• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qalstuk ağlaşması

  • Yazarlar
  • 29 Fevral 2012 14:24
  • 309 Baxış
Qalstuk ağlaşması

Yazıq kişi, dünəndən öz partiyadaşları ilə o qədər içmişdi ki, axşam evə leş kimi qayıtmışdı. Adətən, ertədən qalxmaq lazım olanda axşamdan məllimə arvadına sifariş eləyirdi ki, sabah onu tez oyatsın. Evə gec gəldiyinə görə sabah tez qalxmaq məsələsini arvada demək yadından çıxmışdı. Sabah durdu ki, iclasın vaxtına bir şey qalmayıb. Uşaqlar yatan otağa keçəndə gördü, evdə heç kim yoxdu. Yəqin uşaqlar dərsə gedib, bəs arvad hardadı, məni niyə oyatmamış gedib? Məllimənin axı bu gün dərsi günortadan başlayır?


Götürüb yoldaşına zəng elədi: “Ağız, hardasan?!”

Yoldaşı dedi ki: “Bə bilmirsənmi, bu gün “yeddi”di, yas yerindəyəm, köynəyini, bir də qalstuklarını yuyub ütüləmişəm”.
Kişi yazıq dəli oldu, dedi: “Ağız, mən qalstukmu bağlaya bilirəm? Tez gəl evə, bir qalstuk bağla, boğazıma keçirdim, sonra hara rədd olursan ol, iclasa gecikirəm!” Məllimə də o tərəfdən dedi: “A kişi, hara gəlim, uje ağlaşma çadırına giririk”.
Kişi baxdı ki, ala-bəzək qalstuklar səliqə ilə kreslonun üstünə uzadılıb. Fikirləşdi ki, allahı çağırıb, birini boğazıma dolayacam, bəlkə özüm bağlaya bildim. İlan qabığına oxşar birini götürüb güzgünün qabağında boğazına doladı, bağladı, açdı, nə illah elədi, oxşada bilmədi. Götürüb əsəbi-əsəbi yenə məlliməyə zəng vurdu: “Ağız, indi mən nağayrım, rəhbərlik orda məni gözləyir axı?!”

Məllimə dedi: “A kişi, gör, qonşuda kim var başı çıxan, mən ağlaşmadayam. Kişi dedi, ağız, deyirsən, indi də qonşular bilsin ki, qalstuk bağlaya bilmirəm? Dur, gəl ordan xarabana, məni yola sal, sonra gedib kimi istəsən ağlayarsan!”

Arvad dedi: “A kişi, (boooy, ay qardaş, sən niyə özünü asdın, ay Müslüm?!) mən camaata sarı burdan necə çıxım, (vaay, ay qardaş, arvadını niyə dul qoydun?) adama nə deyərlər?”

Kişi dedi: “Ağız, sən mənnənsənmi, kimdi özünü asan?” Arvad dedi: “A kişi, aşağıdan danış, qulağım batdı, xəbərin yoxdumu, ipotekanı ödəyə bilmədiyinə görə Müslüm özünü asıb? (Ayə, noolmuşdu, ay Müslüm, dünyamı dağılmışdı, qohum-əqrabanmı yox idi, heeeey?!) A kişi, ağlıma bir yaxşı ideya gəldi, götür qalstuku, sal boynuna, mən dediyim kimi elə, özün bağlayacaqsan”. Kişi dedi: “Yaxşı, taxdım boynuma!”

“İndi sağ əlindəkini sol tərəfdən o birisinin üstünə dola! (Ayə, özünü niyə asırsan, ay Müslüm?)”

Kişi dedi: “Ağız, sən o Müslümü burax, bir məni ağla, sonra ona keçərsən!”

Məllimə dedi: “İndi sol əlindəkini boynundakı xaltanın ortasından (Müslüm vaaay, Müslüm vaay!!!) çölə çıxart!” Kişi dedi: “Elədim, indi nağayrım?”

Məllimə dedi: “İndi qalstukun uzun tərəfini geri qaytarıb (külfəti qoyub özünü niyə asırdın, ay Müslüüüüm?) çənənin altından aşağı burax!”

Kişi dedi: “Elədim, ağız dayan, boğuluram!”

Arvad dedi: “A kişi, özünü niyə boğursan, (ayə, sən niyə özünü asırdııııın?) xaltasını bir az boşalt daa!”

Kişi bar-bar bağırdı: “A sənə diplom verənin atasının gorunu, bu nədi, mənim boğazıma nə xalta keçirib sürüyürsən?”
Məllimə dedi: “A kişi, sən nə danışırsan, sənin qalstukun uje hazır olmalıdı. (vay, Müslüm, öldürdün biziiii!!!)”.
Kişi dedi: “Allah öyünü yıxsın, hazır nədi, boğazımda düyün düşüb, aça bilmirəm!”

Arvad dedi: “A kişi, nervilənmə, səbirli ol, gör, boğazından aça bilirsənmi? (ay Müslüm, ayə, özünü niyə boğurdun, bəs balalarını fikirləşmədinmi heeeç?)”.

Kişi dedi: “A qancıq, Müslüm nədi, özüm burda boğuluram, sən ordan haçan çıxırsan? Bə mən iclasa gecikirəm axı! Bu meyiti mütləq ortaya soxmalıydın? Sən nə qalstuk yuyub-ütüləyən çıxmışdın? Sən öl, öyə gələn kimi sənin o qırmızı qələmini gözünə soxacam, itin qizi, it!”

Arvad dedi: “A kişi, (can, ay Müslüm, caaan!!!) yəqin ütüsünü əzmisən, boğazından onu çıxart, götür, o birisini, qırmızı var ee, mil-mil olan! (Müslüm vay, Müslüm vay!!!) Sal boynuna, abzasdan başlayacam, yavaş-yavaş deyəcəm, (cavan canına niyə qıyırdın, eeeey?!!) bağlayıb gedərsən rahat iclasına!”

Kişi dedi: “Yaxşı de gəlsin, boynumdan salladım, indi neynəyim?”

Arvad dedi: “Bir tərəfini uzun elə, bir tərəfini gödək!”

Kişi dedi: “Kəsim bir tərəfindən?”

Arvad dedi: “A tupoy, qalstuku niyə kəsirsən, özü də onu sənə daş düşmüş ad günündə bacanağın alıb (ayə, qalx, ay Müslüm, sənin paltarını ağlayırıq, ay Müslüm, ayə, ay namərd Müslüüüüm!) ayıbdı axı! Yəni boğazından sallayanda bir tərəfini uzun elə, başa düşdün, bir tərəfini gödək!”

Kişi dedi: “Ağız, bacanağı-zadı söydürmə, de görüm, qurtar!”

Arvad dedi: “İndi uzun tərəfini gödək tərəfin üstündən keçirt!”

Kişi dedi: “Hə, keçirtdim!”

Arvad dedi: “İndi, o gödək tərəfini aşağı dart, ay Müslüm!”

Kişi dedi: “Ağız, sən Müslümnənmi danışırsan, yoxsa mənnən?”

Arvad dedi: “Əşi nağayrım, məni də çaşdırmısan, bilmirəm hansınızı ağlayım! Hə, dartdınmı?”

Kişi dedi: “Dartdım!”

Arvad dedi: “İndi gödək tayını uzunun üstü ilə buxağının altından keçirt!”

Kişi dedi: “Keçirtdim!”

Arvad dedi: “İndi uzun tayını boğazındakı xaltanın içi ilə çölə süyür!”

Kişi dedi: “Allah öyünü yıxsın, keçirtdim, ancaq bu qalstuka oxşamadı axı!!!”

Arvad dedi: “A kişi, onda sən dediklərimi (qızıl gül olmayaydı, ay Müslüm, saralıb solmayaydı, ay Müslüm!!!) yenə düzgün eləmədin!”

Kişi dedi: “Ağız, səni asacam, mən uje, iclasa gecikdim, təcili bir taksiyə oturub evə gəl!”

Arvad dedi: “A kişi, hara gəlim, indi ağlaşmadan ehsan yeməyə dururuq, (Müslüm caaan, Müslüm caaan!!!) deməzlərmi, niyə ehsan yeməmiş gedirsən, ehsanımızımı bəyənmədin?”

Kişi dedi: “A məllimə, axşam evə gələrsən, yediyin o ehsanı da, üstən içdiyin o dovğanı da burnundan gətirməsəm, mən kopayoğluyam!”

Arvad dedi: “A kişi, bir qalstukdan ötəri adam ehsana küfr eləməz!!!”

Uşaqlar məktəbdən gələndə gördülər ki, ataları trusik-mayka güzgünün qabağında dayanıb. Boğazındakı qalstuk çatısını qırmış dananın boynundakı kəmsiyə oxşayır...

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR