Dünyanın beşinci ən seksual kişisi: “Mənə şəhvət yox, romantika lazımdır”
Bizi izləyin

Bizim tərcümə

Dünyanın beşinci ən seksual kişisi: “Mənə şəhvət yox, romantika lazımdır”

“Məncə, dünyada ən romantik şey dağın zirvəsinə qalxmaqdır. Həyatda çətinliklə qarşılaşdıqda dağa qalxmaq… Bütün dünyanı səyahət etmək və ya sadəcə, yolda olmaq. Fərqi yoxdu, necə, təki yolda olmaq...

Şəxsi həyatımı və daxili aləmimi bacardıqca qorumağa çalışıram. Onu hamı üçün açmaq - özünü itirmək deməkdir.

Texnologiya inkişaf edir, indi dünyanın o başında olan adamı tapmaq asandır. Vaxtımızın çox hissəsini İnternet qarşısında keçiririk, guya kimləsə ünsiyyət qururuq. Əslində isə, ünsiyyət getdikcə illüziyaya çevrilir. Bax bu, artıq təhlükəlidir.

Mənim nə “Facebook”, nə də “Twitter” hesabım var - buna görə də bir çox söhbət məkanından kənarda qalmışam. Lakin bu, öz seçimimdir”.

Çox utancaq oğlan olmuşam

“Hər şey hörmətdən asılıdır. Əvvəlcə bu dünyaya hörmət etmək lazımdır, sonra isə ətrafındakı insanlara. Onda hər şey qarışılıqlı olacaq...

Çəkilişlər arası hər zaman saqqal saxlayıram. Onun qırxılması üçün kimsə mənə pul ödəyib kinoya dəvət edənə qədər.

Əvvəllər özümü xarabalıqdan çıxmış şahzadə kimi göstərməyi xoşlayırdım. Arada kasıbçılıqda keçən uşaqlığımı və ümumiyyətlə, məşəqqətli həyatımı xatırlayırdım. Lakin sonra biz kino çəkilişləri üçün Uqandaya yollandıq. Və o zaman mən əsl kasıbçılığın nə olduğunu başa düşdüm...

Bir nəfər məni özümə arxayın etməyincə, çox utancaq oğlan olmuşam. Onun sayəsində mən musiqi qrupu yaratmağı qərara gəldim. Sən demə, güclü xarizmalı kreativ oğlan imişəm. O vaxtdan etibarən mən dünyanı heyran qoymağı bacardım.

Axmaq olmağı sevirəm

Hesab edirəm, hər bir aktyorun içində bir uşaqlıq var. O, binaların başından atıla-atıla “heyy, gicbəsərlər!” - demək istəyir.

Mən axmaq rollarını ifa etməkdən xoşlanıram. Elə ona görə də “Şotlandiyanın sonuncu kralı” filmində mən əsl maymaq kimi görünürəm.

Mett Deymona bənzəmək və “Born” kimi döyüş filmlərində çəkilib qəhrəman olmaq istəyirəm...

Mən kino sənayesində çalışan qadın olmaq istəməzdim...

Mən heç zaman aktyor olmaq istəməmişəm. Sadəcə, belə alındı. Bundan əlavə, mən nə iləsə məşğul olmalıydım, ya yox?..

Seks çəkilişləri hər zaman dəhşətdir.

Qadınları keşişliyə dəyişmədim

Şotland aktyoru Ceyms Endrü MakEvoy 1979-cu il aprelin 21-də Port-Qlazqoda dünyaya göz açıb. Uşaqlıqda Ceyms katolik məktəbinə gedib: “Həqiqətən də, keşiş olmaq və missionerlik etmək haqda düşünmüşəm. İstəyirdim bütün dünyanı gəzim - bəlkə, nə zamansa uzaq Afrikaya gedib və orada aclıqdan əziyyət çəkən insanlara kömək edə bildim. Lakin günlərin birində fikrimdən yayındım, 16 yaşım olan kimi başa düşdüm ki, bütün bunlar mənasızdır. Sadəcə, təsəvvür elədim, hər səhər saat 6-da yuxudan durub ayaqlarımı sürüyə-sürüyə kilsəyə getməliyəm. Sözün düzü, mən katolik keşişi olmağın əleyhinə deyiləm, mən əsasən səhər tezdən durmağın əleyhinəyəm. Mənim üçün bu, intihar demək idi. Ən əsası, mən qadınları qurban vermək istəmirdim”.

Bundan sonra 16 yaşlı Ceyms aktyorluğa üz tutur. Onun istedadı Qazaxıstan əsilli rus rejissoru Timur Bekmambetovun da diqqətindən yayınmır. Bekmambetovun “Xüsusilə təhlükəli” (“Wanted”) fantastik komiksinə Ceymslə yanaşı, Ancelina Coli də çəkilir.

“Şotlandiyanın sonuncu kralı” filmində “Oskar” Uqanda kral rolunu canlandıran Forest Uitakerə çatsa da, kinoda daha çox Ceymsin rolları yaddaqalan olur.

Lakin Ceyms iddia edir ki, Hollivud onun sənətinə xələl gətirib, belə ki, o, özünü təkmilləşdirə bilməyib. Bunu əsas gətirən aktyor Amerikadan köçür və bir neçə kinoda çəkilməkdən imtina edir. Böyük Britaniyaya qayıdan Ceyms uzun müddət teatrda çalışmağa başlayır. 2011-ci ildə Ceyms böyük ekranlara “X-adamlar: Birinci sinif” filmi ilə qayıdır.

“Mən yaxşı oğlanam”

“Bir müddət həkim və pilot da olmaq istəmişəm. Fikrimcə, əgər sən ədalətsizliyin olduğu ərazidə böyüyürsənsə, elə böyüdükcə də reallıq sənin bütün ambisiyalarını üstələyir. Lakin bu, mənimlə baş vermədi.

Milad bayramlarının birində xalamla danışırdım və o, mənə təbiətimdə sərhədləri aşa biləcək qədər pis keyfiyyətin olmadığını dedi, çünki mən yaxşı oğlanam. Məncə, o haqlıdır, mən hər zaman yaxşı oğlan olmağa çalışmışam.

Gələn il kimsə mənə iş verməsə, lap yaxşı. Mən aktyor deyiləm, sadəcə, kino sənayesini istismar edirəm”.

Seksual enerjili lovğa Ceyms

Ceymslə görüşməzdən bir gün öncə xəbər saytlarından birinin müxbiri bir qadın dostundan aktyor barəsində düşünərkən ağlına ilk nəyin gəldiyini soruşur. Qadın cavab verir: “Seksual enerji. Həmçinin, lovğa kişi tipi”.

MakEvoya qadının dediklərini çatdırdıqda o, stulda yırğalandı, ovurdlarını şişirdib boşaltdı və narazı bir səslə dedi: “Seksual enerji, hə? Bunu bilmək xoşdur. Sənin rəfiqən görə bilirmi? Açığı, lovğalıq yalnız yaratdığım rollarıma görə olub. Lakin bunu eşitmək də mənə xoş idi”...

Ceyms MakEvoy “Qnomeo və Culiyetta” filmində aşiq qnom rolunu canlandırdı. Sevgi saqası Ceymsin karyerasında elə də önəmli əhəmiyyət daşımadı. Bu film onun üçün vaxt itkisi oldu. Ekran əsərində Elton Con və Ledi Qaqanın mahnılarının səsləndirilməsi haqda ona deyildikdə, Ceyms belə reaksiya vermişdi: "Doğrudan, mən filmin o hissəsini əldən vermişəm. Hətta kinoya baxandan sonra orada Dolli Parton və Ozzi Osbornunun rol aldıqlarının fərqinə vardım”.

Qadın üçün göz yaşları axıdan Ceyms

Hazırda Ceyms MakEvoyun 35 yaşı var. Onun ailəsi, uzun kredit siyahısı və gur, qəhvəyi saqqalı var. Bununla belə, o, hər zaman gəncdir. Eyni zamanda, onda nəsə narahatlıqdan xəbər verən əlamətlər var. Aktyorun dırnaqları yeyilib, dişləri isə Hollivud aktyorları kimi par-par parıldamır.

Lakin onun yaraşıqlı mavi gözləri var.

“Mən məşhurların toplaşdığı tədbirlərə çox baş çəkmirəm. Qırmızı xalı və şou-biznes əyləncələri mənlik deyil.

Kino çəkilşləri zamanı asanlıqla ağalaya bilirəm. Lakin vaxt olub rolu 20 dəfə canlandırdıqdan sonra günün axırında ağlamaq mümkün olub. Bu qəribədir, lakin hesab edirəm ki, mənim ağır həyatım olmayıb. Mən ağlamağı yalnız bəzi hallarda reallaşdıra bilirəm. Mən qadına görə çox ağlamışam. Mən çox ağlağanam, çünki insanam”.

“18 yaşıma kimi anamdan pul almağa çəkinmişəm”

Düzdü, MakEvoyun ümumilikdə həyatı kədərli olmasa da, o da taleyin acı payından dadıb. Ceymsin 8 yaşı olanda valideynləri boşanıblar. Ceyms bundan sonra atası ilə əlaqəsini kəsib, bacısıyla birgə anasının və nənə-babasının himayəsində böyüyüb. Onun yaşadığı ərazidə zorakılıq, cinayət baş alıb gedirdi.

“Mənim nənəm və babam bizə qarşı sərt olub. 16 yaşımadək evdən bayıra təkbaşına çıxmağıma icazə yox idi, bununla belə, uşaqlığım xoşbəxt keçib. 18 yaşıma qədər ana və nənəmdən pul almağa da çəkinmişəm...

Bəzi dost-tanışlarımdan uzaqlaşmışam, lakin bir neçə dostu qoruyub saxlaya bilmişəm. Mənim birgə böyüdüyüm 3-4 yaxın dostum var. Onları tez-tez görə bilmirəm, lakin onlar bilirlər ki, mənə ehtiyac duyularsa, hər zaman özümü çatdırmağa hazıram. Düşünmürəm ki, əldə etdiyim uğurlar aramızda soyuqluq yarada bilər”.

Səhnədə sevişərkən...

MakEvoy öz sevgisinə səhnədə rast gəlmiş azsaylı məşhurlardandır. O, ailəcanlıdır və şəxsi həyatını məxfi saxlamağa üstünlük verir. Hərbi xidmətdən sonra tələbə yoldaşı və uşaqlıq rəfiqəsi Emma Nelsonla yaşayır. Lakin cütlük 9 ildən sonra ayrılır. Buna görə də, Ceyms içkiyə qurşanır və karyerasını məhv etməyin astanasında olur.

Amma... 2004-cü ildə “Utanmazlar” filminin çəkilişləri zamanı aktrisa Anna-Mari Daff ilə tanış olur. Qız həmkarından düz 9 yaş böyük idi. Bununla belə, səhnədə sevgisini tapmış Ceyms elə Annanın sayəsində həyata yenidən qayıdaraq ayaq üstə dura bilir.

Ceyms və Anna övladlarının dünyaya gəlişini də mətbuatdan məxfi saxlaya biliblər. Arvadını sevən və çəkildiyi filmlərdə intim səhnələrə görə ondan icazə alan Ceyms qadını hamilə olduğundan “Mən xərçəng xəstəsiyəm” adlı filmdən imtina edib...

“14 yaşıma kimi qızların mənə marağı olmayıb. Lakin mən onlarla necə tez ünsiyyət yaratmağın yollarını bilirəm”.

Cılız, bəstəboy Ceyms

Öz ailə həyatını məxfi saxlayan Ceyms “People” jurnalının sorğusuna əsasən ,“Ən seksual kişi” nominasiyasında 5-ci yerdə qərarlaşıb.

“Mən hamını heyran qoymağı bacarıram – bu, mənim sənətimdir. Lakin məndən seks simvol çıxmaz. Bəstəboyluyam, dərim solğun, bədənim cılızdır... Əlbəttə, mən çirkin deyiləm, amma Bred Pitt də deyiləm.

Mənim həyat hekayəm, inandırım sizi, çox darıxdırıcıdır. Həftədə 1-2 dəfə futbol oynayıram. Sağlam qidalardan istifadə edirəm. Boş vaxtlarımda alpinizimlə məşğul oluram. Hər zaman özümü gümrah hiss edirəm..

Çox romantik insanam, çox...

“Hesab edirəm ki, çox romantik insanam. Mən ağlasığmaz dərəcədə romantikəm. Mən şəhvət hissindənsə romantik, insanı uzaqlara aparan hekayələr oxumağı sevirəm. Tarixi hekayələrə də həvəsliyəm...

İnanıram, bir gün təyyarədən tullanacam. Nə qədər ki, 30 yaşlarımdayam, gərək bu ekstremal təəssüratı yaşayım. Mən özüm olmağımla qürur duyuram. Kimliyimdən məmnunam.

Avtomobili motosikldən pis idarə edirəm. Motosikl arxasında daha məntiqli olub, hər an ölə biləcəyimi düşünərək təhlükəsizliyimi qoruyuram.

Həyatda ən gözəl şey uşaq gülüşüdür. Bunun üçün də uşaqlar üçün “Narnia” filmində çəkildim. Yaşlandıqca daha çox uşaqlar üçün nəzərdə tutulmuş filmlərdə çəkilmək istəyirəm. Onların simasındakı təbəssüm hər nəyə desən dəyər.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm