“Polis əməkdaşı özünü maşının altına atacağını dedi”
Bizi izləyin

Cinayət tarixçəsi

“Polis əməkdaşı özünü maşının altına atacağını dedi”

“Polis əməkdaşı özünü maşının altına atacağını dedi”

Sumqayıtda qaydanı pozan sürücü yol polisini yerdə sürüdü

Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Müseyib Şirinov polis əməkdaşı Elman Əmiraslanovu öldürməyə cəhd edib. Publika.Az-ın araşdırmasına görə, hadisə 22 fevral 2012-ci il tarixdə, saat 11.00-da baş verib.

Həmin vaxt Müseyib Şirinov idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 20-ci məhəllədə "Yaşıl market" adlanan mağazanın qarşısında yol hərəkətini pozub. Həmin vaxt orada "BMW" markalı avtomobillə xidmət aparan Sumqayıt şəhər Polis idarəsi dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru Elman Əmiraslanov Müseyibin barəsində tədbir görmək istəyib. O, Müseyibdən avtomobili idarə etmək üçün hüquqverən sənədləri tələb edib.

Bu zaman Müseyib Şirinov avtomobildən düşməyərək polis əməkdaşına xidməti vəsiqəsini göstərib. Elman Əmiraslanov həmin vəsiqəyə baxmaq üçün əlini avtomobilin pəncərəsindən içəri salıb. Həmin zaman Müseyib Şirinov avtomobilin şüşəsini qaldırmaqla Elman Əmiraslanovun sol əlinin bilək hissəsini pəncərə şüşəsi ilə çərçivə arasında sıxıb və daha sonra avtomobili irəli sürərək, Elman Əmiraslanovun 35-40 metr qaçmağa məcbur edib.

Bundan sonra əlini pəncərədən çıxaran Elman Əmiraslanov asfalt yolun üzərinə yıxılıb. Buna görə də Elman Əmiraslanov müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində Elman Əmiraslanovun həyatını xilas etmək mümkün olub. Müseyib Şirinovun barəsində cinayət işi başlasa da, həbs edilməyib. Polis nəzarəti altında saxlanılan Müseyib Şirinovun əməli üzrə istintaq hərəkətləri aparılıb.

"Qayınanamın yası ilə əlaqədar telefonla danışmağa başladım"

Müseyib Şirinov Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müseyib Şirinovun əməlləri hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Müseyib Şirinov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində 7 saylı region üzrə dövlət əmək müfəttişliyinin baş əmək müfəttişi vəzifəsində işləyir: "İstifadəmdə "Mitsubishi Outlander" markalı avtomobil olub. Həmin avtomobili etibarnamə əsasında idarə etmişəm. Hadisə baş verən gün saat 09:00-da işə getmişəm. Saat 11.00-da işdən çıxaraq "Azərboru" ASC-yə verdiyim göstərişin icrasına nəzarəti həyata keçirmək üçün Heydər Əliyev prospekti ilə avtomobillə hərəkətdə edən zaman mobil telefonuma zəng gəlib. Buna görə də, avtomaşını "Yaşıl Market"in qarşısında saxladım. Lakin mühərriki söndürməmişdim. Bundan sonra qaynanamın yası ilə əlaqədar telefonla danışmağa başladım".

"Polis əməkdaşı məndən avtomobilin sənədlərini tələb etdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə dəqiqədən sonra "BMW" markalı yol polisi avtomobili onun maşınının qarşısına keçərək dayanıb: "Həmin avtomobildən sükan arxasında əyləşən polis serjantı düşdü və mənim maşınıma yaxınlaşdı. Sonradan həmin polis işçisinin adının Elman olduğunu bilmişəm. Elman maşına yaxınlaşdıqdan bir müddət sonra telefonla danışığımı dayandırdım və polis əməkdaşına müraciət etdim. Polis əməkdaşı məndən avtomobilin sənədlərimi tələb etdi. Polis əməkdaşından hansı qaydanı pozduğumu soruşdum. O, avtomobili icazə verilməyən yerdə saxladığımı bildirdi. Telefonla danışdığıma görə avtomobili həmin yerdə saxladığımı, mühərriki söndürmədiyimi və tezliklə gedəcəyimi söylədim. Polis əməkdaşı məndən əl çəkmədi. Qaydanı pozduğuma görə protokol tərtib olunacağını dedi. Bundan sonra Elmana tələsdiyimi, baş verənlərin kameraya düşdüyümü, buna görə də qanun pozuntusu barədə tərtib olunacaq protokolu yaşadığım ünvana göndərməyi xahiş etdim. Cəriməni həmin protokol əsasında ödəyəcəyimi bildirdim. Lakin Elman məndən əl çəkmədi. O, müxtəlif bəhanələr gətirərək gah avtomobilin oğurluq maşın ola biləcəyini söylədi. Polis əməkdaşı ya maşından düşməyimi, ya da sənədləri göstərməyi tələb etdi. Əks halda, Elman maşını oradan tərpənməyə qoymayacağını, maşını yerindən tərpədərsə, özümü maşının altına atacağını dedi".

"Xidməti vəsiqəmi göstərərək dövlət qulluqçusu olduğumu bildirdim"

Müseyib Şirinov əlavə edib ki, bu zaman avtomaşında olan digər polis əməkdaşı da onun maşınına yaxınlaşaraq nə üçün sənədləri təqdim etməməsi ilə maraqlanıb: "Mən də maşının yan pəncərəsindən avtomobilin texniki pasportunu və sürücülük vəsiqəsini əlimdə tutaraq göstərdim. Bu zaman Tural adlı digər polis əməkdaşı maşının qabağında duraraq avtomobilin şəklini çəkdi. Daha sonra idarə etdiyi "BMW" markalı avtomobilə əyləşdi. Həmin vaxt polis əməkdaşı Elman başını kənara çevirmişdi. Mən də avtomobilinin qapısını bağlamışdım. Lakin Elman söhbət etməyə davam edib. Avtomobilin içərisindən özümün xidməti vəsiqəsimi göstərərək dövlət qulluqçusu olduğumu bildirdim. Ondan mənə hörmət göstərməyi xahiş etdim. Lakin Elman əl çəkməyərək mütləq inzibati protokol tərtib edəcəyini söylədi. Bir nəfər tanışı olan polis işçisinə zəng edərək mobil telefonumu Elmana verdim. Elmandan həmin polis işçisi ilə danışmağı xahiş etdim. Lakin Elman telefonu əlimdən alıb maşının içərisinə tulladı. O, həmin polis əməkdaşı ilə danışmadı. Bundan sonra o, Elmana "sağ ol" deyərək avtomobilimi 2-3 metr geriyə verdim. Elman pəncərədən əlini avtomobilin içərisinə salaraq yaxamdan tutdu. Elman avtomobili tərpədəcəyi təqdirdə özünü maşının altına atacağını söylədi. O, Turala zəng vuraraq post-patrul xidmətinin əməkdaşlarını çağırmağı tapşırdı. Mən isə, polis işçisi ilə apardığım danışıqlardan əsəbləşdim. Buna görə də avtomobilimi irəliyə doğru hərəkət etdim. Elman avtomobilin yanı ilə qaçaraq sol əli ilə yaxamdan araladı. Təxminən 15 metrdən sonra Elmanın əlini avtomobildən çəkdiyini hiss etdim. Buna görə də, avtomobili saxlamadan getdim. Bu zaman Elmanın yıxılmasını hiss etməmişəm".

"Sənədləri vermək istəmədi"

Zərərçəkmiş Elman Əmiraslanov deyib ki, 2011-ci ildən daxili işlər orqanlarında xidmət edir və həmin vaxtdan Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polisi şöbəsində yol-patrul xidmətinin inspektoru vəzifəsində çalışır. Baş vermiş cinayət hadisəsinin mahiyyəti üzrə danışan Elman Əmiraslanovun sözlərinə görə, fevralın 22-də, saat 08.00-da polis serjantı Tural Əzizov ilə 3353 çağırışlı "BMW" markalı avtomobillə xidmətə başlayıb: "Saat 11.00-da xidmət apararkən təhlükəsiz şəhər operatorundan efir vasitəsilə H.Əliyev prospektindəki "Yaşıl market"in qarşısında ümumi istifadədə olan nəqliyyat vasitələrinin duracağında digər nəqliyyat vasitələrinin dayanması barədə məlumat verildi. Həmin avtomobillər barədə tədbir görülməsi bizə tapşırıldı. Həmin vaxt avtomobili Tural idarə edib. Biz qeyd olunan əraziyə gəldik. İdarə etdiyimiz avtomobili yolun ikinci cərgəsində dayanan "Mitsubishi Qutlander" markalı maşının qarşısında saxladıq. Avtomobildən düşərək yolun ortasında saxlayan həmin maşının sürücüsünə yaxınlaşdım. Ona özümü təqdim etdim. Sonradan məlum oldu ki, həmin avtomaşının sürücüsü Müseyib Şirinovdur. Özümü Müseyibə təqdim edərkən, onun mobil telefonla danışdığını gördüm. Buna görə də onun telefonla danışmasını bitirməsini gözlədim. Telefonla danışığı qurtardıqdan sonra sürücüyə yol hərəkətini pozduğunu izah etdim. Sürücü isə ucadan danışaraq heç bir qaydanı pozmadığını və sənəd təqdim etməyəcəyini bildirdi. O, qaydanı pozubsa, cəriməni yaşadığı ünvana göndərməyi istədi. Bundan sonra avtomobilin ona məxsus olub-olmamasını, avtomobili hansı əsasla idarə etməsini müəyyən etmək üçün sənədlərə baxmaq istədim. Müseyib Şirinovun ucadan danışdı. Onun mənimlə mübahisə etdiyini görən Tural xidməti maşından düşərək bizim yanımıza gəldi. O, sürücüyə yol hərəkətini pozduğuna görə, sənədləri təqdim etmək vəzifəsi daşıdığını söylədi. Lakin Müseyib yenidən sənədləri təqdim etməkdən imtina etdi".

Məhkəmə zalından həbs edildi

Elman Əmiraslanovun ifadəsinə görə, Müseyib Şirinovla söhbət edən zaman mübahisələri davam edib: "Müseyib sükan tərəfdə olan yan şüşəni yuxarıdan bir qədər aşağı endirdi. Sonradan Tural gələrək sürücü tərəfdən qapını açdı. Həmin ərəfədə bir dəfə radiostansiya vasitəsilə post-patrul xidmətinə məlumat verərək kömək istədik. Daha sonra yenidən sürücünün yanına qayıdaraq sənədləri verməsini tələb etdim. Bu zaman Tural yanımdan aralanaraq xidməti avtomobilə doğru getdi. Müseyib Şirinov isə öz avtomobilinin qapısını bağladı. Müseyib Şirinovla xeyli söhbət etdikdən sonra avtomobilin içərisindən əmək müfəttişliyinin əməkdaşı olması barədə xidməti vəsiqəsini göstərdi. Həmin vəsiqəyə baxmaq üçün sol əlimi avtomobilin yarı açıq pəncərəsindən içəriyə doğru uzatdım. Bu zaman sürücü avtomobilin pəncərəsinin şüşəsini yuxarı qaldırdı. Qolumun bilək nahiyəsindən şüşə ilə çərçivənin arasında sıxıldı. Müseyib həm də həmin qapını içəridən bağladı. Daha sonra sürücü avtomobili bir neçə metr arxaya verdi. Müseyibdən avtomobili saxlamağı və şüşəni endirməyi tələb etsəm də o, buna məhəl qoymadı və avtomobilini irəliyə doğru hərəkət etdirməyə başladı. Avtomobilin qapısının metal dəstəyindən tutaraq maşının yanı ilə qaçmağa başladım. Həmin vaxt əlim pəncərədə sıxılmış vəziyyətdə qalmışdı. Maşının yanı ilə təxminən 30-40 metr qaçdıqdan sonra əlimi dartaraq pəncərədən çıxardım. Bu zaman müvazinətimi itirərək asfalt yolun üzərinə yıxıldım. Sonra tez ayağa qalxdım. Tural "BMW" markalı xidməti avtomobili sürərək məni götürdü. Həmin "Mitsubishi" markalı avtomobilin arxasınca getmişdik. Yolda ratsiya vasitəsilə həmin avtomobilin saxlanılması üçün digər naryadlara məlumat versək də, "Mitsubishi Outlander" markalı avtomobili tapa bilmədik. Daha sonra Tural məni Təcili Tibbi Yardım Xəstəxanasına gətirdi. Orada müayinələrdən keçdikdən sonra həkimlər sağ çiynimdə çat olmasını dedilər".

Bütün tərəfləri dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə 7 il 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Müseyib Şirinovun barəsində həbs qəti imkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm