• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Fərqliliyin öldürülməsi

  • Yazarlar
  • 24 Mart 2012 09:30
  • 246 Baxış
Fərqliliyin öldürülməsi

Ən qəribəsi isə odur ki, emo və ya homoseksual kimi qələmə verilib öldürülmək üçün cinsinin bir az dar, geyim üslubunun bir az fərqli, saçlarının isə bir az uzun olması kifayət imiş. Yəni kütlədən bir az fərqlənirsənsə - ölüm hökmün hazırdır.

Bu İraq cəmiyyətinin xəstəliyinin göstəricisidir. Bəs biz necəyik?

Təxminən 10-12 il bundan əvvəlin söhbətidir. Bakı ətrafı qəsəbələrdən birində, indi məhv edilmiş mədəniyyət simvollarından biri olan elektrik qatarları keçən stansiyada, perrondaydım. Uzun saçlı bir türk tələbə də elektrik qatarı gözləyənlərin arasında idi. O aralarda perrondan keçən bir qrup qəsəbə uşağı ona söz atmağa başladı. Elə o ərəfələrdə qatar yaxınlaşdı, qapılar açıldı, türk girdi vaqona. Türk girən kimi qəsəbə uşaqlarından biri tez vaqonun içinə girdi, türkə bir şillə vurub, söyüş söyüb aşağı, perrona düşdü. Qapılar bağlandı. Qatar getdi. (Bu arada, bizim qaqaşların adamı vurma taktikasına da diqqət etdiniz yəqin.)

Doğrusu, elə bilirdim cəmiyyət olaraq bu problemi həll etmişik. Amma elə bir neçə gün əvvəl gitaraçı dostumla metroya girirdik, turniketlərdən sonra paltar-çanta satan dükancıqların qabağındakı qızıldişli oğlanların atmacalarını eşitdik: “Barış Mançoya bax, hahahaha..”

Hər iki əhvalatdan məlum olur ki, fərqliliyə nifrət elə bizimkilərin də şüurunda var. Sadəcə, iraqlılar qədər mənfi rezuslu cəsarətləri çatmır. Yoxsa harada özlərindən fərqli insan varsa hamısını öldürüb, sonra rahatlaşarlar.

Sovetlər dağılan ərəfədə bir şüar yaman dəbdə idi: “Özünə qayıt, türk oğlu! Sən özünə qayıdanda böyük olursan!” Deyirdilər, guya bu, Orxon-Yenisey kitabələrində yazılıb. (Sonra o kitabələrdəki yazılar cəmlənmiş kitabları dəfələrlə oxumağıma baxmayaraq, yuxardakı şüarı orada tapmadım.) İndi məlum olur ki, bu şüarın həm də insanları arxaikliyə, ibtidailiyə səsləmə gücü varmış. Bu şüarlarla böyüyən Azərbaycan türklərinin bəziləri böyük olmaq üçün “özlərinə” qayıtdılar və özləri kimi olmayanları elektrik qatarında şillələməyə başladılar.

İnsanın kimisə döyməsi, öldürməsinin arxasında qorxu dayanır. Kiminsə onu öldürəcəyindən qorxduğu üçün o kimsəni öldürür. Ya da biri o birinə söyüş söyür, söyülən isə məhz “peysər” adlandırılmaqdan qorxduğu üçün davaya girişir. Yoxsa təhlükə hiss etməsə, heç kim heç kimi öldürməz, ya da döyməz.

Fərqliləri döyənlər, öldürənlər də o fərqlilikdən qorxanlardı. Onlar başa düşürlər ki, bu fərqliliklə rəqabətə girə bilməyəcəklər. Təmiz, müasir geyimli insanla çirkli, ibtidai paltar geyimli insan necə rəqabətə girə bilər? Cins geyinmiş insan bu rəqabət zamanı özünə arxayındır. Onun cinsinin, saç düzümünün arxasında bu gün ekranlarda göstərilən yüzlərlə film, oxunulan yüzlərlə kitab dayanıb. O birinin arxasında nə dayanıb axı? Rəvayətlər, əhvalatlar, yol kənarındakı qədim karvansaranın xarabalıqları və s.

O uzunsaç türkü şillələyən qəsəbə uşaqlarının beyninin arxasında peyin, yaba, qoyun-quzu dayanıb. Onlar öz mədəniyyətlərinin, sivilizasiyalarının gücsüzlüyün hiss edirlər. Məhvə getdiklərini duyurlar, ona görə uzun saçla, top saqqalla, fərqli geyimlə mübarizə aparırlar.

Bunların əsas səbəblərindən biri də dünya standartlarına uyğun gəlməyən təhsildir. Gənclərin tolerant tərbiyə edilməsi üçün bizim təhsil sistemimiz nə edib? Bax, bunu bilmirəm. Amma bir şeyi bilirəm ki, əsgərlikdə olanda ölkədəki təhsillə bağlı reallığı aydın dərk etdim. Neçə-neçə gənc yazı yazmağı, oxumağı bilmirdi. Orduya getməmişdəm əvvəl mat qalırdım ki, niyə orada “piser” (mirzə) olmaq avantajlı məsələ sayılır. Getdim, məsələni başa düşdüm. Yazıb-pozmağı bilən adam qəhət imiş, sən demə...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR