Art
Bakının ən sərin yay gecəsində YAŞANANLAR - FOTO
Qaynar bir yay gecəsində Oqtay Kazıminin nəğmələri Bakıya sərin meh gətirdi.
Musiqi elə bir ilahi mexanizmdir ki, onun təsir qüvvəsi mövsümlərə görə dəyişir. Əgər fikir vermisinizsə, mahnılar qışda havanın tam əksinə olaraq qəlbimizi gözəgörünməz istisi ilə yandırır, yayda isə orqanizmi sərinləşdirən sərin bulaq suyu təsiri göstərmək gücünə malik olur. Təsadüfi deyil ki, musiqini ruhun qidası adlandırırlar. O, bədənin istək və tələblərinə tamamilə uyğunlaşa bilir.
Publika.az xəbər verir ki, dünən Heydər Əliyev Sarayında musiqisevərlər Xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi, bəstəkar - Oqtay Kazıminin yaradıcılıq gecəsində unudulması mümkün olmayan melodiyaların təsiri ilə sərinləməyə gəlmişdi. Görkəmli musiqişünasın həzin nəğmələri yayın ən qızmar günündə musiqi sevərlərin ruhuna sərin meh çiləyirdi.
Azərbaycan musiqi xəzinəsini ölməz əsərləri ilə zənginləşdirən Oqtay Kazıminin yaradıcılığında 300-dən çox mahnı yer alır. Oqtay Kazıminin mahnı janrına üstünlük verməsi onun digər janrlarda yazdığı əsərlərinin də musiqi dilində duyulur. Bu da ondan irəli gəlir ki, o, gözəl melodiyalar yarada bilirdi. Bəstəkarın hər hansı əsərini dinləyərkən orada sözlə musiqinin sıx vəhdəti aydın duyulur. Bu baxımdan musiqiçinin tanınmış şair Cabir Novruzla əməkdaşlığını xüsusi qeyd etmək yerinə düşər. Dillərə əzbər olan nəğmələrinin böyük hissəsi Cabir Novruzun sözlərinə yazılıb.
Sevimli bəstəkarın yaradıcılıq gecəsində bu günə qədər müğənnilərin repertuarından düşməyən mahnılar səsləndirilib. Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin müşayiəti ilə keçirilən konsertdə Xalq artistləri Samir Cəfərov, Azər Zeynalov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları çıxış edib.
Gurultulu alqışlarla başlayan və sona qədər yüksələn tempdə davam edən tədbirdə istəsən də, istəməsə də, bəstəkarın qələmindən süzülən nəğmə adlı bu nemətin qarşısıalınmaz sehrinə düşürdün. İnsan ruhunu dərindən duyan musiqiçinin hər bir bəstəsi qonaqlara təkrarolunmaz musiqi bayramı yaşadır və ovqatımıza xüsusi bir rəng qatırdı. Aparıcısı Nurlana Cəfərovanın olduğu konsert anşlaqla başa çatıb.
Qeyd edək ki, O.Kazımi Azərbaycanda ilk rok-operanın - “Hophopnamə”nin (M.Ə.Sabir, A.A.Tufarqanlı və Dilqəmin şeirləri əsasında), “Dədə Qorqud” epik-dramatik operanın, “Qızıl Toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli Dünya” operettalarının, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi “Millətin oyaq gecəsi” vokal-simfonik poemanın, “Qarabag rapsodiyası”, “Qəhrəmanlıq simfoniyası”, “Şəhidlər simfoniyası” və s. simfonik əsərlərin, xalq çalğı alətləri üçün konsertlərin, çox saylı mahnıların: “Məhəbbət”, “Sevənləri qoru dünya”, “Cavanlığım”, “Qara gözlüm”, “Sevgi qanadlarında”, “Mənim duyğularım”, “Arzular qovuşanda”, “Sevgi həsrəti”, “İlk görüş”, “Xatirə”, “Qarabağ gözəlləri”, “Cəlilabad”, “Salam sevimli diyar”, “Gecikmiş məhəbbət” və s., 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqinin: Akademik dram teatrında səhnəyə qoyulmuş “Büllür sarayda”, “Qılınc və Qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə Fəthi”, Rus dram teatrında “Şeyx Sənan”, Kamera teatrında “İtlər” və s. müəllifidir.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş 77 yaşlı bəstəkar Oqtay Kazımi 2010-cu ildə vəfat edib.
Aytən Məftun
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı