Azərbaycanın ən sirli adamı: "Adəmlə Həvvanın geyimini qaytaracam" - FOTOLAR
Bizi izləyin

Xüsusi

Azərbaycanın ən sirli adamı: "Adəmlə Həvvanın geyimini qaytaracam" - FOTOLAR

Publika.az-ın müsahibi keçəçi-rəssam Rauf Əbdülhüseynoğludur.

- Azərbaycanda keçə məktəbini yaradıb, yaşadan Rauf Əbdülhüseynoğlu necə bir ailədə böyüyüb?

- Ondan başlayaq ki, rəssam olmağımın səbəbkarı valideynlərimdir. Özüm mingəçevirliyəm. Atam Ali Sovetin deputatı olub. 3 yaşımdan rəsm çəkməyə başlamışam. Həmin vaxtlar o qədər qıtlıq idi ki, karandaş, qələm də tapılmırdı. Atam tez-tez Rusiyaya ezamiyyətə gedərdi. İndi bizim üçün adidən də adi görünən rəngli karandaşlar alıb gətirərdi. Mənim də bir övladım rəssamdır. Ona görə hamıya deyirəm. Əgər uşağınız rəsm çəkməyə başladısa, mane olmayın. Əksinə, dəstək verin. Bütün ləvazimatları alıb, qoyun qarşısına. Rəngləri ətrafa dağıdacağından, divarları yazacağından qorxmayın. Bu yolla öyrənəcək.

- Rauf bəy, bu mövzuda həmfikirik. Azyaşlı oğlum bəzən kosmetik vasitələrimi rəng əvəzi istifadə edir. Təbii ki, sakit qarşılayıram.

- Doğru edirsiniz. Bu istedad elədir ki, qarşısını almaq uşağın gələcəyinə ziyan vura bilər. Övladınıza təkan verin. Bəlkə də evinizdə gələcəyin ən istedadlı rəssamlarından biri böyüyür.

- Və siz də bu istedadı valideynlərinizin dəstəyilə peşəyə çevirdiniz.

- Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil oldum. Sonra Sankt Peterburqun məşhur ali təhsil ocaqlarının birinə oxumağa getdim. Etiraf edirəm, orada anladım ki, hələ çox şeyi bacarmıram. Rusiyadan, Baltikyanı ölkələrdən o qədər istedadlı tələbələr vardı ki, qibtə edirdim onlara. Bir müddət orada oxudum. Sonra atamın səhhətində problem yarandı və təcili Bakıya dönməli oldum. Qərar verdim ki, təhsilimi Mədəniyyət və İncəsənət Universitetində davam etdirim. Hətta ixtisasları yazıb, püşkatma yolu ilə tam qərarımı verdim.

- Hansı ixtisas çıxdı bəxtinizə?

- Xalçaçılıq. Əfsanəvi Lətif Kərimovun rəhbərliyi ilə təhsilimi tamamladım.

- Bəs keçə ilə ilk tanışlığınız nə vaxt baş tutdu?

- Nənəmgil Zərdabda yaşayırdılar. Uşaq vaxtı tez-tez onlara gedərdim. Evləri çiy kərpicdən tikilmişdi. İldə bir neçə dəfə divarları çöldən və içəridən, hətta döşəməni də gillə şirəliyərdilər. O da evi qışda isti, yayda sərin saxlayardı. Bir dəfə gördüm nənəm yerə qəhvəyi, qalın örtük döşəyib. Soruşdum, bu nədir? Dedi, sən bilməzsən, keçədir. Həmin bu keçənin üstünə də xalça, palaz sərərdilər. Yaşım artdıqca keçənin tarixini araşdırmağa başladım. Məlum oldu ki, taa qədimdən Qarabağ ərazisində, əhalinin qoyunçuluqla məşğul olduğu digər ərazilərdə keçəçilik sənəti olub. Sonradan xalçaçılıq yaranıb və keçə hazırlamaq mürəkkəb olduğu üçün bu sənət unudulub. Həmçinin peşəkar səviyyədə tanınmayıb. Keçə ilə maraqlandıqca bu əsrarəngiz dünya məni özünə cəlb etdi. Elə hey düşünürdüm ki, görəsən mən özüm keçə hazırlaya bilərəm? 80-ci illər idi. Çox çətinliklə bir ilə balaca keçə hazırladım. Həmin dövrdə də Sovetlər birliyində bir qayda vardı ki, tələbələr sərgilərdə iştirak edə bilməzdilər. Bəlkə də bu doğru idi, bilmirəm. Bir sənətşünasımızdan xahiş etdim ki, mənim bu işimi sərgiyə daxil etsin. Apardı göstərdi, bəyənmədilər. Geri qayıtdı ki, Rauf, qəbul etmədilər. Qınamıram. Nə olsun ki, çoxu xalq rəssamı idi, belə bir sənətin varlığından xəbərsiz idilər. Təsəvvür edin, bütün işlər geniş zalda nümayiş olunur. Münsiflərin bəyənmədiklərinin üzü divara çevrilir. Gəldim gördüm ki, 1 il üstündə əmək sərf etdiyim keçəmin üzü divara dönüb. İnanın, o qədər üzüldüm. Keçəni qoluma vurub, kor-peşman geri qayıtdım. Elə o ərəfədə Rusiyadakı rəssam dostlarım xəbər etdilər ki, əsərini göndər, burada müsabiqə olacaq və elə həmin keçə müsabiqədə birinci yeri tutdu. Xəbər Bakıda yayılanda mənə irad da bildirdilər ki, niyə işini Rusiyaya göndərmisən? (Gülürük)

Bu qələbə mənim üçün bir stimul oldu. Yavaş-yavaş işlərimə Azərbaycanda da maraq yarandı və satılmağa başlandı.

- Keçənin tarixi, keçmişi maraqlıdır mənə...

- Keçənin tarixi olduqca qədimdir. Hətta eramızdan əvvəl I minilliyə gedib çıxır. Tarixi araşdırmalarımdan sonra öyrəndim ki, buynuzlu pələng təsviri olan keçə dünyanın ilk keçələrindəndir. Hətta Altay dağlarının ətəyindən tapılan at yəhəri keçənin türkdilli xalqlara mənsub olduğunu sübut edib. Doğrudur, Avstraliya, Kanada, Amerikada da yayılıb, şaxələnib, ancaq keçə türklərə məxsusdur.

- Rauf bəy, keçələriniz o qədər rəngarəngdir ki, insan başqa dünyaya düşür sanki. Maraqlıdır, bu rəngləri necə əldə edirsiniz?

- Keçənin əsas özəlliyi onun hazırlanmasında istifadə olunan təbii rənglərdir. Elə bir neçə gün əvvəl burada (gözləri ilə balaca emalatxanı süzür) üzərlikdən qara rəng aldım. Təsəvvür edin, üzərliyi qaynadıram, bütün otaq dumana bürünür. Qəribə iy dolur hər yana. Amma nəticə möhtəşəmdir. Zil qara rəng əldə edirəm. Böyrütkən kolunun kökündən al qırmızı, əncir yarpağından yaşıl, qoz kökündən qara, qəhvəyi rənglər alıram. Yəni daim axtarışdayam.

- Özünüzə bu qədər zəhmət vermək əvəzinə satışda olan rənglərdən istifadə edə bilməzsiniz?

- Yun təbii boyanı çox yaxşı götürür. Boya təbiidirsə, yun sanki gül kimi açılır. Amma süni boyaq yunu yandırıb, öldürür.

- Bəs rəngi solmur?

- İstəyirsiniz dəfələrlə yuyun, qaynar suya salın. Nə rəngi solur, nə də gedir.

- Yəqin ki, yun da xüsusi seçilmiş və keyfiyyətli olmalıdır.

- Mütləq yaz yunu alıram. Özü də yalnız qoyunun bel hissəsinin yunu olmalıdır. Çünki qarın və bud hissəsində yun qısa olduğu üçün döymə prosesində bitişmir. Bu işin hamısını özüm görürəm, dəfələrlə sənədli filmlərə də çəkilmişəm. Sonra yunu yuyub, darayıram. Bəzən hətta mənə irad bildirilər ki, ay Rauf, sən nə işlə məşğulsan? Məhəl qoymuram. Bu yaşa qədər heç bir çətinliyə baxmadan yaşatmışam keçəni. Nə isə… Yunu darayıb pambıq kimi gurlaşdırandan sonra boyama prosesinə keçirəm.

- Mənim üçün ən həyəcanlı mərhələsi…

- Mis qazanlarda bitkini qaynadıb, lazımı boyanı alıram. Özü də mütləq yanan ocağın üzərində edirəm bu prosesi, qazın üstündə eyni nəticəni almaq olmur. Rəngi nəzarətdə saxlayıram, bəzən daha çox qaynadıb lap tünd rəng əldə edirəm. Bəzən ən açıq çalarla kifayətlənirəm. Hətta hamısını qarışdırıb, qeyri-adi rəng alıram. Baxın, bir keçənin hazırlanmasında həm rəngkarlıq, həm qrafika, həm miniatür, həm də tətbiqi sənəti cəm edirəm. Sonda isə keçəyə gətirib, çıxardıram. Öncə kiçik ölçülü eskiz hazırlayıram. Yerə ağ bez sərirəm. Yunları eskizə uyğun bezin üzərinə yığıram. Yüksək məsafədən çıxıb nəzər salıram. Əgər hər şey istədiyim kimidirsə, yunu döyməyə başlayıram.

- Bəs döyməzdən əvvəl yunun qalınlığı nə qədər olur?

- Təxmini 40 sm-ə yaxın. Əvvələr döymə prosesində yuna adi qaynar su tökərdim. Çox uzun sürən axtarışlardan sonra bir tapıntıya rast gəldim. Bildiyiniz kimi hər ağacın öz xarakteri, özəlliyi var. Gavalı ağacının qabığını yoxlayanda gördüm ki, tərkibində ələ yapışan maddə var. Bu maddə həm yunun bitişməyinə kömək edir, həm də gələcəkdə güvədən qoruyur. Həmin qabığı qaynatdığım suyun içərisinə töküb, dovğa kimi bulamağa başladım. Gavalı ağacının qabığının yunla sintezi inanılmazdır. Yunu döyəndə də daha rahat yapışır, həşəratlardan da qoruyur.

- Keçənin yaranmasının təməli döymə prosesidir. Yəni toxumaqla, tikməklə yox, məhz döyməklə əldə olunur. Yəqin ki, bu olduqca ağır prosesdir.

- Keçənin ərsəyə gəlməsi üçün mütləq döymə prosesindən keçməlidir. Bu çox ağır və uzun çəkən işdir. Hətta döymə alətlərini özüm hazırlayıram.

- Rauf bəy, keçədə yeni texnologiyalar kəşf etmisiniz. Bir az da bu haqda məlumat verin bizə.

- Düz 3 il axtarışda oldum ki, relyef keçə hazırlayım. Digər sənət növlərində relyef vardı, istədim bu yeniliyi keçəyə də gətirim. Sonda relyef xarakterli keçə hazırladım. Bu tip keçələri də ilk dəfə mən hazırladığım üçün Azərbaycana məxsusdur. Bundan başqa, ikitərəfli keçə, üz-astar keçə, çıxıntılı və digər keçə çeşidlərini də ilk dəfə biz hazırlamışıq. Hətta avanqard keçələrim var. Hazırda Müasir İncəsənət Muzeyinin ekspozisiyasında əsərim nümayiş olunur.

- Çox güman ki, keçə haqda maraqlı faktlar da bilirsiniz…

- Bilirsiniz, Dədə Qorqud dastanında adı keçən alaçıqlar hamısı keçədən hazırlanırmış. Bundan başqa, qapılıq keçələr olub ki, qapını əvəzləyib, qundaq keçələri körpələrin beşiyinə salınarmış. Və onlar da seçilərmiş bir-birindən. Hətta ruslarda "valinka" kimi tanıdığımız corab keçəsi də olub. Şuşanın gözəl xanəndəsi Keçəçi oğlu Məhəmmədi xatırlayın. Bu o deməkdir ki, həmin dövrdə keçəçiliklə məşğul olanlar varmış. Hətta Qurani-Kərimdə keçə haqda söz keçir. İnanmırsınızsa, dəqiqliklə baxın. 72-ci surə, 19-cu ayədə deyilir ki, Məhəmməd peyğəmbər namaz qılarkən cin və şeytanlar onun üstünə keçə kimi yapışdılar. Əgər Quran-Kərim Allah tərəfindən göndərilibsə, mən keçəni də Allahla bağlayıram. Demək insan yaranandan keçəni də yaradıb. Hətta Adəmlə Həvva bədənlərini örtmək üçün öncə əncir yarpağına, sonra isə primitiv keçə hazırlayıb ona bürünmüşdülər.

- Maraqlı məqamdır. Görəsən indi Adəmlə Həvvadan ilhamlanıb, keçə nümunələrini yenidən geyim dəbinə gətirə bilərikmi?

- Mənim belə bir fikrim var. Özümə keçədən palto tikdirməyi düşünürəm. Hətta Türkiyədə bu materialdan papaq da hazırlayırlar.

- Rauf bəy, Azərbaycanın yeganə keçə ustası deyilsiniz, çünki oğlunuz da peşənizi davam etdirir.

- Əbdülhüseyn düz 10 yaşından mənimlə birgədir. Bəzən fiziki cəhətdən gücüm çatmayan ağır işləri o görür. Baxın, emalatxanamda onun da keçələri var. Hələlik Əbdülhüseyn yeganə davamçımdır. Burada ikimizin də əməyi var.

- Rauf bəy, içəri girdiyimizdən bəri rəngimiz saraldı, qəribə fiziki ağırlıq çökdü üzərimizə. Bu nə mistikadır?

- Bu sözü deyən ilk qonağım deyilsiniz. Keçənin qəribə bir aurası var. İlk dəfə hər kəsə bir cür təsir edir. Amma sizə bir söz deyim, bu keçələrsiz bir günüm olmasın.

- Bir az qəribə sual. Keçəçinin əsas qazancı nədəndir?

- Bilmirəm necə cavab verim. Görürsünüz də, mən başqa janrlarda da əsərlər çəkirəm. Olur ki, həmin əsərlərim satılır. Hətta ildə bir dəfə Mədəniyyət Nazirliyi keçələrimi də alır.

- Əhvalınız necə olmalıdır ki, keçəni ərsəyə gətirəsiniz? Yaxud hansı hisslərdən doğan keçə daha mükəmməl olur?

- Ümumiyyətlə, rəssamın daxilində nə varsa, o da keçədə əks olunur. Sizinlə bir xatirəmi bölüşəcəm. Qarabağ müharibəsi başlayan vaxtları idi. Mən də Mingəçevirə anamgilə getmişdim. Evimizin yanında da bir bina vardı, qaçqınlar məskunlaşmışdılar. Mən də həyətdə keçə hazırlayıram. Birdən gördüm qulağıma ah-nalə dolu səs gəldi. Əlimi saxladım, hasardan boylanıb baxdım ki, bir qarı ağlayır. Tez yanına getdim, soruşdum ki, ay nənə, niyə ağlayırsan? Məni qucağlayıb, lap hönkürməyə başladı. Məlum oldu ki, Xocalı qaçqınıdır. Bütün doğmalarını müharibədə itirib, tək özü qalıb. Gətirdim evimizə. Anam da dolma bişirmişdi. Həyətdə süfrə arxasında oturduq. Həmin vaxt da relyef keçə üzərində işləyirdim. Çox vaxt işləyəndə Qədir Rüstəmovu dinləyirəm. Onun musiqisi məni başqa aləmə aparır.

İndi bu əhvalatı təsəvvür edin - mən burada keçə döyürəm, Qədir Rüstəmovun səsi həyətə yayılıb, hasarın o yanında da nənə ağlayır. Bu keçəni elə yarımçıq da saxladım. Adını da “Yarımçıq qalmış mahnı qoydum”…

Leyla Sarabi

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm