Azərbaycanlı rəssam: “Elə əsərim olub ki, 15 minə satmışam” – FOTOLAR
Bizi izləyin

Art

Azərbaycanlı rəssam: “Elə əsərim olub ki, 15 minə satmışam” – FOTOLAR

Azərbaycanlı rəssam: “Elə əsərim olub ki, 15 minə satmışam” – FOTOLAR

"Bu əsərin üzərində elə də çox işləməmişəm, amma köklü dəyişikliklər etmişəm. Ekspressionizm tərzində işləyirəm…"

Mən emalatxanada boyanın kəskin qoxusuna öyrəşməyə çalışarkən Emin Qəhrəmanov sonuncu əsəri haqqında məlumat verir. Dediyinə görə, gecə yatmayıb bu əsərin üzərində işləyib.

Müsahibim Emin Qəhrəmanov Azərbaycan Rəssamlar İttifaqının xalq sənəti bölməsinin katibi və "Art Studio"nun rəhbəridir. Tərzini Pikassoya bənzətdiyim rəssamı daha yaxından tanımaq üçün diqqətiniz Publika.az-ın "Şirin söhbət"ində olsun!

- Rəssamlıq qabiliyyətinizi nə vaxt kəşf etdiniz?

- 3-4 yaşlarımdan bəri rəsm çəkirəm. Bu sahədə inkişaf etməyimə anam dəstək olub. Bütün uşaqlar rəsm çəkir, böyüyəndə isə çox azı rəssam olmağa qərar verir. Mən özümü tanıdığımdan bəri bu işlə məşğulam. Məktəbi Gürcüstanda oxumuşam. Orada bəzən imtahan vermək əvəzinə müəllimlərə rəsm çəkirdim.

- Universitet illərində və ya daha sonra başqa peşə haqqında düşünməməsiniz? Rəssam olmasaydınız, hansı peşəyə meyil edərdiniz?

- Həkimlik mənə maraqlı olub. Həkim olmaq istəmişəm. Ancaq məndə rəssamlıqdan başqa heç nə alınmır. Başqa sahəyə yönələndə işlərim tərs gedir.

- Rəsm çəkərkən nədən ilham alırsınız, muzanız var?

- Ən çox filmlərdə görürük ki, rəsamların hansısa muzası, ilham aldığı qadın olur. Məsələn, Modilyani haqqındakı filmdə bunu görmək olar. Düzünü desək, mənim belə muzam yoxdur. Mən nəyin rəsmini çəkirəmsə, elə ondan da ilham alıram. Tutaq ki, ağac rəsmi çəkmişəm, deməli, həmin ağaclar xoşuma gəlib. Sevmədiyim bir şeyin rəsmini çəkə bilmərəm. Məsələn, xoşum gəlməyən adamın portretini çəkə bilmirəm. Hətta elə olub ki, sifariş veriblər, demişəm ki, çəkəcəm. Ürəkdən istəmədiyim üçün portret çox bərbad alınıb, bəyənilməyib.

- Sizinlə müsahibəyə gəlmədən öncə "Google"da əsərlərinizə göz gəzdirdim. Diqqətimi çəkən bir məqam oldu. Əsərlərinizdə əsasən, diqqətçəkici, parlaq rənglərdən istifadə edirsiniz. Məsələn, sarı, göy, qırmızı, narıncı rənglər daha çox gözə dəyir. Bu rənglərin sizin üçün hansısa xüsusi mənası var?

- Bu, bir mərhələdir. Məsələn, bundan 10 il öncə mən əsasən, qəhvəyi rəngin çalarlarına meyil edirdim. Şux rənglərdən qaçırdım, daha çox pastel rənglərdən istifadə edirdim. Rəng seçimi əhval-ruhiyyəmdən asılıdır. Hazırda parlaq rənglərdən xoşum gəlir. O vaxtlar mənə deyirdilər ki, siz çox tünd rənglərdən istifadə edirsiniz, əsərlərinizə baxmaq olmur. İndi isə təmiz rənglər diqqətimdədir. Təmiz rənglərlə işləmək daha çətindir. Belə rəngləri düzgün uyğunlaşdırmaq lazımdır, yoxsa gözü yorar. Bu işi xalçaçılıqla müqayisə etmək olar. Xalça toxuyarkən rəngli ilməklərin sıralanmasına xüsusi diqqət etmək lazımdır. Rəsm də belədir. Rənglərdən düzgün istifadə etməsən, o əsər uğurlu alına bilməz.

- Elə bilirik ki, kimsə əlinə fırça alıbsa, deməli, insanlara hansısa mövzuda mesaj ötürmək istəyir. Rəssamlıq doğrudan da bunu tələb edirmi?

- Həyat filmlərdən fərqlənir. Real həyatda rəssamın əsas texniki məsələlərlə problemi olur. Təbii ki, ağlına bir ideya gəlir və rəsmə başlayırsan. Ancaq əlinə fırça aldıqdan sonra yer üzünə enirsən və texniki problemlərlə üzləşməli olursan. Rənglərin uyğunluğu, boyanın və fırçanın düzgün istifadəsi kimi məsələlər beynini məşğul edir. Necə ki, konsertdə pianoçunun Bethovenin simfoniyasını ifa etməsinə baxıb həzz alırıq. Halbuki səhnədə o pianoçu tam fərqli hisslər yaşayır. O, səhv etməməyə, notları qarışdırmamağa çalışır.

- Bayaq Modilyaninin adını çəkdiniz. Kumiriniz olan, nümunə götürdüyünüz rəssamlar var?

- Deyilənə görə, Pikassonun tərzinə yaxınam.

- Mən də elə onu deyəcəkdim. Xüsusilə rəng seçimləriniz Pikassonu xatırladır…

- Pikassonu sevməyimin səbəbi onun əsərlərinin çətin başa düşülməsidir. Hər kəsin bəyənəcəyi əsərlər deyil. Hətta mən də baxanda düşünürəm ki, görəsən, bu, nə çəkib. Pikasso çox işgüzar, həm də cəsarətli olub. Başqalarının fikri onun üçün maraqlı olmayıb. Deyib ki, mən bunu belə görürəm, belə də olmalıdır. Onun bu xüsusiyyəti məni həmişə cəlb edib. Gərək güclü, istedadlı rəssam olasan ki, özünə o dərəcədə əminliyin olsun. Onun kimi başqa rəssamlar da var. Məsələn, Anri Matisi də bəyənirəm.

- Salvador Daliyə münasibətiniz necədir?

- Onu da bəyənirəm. Amma o, sürrealistdi. Tərzim ondan uzaqdır. Mən işləyərkən daha çox rəngləri fikirləşirəm.

- Əsərlərin üzərində neçə saat işləyirsiniz?

- Bəzən elə olur ki, 1-2 saatın içində əsəri bitirirəm. Bəzən də günlərlə vaxt alır. Elə əsərlərim var ki, üzərində iki həftə işləmişəm. Ancaq təcrübəm göstərib ki, bir əsərin üzərində nə qədər çox işləsən, əsərin gücü o qədər azalır.

- Heç olub ki, bir rəsmi yarım qoyub başqasına başlamısınız?

- Adətən, bir neçəsinə birdən başlayıram. Çünki boyanın quruması üçün vaxt lazım olur. O vaxtdan səmərəli şəkildə istifadə etmək üçün başqa əsər üzərində işləməli oluram. Adətən, 3 əsər üzərində işləyirəm.

- Bilirəm ki, bir çox şagirdiniz var. Sizcə, insana bu sənəti sıfırdan öyrədib onu rəssam etmək olar, yoxsa anadangəlmə istedad olmalıdır?

- Təbii ki, istedad olmalıdır. Əslində, mənim üçün bütün insanlar rəssamdır. Amma hər kəs bu qabiliyyətini öz sahəsində göstərir. Hansı peşəni görməsindən asılı olmayaraq, bir insan işinin öhdəsindən gələ bilirsə, deməli, onun da daxilində rəssamlıq, yaradıcılıq var. Biz sagirdlərimizə texnikanı öyrədirik. Rəssamlığın xırdalıqlarını öyrətmək bizim üçün problem deyil. Ancaq rəssam kimi düşünməyi, həyata rəssam gözü ilə baxmağı təbii ki, öyrətmək mümkün deyil. Bu daxildən gəlməlidir. Rəssamlıq da bir elmdir, gərək daim özünü inkişaf etdirəsən, oxuyasan, yeniliklərlə maraqlanasan. Rəssam olmaq üçün cəsarət də əhəmiyyət kəsb edir. Çünki ancaq cəsarətli rəssamlar adını eşitdirə, tanına bilir.

- İndi orjinal fikir tapmaq çətin məsələdir.

- Amma indi orjinallıq həmişəkindən daha çox tələb edilir. Əvvəllər özünü başqasına oxşatmaq istəyən rəssamlar da var idi. Artıq heç kim başqasına oxşamaq istəmir. Bu bir tərəfdən yaxşıdır, çünki maraqlı işlər ortaya çıxır. Ancaq rəqabət güclüdür.

- Son vaxtlar sosial şəbəkələrdə çox görürəm. "Hyper-realistic" əsərlər daha çox dəbdədir. Bir vaxtlar rəsm əsərlərinin verdiyi mesajlar əhəmiyyət kəsb edirdisə, indi insanlar rəssamın reallığa maksimum dərəcədə yaxınlaşmasını istedad hesab edir. Buna münasibətiniz necədir?

- Rəssamlıqda dəb anlayışını başa düşmürəm. Dəblə ayaqlaşmaq mənasızdır, çünki bu gün dəbdə olan sabah dəbdən düşəcək. Zamana meydan oxuyan əsərlər ərsəyə gətirmək lazımdır. Mən populyar əsərlərə pop musiqi kimi yanaşıram. Bildiyiniz kimi, pop musiqini dinləyirsən və 1 həftə sonra yaddan çıxır, klassik musiqi isə əbədi yaşayır.

- Azərbaycanda rəssam olmaq, bu sahədən gəlir əldə etmək çətindirmi?

- İndi rəssamların çoxu əziyyət çəkir. Ancaq mənim fikrimcə, insan tənbəl deyilsə, ona böhran da təsir etməyəcək. Bu çətin dövründə belə elə rəssamlar tanıyıram ki, sifarişləri var. Bir işi yaxşı görürsünüzsə, istedadınız mütləq qiymətləndiriləcək.

- Bu günə kimi ən baha qiymətə satılan əsəriniz hansı olub?

- Elə əsərim olub ki, 15 min manata satmışam. Qarabağ mövzusunda işlədiyim əsəri 15 minə alan biznesmen daha sonra onu bir muzeyə bağışlayıb. Ötən il sərgidə bir əsərim 8 minə satıldı. Məndə orta qiymət 4-5 min manatdır. Ən aşağı qiymət 2 min manat olur. Təbii ki, əsərə sərf edilən vaxt və rəsmin böyüklüyü burada əsas rol oynayır.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm