• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İran Kürdüstanı Cənubi Azərbaycan ərazisinə aid idi - Gizli tarix

İran Kürdüstanı  Cənubi Azərbaycan ərazisinə aid  idi - Gizli tarix

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: "Milli Məclis qərar verdi: "Xalqın mal, can və heysiyyətinə təcavüz edənlər.." – Gizli tarix" - http://publika.az/p/5149)

F № 1, siy. № 1, iş № 141

Tam məxfi

ARAYIŞ

Təbrizdən Quliyevinteleqraf məlumatı əsasında

Daxil olan məlumatlardan görünür ki, Təbriz qarnizonu hissələrinin silahlı müqavimətsiz və qan axıtmadan tərk-silah edilməsi Təbriz əhalisinin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaratmışdır. Bu, həmçinin Demokrat Partiyası və yeni Azərbaycan hökumətinin nüfuzunu kəskin dərəcədə artırmışdı.

Bizim etibarlı nümayəndəmizə iri tacirlər arasından bir neçə nəfər müraciət edərək məsələnin dinc yolla həll olunmasından razı qaldıqlarını heyranlıqla bildirmiş və Tehrana yerli zadəganların bəzi nümayəndələrinin adından məktub göndərməyi təşkil etmək və bu şəxslərin yeni Azərbaycan hökumətini dəstəkləməyə hazır olduğunu mərkəzə çatdırmaq niyyətində olduqlarını söyləmişlər.

Şəhərdə şayiələr gəzir ki, guya Azərbaycanda qayda-qanun bərqərər olduqdan sonra demokratlar Tehrana hücum təşkil edəcəklər.

Demokratların bəziləri Tehran hökuməti nümayəndələrinin Moskvaya göndərilməsi faktından narazılıq bildirərək, nümayəndələrin nə üçün xalqın deyil, şahın adından göndərildiyini soruşurdular.

Ticarət Palatasının sədri Səlahyani bizim etibarlı nümayəndəmizə bildirib ki, məsələnin belə sakit həllindən sonra o, Azərbaycanda çıxıb getmək niyyətindən daşınıb və yeni hökuməti dəstəkləmək fikrindədir.

Amerika konsulluğunun katibi Meyva Aprik bizim etibarlı nümayəndəmizə bildirib ki, guya Amerika dairələri Azərbaycanda demokratik hərəkatın əleyhinə deyillər, amma onlar rusların bu işə açıq-aşkar müdaxiləsi haqqında dəqiq məlumatlara malikdirlər.

Yeni hökumətə rəğbətin artmasına həmçinin Demokrat Partiyası tərəfindən ayrı-ayrı soyğunçulara qarşı görülən ciddi tədbirlər də kömək göstərir.

AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XALQ KOMİSSARI

(YEMELYANOV)

17 dekabr 1945-ci il

№ 2189

Azərbaycan Demokrat Firqəsi Parsabaddan Həmədana kimi ərazilərə nəzarət edirdi. M.C.Bağırovun tapşırığı ilə İran Kürdüstanının lideri Qazı Məhəmməd ona rəsmi olaraq müraciət etdi. Müraciətdən aydın olur ki, İran Kürdüstanının maraqları ilə bağlı qərarlar Demokrat Firqəsi tərəfindən qəbul olunurdu. M.C.Bağırov buna müsbət yanaşmışdır. Buradan belə bir nəticəyə gəlirik ki, İran Kürdüstanı müəyyən muxtariyyət hüququna malik olmaqla Cənubi Azərbaycan ərazisinə aid idi. M.C.Bağırovun tapşırığı ilə Təbrizə göndərilmiş incəsənət xadimləri və təşviqat qrupları Cənubi Azərbaycanda yaşayan xalqlar, o cümlədən də, Azərbaycan türkləri ilə görüşür və onlarda milli özünüdərk şüuru formalaşdırırdılar. İran Azərbaycanında ilk dəfə olaraq milli dil haqqında qərar qəbul olunmuşdu (6 yanvar 1946-cı il). Qərarda deyilirdi:

"Bu gündən Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir".

1945-1946-cı illərdə Milli hökumətin fəaliyyəti dövründə M.C.Bağırovun köməyi ilə Cənubi Azərbaycanda Azərbaycan radiosu, Dövlət teatrı, Dövlət universiteti və digər milli mədəniyyət ocaqları yaradılmışdır.

Əlbəttə, əks tərəf, yəni Tehran bütün bu hadisələri sakitcə izləmir, öz fəaliyyətinin konturlarını formalaşdırmağa çalışırdı.

Azərbaycan Milli Məclisinin açıldığı gün Tehranda baş nazir İ.Həkimi İran məclisində çıxış edərək demişdi ki, yığılmış problemlər haqqında SSRİ rəhbərliyi ilə danışıqlar aparmaq və onlarla ümumi dil tapmaq üçün Moskvaya gedəcək. O deyirdi:"Mən də böyük Azərbaycan xalqının oğluyam, bu diyarda anadan olmuş və böyümüşəm. Mən bu insanların İrana böyük sevgi bəslədiklərini bilirəm, öz qardaş və bacılarımın vətənpərvərliyinə böyük rəğbətlə yanaşıram".

Həkiminin SSRİ-yə getməyə hazırlaşdığı bir vaxtda üç müttəfiq dövlətin – SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri Moskvada görüşürlər. 14 dekabr tarixində ABŞ-ın dövlət katibi D.Birns, bir gündən sonra isə Böyük Britaniyanın xarici işlər naziri E.Bevin Moskvaya gəlir. Həmin gün "İzvestiya" qəzetində Azərbaycan milli hökumətinin yaradılması haqqında xəbər dərc olunur.

Üç böyük dövlətin Moskvadakı toplantısı zamanı V.M.Molotov hər vəchlə İranla bağlı məsələnin müzakirəsindən yayınırdı. Amma dekabrın 18-də Böyük Britaniyanın xarici işlər naziri Bevin Molotova İranda baş verən siyasi proseslərlə bağlı fikir mübadiləsi aparmağı təklif edir. V.Molotov bu təklifə belə cavab verir: "İran Azərbaycanında baş verən xalq hərəkatına SSRİ qarışmır, müttəfiqlərin qoşunlarının İrandan çıxarılması məsələsini isə biz Potsdam və Londonda müzakirə etmişik".

Dekabrın 14-də D.Birns və E.Bevin Stalinlə görüşürlər. Stalin Molotovun fikrini təsdiq edir və İran hökumətinin SSRİ-yə qarşı düşmən mövqeyində olduğuni bildirir.

Moskva görüşlərindən dörd gün sonra İran Moskvaya, Londona və Vaşinqtona etiraz Notası göndərərək bildirir ki, Azərbaycan haqqında məsələni BMT-nin sessiyasında qaldıracaq. Hətta İranın baş naziri Həkimi bəyan edir ki, İran nə Azərbaycan hökumətini, nə də parlamentini tanımır. O bildirir ki, sovet qoşunları İranı tərk edən kimi Azərbaycandakı xalq üsyanını silah gücünə yatıracaq.

Dekabrın 23-də İ.Stalin yenidən ABŞ-ın dövlət katibi D.Birnsi qəbul edir. Stalin bildirir ki, o, Cənubi Azərbaycan məsələsinin BMT-də qoyulmasına etiraz etmir. O hazırkı İran hökumətinin SSRİ-yə qarşı düşmən mövqeyində olduğunu bir daha vurğulayır.

Stalinin belə mövqeyindən sonra Vaşinqton və London Şahənşaha izah edirlər ki, Stalinin prinsipialığını zəiflətmək üçün Həkimi kabineti istefaya getməlidir. Buna görə də, Qəvamü-s-səltənə Həkimi kabinetinə müxalifət görüntüsü yaradaraq, mətbuatda geniş təbliğata başlayır. Qəvam öz çıxışlarında "sovetpərəst" kimi görünməyə çalışır. Bu hadisələr zamanı M.C.Bağırov Ə.Yaqubov və S.Yemelyanov vasitəsilə demokratik liderlərlə əlaqə saxlayır və onlara belə bir sual verir: "Öz mövqelərinizi dəqiqləşdirin, siz Azərbaycanı müstəqil və ya muxtariyyət şəklində görmək istəyirsiniz? Əgər siz İrandan ayrılmaq istəyirsinizsə, onda dövlətiniz necə adlanacaq? ".

Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR