“O, məni sevməsə, sənin başını qoparacam” - BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Cinayət tarixçəsi

“O, məni sevməsə, sənin başını qoparacam” - BİR CİNAYƏTİN TARİXÇƏSİ

2013-cü il yanvarın 22-də 24 yaşlı Elçin Ömərov sevdiyi Məhluqə Soltanlıdan rədd cavabı alıb. O, həmin gün saat 15.00-da Məhluqənin təhsil aldığı Zaqatala rayonu Yuxarı Tala kənd 4 saylı orta məktəbə gəlib və orada Məhluqə Soltanlının arasında münasibətləri pozduğunu bəhanə gətirərək onun rəfiqəsi Aytən Qanzayeva ilə mübahisə edib. Tədris vaxtı səs-küy salıb və Aytən Qanzayevaya "Məhluqə məni sevməsə, sənin başını qoparacam" deyərək zor tətbiq edəcəyi ilə hədələyib.

Elçin Ömərov orta məktəbin şagirdi olan Məhluqəni qolundan tutaraq divara çırpıb və orada qıza xəsarət yetirib. Səs-küyə gələn və hadisəyə müdaxilə edən məktəbin rəhbərliyi Elçini çətinliklə binadan uzaqlaşdırıb. Həmin hərəkətləri ilə Elçin Ömərov məktəbdə tədrisin gedişatını 10-15 dəqiqə pozaraq ictimai qaydanı kobud surətdə pozub.

"Bu belə qalmayacaq"

Həmin gün Hacıömər Qanza əmisi qızı Aytən Qanzayevaya qarşı edilən hərəkətlərin səbəbini Elçindən soruşmağa gəlib. O, Hacıömər Qanzanı özünə məxsus "VAZ- 2106" markalı avtomobilə əyləşdirərək əvvəlcə rayonun Yuxarı Tala

kəndində yerləşən "Silov" adlanan əraziyə aparıb. Həmin vaxt digər avtomobillə onların arxasınca xuliqanlıq etdiyi 4 saylı orta məktəbin direktoru Almaz Abdurahmanova, həmçinin Səlim Qurbanov və Abdulla Qanzanın gəldiyini görərək orada avtomaşını saxlamayıb və həmin kənddə yerləşən İbrahim Rəcəbova məxsus evin qarşısına sürüb. Orada idarə etdiyi

avtomobildən düşərək Hacıömər Qanza ilə əsassız olaraq mübahisə edib və taxta parçası ilə Hacıömərə hücum edib. Amma həmin vaxt Elçin istəyinə nail olmayıb. Hacıömər ondan taxta parçasını alıb. Bundan sonra onların arxasınca hadisə yerinə çatmış Almaz Abdurahmanova onları aralayıb.

Elçin Ömərov xuliqanlıq hərəkətlərini davam etdirərək Hacıömər Qanzaya "bu belə qalmayacaq" deyərək yerdən götürdüyü müxtəlif ölçülü çay daşları ilə Hacıömər Qanzanın kürək və baş nahiyəsinə iki dəfə vurub.

"Bir ildir ki, Məhluqəni sevirəm"

Publika.Az-ın araşdırmasına görə, bu əməli ilə Elçin Ömərov Cinayət Məcəlləsinin 127.2.3-cü (sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirli bilinib və cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim İmanverdi Şükürovun icraatında araşdırılıb. Elçin Ömərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2010-cu ildə Fizuli rayonunda hərbi xidmətdə olarkən minaya düşüb və sağ ayağında dizindən aşağı olan nahiyəni itirib: "İkinci qrup əliləm. Təxminən bir ildir ki,

Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan Məhluqəni sevirəm. Lakin onunla hər hansı bir münasibətim olmayıb".

"Məhluqənin sinif yoldaşı Aytən ucadan "of-of bu oğlan nə çox burdan keçir", dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 22-də, saat 15.00-da idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Məhluqəni görmək üçün onun təhsil aldığı Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən məktəbin qarşısına gəlib: "Həmin vaxt Məhluqənin sinif yoldaşı Aytən ucadan "of-of bu oğlan nə çox burdan keçir" dedi. Aytən həmin sözü ucadan deyib. Buna görə də Aytənin dediklərini eşitmişəm. Məktəbin qabağında Məhluqə və Aytənlə eyni sinifdə oxuyan Əhmədxanı gördüm. Aytənin "of-of bu oğlan nə çox burdan keçir" dediyinə görə, Əhmədxana adımdan Aytənə "sənin ağzını qulaqlarına qədər cıraram" deməyimi çatdırmağı tapşırdım. Məktəbin qarşısında idarə etdiyim avtomobili saxlamamaq üçün 100 metr kənara sürdüm və orada saxladım".

"Ona "sənə nə olur mən bu yoldan keçəndə", dedim"

Elçin Ömərov deyib ki, daha sonra idarə etdiyi avtomobildən düşərək piyada məktəbə gəlib: "Məktəbin həyətinə daxil olduğum vaxt Aytəni gördüm. Aytən məni görəndə nəyə görə elə dediyini öyrənmək üçün içəri daxil oldum. Məktəbin dəhlizində Aytəni gördüm və ona yaxınlaşaraq "sənə nə olur mən bu yoldan keçəndə" dedim. Aytən heç bir cavab vermədi".

"Özümü müdafiə etmək üçün yerdən daş götürərək Hacıömər və Abdullaya atmışam"

Təqsirləndirilən şəxs daha sonra ifadəsinin davamını belə danışıb: "Aytənin qolundan tutaraq itələdim. Bu zaman Aytən divara dəydi. Məhluqənin yanında Aytənə "Məhluqə məni sevməsə, sənin başını qoparacam" dedim. Həmin vaxt məktəbin direktoru Almaz müəllimə mənə yaxınlaşaraq məktəbi tərk

etməyimi dedi. Məndə direktorun sözünə əməl edərək məktəbdən çıxdım. Piyada avtomobilimin yanına gəldim. Avtomobilə əyləşdikdən sonra Hacıömər mənimlə söhbət etmək istədiyini bildirdi. Mən də razılıq verdikdən sonra Hacıömər idarə etdiyim avtomobilin qabaq oturacağında əyləşdi və söhbət etmək üçün adam olmayan yerə sürməyimi xahiş etdi.

Mən də avtomobili Zaqatala rayonunda "Şimşək" adlanan əraziyə sürərək körpünün yaxınlığında avtomobili saxladım. Avtomobilin sükan hissəsinin sağ tərəfində saxladığım taxta parçasını götürərək avtomobildən düşdüm. Həmin vaxt Hacıömər də avtomobildən düşdü. Taxta parçası ilə Hacıöməri vurmaq istədim. Hacıömər mənə imkan vermədi və belimdən tutaraq məni yerə yıxdı. Hacıömər mənə 4-5 yumruq zərbəsi vurdu. Həmin vaxt məktəb direktoru Almaz müəllimə yanımıza yaxınlaşaraq Hacıöməri üzərimdən araladı. Hacıömər və Abdulla üstümə gəliblər. Özümü müdafiə etmək üçün yerdən daş götürərək Hacıömər və Abdullaya atmışam.

Daş Hacıömərin başına dəyib. Hacıömər əyilib başını əlləri ilə tutub. Hacıömərin qardaşı Abdulla üzümə bir yumruq zərbəsi vurub. Zərbədən yerə yıxıldım. Sonra Abdulla 2-3 dəfə təpiklə böyrək nahiyyəmə vurdu. Abdulla və Hacıömərin məni vurmasından pis olmuşam və 2-3 dəqiqə yerdə qalmışam. Bundan sonra Hacıömər və Abdulla oradan getdilər. Özümə gəldikdən sonra körpünün altında olan çaya düşdüm və üzümü yudum. Həmin vaxt polis sahə inspektoru Səhəddin mənə yaxınlaşaraq polis şöbəsinə getmək lazım olduğunu dedi. Onunla birlikdə Zaqatala rayon polis şöbəsinə gəldim. Zərərçəkmiş şəxslərlə, onların valideynləri ilə barışmışam. Əməlimdən peşmanam. Gələcəkdə bir daha belə əməllərə yol verməyəcəm".

"Əvvəllər də mübahisələrimiz olub"

Zərərçəkmiş Hacıömər Qanzanın sözlərinə görə, Elçin Ömərov onun həmkəndlisidir və əvvəllər də onunla mübahisələri olub. O, deyib ki, buna görə də bir il bundan əvvəl də oxşar hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılıb: "Hazırda Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən

4 saylı orta məktəbin 11-ci sinfində oxuyuram. Aytən Qanzayeva əmim qızıdır və təhsil aldığım məktəbdə 9-cu sinifdə oxuyur. Yanvarın 22-də kitab götürmək üçün əmim qızı Aytənin Yuxarı Tala kəndində yaşadığı evinə getdim. Əmim arvadı Vəzifə Aytənin məktəbdən evə gəlmədiyini bildirdi. Məndə Aytənlə görüşmək üçün məktəbə getdim. Məktəbdə Aytəni soruşdum. Aytənin direktorun otağında olduğunu dedilər. Məktəbin direktoru Almaz müəllimənin otağına gedərək əmim qızının otaqdan çıxması üçün icazə aldım. Aytən otaqdan çölə çıxdı, ağladı. Ondan nə baş verdiyini soruşdum. Aytən məktəbin içində Məhluqə ilə birlikdə lövhələrə baxarkən Elçinin qolundan tutaraq kənara itələməsi və onu öldürməklə hədələməsini dedi".

"Elçin "bu belə qalmayacaq" deyərək arxadan mənə daş atdı"

Zərərçəkmiş daha sonra qeyd edib ki, məsələni öyrənmək üçün məktəbdən çıxaraq Elçinə yaxınlaşıb: "Elçin idarə etdiyi avtomobili məktəbin qarşısından təxminən 10-15 metr kənarda saxlamışdı. Elçinə avtomobildən düşərək kənarda söhbət etməyini

bildirdim. Elçin razı olmayaraq avtomobildə oturmağımı istədi. Avtomobildə oturan zaman Elçin heç nə demədən avtomobili Yuxarı Tala kəndində "Silov" adlanan əraziyə sürdü. Bu zaman Almaz müəllimə və qardaşım Abdulla məktəbin gözətçisi işləyən Səlimin avtomobil ilə Elçinin idarə etdiyi maşına yaxınlaşdılar. Almaz müəllimə Elçindən saxlamağı dedi. Elçin isə Almaz müəllimənin sözünə məhəl qoymayaraq avtomobili saxlamadı. Həmin yerə avtomobil qalxmadı. Elçin maşını geri döndərərək Zaqatala rayonunda "Şimşək" adlanan ərazisinə sürdü. Elçin "Şimşək" adlanan ərazi istiqamətində hərəkət edərkən Almaz müəllimə və Abdulla Səlim maşınla arxamızca gəldilər.

Elçin idarə etdiyi avtomobillə həddindən artıq surətlə hərəkət etdirdi. "Şimşək" adlanan ərazidə körpü yaxınlığında avtomobili saxladım. Elçin avtomobilində gəzdirdiyi taxta parçasını götürərək avtomobildən yerə düşdü. Elçin məni vurmaq istəyərkən taxta parçasını əlindən aldım. Taxta parçasını alarkən Elçin yerə yıxıldı. Elçinin üstündə oturaraq məni vurmaması üçün əllərindən tutdum. Bu zaman məktəb direktoru Almaz müəllimə, məktəb gözətçisi Səlim və qardaşım Abdulla gəldilər. Almaz müəllimə məni Elçinin üzərindən araladı. Səlim məni kənarlaşdırdı. Bu zaman Elçin "bu belə qalmayacaq" deyərək mənə arxadan daş atdı. Daş belimə dəydi və zərbənin təsirindən yerə yıxıldım. Daha sonra

Elçin yerdən daş götürərək yenidən atdı. Bu vaxt daş qulağıma dəydi. Başımı tutaraq aşağı oturdum və qulağımdan qan axdı. Elçin üçüncü dəfə yerdən daş götürüb atmaq istəyərkən qardaşım ona mane oldu. Məni xəsarət aldığımdan tibbi yardım almaq üçün xəstəxanaya apardılar. Elçinin vurduğu daşdan qulağım yarılmışdı. Həkimlər qulağıma tikiş qoyublar. Hadisə zamanı Elçini vurmamışam. Qardaşım Ada ona yumruq və təpik zərbəsi vurmayıb. Abdulla ümumiyyətlə davada iştirak etməyib".

"Sənin ağzını qulaqlarına qədər cıraram", -dedi.

Zərərçəkmiş Aytən Qanzayeva deyib ki, Yuxarı Tala kəndində yerləşən 4 saylı orta məktəbin 9-cu sinifində oxuyur. Onun sözlərinə görə, Elçin Ömərov onun həmkəndlisi, Məhluqə Soltanlı isə sinif yoldaşıdır: "Yanvarın 22-də, saat 15.00-da Məhluqə ilə birlikdə dərsdən çıxmışdıq. Məktəbin həyətində olarkən Elçinin avtomobil ilə oradan keçdiyini gördük. Elçinin Məhluqəni sevdiyini bilirdim. Məhluqənin ondan xoşu gəlmirdi. Elçindən qorxduğumuz üçün onu görən kimi Aytənlə birlikdə tez məktəbin içərisinə keçdik. Divardan asılmış lövhələrə baxarkən sinif yoldaşım Əhmədxan mənə yaxınlaşaraq "Elçin deyir ki, sənin ağzını qulaqlarına qədər cıraram", -dedi. Əhmədxandan bunun səbəbini soruşdum Əhmədxan "sən Məhluqənin Elçinlə münasibət saxlamağa mane olduğuna görə, sənə elə söz göndərib" deyə bildirdi.

Təxminən 2 dəqiqədən sonra Elçin bizə yaxınlaşdı. Elçin qolumdan tutaraq məni itələdi. Mən divara dəydim. Elçin mənə "Məhluqə məni sevməsə, sənin başını qoparacam" deyə bildirdi və məni öldürməklə hədələdi. Elçin məktəbdə səs-küy yaratdığından Almaz müəllimə, məktəbin müəllimələri Məlahət və Münəvvər dəhlizə çıxaraq bizim yanımıza gəldilər. Almaz, Məlahət və Münəvvər müəllimə Elçinə məktəbə gələrək şagirdləri hədələməyə ixtiyarı olmadığını dedilər və məktəbi tərk etməyi tələb etdilər. Elçin məktəbdə səs-küy saldıqdan sonra getdi. Həmin vaxt çox qorxmuşdum. Həyacandan danışa bilmədim. Direktor məni otağına apardı və sakitləşdirdi. Təxminən 15-20 dəqiqədən sonra əmim oğlu Hacıömər direktorun otağına gəldi və mənim üçün direktordan icazə aldı. Hacıömər nə baş verdiyini soruşdu. Elçinin qolundan tutaraq itələdiyini və məni öldürəcəyi ilə hədələdiyini Hacıömərə dedim. Bundan sonra Hacıömər getdi. Almaz müəllimə narahat olduğundan Hacıömərin arxasınca getdi. Qorxumdan evə gedə bilmədiyimdən anam Vəzifə məktəbə gəldi. Anam məni və Məhluqəni evə apardı".

Bütün tərəfləri dinləyən hakim sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Elçin Ömərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Ömərov apelyasiya şikayəti verib. O, şikayətində həbs olmayan cəza ilə cəzalandırılmasını xahiş edib. Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Hümbət Səlimovun sədrlik etdiyi kollegiyada qərar elan edib. Qərara görə, Elçin Ömərovun apelyasiya şikayəti qismən təmin edilib və Zaqatala rayon Məhkəməsinin hökmü dəyişdirilib. Elçin Ömərovun barəsində təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 ilə endirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm