• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Polyak qızının dodaqlarından son öpüş

  • Yazarlar
  • 8 Mart 2014 11:03
  • 2 687 Baxış
Polyak qızının dodaqlarından son öpüş

Biləcəridən tərpənən qatarın fit səsi sonuncu dəfə eşidilir. Camalın Bakı ilə bağlı həyatı, heç bir zaman görmədiyi, yad torpaqlarda yaşamaq üçün qəlibə salınır.

Almanların hücumu ilə başlayan amansız çarpışma Camalın həyatını dəyişir. Leninqraddan Kurska qədər döyüş yolu keçir və 1943-cü ildə Ukraynada əsir düşür...

Bir gecə soyuq döşəmənin üstündə özünə gəlir.

Ətraf qaranlıq, əl tutmağa bir yer yox, buz kimi havada şişmiş ayaqlarını don vurmağa başlayır.

Nə baş vermişdi?

Ən son xatırladığı səngərlərinə atılmış əl qumbarasından özünü qorumaq üçün küncə qısılmağı idi.

Partlayışın təsirindən özündən gedən Camalın ayıldığı bu dar, buz döşəməli qaranlıq otaq Karakovdan 60 km qərbdə yerləşən "Auşvits" ölüm, əsir düşərgəsi idi...

Camal keçirdiyi beyin sarsıntısı ilə hərbi xəstəxanaya göndərilir.

Onun azərbaycanlı olması köməyinə çatmışdı. Azərbaycanlı həkimin köməyi ilə tibbi bərpa keçən Camalın tezliklə Almaniyaya göndərilməsi haqqında xəstəxana rəhbərliyinə raport göndərilir.

Onu burda müalicə edən azərbaycanlı həkimin imzası olan məktub Camalın taleyini "Mühacir Azərbaycan hökuməti" ilə bağlamalı idi.

Camal "Auşvits"də keçirdiyi ölümcül anlarda onun köməyinə yetişən cərrahla tanış ola bilmişdi.

Ənvər həkim haqqında o, sonralar da gizli-gizli minnətdarlıq hissi ilə danışırmış.

Hərbi xəstəxanadan onun Almaniyaya göndərilməsi üçün əmr hazırlanır.

Bu, o zaman baş verir ki, artıq almanlar Ukraynada məğlub olmuş, Kursk qövsündə general Pauls iflas etmiş, hardasa müharibənin taleyi böyük ölçüdə həll edilmişdi.

Artıq Polşada, Qdanskda, Krakovda partizan hərəkatı güclənir, əsirlər arasında müqavimət özəkləri təşkilatlandırılırdı.

Bütün bunları nəzərə alan Camal Almaniyaya getməkdənsə, qaçıb partizanlara qoşulmağı üstün tutur.

Hərbi xəstəxananın həkimini stolun ayaqlarına bağlayıb, onun geyimində xəstəxanadan qaçmağa çalışan Camal təsadüf nəticəsində ələ keçir.

Müxtəlif zamanlarda partizanlara qoşulmağa çalışan iyirmidən artıq əsirin 12 nəfərini yerindəcə güllələyirlər.

Arbeit Mach Frei – Zaksenhauzen (yəhudilərlə ölümə)

Camal Berlinə deportasiya edilənlər arasında yer alır.

Yəhudilərin qaz kameralarında boğulduğu baraklara salınan Camal Zaksenhauzenin oxşar taleləri yaşayan üzvlərindən biri olur.

Amma qısa zamandan sonra onu həbsxana ştatına çağırırlar.

Bu dəfə də onu xilas edirlər.

Yenə də eyni insan bunu edir, nə qədər azərbaycanlı varsa, hamısını baraklardan çıxarırlar və düşərgənin "ölüm" hissəsindən çıxarılıb, təsərrüfat bölməsinə alınırlar.

Burda daha çox almanlara qarşı vuruşan, amma öz səhvini başa düşüb islah edilənlər yer alır.

Əsas şüarı Arbeit Mach Frei (işləmək azadlıqdır) olan bu sahədən birbaşa orduya yol başlayır. Camal artıq yarımazad, az nəzarət edilən bir şəxs kimi artıq qaçmaq planlarını reallaşdırmağa çalışır. Zaksenhauzenin dəmir divarlarından başqa, onu adi dəmir çəpərlərlə əhatə edən tikanlı məftillər də çəkilir.

Yəhudi əsirlərdən savayı başqa dəmir darvazaların xaricinə çıxanlar arasında Camal da olurdu.

1943-cü ilin sonunda 4 azərbaycanlı düşərgə ərazisini tərk edir.

Məftillərin arasından keçən üç nəfərin ardınca soyuq suya girən dördüncü şəxs məftillərə birləşdirilmiş elektrik cərəyanına toxunur. Həyəcan siqnalının ardınca açılan atəş onun azadlıq arzularına son qoyur.

Camal və salamat qalan iki dostu düşərgədən bir az aralıdakı meşələrdə yoxa çıxırlar.

Polşalı məhəbbət

Alman sərhədindən başlayan qalın meşəlik Polşanın içərilərinə qədər uzanır. Bu gizli dünya üç dostu alman əjdahasının ağzından xilas edir və gizlin bir yerdə öz ünvanlarını bir-birinə verərək ayrılırlar.

Camal günlərlə yol gəlir, qalın meşələrin sirli guşələrindən bir addım o tərəfdə gedən qanlı-qadalı müharibənin izindən belə əsər-əlamət olmur.

Camal Polşa ərazisində partizanlara rast gəlmək üçün dayanmadan axtarış aparır.

Bir gün günortaya yaxın, qalın meşənin ortasında ağaclardan qurulmuş evə rast gəlir.

Ətrafına yaxın, görünməyən bir yerdə, qaranlıq düşənə qədər müşahidə aparır və heç kimin gəlib-getmədiyini gördükdən sonra qapıya yaxınlaşır.

Qapını döyür və hər ehtimala qarşı uzaqda dayanır.

Ağac qapı tərpənir, Camal qarşısında ağ saqqalı sinəsinə qədər uzanmış yaşlı qocanı görür.

Camal soyuqdan və aclıqdan əziyyət çəkdiyi üçün artıq ölüm qorxusunu da unudur və az qala, təklif gözləmədən içəri soxulur.

Neft lampasının işığında əyləşən iki nəfər gözünə dəyir.

Qoca onları sakitləşdirir.

Camal iki oğlu sovet partizanlarına qoşulmuş polyakın ailəsində idi.

İzus dayının oğulları 1942-ci ildən sonra Belorus meşələrində vuruşan partizanlara qoşulurlar və hər ikisi bir il sonra öldürülürlər.

Qoca İzus bu meşə evində qalmaqla həm qoca qarısını, həm də salamat qalan yeganə qızı Aniyelanı xilas edə bilmişdi. Əsl sənəti ovçuluq olan İzus dayının ət və odun sarıdan yoxsulluğu olmurdu.

Camal bütün həyatını onlara danışır.

İzus dayı onun tezliklə burdan gedə bilməyəcəyini deyir. Qışın düşməsi və partizanların hələ burda olmaması Camal üçün burda qalmaqdan başqa yol qoymurdu.

Müharibə içərisində salamat qalmış evdə yaşamağa qərar verən Camal, İzus dayının - bu qoca polyakın əziz insanına çevrilir.

1944-cü ilin sonunda bu balaca ailədə oğlan uşağı dünyaya göz açır.

Aniyela ilə evlənən Camal, artıq müharibə içərisində sülh yaradaraq, həyatına davam edən, bəlkə də, yeganə insan idi.

Əlvida, Aniyela!

Berlinin təslim olmasından sonra müharibə bitir.

Partizan hərəkatı başa çatır, əsir düşənlər geri qaytarılır, Avropadan sovetlərə doğru eşelonlarla insan daşınır. Bir sözlə, müharibənin əvvəlində qatarlarla gedənlər, eyni yollarla da geri dönməyə başlayır.

Polşa azad, Varşava ərazisində qalan sovet vətəndaşlarını toplayır və geri göndərməyə davam edir.

İzusun bütün ciddi-cəhdinə baxmayaraq, Camal 1946-cı ildə SSRİ-yə qaytarılır.

1950-ci ilə qədər keçmiş əsir kimi Bakının müxtəlif dustaqxanalarında qalan Camal, nəhayət ki, azadlığa buraxılır. Müharibənin dəhşətləri və əzabları Camalın sağlamlığına ciddi zərər vurur. Camal müharibənin ona miras qoyduğu böyrək xəstəliyi ilə Bakıda xəstəxanaya alınır.

ATU-nin cərrahiyyə fakültəsinin müəllimi ona növbəti dəfə həyatını qazanmaq şansını verir.

Camalı ayaq üstə qaldıran sehrli əllər Kazım Aslanlının idi.

Camal son günlər xeyli yaxşılaşmış və hər gün xəstələrlə maraqlı söhbət edən Kazım müəllimin yolunu gözləyirdi.

Camal onu Polşada və Berlində xilas edən azərbaycanlı həkim haqqında danışarkən, Kazım doktorun göz yaşlarını saxlaya bilmədiyinin şahidi olur.

Camal uzun illər sonra Kazım həkimdən onun nə üçün ağladığını öyrənə bilir. Sən demə, Camalı qoruyan və həyata qaytaran adam Kazım həkimin tələbə yoldaşı, Məcid ağanın oğlu Ənvər həkim imiş.

Camal müharibədən sonra salınmış Sumqayıt şəhərində məskunlaşır.

Buzovnadakı evini dostuna satır və bununla da keçmiş həyatı ilə bağlılığı qırmış olur.

Amma Buzovnada, dostuna verdiyi evinə 1950-ci ildə xaricdən bir məktub gəlir.

Camalın ağlına gəlməzdi ki, ona vəfa dolu məktublar yazan Aniyela, oğlu Zemin adından da məktub yazarmış.

Camal əsir olduğu üçün həmişə KQB-dən çəkinir və bu məktuba cavab yazacağı təqdirdə ələ keçəcəyini zənn edərək birdəfəlik cavab yazmaq fikrindən əl çəkməli olur. Sumqayıtda evlənən müharibə veteranı, artıq oğul-uşaq sahibi də olur.

Məktublar isə kəsilmək bilmir və yarım il ərzində bir dostundan xəlvətcə alıb oxuduğu məktubları ələ keçməsin deyə cırır, məhv edir...

1953-cü ilin bir günü Camal yataqdan qalxası olmur. Müharibə illərinin dəhşəti, ağlagəlməz macəralarla dolu həyatı və nəhayət, müharibədən sonra davam edən həbs, qorxu, təhdid yükü onun ürəyini daşıya bilməyəcəyi dərdlərlə doldurur və yoldaşı onun cansız bədəninə toxunduqdan sonra, onun artıq öldüyünü başa düşür.

Dəfn günü hər kəsi heyrətə salacaq bir xəbər yayılır.

Camalın Polşada arvadı varmış, hətta oğlu da varmış.

Camal Aniyelanın son məktubunu oxuya bilmir. Camal qəbrə qoyularkən, dostu cənazəyə tərəf əyilir və bir kağız parçasını kəfənin üstünə qoyur.

Camalın bu dünyada oxuya bilmədiyi məktubda yazılmışdı: "Oğlun Zem, artıq birinci sinfə gedir. O, səni hər zaman xəbər alır, bilirəm, salamatsan, bizi unutmadığını da bilirəm. Amma bir polyak qızının sevgisi sənə yetəcək qədər olmayıbsa, bağışla bizi və geri dön".

(Ardı var)

Əvvəlki yazıları da oxu:

Yazı 1 - Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?

Yazı 2 - Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Yazı 3 - Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

Yazı 4 - Məcid ağa düşməni Bağırovu ölümdən necə xilas etdi?

Yazı 5 - Bağırovun ölümü, xatirə dolu İzmir və yad qadın nəfəsindəki vətən

Yazı 6 - “Mayılın körpüsü” üzərində Bağırov kim üçün ağlayırdı?

Əziz Əlibəyli

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR