• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İŞİD-lə əlaqə həyat uçün təhlükəlidir: 20 yaşlı gəncin bəbəyinə qələm soxdular – FOTO

İŞİD-lə əlaqə həyat uçün təhlükəlidir: 20 yaşlı gəncin bəbəyinə qələm soxdular – FOTO

İŞİD-lə əlaqədə şübhəli bilinən dağıstanlı tələbə müvəqqəti saxlama kamerasından ölümcül yaralanmış vəziyyətdə tapılıb.

Publika.az "Mediazona" agentliyinə istinadən xəbər verir ki, bu il noyabrın 21-də Stavropol Tibb Universitetinin tələbəsi Maqomed Əliyev bacısı Əminət Əliyevanı işə ötürmək üçün "Perovo" stansiyasına doğru gedirmiş. "Metallurq" küçəsi yaxınlığında onların qarşısını qara gödəkcədə olan naməlum şəxs kəsir. Həmin şəxs Maqomedin boğazından yapışaraq onu yerə yıxır. Əminət ona mane olmaq istəyir. Lakin üzündən zərbə alır.

FTX əməliyyatı

Əminət deyir ki, bu zaman onlara daha bir neçə kişi yaxınlaşır. Qardaşının qollarını burub "Ford" markalı maşına basırlar. Əminəti isə başqa avtomobilə əyləşdirirlər. Kişilərdən biri özünü Aleksandr kimi təqdim edir və polis əməkdaşı olduğunu, onların evlərində axtarış aparmağa gedəcəklərini deyir.

Əminət həyat yoldaşı Kərimə zəng edib baş verən hadisəni danışmağa fürsət tapır.

Tezliklə Kərimin yaşadığı binaya 8 avtomobil yaxınlaşır. Onlar özlərini Federal Tədqiqat Xidmətinin Stavropol rayon şöbəsinin əməkdaşları kimi təqdim edirlər.

Kərim axtarışa etiraz edir və küçəyə düşərək vəkilinə zəng edir. Bu zaman o, küçədə saxlanılan avtomobilləri telefonuna çəkmək istəyir. Lakin avtomobildə olan şəxslər Kərimə tapança və elektroşoker dirəyərək telefonun yaddaşındakı fotoları silməyə məcbur edirlər.

Hadisə yerinə həm vəkil, həm də polisin post patrul xidməti gəlir. Vəkilin tələblərinə baxmayaraq, Maqomedi həbs edənlər heç bir sənəd göstərmirlər. Onlar Əminət və Kərimin evində axtarış aparmadan gedirlər.

Amma Maqomed itkin düşür və qohumları ondan xəbər tuta bilmirlər. Yalnız 3 gün sonra məlum olur ki, Maqomed Stavropola aparılıb və FTX-nın yerli şöbəsinin müvəqqəti saxlama kamerasındadır.

Noyabrın 25-də vəkil Maqomedlə görüşə bilir. O, psixoloji cəhətdən əzilmiş vəziyyətdə olur. Vəkil müdafiə etdiyi şəxsin üz nahiyəsində döyülmə izləri görür. Vəkil şikayət yazaraq tibbi ekspertiza keçirilməsini tələb etsə də, şikayətə baxılmır.

Bağdadiyə əlcək atan adam

20 yaşlı Maqomed Əliyev və daha bir neçə nəfər vəhhabilik təriqətini təbliğ etməkdə və Suriyada döyüşmək üçün qanunsuz silahlı birləşmələrə adam toplamaqda ittiham edilirlər.

Cinayət işinin materiallarına görə, Maqomed Əliyev və 29 yaşlı Şamil Umaxanovun Suriyaya göndərdikləri şəxslər "Əbu Hənifə camaatı" qruplaşmasına qoşulublar. Bu qruplaşmanın lideri Əbu Hənifə "Özbəkistani" ləqəbli terrorçudur. Onun milliyətcə özbək olduğu güman edilir. Lakin hazırda bunu müəyyənləşdirmək çətindir. Çünki "Özbəkistani" oktyabrın 3-də Suriyadakı Kobani şəhəri uğrunda döyüşlərdə öldürülüb və onunla bağlı bütün materiallar itib.

"Əbu Hənifə camaatı" qruplaşmasında əsasən Orta Asiya dövlətləri, Azərbaycan, Çeçenistan və Dağıstandan olan döyüşçülər toplaşıb. Onların sayı dəqiq bilinmir. Əbu Hənifə başqa səhra komandirləri arasında o qədər də nəzərə çarpmayıb.

Ancaq sosial şəbəkələrdəki cihad forumlarında onu təkfkirçiliyin ən qatı tərəfdarı adlandırırlar. O, şəriət qaydalarına əməl olunmasının, ən kiçik günaha görə sərt cəza verilməsinin qatı tərəfdarıdır. Əbu Hənifə hətta "xəlifə" Əbu Bəkr Bağdadini belə "ürəyiyumşaqlığına" görə tənqid edib, ona qarşı çıxıb.

Kameradan komaya...

Maqomed Əliyevin adı məhz bu cinayət işində keçir. Günahı sübuta yetirilərsə, onu 10 il həbs cəzası gözləyir. Amma onu artıq qeyri-insani üsulla cəzalandırıblar. Maqomed Əliyev noyabrın 28-də müvəqqəti saxlama kamerasından birbaşa xəstəxanaya aparılıb. Həkimlər dəhşətə gəlib. Kimsə (bu kimsə hələ də tapılmayıb) qələmi onun göz bəbəyinə soxub. Qələm o qədər dərinə nüfuz edib ki, göz bəbəyinin içində görünmürmüş. Cərrahlar qələmi onun bəbəyindən çıxarmaq üçün 6 saat əməliyyat aparıblar. Qələm Maqomedin beynini də zədələyib. Əməliyyat uğurla bitsə də, xəstə komaya düşüb. Tomoqrafiya çəkilişi onun möhkəm döyüldüyünü göstərib. Həkimlər bildirirlər ki, 20 yaşlı tələbə hətta komadan çıxsa belə, ömrünün axırınadək əlil qalacaq.

Rəsmi orqanlar isə Maqomed Əliyevin intihar etmək istədiyini iddia edirlər. Guya ki, o özü qələmi bəbəyinə soxub. Ancaq qohumları bu versiyanı rədd edir və inanmır.

Görünən isə odur ki, İŞİD hər bir ölkə üçün təhlükədir. Terrorçular qəddarlaşdıqca, onlarla mübarizə aparanlar da bir o qədər cəlladlaşırlar. Hətta Suriyaya getməsən belə, terrorçularla azacıq əlaqənin olması həyat üçün təhlükəyə çevrilir.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR