Gürcü qızla sevgili olan azərbaycanlı aktyor: “Kişilərin özünə yaraşdırmadığı hər obrazı...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Gürcü qızla sevgili olan azərbaycanlı aktyor: “Kişilərin özünə yaraşdırmadığı hər obrazı...” - MÜSAHİBƏ

“Aktyorun psixoloji vəziyyəti heç vaxt normal olmur. Söhbət təkcə azərbaycanlı aktyorlardan getmir, bu, bütün dünyada belədir. Aktyor öz həyatını yaşamır, ildə ən az bir serial və bir neçə filmdə çəkilirik. Hərdən özümü itirirəm, bilmirəm ki, bu sözü burada obrazın dilindən deyirəm və ya Sənan kimi hərəkət edirəm. Məsələn, indi sizə müsahibəni özüm kimi, yoxsa başqa obraz kimi verdiyimi bilmirəm”.

Bu sözləri tanınmış aktyor Sənan Əlləz Publika.az-a verdiyi müsahibəsində deyib.

- İlk növbədə sizi bu yaxınlarda tamaşaçılara təqdim olunan və baş rolda çəkildiyiniz “Eviniz Abad” filmi münasibətilə təbrik edirəm. Söhbətimizə də elə film haqqında başlayaq...

- Təşəkkür edirəm. 2015-ci ildə quruluşçu operator Ruslan Ağazadə ilə eyni filmdə çalışırdıq. İlk təklif ondan gəlmişdi. Ruslan Ağazadə “Eviniz Abad”-ın ssenarisindəki Qafarı mənə çox bənzətmişdi. İş elə gətirdi ki, sınaq çəkilişlərindən sonra Qafar roluna namizəd olan 17 həmkarım arasından mən seçildim. Çəkilişlər 2016-cı ilin mayında başladı, dekabrda bitdi. Müəyyən problemlərdən dolayı montaj işləri gecikdi və təqdimat nəhayət ki, bu ilin mart ayında baş tutdu.

- Qafar obrazı digər işlərinizdən nə ilə seçilir?

- Bu vaxta qədər kommersiya filmlərində baş və ikinci dərəcəli rolları canlandırmışdım. Amma “Eviniz Abad” ilk böyük işimdir, əsas fərq də budur. “Eviniz Abad” “Azərbaycanfilm” kinostudiyasının istehsalı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə ərsəyə gəlib.

Yaratdığım bütün obrazlar üzərində işləməyi sevirəm. Obrazın xarakterinə və daxili aləminə bələd olmalıyam ki, rolum təsirli alınsın. Rolum rejissor tərəfindən təsdiq olunana qədər səkkiz dəfə sınaq çəkilişlərində iştirak etmişəm. Təsdiqləndikdən sonra isə Qafar obrazı üzərində ssenari ilə dörd ay işləmişəm, doqquz ay da yemədən-içmədən, gecə-gündüz sərasər məşq etmişəm. Ssenari nə qədər mükəmməl olsa da, aktyor onu mütləq obrazın danışıq tərzinə və xarakterinə uyğunlaşdırmalıdır ki, nəticə ürəkaçan olsun. Vaxt məhdudiyyəti olmadığından rolum üzərində rahatlıqla işləmək və xarakteri özümdə bişirmək üçün imkan var idi.

“1 saata qədər bataqlığın içində qaldım”

- Çəkiliş proseslərində qarşılaşdığınız çətinliklərdən danışaq.

- Problemsiz iş olmur ki. Çəkilişlər həm Azərbaycanda, həm də Gürcüstanda baş tutub. Tbilisinin 20 km yaxınlığında Lis gölü var. Ssenariyə əsasən bu göldə çimməli idim. Gürcü prodüseri Devi dedi ki, 40 ildir burada yaşayır, amma o göldə çimən insan görməyib. Göl sırf balıq tutmaq üçün fəaliyyət göstərir. Filmin göldə səhnəsi təxminən 10 dəqiqə çəkdi, mən isə 1 saata qədər bataqlığın içində qaldım.

Bədənimi suya alışdırmaq üçün birinci gölün təbiətinə bələd olmalı idi. Təsəvvür edin ki, dizə qədər palçığa batmışdım, bir tərəfimdə qurbağalar, bir tərəfimdə isə su ilanları üzürdü. Çəkiliş meydançasından olan bütün adamlar, rejissorlar və gürcü prodüserləri sənə ümid dolu gözlərlə baxır ki, rolun öhdəsindən gələsən. Eyni zamanda qorxurdular ki, birdən bataram.

“Eviniz Abad” filminin çəkilişlərində qarşılaşdığım və sevərək dəf etdiyim ən böyük problem bu idi. Göl səhnəsi yay vaxtı çəkilmişdi, meydançada olan yaradıcı heyət, ətrafda dincələn və balıq tutan gürcülərlə birlikdə 150-ə yaxın adam vardı. Bu insanların dayanıb səni izləməsi və sudan çıxanda bu epizoda görə hər kəsin səni alqışlaması problemin həllini həmin an yaddan çıxardır.

- Film Azərbaycan və Gürcüstanın birgə istehsalıdır?

- Sırf Azərbaycan istehsalıdır, ekran işinin bütün müəllif hüquqları bizimdir, sadəcə hadisələrin 70 faizi Gürcüstanda baş verdiyinə görə gürcü həmkarlarımızı dəvət etmişdik. “Eviniz Abad”ı film festivallarına göndərməyi düşünürük və bu ekran işi orada ancaq Azərbaycanı təmsil edəcək.

"Gürcü sevgilisini özü ilə gətirir"

- Dram əsəri azərbaycanlı tamaşaçılara nə verəcək? Ümumiyyətlə, film nədən danışır?

- Film iki mənzilini itirmiş insanın ev uğrunda mübarizəsindən bəhs edir. Dram filmində Ağdam və Abxaziya qaçqını olan iki insanın sevgisi təsvir olunub. Onların ikisini də ortaq dərd birləşdirir, ikisi də ata-baba yurdundan didərgin düşüb, ikisi də evsizdir. Baş qəhrəmanların hər ikisi evini itirib və hər ikisi özünə müvəqqəti sığınacaq axtarır, amma onlar ümid edir ki, nə vaxtsa öz evlərinə qayıdacaqlar. Burada ev simvolik məna daşıyır. Bu, ev, köşk və vətən də ola bilər.

Ekran işi 92-ci il hadisələrində Ağdamdan qaçqın düşən, köşkdə dünyaya gələn, elə həmin gün ermənilərin köşkü güllələməsi nəticəsində anasını itirən Qafarın həyatından danışır. Qafarı bir müddət bir ayağını müharibədə itirən atası böyüdür, sonra atası da dünyasını dəyişir. Atasının döyüşçü yoldaşı Qafarı özü ilə Bakıya gətirir. Oğlan öz köşkünü də Bakıya aparmaq istəyir, amma yolda qəribə hadisələr baş verir və o, köşkü ilə birlikdə Gürcüstana gedib çıxır. Gürcüstanda köşkünü itirir, onun axtarışlarına çıxanda gürcü qızla tanış olur. Sonda köşkünü tapdıqdan sonra vətəninə qayıdır.

Belə bir ifadə var ki, harada sevirsənsə, vətənin ora sayılır. Oynadığım obraz isə vətəni Azərbaycanı bir an olsun unutmur və gürcü sevgilisi Leylanı da özü ilə birlikdə ölkəsinə gətirir.

“Yurdunu görməyənə qədər gözlərindəki kədər silinməyəcək”

- Ssenari hər iki ölkənin tamaşaçısı üçün eyni dərəcədə anlaşılan olacaqmı?

- Bəli, film həm Azərbaycan, həm də gürcü tamaşaçısına o mesajı ötürür ki, əsrlərdən bəri bizim olan torpaqlar bizə də qayıdacaq. Belə filmlər çəkməliyik ki, işğal altında olan ərazilərin bizim olduğunu və etiraz səsimizi dünyaya çatdıra bilək.

- Filmin quruluşçu operatoru Ruslan Ağazadə hansı xüsusiyyətlərinizə görə sizi Qafar roluna bənzətmişdi?

- Elə insanlar var ki, anadangəlmə oliqarx görkəminə malik olurlar. Qafar isə hər şeydən qorxan, sıxılan, tək yaşayan, çəkinən insandır, baxışlarında dərin kədər var. Gözlərin ifadəsi həlledici rol oynayır. Ruslan dedi ki, məndə Qafarın gözləri var, nə qədər sevinsəm də, həyata qəribə kədərlə baxıram. Onlara da bu cür obraz lazım idi. Çəkilişin birinci dəqiqəsindən sonuncu dəqiqəsinədək Qafarın baxışları dəyişmədi, ən xoş anında, toyunda belə, sanki kimisə gözləyirdi... O, ömrünün axırına qədər gözləyəcək. Çünki onun görmək istədiyini yerlər var. Hesab edirəm ki, Qafar doğma yurdunu görməyənə qədər gözlərindəki kədər silinməyəcək. Çalışdım ki, tamaşaçıya bütün hissləri ötürüm, deyilənə görə, yaxşı alınıb.

- Tərəf müqabiliniz gürcü aktrisa Nino İaşvili olub, yaradıcı heyətə ondan başqa da gürcü aktyorlar daxildir. Gürcü aktyorlarla işləmək sizdə hansı təəssüratlarla yadda qaldı? Onlar sizi nə ilə təəccübləndirdi?

- Gürcülər sakit danışmağı bacarmırlar.Yəqin ki, Qafqazın ən temperamentli milləti onlardır. Onların bu xüsusiyyəti məni həyəcanlandırır və daha da həvəsləndirirdi. Sonda onlar mənə dedi ki, bizim həm qadın, həm də kişi aktyorlarımız çox temperamentlidir və biz soyuq rolları canlandıra bilmirik. Qafar isə isti filmin soyuq qəhrəmanı idi. Özləri etiraf etdi ki, biz qafqazlı və şərqli olsaq da, eyni zamanda rus, Qərbi Avropa və Amerika aktyorları kimi soyuq mimikaya malikik. Onların dilindən xoş sözlər eşitmək aktyor üçün qürurvericidir. Gürcülər nə qədər sakit dayansa da, emosional olduqlarını üz cizgilərindən oxumaq olur. Azərbaycan 70 il sovet imperiyasının tərkibində olub, qaçmağa çalışsaq da, kino məktəbimiz sovet kino məktəbidir. Biz rus aktyorlarına daha yaxın oynayırıq. Bununla belə gürcülərin kino və serial sahəsinin sürətlə inkişaf etdiyini danmaq olmaz. Onlarda bəyəndiyim əsas cəhət o oldu ki, vahid olmasa da, gürcülərin pərakəndə şəkildə fəaliyyət göstərən çox güclü prodüser şirkətləri var.

Bizdə isə prodüser şirkətləri yoxdur, bu günə qədər çəkildiyim filmlərə rejissorların öz təklifi ilə dəvət almışam, ya da sosial şəbəkələrdə video və şəkillərimi görüb bəyəniblər. Gürcülər bu cür işə gülürlər, bütün aktyorların sabit şəkildə işlədiyi prodüser mərkəzləri var, komanda şəklində fəaliyyət göstərirlər. Bu şirkətlər öz aktyorlarını dünya bazarına çıxara və sata bilir.

Bu gün Türkiyədə çalışan aktyorlarımız var, amma onlar da şəxsi hesabına və öz gücünə ora gedib çıxa bilib. Gürcülər isə dili və dini bir olmayan Türkiyəyə öz aktyorunu rahat şəkildə sata bilir. İstərdim ki, bizdə müəllif və aktyorluq hüquqlarını öz əlində birləşdirən prodüser mərkəzi fəaliyyət göstərsin, dünyada çəkilən film və seriallara təklif olunum. Bu yolla həm mən qazanım, həm də mərkəz mənim üzərimdən öz faizini götürsün. Düşünürəm ki, onların təcrübəsini mənimsəməli və ölkəmizdə tətbiq etməliyik.

“Aktyorun psixoloji vəziyyəti heç vaxt normal olmur”

- “Qafar”a bütün enerjinizi və canınızı qoymusunuz. 13 ay az müddət deyil. Bu, sizin psixoloji durumunuza necə təsir göstərdi?

- Bir uşağın dünyaya gəlməsi 9 ay çəkirsə, mən Qafara yaranmasına bir il bir ay vaxt sərf etmişəm. Ümumiyyətlə, aktyorun psixoloji vəziyyəti heç vaxt normal olmur. Söhbət təkcə azərbaycanlı aktyorlardan getmir, bu, bütün dünyada belədir. Aktyor öz həyatını yaşamır, ildə ən az bir serial və bir neçə filmdə çəkilirik. Hərdən özümü itirirəm, bilmirəm ki, bu sözü burada obrazın dilindən deyirəm və ya Sənan kimi hərəkət edirəm. Məsələn, indi sizə müsahibəni özüm kimi, yoxsa başqa obraz kimi verdiyimi bilmirəm.

Aktyorların dəmlənmə dönəmi olur. Saqqalımızı və saçımızı qırxmırıq, çox rahat vəziyyətdə gəzirik ki, rəssam bizi istədiyi vəziyyətə salsın. İstirahət vaxtlarında bilirsən ki, hansısa layihəyə başlayacaqsan, amma əlimizdə nə ssenari, nə də obraz olur. Bax, bu müddətdə özün ola bilirsən. Amma ssenarini əlinə alıb obrazı özünə uyğunlaşdırmağa başlayanda bu, aktyorda müəyyən təlatümlər yaradır. Oynadığım qəhrəmanların həyatını yaşamaq mənə zövq verir.

- Həyatda tez-tez rola girməli olursunuz?

- Bu sual mənim üçün gözlənilməz oldu (düşünür). Konstantin Stanislavski deyirdi ki, aktyor rolunu həyatda yaşadığı kimi oynamalıdır. Həyatda nə qədər az rola girsən, kamera qarşısında bir o qədər rahat olacaqsan. Təbii ki, kamera qarşısında rola girmək asan işdir, həyatda rola girməyi bacarmıram. Həyatda etdiyimiz hər bir iş daha çətindir. Aktyorlar kameraya, çəkiliş meydançasına alışır və orada özünü rahat hiss edir.

- Həyatınızın baş rolundasınız?

- Hər kəs öz həyatının baş rol qəhrəmanıdır. Siz də, Səfiyar qardaşım da (Fotoqrafımız Səfiyar Məcnunu nəzərdə tutur - red.), mən də öz həyatımın əsas qəhrəmanıyam. Əvvəlcə ata-anamızın baş rolda olduğu filmə epizod kimi gəlirik, yavaş-yavaş özümüz baş qəhrəmana çevrilir, sonda da baş rol ifaçısı kimi dünyadan köçürük.

- Filmlərin sonluğunda adətən qələbə qazanan tərəf müsbət qəhrəmanlar olur. Sizcə, həyatda da xeyir şərə həmişə qalib gələ bilir?

- Həmişə yox. Biz sadəcə ümid edirik ki, xeyir nə zamansa qalib gələcək. Xeyir şərə qalib gəlsəydi, dünyada bu qədər haqsızlıqlar və müharibələr olmazdı, günahsız körpələr öldürülməzdi. Bütün bunlar baş verirsə, deməli, hələ ki, şər öndədir. Torpalarımız şər əllərdədir, inanıram ki, xeyir tez bir zamanda bizim torpaqlarımızda, Qarabağda və digər dövlətlərdə qələbə çalacaq.

Ümidsiz yaşamaq olmur, ən ağır vaxtlarda belə insana güc verən məhz bu hissdir. İnsanın iki cür: maddi sıxıntısı və mənəvi çətinliyi olur. Maraqlıdır ki, mənəvi baxımdan əzab çəkmək maddi problemlərdən daha ağrılı olsa da, mənəvi çətinlik çox tez unudulur. Yaradılışımız elə qurulub ki, ani xoşbəxtlik bütün mənəvi ağrı və dərdləri unutdurur. Maddi baxımdan üzləşdiyimiz çətinliklər isə yadımızdan heç vaxt silinmir.

“Maddi problemlərim olub, iş tapa bilmirdim”

- Pula ehtiyacınız duyduğunuz günlər çox olub?

- Tələbə və tələbə həyatından sonrakı dövrlərdə maddi problemlərim olub. İş tapa bilmirdim, rejissorlar tərəfindən kəşf olunmamışdım. Şükürlər olsun ki, indi maddi vəziyyətim yaxşıdır, bütün ehtiyaclarımı qarşılaya bilirəm.

Keçmişdə yaşadıqlarımı dilə gətirməyə, kasıbçılığımı boynuma almağa çəkinmirəm, çünki keçmişindən utanan insan deyiləm. Ofisiantlıqdan tutmuş, konduktorluğa və avtoyuma məntəqələrinə qədər bir çox yerlərdə çalışan insan olmuşam. Keçdiyim əziyyətli yolu niyə danım ki? Burada utanmalı heç nə yoxdur, heç vaxt utanmamışam, heç vaxt da utanmayacağam.

Bərkə-boşa düşməyəndə insan həyatdakı yerini tapa bilmir. Məsələn, ofisiantlıqdan da nələrsə öyrənmişəm. Ofisiant işləyəndə hər cür insanla tanış olurdum. Əgər gördüklərindən nə isə toplaya bilirsənsə, deməli, səndə bir balaca istedad işartısı var. Müşahidə qabiliyyəti aktyoru irəli aparan xüsusiyyətlərdir. Hər hansı obrazı yaradanda görürsən ki, uşaqlıq xatirələri köməyinə gəlir.

“Nizami Kino Mərkəzi bu məsələləri ya həll etməlidir, ya da film göstərməməlidir”

- Nizami Kino Mərkəzində baş tutan təqdimatdan sonra narazı qaldığınız məqamlar olmuşdu, bu barədə sosial şəbəkədə də məlumat vermişdiniz. Nə idi sizi hiddətləndirən?

- Bəli, yazmışam və bundan çəkinmirəm. Şərh bölməsində də çoxları sözümə qüvvət vermişdi. Çünki son vaxtlarda Nizami Kino Mərkəzində təqdim olunan 10-a yaxın filmə baxmışam, onların hamısının səs və rəngində böyük problemlər var. Biz bir neçə il əziyyət çəkib film ərsəyə gətirmişik və təqdimat günü filmi izləməyə gələn insanlar problemlərdən dolayı aktyorların dialoqlarını, söhbətlərini yaxşı eşidə bilməyib gedirlər.

Nəticədə mənim və bütün heyətin çəkdiyi əziyyətə qiymət verə bilmirlər. Nizami Kino Mərkəzi bu məsələləri ya həll etməlidir, ya da film göstərməməlidir. Nə vaxt qədər gördüyüm işin səsi bu kinoteatrda normal getməməlidir. Özü də ən yaxşı avadanlıq Nizami Kino Mərkəzindədir. Üç-dörd nəfər bunu ictiamiləşdirməlidir ki, problem həllini tapsın. İctimai nəzarət olmalıdır ki, səs və rənglərdə problem olduğunu onlara desin.

- Çəkdiyiniz əziyyətdən söz düşmüşkən, aldığınız qonorarlar sizi qane edir?

- Razı olmasam, işləmərəm. Yaşıdlarım arasında həm seriala, həm də filmlərə ən yüksək qonorara çəkilən aktyor mənəm. Azərbaycan çərçivəsində o məbləği verirlərsə, deməli, razıyam. Lakin qeyd etməliyəm ki, yaxın gələcəkdə Azərbaycan kinosuna böyük vəsaitlər ayrılacaq. Biz də indikindən daha çox qazanacağıq.

- Bu gün gənclər sosial şəbəkələrin və vaynların hesabına böyük populyarlıq qazanır və filmlərə çəkilmək dəvəti alırlar. Sizcə, vaynlar onlara aktyor kimi formalaşamağa təsir göstərir?

- İki cür kateqoriya var: biri, vaynla başlayıb filmə çəkilənlər, digəri də aktyor olub vayn çəkənlər. İkincilər çox istedadlı aktyorlardır, sadəcə özlərinə çıxış yolu tapa bilmirlər. Onları qınamıram, əksinə alqışlayıram. Onlar vaynların sayəsində populyarlaşır və rejissoru məcbur edirlər ki, onu filmə dəvət etsinlər.

Birincilərin nə dərəcədə aktyor olub olmadığını deyə bilmərəm, onlara söz demək haqqım yoxdur. İstənilən halda onlar da zəhmət çəkir. İndi vaynerlər də üç il əvvəlki kimi deyil, peşəkarlığa doğru gedirlər. Əvvəllər lətifələri çəkirdilərsə, indi normal həyat hekayələrindən istifadə edirlər.

- Yerli istehsal olan hansı filmlərə baxanda ürəyiniz sıxılır?

- Əksəriyyətinə baxanda ürəyim sıxılır, amma qənaətbəxş olanlar da var. Rejissorun qeyri-peşəkar olması və ya ssenarinin zəif olması yox, bütün filmlərdə eyni aktyorları görmək ürəyimi sıxır. Aktyorların işinə sözüm yoxdur, onlar öz vəzifəsini layiqli şəkildə yerinə yetirir, kiminsə bostanına daş atmaq kimi fikrim yoxdur. Amma əmin olun ki, onlar da iki aydan bir oxşar filmə çəkiləndə ürəkləri sıxılır. Aktyor ömrünün sonuna qədər eyni janrda və oxşar rollarda çəkilməməlidir, komediya və dram aktyoru anlayışı ancaq bizdə var. Halbuki, aktyor özünü istənilən janrda sınamalıdır. Jan Reno “Leon” filmində çox mükəmməl dram obrazı oynamışdı. O, eyni zamanda peşəkar komediya ustasıdır, onun istedadına qibtə etməyə bilmirəm. Jan Reno kimi bir neçə aktyor sadalamaq olar.

Bu gün simasına güldüyümüz aktyorlar var, həmişə də olub. Onlara Cem Yılmaz və Kamal Sunal kimi aktyorları misal göstərmək olar. Bizdə də onlar kimi istedadlı aktyorlar var ki, onlara baxandan istər-istəməz üzündə gülüş yaranır. Amma nə olar ki, ssenarist və rejissorlar onları bir balaca fərqli obrazlara çəksinlər. Eyni səpkili filmlərdə eyni aktyorları görmək nə qədər olar? Rejissorlar komediya seriallarında oynayan və öndə olmayan istedadları filminə dəvət etsə, onlara həm maddi baxımdan yardım etmiş olacaq, həm də filmləri rəngarəng obrazlarla dolu olacaq. Lakin o məqamı da qeyd edim ki, əvvəlkilərə nisbətən indiki komediyalar daha yaxşıdır.

- “İmtahan” serialındakı Tural rolu sizə nə öyrədib?

- Fikirləşmədən hərəkət etməməyi öyrənmişəm. “İmtahan” gündəlik serial olsa da, çalışırıq ki, tamaşaçını düşündürək. Tural əsas hadisələrin içində olan və əzəldən bu günə qədər müəyyən problemlər yaşayan obrazdır. Çətin xarakterə malik olmasının da səbəbləri var: dostlarını itirməsi, tək yaşaması və atasız böyüməsi. Turalın verdiyi ani qərarlar ağır nəticələrə gətirib çıxarır. Görək bundan sonra ssenaristlər xətti hara aparacaq. “İmtahan” sayılıb-seçilən və baxılan seriallardandır, ümid edirəm ki, davamlı olacaq.

- Siz çox cəsarətli, sarsılmaz, daxili tarazlığa nail olan insan təsiri bağışlayırsınız. Doğurdanmı Sənan Əlləz heç nədən qorxmur?

- İtirməkdən qorxan insanam, fobiyam var, 20 qəpik də itirəndə narahat oluram və özümə gələ bilmirəm. Dost etibarını itirməkdən də çox qorxuram. Bir vaxtlar çox yaxın və dost olduğum sevilən iki aktyorumuzla 2015-ci ildən bu yana danışmıram, daha doğrusu, onlar mənimlə danışmır. Yaradıcılıq prosesində mübahisəmiz düşdü, onlar məndən küsdü.

- Kimlərdən söhbət gedir?

- Adlarını çəkmək istəmirəm, lakin onları bu günə qədər özümə dost hesab edirəm, mənə qarşı isti münasibəti və əziyyətlərini itirə bilmərəm. Aramızda baş verən anlaşılmazlıq hadisə indiyə qədər mənə pis təsir edir. Başqa qorxum yoxdur, hətta Azərbaycanda heç bir aktyorun cəsarət etmədiyi obrazları çox rahat şəkildə oynayaram.

“Kişilərin özünə yaraşdırmadığı rollara qədər hər obrazı canlandıra bilərəm”.

- Açıq-saçıq səhnələri nəzərdə tutursunuz?

- Tamaşaçı və ictimai qınağı göz önünə alaraq açıq səhnələrdən tutmuş, kişilərin özünə yaraşdırmadığı rollara qədər hər obrazı canlandıra bilərəm. Yaradıcılıq prosesində çox cəsarətliyəm.

- Çəkildiyiniz layihələrin reytinq toplaya bilməməsi sənət eşqinizi azaldır?

- Əksinə artırır, reytinq sabun köpüyü kimidir. Bugünkü reytinqli layihələr sabah unudulur. Səs-küy yaratmayan layihələrsə əksinə, 10 il sonra öz layiqli yerini tutacaq. Çünki onlar gələcək üçün hesablanıb.

O qədər olub ki, çəkildiyimiz serial və filmlər işıq üzü görməyib, rəflərdə qalıb. Bunlar məni ruhdan salmayıb. Bizi ruhdan salan monoton aktyorlar, operator və rejissorlar olur. Şükür Allaha ki, inkişafa doğru gedirik. Sadəcə mən də daxil olmaqla, bütün aktyorlar üzərində çalışmalıdır ki şablon olmasın. Tamaşaçının bizdən bezdiyi gün ruhdan düşə bilərik. Nə vaxt desələr ki, Sənan Əlləz bezdirdi, üç il əvvəlki obrazını yeni layihəsində də təkrar edir, bax, onda ruhdan düşərəm.

- Yerli aktrisalar açıq və intim səhnələrdə çəkiləndə cəmiyyətdə müzakirə və tənqid obyekti olur. Sizcə, bunun baş verməsi normal haldır?

- Əlbəttə ki, normaldır. Türkiyədə Beren Saat da intim səhnələrə çəkiləndə Kənan Doğulunun instaqram səhifəsinə nə gəldi yazırlar. Başa düşmürlər ki, film estetika və incəsənətdir, həyatın reallığını əks etdirən vizual görüntüdür. Əgər real həyatda sevişirsənsə, deməli, bunun filmdə göstərilməsi təbiidir.

Artıq cizgi filmlərində də uşaqları leyləklər gətirmir. Uşağın dünyaya gəlmə və sevgili olma prosesini hamı bilir. Bütün bunları biliriksə, niyə kinoda göstərməyək? Niyə insanlar bunu kinoda görəndə aktrisa və aktyorlar haqqında ağzına gələni yazır? Vallah hamısı da baxır.

- Həyatda olmaq istədiyiniz yerdəsiniz?

- Xoşbəxtəm ki, gözəl ailəm, məni sevən xanımım, 7 aylıq Caner adında övladım, uşaqlığımdan bəri məni dəstəkləyən atam və anam var. Həmçinin sözün əsl mənasında dostluq etdiyin insanlar var. Bunların sırasına qohumlarımı əlavə edə bilmərəm.

- Səbəb?

- Hərdən qohumlar arasında soyuq münasibətlər olur... Aktyorluq sənətini ciddi iş hesab etmirlər, son vaxtlarda isə qulağıma gəlib çatır ki, məclislərdə onlarla qohum olduğumu deyirlər.

- İstədiklərinizi əldə etmək üçün sizə mane olan nədir?

- Deyirlər ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. Mən susmağı bacarmayan insanam, çox emosionalam. Əsəbiləşdiyim zaman sərt, tənqidi fikirlər bildirməkdən çəkinmirəm, insanların səhvlərini üzünə deyirəm. Bu, bəzən mənə mane olsa da, sonda istedad zəfər çalır.

- Bir qədər özəl mövzulara keçək...

- Çox özəl deyilsə, buyurun.

- Qısqanc və mühafizəkar həyat yoldaşısınız?

- Hər bir azərbaycanlı kişisi kimi. Kim sevdiyini qısqanmaz ki? Özüm sənət adamı olduğum üçün cəmiyyətdəki digər insanlara öz duruşumla nümunə olmağa çalışıram. Həmişə istəmişəm ki, sakit ailəm olsun. Valideynlərimdə bunu görmüşəm və indi də bunu öz ailəmdə tətbiq edirəm. Maddi baxımdan bəzən korluq çəksək də, xoşbəxtliyimiz heç vaxt az olmayıb. Kasıb olsaq da, ikiotaqlı evimizin qapı və pəncələrindən xoşbəxtlik fışqırıb.

“Oxucularınız üçün səmimi görünməyəcəm”

- Dahilərin çoxu etiraf edir ki, ailə yaradıcılığı boğur. Siz hansı fikirdəsiniz?

- 2016-cı ildə ailə qurmuşam. Həyat yoldaşımla ailə qurmazdan əvvəl onun uzun illər sevgili olmuşuq. Ona demişdim ki, əgər işlərimdə səni nə isə narahat edəcəksə, bunu əvvəlcədən de.

Aktyorluğu da, xanımımı da çox sevirəm, ikisi arasında seçim edə bilmərəm. Bu, ana və həyat yoldaşı arasında seçim etməyə bənzəyir. Xanımıma demişəm ki, nə badə məni ailəm hesab etdiyim aktyorluq sənəti ilə üz-üzə qoyasan. Bu, məni depressiyaya gətirib çıxarar.

Xoşbəxtəm ki, xanımım məni dəstəkləyir, çəkildiyim obrazları birinci onunla məsləhətləşirəm, onunla məşqlər edirəm, birinci izləyicim də, tənqidçim də odur. Məni ən yaxşı o, başa düşür, çox sağ olsun ki, anlayışlıdır.

- Başqa bir müsahibənizdə oxumuşdum ki, 14 il bir qızı sevmisiniz, sonra onunla ailə qurmusunuz. Bir qadını 14 il sevmək və ona sadiq qalmaq asan deyil. Məhəbbəti qorumağın hansısa resepti varmı?

- Sadəcə o insanı hər gün sevmək lazımdır. Təzə telefon alanda onu qorumağa çalışırıq ki, cızılmasın. Bir müddət sonra qoruma funksiyasını unuduruq. Amma əmin olun ki, aldığınız telefonu ilkgünkü kimi qorusanız, üç il sonra o, sizə təzə aldığınızdan da əziz olacaq. Telefonun hər gün yeni modelləri çıxır, amma sevgisinin heç bir modeli yoxdur.

- Bu məsələdə əsas öhdəlik qadının, ya kişinin üzərində düşür?

- Əlbəttə ki, qadının, o, özünü hər gün sevdirməyi bacarmalıdır. Kişilər monotondur.

- Sizcə, qocalana qədər həyat yoldaşınıza olan sevgini və sədaqəti qorumağa gücünüz çatacaq?

- Türklər deyir ki, “böyük loxma ye, amma böyük danışma”. Desəm ki, sevgim heç vaxt azalmayacaq, oxucularınız üçün səmimi görünməyəcəm. Bilmirəm ki, bu, nə qədər çəkəcək, qocala biləcəmmi, ya bilməyəcəmmi. Hər halda nə qədər ki, Allahın əmanət etdiyi canı üzərimdə daşıyıram, ailəmi hər gün, hər gün sevəcəyəm...

- Allah uzun ömür versin.

- Amin hamımıza.

- Maraqlı müsahibə üçün minnətdaram.

- Təşəkkür edirəm.

Aytən,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm