• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vətən xainləri: əsir düşərgələrindəki polisaylar - FOTOLAR

Vətən xainləri: əsir düşərgələrindəki polisaylar - FOTOLAR

Əsir düşərgələrində olan sovet əsgərləri ən çox almanlardan, komendantlardan deyil, öz aralarından çıxmış xainlərdən qorxurdular.

İnsanlar düşərgələrdə aclıqdan və xəstəlikdən daha çox onların əlindən ölürdülər.

Bəs almanlar özlərinə könüllü xidmət etməyə razı olanları necə seçirdilər?

“Bizə sovet milisində xidmət keçənlər daha çox lazımdı”

Hələ Sovet İttifaqına hücuma keçməzdən əvvəl Almaniyada Vermaxtın baş komandanının əmri elan olundu. 16 iyun 1941-ci ildə verilən əmrdə sovet dövlətinə hücum ediləndən sonra əsir düşəcək əsgərlərdən bəzilərinin əməkdaşlığa cəlb olunmasının vacibliyindən söhbət açılırdı. Burada söhbət məhz gələcəkdə yaradılması planlaşdırılan əsir düşərgələrində almanlara kömək edəcək polisaylardan gedirdi.

Almanlar planlaşdırdıqları kimi də etdilər.

Boris Sokolov “Əsirlikdə” adlı kitabında yazırdı: “Salaspilsk düşərgəsində bizi səhər tezdən sıraya düzdülər. Komendant tərcüməçinin köməyi ilə elan etdi ki, düşərgə polisində işləmək üçün onlara güclü və sağlam adamlar lazımdı. Bizim sıradan 3 nəfər könüllü çıxdı. Komendant narazı qaldı. Az idi. Tərcüməçi yenidən müraciət etdi: “Yenə könüllülər var? Bizə sovet milisində xidmət keçənlər daha çox lazımdır”. Bundan sonra sıramızdan daha 5 nəfər irəli çıxdı”.

Alman tarixçisi Kristian Çtreyn hesab edir ki, çoxları polisaylığa sağ qalmaq üçün yazılırdılar. Bu, acından və xəstəlikdən ölməmək üçün şans idi.

Ancaq könüllü olaraq almanlara xidmət göstərənlər də az deyildi.

Milli məsələ

Düşərgə polisaylarının tərkibi rəngarəng idi. Burada hər millətin nümayəndələri vardı. Almanlar millətçiliyi qızışdırırdı. Düşərgələrin bəzisində ruslar, ukraynalılar, azərbaycanlılar və digərləri ayrıca saxlanılırdı.

Almanlar əməlli-başlı təbliğat işi qurmuşdular. Hələ 1941-ci il iyunun 20-də reyxnazir Alfred Rozenberqin “Almaniyanın Sovet İttifaqına qarşı müharibədə siyasi məqsədləri və Sovetlərin bölünməsi” planı qəbul edilmişdi. Plana görə, Sovet İttifaqı 4 yerə bölünəcəkdi – Böyük Finlandiya, Pribaltika, Ukrayna və Qafqaz. Orta Asiyada isə Türküstan dövləti yaradılacaqdı.

Artıq 1941-ci ilin sonlarında Almaniyanın quru qoşunlarının komandanı, general-polkovnik Frans Qalder gündəliyində belə yazırdı: “Ukraynadan və Pribaltikadan olan əsir sovet əsgərlərini azad edəcəyik”.

Doğrudan da, Qızıl Orduda xidmət edərkən əsir düşmüş estonlar və finləri almanlar evə buraxdılar.

Ukraynalıları isə düşərgə polisaylığına cəlb etməyə başladılar.

Almanlar hesab edirdi ki, ukraynalılar Polşa-Litva mədəniyətini özlərində birləşdirir. Onlara etibar etmək olar.

Qanlarında qarışıq tatar-slavyan qanı olan ruslardansa almanlar ukraynalıları üstün tuturdular.

Düşərgələrdə təbliğat gedirdi. İki qardaş xalq arasında düşmənçilik toxumu səpilirdi.

Düşərgələrin əsl sahibləri

Düşərgədəkı əsirlərə baxanda polisayların həyat şəraiti cənnət kimi görünürdü. Yaxşı qidalanırdılar, təmiz geyimləri, ayrıca kazarmaları vardı. Həm də düşərgə ərazisində sərbəst gedib-gələ bilərdilər.

Hər düşərgədə 50-1000 nəfər polisay olurdu. Say düşərgənin böyüklüyündən asılı idi. Ümumi düşərgə polisaylarından başqa əsirlərin də baraklarında nəzarət üçün 5-6 polisay olurdu.

Düşərgələrin əsl sahibi onlar idi. İstədikləri vaxt baraklarda axtarış aparır, kommunistləri, yəhudiləri əzişdirirdilər.

Onlar bəzən əsirlərin yedikləri son tikələrini də əllərindən alırdılar. Payını könüllü vermək istəməyəni ölümcül döyürdülər.

Miller düşərgəsinin əsirləri xatırlayır ki, polisaylar əsirlərin geyindiyi yaxşı vəziyyətdə olan çəkmələri onların əllərindən alırdılar. Ona görə əsirlər qəsdən təzə olan çəkmələrini, yaxud əsgər “uzunboğazlar”ını korlayır, altını deşir, dabanını çıxarırdılar ki, ayaqqabılar polisayların xoşuna gəlməsin.

Ancaq polisaylar biləndə ki əsir ayaqqabısını qəsdən korlayıb, onda vəhşiləşirdilər. Onu dirəyə bağlayıb ölüncəyə qədər döyürdülər.

“Mən dostumu güllələyə bilmərəm”

Düşərgə polisayları əsirlərin güllələnməsində də iştirak edirdilər. Orlov düşərgəsində Maslov adlı polisay şəxsən 60 hərbi əsiri edam etmişdi.

Yad Vaşem düşərgəsində isə Andrey Quba adlı polisay 50-dən çox əsiri növbə ilə qazılmış xəndəyin kənarına gətirərək, onları bir-bir güllələmişdi. Vicdan əzabı onlara yad idi. Ağaları nə desə, canla-başla edirdilər.

Lakin istisnalar da olurdu. Rossoş düşərgəsində polislərə hərbi əsirləri güllələmək əmr olunmuşdu. Polisaylardan biri tüfəngi qaldıranda qarşısında öz dostunu, Qızıl Ordudakı əsgər yoldaşını gördü. Tətiyi basmağa əli gəlmədi. Tüfəng əlindən düşdü. Ağlayaraq “Mən dostumu güllələyə bilmərəm” dedi.

Bunu görən alman zabit tüfəngin qundağı ilə polisayı yerə sərdi. Həmin qızıl əsgəri güllələdi. Həmin axşam isə əmri icra etməyən polisay edam olundu.

Karyera quranlar

Düşərgə polisaylarının gəlirləri də olurdu. Onlar əsasən qızıl ovuna çıxırdılar. Əsirlərdən hansının ağzında qızıl diş vardısa, dərhal çıxarırdılar. Əvəzində əsirə bir tikə çörək verilirdi.

Qazancı polisaylar öz aralarında bərabər bölürdülər. Əsirlərdən oğurlanan, zorla alınan yemək paylarını isə düşərgədən kənarda satıb qazanırdılar.

Yaxşı xidmət göstərən polisayları almanlar təqdir edirdi.

Sovet vaxti kənd icraiyyə komitəsinin sədri olmuş Dolqanov adlı polisay rəisi Smolensk vilayətindəki əsir düşərgələrinin kabusuna çevrilmişdi. 32 yaşlı vətən xaini harada kommunist, yaxud yəhudi görürdüsə, bir zərbə ilə öldürürdü. Çox əzazil idi. Ona alman mundiri və şəxsi silah verilmişdi. Hətta Dolqanov 2-ci dərəcəli xaç ordeni ilə də təltif edilmişdi.

Bəzi polisaylar əməlli-başlı karyera qura bilmişdilər. Məsələn, arxiv sənədlərində Sirenko adlı polisay haqda məlumatlar var. Bu şəxs düşərgə polisaylığından gestapo agentinədək yüksələ bilmişdi. Sonradan o, Xarkov həbsxanasında rəis müavini oldu.

Rütbəli əsgərlərin saxlanıldığı düşərgələrdə polisaylar da zabit olurdu. Məsələn, Polşada əsir sovet zabitlərinin saxlanıldığı düşərgədə polisayların rəisi polkovnik Qusev idi.

Qusev bir neşə düşərgədə rəis olmuşdu. Əsirlər onu ikrahla “düşərgə füreri” adlandırırdılar.

Son

Polisayların “cənnət”i çox sürmədi. Artıq 1943-cü ildə almanlar polisaylığı ləğv etdilər. Bir çox polisaylar vermaxt əsgərlərinin sırasına qoşulub həyatlarını xilas etdilər. Bəziləri isə düşərgələrdə əsirlərin arasında qaldı. Əsirlər onlara işgəncə verən xainləri çox yaşatmadılar. Birini gecə yatanda yastıqla boğdular. Başqa birisini ayaqyolunun murdar suyunda batırdılar. Kimisini də dirəkdən asdılar.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR