Ötən əsrin dəb tendensiyaları müasir interpretasiyada - FOTOLAR
Bizi izləyin

Dəb

Ötən əsrin dəb tendensiyaları müasir interpretasiyada - FOTOLAR

Keçmişdən birdəfəlik qopmaq, onu unutmaq mümkün deyil. Bu, dəb dünyasında da belədir. Məsələn, hər bir dizayner öz kolleksiyasında keçmişin dəb tendensiyalarına aid nəyisə yada salır. Ümumiyyətlə, moda dəyişkən olsa da, bir müddət sonra yenidən qayıdır.

Publika.az-ın "Moda inqilabları" layihəsinin bu sayında illər keçsə də, hazırda aktual olan dəb tendensiyalarının siyahısını hazırlamışıq. Gəlin, onları bir-bir nəzərdən keçirək!

Ötən əsrin 20-ci illəri

1

Bir çoxları üçün bu onillik "Böyük Getsbi" filmi ilə assosiasiya olunur. Bu film çıxdıqdan sonra biserli paltarlar, yaxası iri tüklü paltolar, daş-qaşlı saç lentləri, lələklər yenidən gündəmə gəldi. Bu film vasitəsilə retro tərzi geniş təbliğ olundu və böyük auditoriyanın diqqətini çəkdi. Məsələn, qarderobda düz kəsimlər, birbaşa siluetlər göründü. Bu cür fasonlar kişiləri öz təxəyyülündə oyuna sövq edərək, qadın belinin incəliyini fikirlərində canlandırmağa imkan verirdi. Sadə kəsim və biçimlər aksessuarların bolluğu ilə xarakterizə olunurdu. 20-ci illərin modapərəst xanımları sadə geyimləri kiçik şlyapa, boğaza bir neçə dəfə dolanan mirvari, kiçik dabanlı ayaqqabılarla kombin edirdilər. Bu gün həmin illərin dəbi özünü daha çox paltolarda göstərir. Belə ki, yaxası tüklü, əyində boş qalan paltolar olduqca dəbdədir.

Yeri gəlmişkən qeyd edək ki, həmin dövrün qızlarına ilk dəfə olaraq kişilərlə bərabər siqaret çəkməyə, işləməyə, avtomobil idarə etməyə icazə verilmişdi.

40-cı illərin ortaları

II Dünya Müharibəsindən sonra Koko Şanel dəb aləmində çox böyük dəyişikliklər etdi.

O, hətta dünya tarixində dəb yenilikləri vasitəsilə dünya əhalisini depressiyadan çıxaran qadın kimi də tanınır. Bu baxımdan onun mühüm rolu olub. Qarderobumuzdakı qara, qısa donlar da Koko Şanelin ixtirasıdır.

50-ci illər - Yüksək modanın son onilliyi

3

O dövrdə yaşayıb-yaratmış modelyerlər nəinki yaradıcı və intellektual elitanı geyindirir, həm də geniş istehlakçı kütləsinə böyük təsir göstərmişdi. 50-ci illər, əsasən, Diorun "New look" cərəyanın əsas rəmzi sayılır. O, kişi geyimlərinin qadınlar arasında təbliğ olunmasına etiraz əlaməti olaraq, belin incəliyini vurğulayan qum saatı formasında fasonlar təklif etmişdi. Bu yenilik o dövr üçün qadınlıq təntənəsi demək idi.

Əlbəttə ki, beli incə göstərən donlar "Dior" pərəstişkarlarının tam ürəyincə idi. "Christian Dior" moda evi indi də "New look" ənənəsinə sadiqliyini nümayiş etdirir. Bu gün 50-ci illərin üslubu bir çox dizaynerlər arasında, bütün dünyanın qızlarının qarderoblarında öz yerini möhkəmlədib. Qum silueti formasında paltarı xanımlar, əsasən, gecə tədbirlərinə geyinirlər. Yastıdaban baletkalar da o dövrün məhsuludur.

60-ci illərin dəbi

Классический стиль 60-х годов

60-cı illər - bu mini-ətəklər, əlvan rənglər, yaylıqlar, kosmos motivləri, böyük aksesuarları ilə yadda qalıb. Qısa yubkaları mütləq iri eynəklər və iri aksessuarlar tamamlamalı idi. Bu dəb cərəyanlarına podiumlarda bu gün də rast gəlinir. Taxma kirpiklər də məhz o illərdə dəbə minmişdi.

60-cı illərdə çox parlaq rənglər - narıncı, al qırmızı, açıq yaşıl, limon rəngləri çox populyar idi. Maraqlıdır, bu rənglər bir paltarda mücərrəd həndəsi naxışlar şəklində birləşirdi. Zebra və bəbir kimi heyvan naxışları da o illərin geyim üslubunun əsas fərqləndirici xüsusiyyəti sayılırdı.

70 illər eklektika şənliyi

4

70-ci illər üslubunun əsas xarakteristikası rəngarənglik və eklektizmdir. Gənclər: etnik, klassik, bohem, disko və safari tərzlərini bir-biri ilə qarışdırmaqda tam azad idilər. Hippi tərzi də dövrün ən parlaq təzahürüdür. 70-ci illərdə hippi stili ənənəvi geyimə tamamilə əks olan istiqamətin üzə çıxması demək idi.

Məsələn, bu gün dəbdə olan gül naxışları, təbii materiallardan hazırlanan saçaqlı aksessuarlar hippi tərzinə xasdır. Hündürbel şalvarlar da o dövrün coşqun gənclik nəslinin simvolu olub.

Müasir dizaynerlər bu detalları nəzərə almaya bilməzdilər. Odur ki, uzun davam edən fasilədən sonra hippi tərzi yenidən dəbə daxil oldu. Beləliklə, son illərdə podiumlarda uçuşan paltarlar, saçaqlı çanta və ayaqqabılar, etnik naxışlar, o cümlədən, hippi tərzinin digər elementləri görünməyə başladı.

80-ci illərin qarışıq dəbi

Тёмные тона в моде 80-х

80-ci illərin geyimləri isə böyük çiyinləri ilə xarakterikdir. Modelyerlər bunun üçün çiyinlikləri ən müxtəlif formalarda tikirdilər. Beli incə göstərmək üçün modapərəstlər qalın kəmərdən istifadə etmək məcburiyyətində qalırdı. O illərdə yubkanın uzunluğu da dizdən bir qədər aşağı olmalı idi. Yeri gəlmişkən, midi yubkalar bir neçə mövsümdür ki, aktualdır. Uzun pencəklər də 80-ci illərdə dəbə gəlib. Cins şalvarlar o qədər dar idi ki, onlarda oturmaq bəzən çətinlik yaradırdı. İdman ayaqqabılarının dəbə minməsi də məhz bu illərə təsadüf edir.

90-cı illərin dəbi

Популярная мода в 90-х годах

90-ci illərdə dəbə hündür platforma ayaqqabılar, cins gödəkcələr, dağınıq geyim tərzi dəbə minib. Bu dövrdə dəbpərəstlər istənilən üslubu seçə bilərdi. Lakin klassik üslubla, idman üslubunu qarışdırmaq yolverilməz sayılırdı. Məsələn, ya zərif don, ya da sərbəst idman paltarı geyinirdilər. Ancaq uniseks (həm qadın, həm də kişi qarderobuna aid olan geyimlər) geyimlər: rahat idman ayaqqabıları, köynək-donlar, cins şalvarlar, birrəngli sviterlər trend olaraq qalırdı. Saç düzümü hündür, makiyaj isə parlaq olmalı idi.

Müasir dəb

Müasir dövrdə dəb aləmində çox maraqlı proseslər gedir. Əvvəl-əvvəl insanların həyat tərzi çox dinamik olduğu üçün dəblə ayaqlaşmağın mühüm olmayacağı bildirilirdi, amma bu proqnoz özünü doğrultmadı. Əksinə, müasir dəb daha da inkişaf etməyə başladı. Bu gün dəb dünyasında maraqlı tendensiya müşahidə olunur. Əvvəllər dəblə geyinmək üçün maddi imkanın olması önə çəkilirdisə, bu gün dəblə ayaqlaşmaq bütün təbəqələr üçün əlçatandır.

Dəbin cəmiyyətimizin bütün təbəqələrinə xidmət etməsi dövrümüzün ən böyük nailiyyətidir. Ən maraqlısı isə, lap balaca uşaqların da dəblə geyinmək istəyidir. Əvvəllər uşaqların dəbdən heç anlayışı yox idi. İndi isə modanın bütün təbəqələrə və bütün yaş qruplarına xidmət və təsir etmək gücünə malik olduğu müşahidə olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm