“Mən sənsiz ölmədim, məni bağışla” – Ramiz Rövşənin ad gününə – FOTO +VİDEO
Bizi izləyin

Yazarlar

“Mən sənsiz ölmədim, məni bağışla” – Ramiz Rövşənin ad gününə – FOTO +VİDEO

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

“Ölmədim” deyirəm,
nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə...

Ramiz Rövşənin doğum günü tarixini oradan-buradan öyrənsəm də, bu gözəl misraları yazmaq üçün nə “google”də axtarış verəsi oldum, nə də kitabını vərəqlədim. Əslində, Ramiz Röşənin şeirlərini kitabdan oxumağı çoxdan yadırğamışam. Çünki onun şeirləri uşaqlıqdan beynimizə, qəlbimizə, ruhumuza necə hopubsa, indi də birnəfəsə söyləyə bilirik. Şair ona deyərəm e, illər öncə oxuyasan, illər sonra yadırğamayasan. Yoxsa, Elza Seyidcahanın təbirincə desəm, indiki şairciklər kimi? Kağıza da heyifləri gəlmir, şeir adına yazdıqlarını nə beyin həzm edə bilir, nə ürək. Bir şeiri oxuyub başa çatdırana kimi adamın nəfəsi kəsilir. Amma müəllifləri dahilik maniyasına tutulub göylə gedirlər. Barı arada məsləhət görərdim ki, Ramiz Rövşənin şeirlərini oxuyub, beyinlərinin pasını təmizləsinlər, həm də şeir, poeziya anlayışından xəbərdar olunlar...

Çox istərdim ki, doğum günündə Ramiz Rövşənin özüylə danışım, amma buna, sən deyən, heç cəhd də eləmədim. Çünki şairin mətbuatdan, jurnalistlərdən gen gəzib, uzaq durduğunu bilirdim. Hələ eşitdiyimə görə, heç özüylə mobil telefon da gəzdirmir...

Belə də ki, Ramiz Rövşəni danışdırıb təzə nə öyrənəsiydim ki… Şair dediyini artıqlaması ilə şeirlərində deyib də. Bəlkə, elə buna görə də, Ramiz Rövşən danışmağı çox sevmir.

- Kişilər bir olmur atam balası,
qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
qəbri üstdə ağlayası
qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada, bəlkə, sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!..

...Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

Hələ bu misraları Ramiz Rövşənin dilindən eşitmək ayrı bir zövqdür. Mənim aləmimdə şeiriyyət, poeziya bax budur. Hər kəsin dilində əzbər olmaq, sevilmək, söylənmək – şeir mənim üçün budur.

İnsanıq, təbii ki, iş dünyamızla yanaşı, bir iç dünyamız da var. Hər kəsin həyatında lirik-romantik məqamlar yaşanır. Həmin anda ürəyindən istər-istəməz bir gözəl misra söyləmək keçir. Dilimizdə söyləməsək də, ürəyimizin pıçıltısını eşidə bilirik. O an necə deməyəsən ki:

Gəl əl-ələ tutub gedək

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək,

Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,

Bu qırışan üzümüzü,

Bu köhnəlmiş sözümüzü,

Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər,

Gəl çıxıb gedək birtəhər.

Bu ev, bu küçə, bu şəhər,

Bu dəniz olmayan yerə.

Ramiz Rövşən poeziyası bitib-tükənməyən bir ümmandır. Bu ümmanda sözün yaxşı mənasında yalnız itib-batmaq olar. Hər kəsə Ramiz Rövşənin poeziya dəryasında batıb qalmağı arzulayardım.

Şairə gəlincə, ona şeirləri qədər uzun, mənalı, duyğulu ömür arzulayıram. Yaşayın, yaradın, hər zaman şeirləriniz doğulsun, fəsildən asılı olmayaraq…

Çünki qeyri-səmimiyyət atmosferində boğulduğumuz bir dövrdə, internetin duyğularımızı robotlaşdırdığı bir zamanda bu şeiriyyətə çox böyük ehtiyacımız var. Siz yazın, biz oxuyaq, paklanaq, arınaq, təmizlənək, bir az da özümüzlə qalaq, bir az da özümüz olaq!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm