerində" deyəndə sərhədçilərin getdiyini anladı.

Koridordakı səs-küy bitəndə fikri özündə cəmləşir. Yenə nə olub e mənə? Elektrik məftillərinə qoşub sonra ayırıblar elə bil.

Ona elə gəlirdi ki, koridordakı səsləri əvvəllər də haradasa eşidib. Ancaq xatırlaya bilmədi.

Bəlkə koridora çıxım, hava dəyər, düzələrəm.. Bayaqdan sərhədçilər, yox gömrükçülər, eyyhhh, nə fərqi var ee. Bayagdan kupedən çıxmağa icazə vermirdilər. Çıxım görüm nolur.

Deyəsən qonşu kuperlərdəki sərnişinlər də bezmişdilər. Vaqonun koridorunda kimi ingiliscə, kimi rusca danışırdı.

Qeyri-iradi sevindi. Ha-ha... Nə yaxşı bu turistlər azərbaycanca bilmirlər. Bayaqkı söhbətlərin heç birini anlamadılar... Ha-ha.. nə yaxşı oldu.

- Çay istəyən var? Kto çay xoçet? Çayın pulun vermisiz? Havayı çay yoxdu!

Bələdçinin otağındakı çörəkləri xatırladı qeyri-ixtiyarı: Görəsən çörəyin bir tikəsi neçəyədir bu vaqonda?

Nəzakət Zeynallı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm