Şəhriyarın göz yaşları
Bizi izləyin

Yazarlar

Şəhriyarın göz yaşları

Şəhriyarın göz yaşları

Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

( Məhəmmədhüseyn Şəhriyar)

Parçalanmış, bölünmüş Azərbaycanın göz yaşlarıdır Şəhriyar. Ürəyi vətən eşqi ilə döyünən, Araza baxıb – baxıb ağlayan Şəhriyar.

Şəhriyar Azərbaycandı, parçalanmamış Azərbyacan. Onun sevinci, xöşbəxtliyi, dərdinin dərmanı azadlıq idi. O, bu azadlığı görə bilmədi. Üç il yaşayaydı kaş ki, heç olmasa, vətənin bir hissəsinin azadlığını görərdi.

Onun bir rəsmini gördüm, gözləri yaşlı bir rəsmini. Ürəyim paramparça oldu. Mən Şəhriyardan nəsə yazmalıyam axı, onun acısını duyurmaq üçün nəsə etməliyəm axı- deyə düşündüm. Kaş daha gözəl sözlər yaza biləydim, anlada biləydim onun acılarını...

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,

Bir gecə axşama, günəş batana yaxın hava qaralır, ildırımlar çaxmağa başlayır. Şair pəncərədən çölə, millətinə baxır. Heydərbaba dağının güllü – çiçəkli sinəsindən axan yaşlar əziz gəlir ona, o da göz yaşlarını axıdır. Başlayır dağ ilə danışmağa, dağı yardıma çağırmağa.

Güllər açılır, baxçalara bahar gəlir, dağların qarı çoxdan əridi, bax indi ildırımlar çaxır, bəs niyə mənim millətimin həyatına bahar gəlmir, niyə axı?

Şəhriyar keçmişi, hələ Şəhriyar olmadığı günləri düşünür. Anası və müəllimi Səhənd olmasaydı, görəsən Şəhriyar ola biləcəkdimi?

Pəncərəsini döyəcləyən yağmur onu keçmişə aparır, mələklərin qanadında.

Gənclik illəridi, radioda onun şeirlərini oxuyurlar. O da bundan fərəhlənir, şan – şöhrət ona da xoş gəlir. Bu zaman anası sözə başlayır: “Ay oğul, ətrafına bax – quşlara, heyvanlara, bitkilərə. Hər biri öz dilində danışır, ağlayır, gülür. Bəs sən niyə öz dilində yazmırsan şeirlərini? ”

Bu zamana qədər şeirlərini farsca yazan şair sarsılır, ana dilini bilməməsi, anlatmaması onu yaralayır.

Yağmursa daha da bərkiyir, Heydərbaba dağının sinəsindən başlayan sel onun yanaqlarında davam edir.

Bu zaman Onun yardımına Səhənd gəlir. Müəllimi, ustadı. Şəhriyar artıq Şəhriyardı. O, indi ana dilinin, millətinin yorulmaz bir fədaisidir.

Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!

Özü bir zaman bəlkə də aldanmışdı, gəncliyində - şeirlərini farsca yazdığı zamanlarda onun üçün “ övladımız məzhəbini danmasın” deyirdi.

Sizdən sonra biz qaldıq, ustad, bizə necə eşq olacaq görəsən? Biz sənin xəyallarını həqiqət edə bilmədik. Sənin oturub şeir yazdığın o torpaqlar hələ də azad deyil. Sənə yalnız azadlıqdı məlhəm, bilirəm, yurdun tam azad olmamış ruhun sakitləşməyəcək, məzarında rahat yata bilməyəcəksən.

Saçımın qəmli simlərində mənim,

Bakının başqa bir təranəsi var.

Sinəmin dar xərabəsində dərin

Bu cəvahirlərin xəzanəsi var.

Bəli, Bakının yeri başqa idi, onu ürəyində. Nə yazıq ki, Bakının ürəyində onun yeri o qədər də olmayıb, çoxları onun gəlişinə əngəl olub.

Şəhriyarı anlatmaq bir balaca məqalədə imkansızdır. Mən ondan yazmağa çalışdığım üçün, yaza bilmədiyim üçün onun ruhundan üzr istəyirəm. İnşallah məni bağışlayar.

Sonda bir az da onun real gözələ olan sevgisindən demək istəyirəm.

Məcnun ilə mən məktəbi-eşq içrə oxurduq,

Mən Müshəfi xətm etdim, o, "Vəlleyli"də qaldı.

Bir gün də eşitdik ki, düşüb çöllərə Məcnun,

Vəlleyl olub virdi, cavankən də qocaldı.

Bir gün də xəbər gəldi ki, velleylisi ilə

Can verdi, cahan içrə yaman vəlvələ saldı

Bəli, Şəhriyar Quranı ( Sevgi kitabını) xətm elədi, ancaq Məcnun Qədr surəsində olan "Vəlleyli" ayətinə çatdı, Leylinin adını eşidəndə donub qaldı. Yəni sevgi kitabını bitirə bilmədi. Məncə, daha nəsə deməyə ehtiyac yoxdur. Salam olsun dünyadan gedən ərənlərdə.

Tural Sahab.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm