Stomatoloqlar xəstələri necə soyur? - Qiymətlərin yüksək olmasının səbəbi
Bizi izləyin

Qırmızı xətt

Stomatoloqlar xəstələri necə soyur? - Qiymətlərin yüksək olmasının səbəbi

“Bir neçə gün əvvəl diş ağrısına dayana bilməyib həkimə getməli oldum"

“Bir neçə gün əvvəl diş ağrısına dayana bilməyib həkimə getməli oldum. Düzdür, indi yaxşı həkim tapmaq çətindir, amma diş ağrısı elədir ki, bu dəhşətli ağrıya dözə bilməyib, hərhansı bir həkimə müraciət etməyə məcbur olursan. Amma həkimin mənə müalicə üçün dediyi qiymət, bir müddət ağrıları unutdurdu. Bir dişim ağrıdığı üçün getdiyim həkim, 5 dişimin müalicəyə ehtiyacı olduğunu, bunun üçün isə xərcimin təxminən 350 manat olacağını dedi. Bu qiymətdən necə şoka düşdümsə, müalicə etdirmədən klinikadan ayrıldım”.

Hələ də diş ağrısından əziyyət çəkən müsahibim Zahid Musayev , normal həkim axtardığını deyir. Əslində tapıb, sadəcə həmin həkimin təklif etdiyi qiymətlər əvvəlkindən təxminən iki dəfə az olduğundan ora getmək istəmir. Qiymətlər arasındakı fərq keyfiyyətin də aşağı olması düşüncəsi yaradır.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu qiymət fərqinin səbəblərini araşdıracağıq.

Eyni stomatoloji xidmətin müxtəlif qiymətlərlə təklif edilməsi, normal da hesab edilə bilər. Bazar iqtisadiyyatı, özəl xidmət xərcləri və.s nəzərə alaraq həkimlərə bəraət qazandırmaq olardı. Amma diş çəkilməsi üçün bir yerdə 10, digərində 40 manat təklif edilirsə, bu barədə düşünməyə, səbəbi axtarmağa dəyər.

Çəkiləcək diş, aparılacaq əməliyyat eynidirsə, qiymət nə üçün fərqli olmalıdır? Axı eyni prosesə 40 manat istəyən həkim, bu işi 10 manata görəndən əlavə hansı işi görür?

Orta əmək haqqının 420 manat olduğu bir ölkədə adi bir diş plombunun 50-100 manat arası dəyişməsi heç bir məntiqə uyğun gəlmir. Əlbəttə, paytaxtın gözdən uzaq yerlərində ucuz qiymətə stomatoloq tapmaq mümkündür. Amma bu zaman da keyfiyyət məsələsi qərarımız barədə bir daha düşünməyə vadar edir. Çünki stomatoloji kabinetlər Hepatit B, C eyni zamanda İİV kimi virus xəstəliklərinə yoluxmaq üçün ən təhlükəli yerlər hesab edilir.

Fərqin səbəbi var

Stomatoloq İlqar Əliyev qiymət məsələsindəki fərqin həkimin təcrübəsi, texnikin müəyyən etdiyi qiymət, istifadə olunan materiallardan asılı olduğunu deyir. Onun sözlərinə görə, keyfiyyətli materiallar adətən baha olur.

Dişin adi müalicəsi üçün iki fərqli həkimdə müxtəlif qiymətlər təklif edilməsi nə ilə əlaqədardır?

Stomatoloqun sözlərinə görə, qiymət fərqi həm də mərkəzin yerləşdiyi ərazidən də asılıdır. Xüsusən, yuxarı təbəqədən olan insanların yaşadığı, kirayə pulunun yüksək olduğu yerlərdə çalışan həkimlər pasientlər arasında etibarını itirməsin deyə kurslara gedir, bahalı dərmanlarla işləyir. Mərkəzin saxlanma xərcləri də qiymətlərə təsir edir.

“Bundan başqa, plombların qiymətinin fərqli olması da, onun hansı dişə qoyulmasından asılı ola bilir. Ona görə də 20 manatdan 110 manatadək plomblar var. Bu zaman həkim xəstəyə plombun qiymətini və mənfi-müsbət cəhətlərini izah etməlidir.

Dişdən asılı olaraq onların müalicəsi və dolayısı ilə qiyməti də dəyişir. Çətin və asan çıxan dişlərin müalicəsi fərqli olur. Plombların hansı ölkədən gətirilməsi də qiymətə birbaşa təsir edir. Ukrayna, Rusiyadan gətirilənlərlə qabaqcıl, brend firmaların məhsullarının qiyməti fərqli olur. Təkcə dərmanlar deyil, aparatlar da ümumi qiymətə təsir edir”.

Stomatoloqun məsuliyyəti

Stomatoloqun fikrincə, indi yaxşı stomatoloq işi bahadır:

“Həkim cihaz, yaxud dərmanın pulunu çıxartmalıdır ki, gələcəkdə onları tətbiq edə bilsin. Özünü təkmilləşdirməyən həkim ucuz qiymətlə işləyə bilər”.

Qiymətləri yüksək təklif edən stomatoloq gördüyü işə görə məsuliyyət daşımır. Xəstənin müalicə ilə razılaşmaqdan başqa yolu qalmır. Həkim nə pulu geri qaytarır, nə də xəstənin istədiyi formada yenidən müalicə edir. İ.Əliyevin sözlərinə görə, bu həkimin professionallığı və insanlığından asılıdır:

“Həkimin işi xəstənin xoşuna gəlmirsə, onun pulu və görülən işi geri qaytarmaq haqqı var. Peşəkar həkim belə işləyir.

Bundan başqa, həkimlər əvvəldə pasientlərini psixoloji cəhətdən hazırlamalıdırlar. Xəstə həkimə inanmırsa, onun gördüyü işi heç vaxt bəyənməyəcək”.

Stomatoloq onu da əlavə etdi ki, istədiklərini nəticəni əldə etmək istəyən xəstələr, təsadüfi, hər hansı tin başında açılan kabinetlərə müraciət etməsinlər. Ümumilikdə isə, sığortalı səhiyyə olandan sonra həm həkimlərin məsuliyyəti artacaq, həm də xəstə daha yaxşı həkimi seçə biləcək.

Sosioloq Əhməd Qəşəmoğlu stomatologiya sahəsində qiymətlərin bu qədər yüksək olmasının əhaliyə qarşı sayğısızlıq olduğunu dedi:

“İnsanlar ucuz yerə getməyə çəkinirlər. Çünki, Hepatit C və İİV kimi xəstəliklərə yoluxma təhlükəsi var. Keyfiyyətli yerdə isə qiymətlər çox yüksək olur. Bəziləri əvvəl bir qiymət, müalicə bitdikdən sonra başqa qiymət deyirlər. Bu insanları tərbiyələndirmək lazımdır. Əlbəttə, özəl sektor olması anlaşılandır, amma ortaq bir qiymət tapılmalıdır”.

Onun sözlərinə görə, bunun üçün isə aidiyyatı şəxslər stomatoloqlara nəzarət etməlidir. Bundan başqa, müəyyən təbəqənin əmək haqqı, pensiya alanlar nəzərə alınmalıdır.

Bəs həkimlər istədikləri qiyməti seçərkən, Səhiyyə Nazirliyi məsələyə nə qədər müdaxilə edə bilir? Onlar tibb müəssisələrinin qiymət siyasətinə təsir edib, məsələni vətəndaşların xeyrinə həll edə bilirlərmi?

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli nazirliyin özəl tibb müəssisələrində qiymət siyasətinə müdaxilə etmək səlahiyyətinin olmadığını dedi:

“Bazar iqtisadiyyatıdır, həmin qurumlar isə özəl təşkilatdır. Ona görə də onların qiymət siyasətinə heç cür müdaxilə edə, tənzimləyə bilmərik. Burada qiyməti rəqabət və digər faktorlar formalaşdırır”.

Həkimlərin qiymət siyasətində dərmanların keyfiyyəti, gətirildiyi ölkələri əsas gətirilmələrinə gəldikdə isə A.Qədirli bildirdi ki, dərman vasitələri ölkəyə müxtəlif şirkətlər tərəfindən gətirilir, nazirlik onlara da müdaxilə etmir:

“Azərbaycanda dərman istehsalı çox məhduddur, əsas dərman vasitələri xaricdən gətirilir. Bir neçə dərman vasitəsi, tibbi ləvazimat istehsal olunur

Stomatologiya sahəsinə aid dərman və aparatlar ölkəyə müxtəlif şirkətlər, dərman firmaları tərəfindən gətirilir”.

Nazirlik stomatoloqların qiymət siyasətinə müdaxilə edə bilmir. Stomatoloqlar isə yüksək qiymətdə haqlı olduqlarını deyir. Ya maaşımızın yarısını həkimə verməli, ya da dişlərimizin bir-bir ağzımıza tökülməsinə razı olmalıyıq. Deyəsən, ikinci variantı seçəcəyik, nə qədər dözülməz olsa da.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm