ABŞ Biqfutlarla bağlı sirri açdı - Məxfi sənədlərdə nələr yazılıb?
Bizi izləyin

ABŞ

ABŞ Biqfutlarla bağlı sirri açdı - Məxfi sənədlərdə nələr yazılıb?

ABŞ Biqfutlarla bağlı sirri açdı - Məxfi sənədlərdə nələr yazılıb?

ABŞ-da Biqfutla bağlı məxfi sənədlər açıqlanıb. Amerikalılar qar adamını Sasquoc (Sasquatch) kimi də tanınan Biqfut adlandırırlar. Bu materiallar uzun illər “məxfi” qrifi altında saxlanılıb. Sənədləri ölkənin Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil olan ABŞ Meşə Xidməti ictimaiyyətə açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazır.

Biqfut adətən sıx tüklərlə örtülmüş, hündürlüyü iki-üç metrə çatan nəhəng məxluq kimi təsvir olunur. Onun arxasında qoyduğu nəhəng ayaq izlərini görməmək isə demək olar ki, mümkün deyil. Mövcudluğunu təsdiqləyən ciddi elmi sübutların olmamasına baxmayaraq, bu sirli meşə məxluqu haqqında əfsanələr amerikalılar arasında böyük populyarlıq qazanıb.

Meşə Xidməti bir neçə onillik ərzində Biqfut barədə rəsmi açıqlama verməyib. İndi Pentaqon naməlum uçan obyektlərlə bağlı məxfiliyi ləğv edilmiş materialları açıqlayır. Jurnalistlərin ehtimalına görə, federal qurum da məhz buna görə öz arxivlərini açmaq qərarına gəlib.

Biqfut Amerika folklorunun qəhrəmanlarından biridir. Onun mövcudluğunu indiyədək yalnız keyfiyyətsiz fotoşəkillər və şahidlərin söylədikləri ilə sübut etməyə çalışıblar. Amerika qitəsinin yerli xalqları isə bir neçə əsrdir hündürboylu, tüklü məxluqlar haqqında əhvalatlar danışırlar. Bu rəvayətlərə görə, həmin varlıqlar insanlar kimi dik yeriyir, qorxunc səslə nərildəyir, pis qoxu yayır və meşələrin sıx kolluqlarında gizlənirlər.

Açıq mənbələrdə qeyd olunduğu kimi, Biqfut haqqında ən məşhur hadisə 1967-ci ildə baş verib. Həmin vaxt Rocer Patterson və Robert Gimlin Kaliforniyanın şimalında qar adamı haqqında sənədli film çəkirdilər. Onlar məxluqun arxalarını dönərək asta addımlarla uzaqlaşmasını lentə ala bildiklərini iddia ediblər.

Sənədlərdə nələr yer alıb?

Məxfiliyi ləğv edilmiş sənədlərdə Montana və Vaşinqton ştatlarında hündürboylu, tüklü, iki ayaq üzərində yeriyən məxluqla ehtimal olunan qarşılaşmaların təfərrüatları əks olunub. Bu hadisələrdən ən qədimləri hələ 1940-cı illərə gedib çıxır.

Sənədlərdən birində Montanada bir qrup ovçunun başına gələnlərdən bəhs olunur. Onlar məxluqun özünü görməsələr də, qəribə ayaq izlərinə rast gəlib, kəskin qoxu hiss edib və donuz xırıltısına bənzər səs eşidiblər. Kişilərin sonradan xatırladıqlarına görə, həmin vaxt hamını qorxu bürüyüb, bədənlərini üşütmə tutub.

Digər sənəd 1982-ci ildə Vaşinqton ştatında baş verən hadisə ilə bağlıdır. Həmin vaxt meşə patrulunun əməkdaşı Biqfutun ayaq izlərini aşkar etdiyini bildirib və qurum bu məlumatı yoxlamağa başlayıb.

Üçüncü sənəd isə yenidən Montana ştatına aiddir. Bu, 2003-cü ildə Sanders dairəsində Biqfutun ehtimal olunan ayaq izlərinin aşkar edilməsi barədə dərc olunmuş qəzet məqaləsidir.

Meşə Xidməti sənədləri məhz indi açıqlamaq qərarına gəlməsinin səbəbini izah etməyib. Qurum yalnız onu bildirib ki, məxfi materiallar ictimaiyyətə açıqlanmamışdan əvvəl bir sıra amillər nəzərə alınır. Xüsusilə, sənədlərin insanlar, jurnalistlər və alimlər üçün nə dərəcədə maraqlı ola biləcəyi qiymətləndirilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm