• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Tüfəngi tuşlayıb yalvardım ki, üzr istə...” – Bir cinayətin tarixçəsi

“Tüfəngi tuşlayıb yalvardım ki, üzr istə...” – Bir cinayətin tarixçəsi

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Zaur Bağırovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Zaur Bağırov 28 may 2011-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məntəqə tipli cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Mehman Xeyirovla sonuncunun idarə etdiyi avtomaşınla cəzaçəkmə müəssisəsindən Şəki rayonunun Qayabaşı kəndinə qayıdarkən kəndin girəcəyində həmkəndlisi və qohumu Eldəniz Mustafayevlə rastlaşır. Birlikdə kəndin Mədəniyyət evinin yaxınlığında bağ sahəsinə gedərək orada yeyib-içirlər.

Eldəniz Mustafayevin son zamanlar onunla rastlaşanda kürəyinə sillə vurub, ələ salaraq nalayiq ifadələr işlətməsini bəhanə edən Zaur Bağırov mübahisəyə başlayır. Mübahisə zamanı yaşadığı evdən ov tüfəngini gətirərək Eldəniz Mustafayevə atəş açır. Yaralını hadisə yerində olan Mehman Xeyirov Oğuz Mərkəzi Xəstəxanasına çatdırsa da, onu xilas etmək mümkün olmur. Eldəniz Mustafayev xəstəxanada dünyasını dəyişir.

"Çörək, kolbasa, araq aldıq"

Məhkəmədə Zaur Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2004-cü ilin aprel ayında narkotik vasitələrin satışı ilə bağlı 8 il müddətinə azadlıqdan məhrum edildiyini göstərib: "Əvvəlcə cəzamı Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində çəkmişəm. 2009-cu ildə Qobustanda yerləşən 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüm.

Cəzaçəkmə müəssisəsinə köçürüldüyüm vaxtdan evə buraxıldım və həftədə bir dəfə müəssisəyə gedərək imza atıb, yenidən yaşadığım kəndə qayıdırdım. Ötən il may ayının 28-də səhər saatlarında mənimlə bir yerdə cəza çəkən Mehman Xeyirovla növbəti dəfə imza üçün Qobustana getmişdik.

Geri qayıdarkən mağazadan çörək, kolbasa, araq aldıq. Yolda Eldənizə zəng vurub Mehmanla kəndə gəldiyimi və bizi qarşılamasını bildirdim.

"Zarafatın başına bəla açacaq"

Kəndə çatanda Eldənizi də götürüb Sərxanın çayxanasının yanında olan klubun həyətinə getdik. Sərxandan şirə və araq içmək üçün stəkan aldıq. Klubun həyətindəki stolun ətrafında oturub çörək yeməyə başladıq. Elə təzəcə çörək yeməyə başlamışdıq ki, Eldəniz yenə də mənimlə nalayiq sözlərlə zarafat etdi.

Bu cür zarafatların onun başına bəla açacağını dedikdə, Eldəniz söyüş söydü. İradımı bildirib zarafatı qurtarmasını istədim. Eldəniz kobud, nalayiq sözlər deməkdə davam etdi.

"Səni kimsə qızışdırıb üstümə salıb"

Eldəniz sözlərimə əhəmiyyət verməyərək "yaxşı eləyirəm!" deyə cavab verdi. Bu vaxt Mehmana zəng gəldi. Mehman telefonla danışan zaman Eldənizə: "Səni kimsə qızışdırıb üstümə salır" dedim.

Bu sözdən sonra o, başını bir az yana çevirərək yavaş səslə var-yoxumu söydü. Eldənizə: "Mənə söyürsən eləmi? Burda dur, indi gəlirəm" dedim və yaşadığım evə getdim. Atamdan yadigar qalmış ov tüfəngini götürüb yenidən klubun həyətinə, Eldənizlə çörək yediyimiz yerə gəldik.

Onun yanına çatanda dedim ki, söyüşünü geri götür, heç olmasa de ki, bu sözlər ağzımdan çıxdı. Mehman söhbətə müdaxilə edərək: "Lazım deyil, qurtarın!" dedi. Mehmana dedim ki, sənlik burada bir iş yoxdur, sən çıx get.

"Onu öldürmək fikrim olmayıb"

Mehman aralaşıb gedən zaman yenidən Eldənizə: "Sən bircə kəlmə de ki, bu sözlər mənim ağzımdan bilmədən çıxdı, mən də səni bağışlayım" dedim. Eldəniz yenə də söyüş işlətməkdə davam etdi. Tüfəngin lüləsini aşağı tutmuşdum. Eldənizi qorxutmaq məqsədi ilə tüfəngi havaya qaldırdım. Onunla danışanda əlim tətiyə toxundu və güllə bir dəfə açılaraq Eldənizin çiyninə dəydi.

O, yerə yıxıldı. Bundan sonra Mehman onu xəstəxanaya apardı.

Eldənizi öldürmək məqsədim olmayıb. Tüfəngi havaya qaldıran zaman əlim tətiyə toxunub. Güllə təsadüfən Eldənizə dəyib. Törətdiyim əməldən peşmanam".

"Zaurun qardaşı Rusiyadan ona pul göndəribmiş"

Zərərçəkmiş şəxs qismində dindirilən mərhumun atası Səməd Mustafayev ifadəsində cinayət hadisəsinin kökündə pul məsələsi dayandığını göstərib: "Oğlum öldürüldükdən sonra kiçik oğlum Əzim mənə bir neçə ay bundan əvvəl Eldənizlə Zaur arasında olan bir söhbəti danışdı.

Əzimin deməsinə görə, Zaurun Rusiyada yaşayan böyük qardaşı Azad bir neçə ay bundan əvvəl Zaura xərcləmək üçün pul göndərib. Zaurun kiçik qardaşı Rauf isə həmin pulu xərcləyib. Məsələdən xəbər tutan Zaur qardaşından ona çatacaq pulu qaytarmağı tələb edib.

"Oğlum iki qardaş arasına girməyəcəyini deyib"

Rauf isə qorxduğu üçün Zaura pul göndərilmədiyini deyib. Rauf Eldənizdən Zaura pul göndərilmədiyini deməsini xahiş edib. Eldəniz də Raufa iki qardaş arasına girə bilməyəcəyini söyləyib. Rauf oğluma qardaşının onu öldürəcəyi ilə hədələməsini dedikdə, Eldəniz onun xahişini yerinə yetirib.

Yəni Zaurla danışmağı qərara alıb. Bundan sonra Eldəniz Zaurla söhbət edərək ona qardaşı Azad tərəfindən pul göndərilmədiyini deyib. Məsələ bununla da bağlanıb. Həmin söhbətdən bir müddət keçdikdən sonra Zaura bəlli olub ki, qardaşı Azad həqiqətən də ona pul göndərib.

"Niyə mənə yalan danışmısan?"

Zaur yenidən Eldənizlə söhbət edərək ondan nə üçün yalan danışdığını soruşub. Eldəniz isə cavabında Zaura bildirib ki, o özü istəyərək yalan danışmayıb. Yalan danışmasının səbəbi qardaşı Raufu ölümlə hədələməsi olub. Bundan sonra Eldəniz Zaurla Raufu üzləşdirib.

Söhbət zamanı Rauf özü də etiraf edib ki, Eldənizin Zaura yalan danışmasının səbəbkarı o özüdür və Eldənizin bu məsələdə heç bir günahı yoxdur. Hadisə baş verən gün Zaur oğlumdan həmin pul məsələsi ilə bağlı yalan danışdığı üçün üzr istəməsini tələb edib.

Eldəniz isə pul məsələsi ilə bağlı yalan danışmasının səbəbinin artıq aydınlaşdırıldığını bildirib və üzr istəməyib. Belə olduğu üçün də Zaur oğlumu öldürmək qərarına gəlib. Bu məqsədlə də evdən gətirdiyi tüfənglə Eldənizə atəş açıb.

Eldənizlə Zaur arasında əvvəllər heç bir münaqişə, dava-dalaş, düşmənçilik və ədavət olmayıb. Onların bir-birinə heç bir məbləğdə pul, əmlak və ya digər formada borcları olmayıb".

"Sən məni üç dəfə aldatmısan"

Şahid qismində dindirilən Mehman Xeyirov ifadəsində Zaurla cəzaçəkmə müəssisəsində tanış olduqlarını göstərib: "Zaurla 8 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşam. Zaurun Şəki rayonu, Qayabaşı kəndində yaşadığını bilirdim. Eldəniz Mustafayevi də Oğuz rayonunda meyvə-tərəvəz, bostan bitkiləri satan, dəmir alveri ilə məşğul olan şəxs kimi tanımışam.

Növbəti dəfə cəzaçəkmə müəssisəsinə gedərkən Zaur onu da maşınla aparmağımı xahiş etdi. Hadisə baş verən gün Zauru da özümlə aparmışdım. Cəzaçəkmə müəssisəsindən qayıdanda yolda Zaur mağazadan araq, kolbasa, çörək aldı və onunla kəndə getməyi təklif etdi.

Kəndə çatmamış Zaur kiməsə zəng edib danışdı. Zaurdan kiminlə danışdığını soruşduqda, Eldənizlə danışdığını dedi. Telefonu alıb Eldənizlə danışdım, hal-əhval tutaraq kəndlərinə qonaq gəldiyimi dedim. Eldəniz kənddə olduğunu və qardaşının çayxanasına gəlməyi bizə təklif etdi.

Kəndə çatıb Eldənizlə yolun kənarında görüşən zaman o, qardaşının çayxanasının işləmədiyini söylədi və başqa çayxanaya getməyi təklif etdi. Hava isti olduğu üçün mən həyətdə oturmağı təklif etdim. Ağacın altındakı stolda oturub yemək yeməyə başlamaq istəyən vaxt Zaurla Eldəniz məzmunu mənə məlum olmayan söhbət etməyə başladılar.

Zaur Eldənizə: "Sən məni üç dəfə aldatmısan, mənə üç dəfə yalan danışmısan" dedi. Eldəniz də cavabında Zaura: "Mən səni bir dəfə aldatmışam, bir dəfə yalan danışmışam, onu da sən özü bilirsən" deyə cavab verdi.

"İstəyirdim ki, tüfəngi əlindən alım"

Zaurla Eldənizin mübahisə etdiklərini görüb: "Qonağa beləmi hörmət edirsiniz?" deyərək onları sakitləşdirməyə çalışdım. Hər ikisi: "Mehman gedəndən sonra söhbətimizi edərik" dedilər. Bu vaxt mənə zəng gəldi, danışmaq üçün bir qədər onlardan aralandım.

Qayıdanda Eldənizlə Zaurun mehribanlıqla danışdıqlarını gördüm. Zaur sakitcə oturduğu yerdən ayağa qalxıb heç bir söz demədən harasa getdi. Fikirləşdim ki, yəqin əlini yumağa gedib. Lakin Zaur təxminən 5-10 dəqiqə sonra qayıtdı. Əlində tüfənglə təxminən 2-3 metr məsafə aralıda dayanıb tüfəngin lüləsini aşağıya tutaraq Eldənizə: "Denən ki, qələt eləmişəm" deyə qışqırdı.

Zaurun əlində tüfəng gördüyüm üçün həyəcanlandım. Ona: "Belə hərəkət lazım deyil, ayıbdır" dedikdə Zaur: "Mehman, bu söhbət sənlik deyil, sən dur çıx get" dedi. Əsəbi halda nalayiq söyüşlə oradan getməyimi tələb etdi.

Tüfəngi almaq məqsədi ilə yan tərəfdən ona yaxınlaşmaq istəyərkən Zaur bir az da aralaşaraq Eldənizə yaxınlaşdı və atəş açacağını dedi. Eldəniz də ona atəş açmasını, atəş atmayacağı halda isə Zaurun var-yoxuna söyüş işlətdi.

Zaur aralarında olan 2-3 metr məsafədən Eldənizə tüfəngdən atəş açıb sağ çiynindən vurdu. Sonra harasa getdi. Səsə gəlmiş tanımadığım adamların köməyi ilə Eldənizin yarasını əski ilə sarıyaraq öz maşınımla xəstəxanaya apardım. Xəstəxanada yaralıya tibbi yardım göstərilsə də, qısa vaxt ərzində Eldəniz öldü".

İşi hakim İlham Mahmudovun sədrlik etdiyi MƏHKƏMƏ kollegiyası araşdırıb və sonda Zaur Bağırovun barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Zaur Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR