Aytən Cavanşirin "Qayıtmasam da, gözlə" kitabı təqdim olundu - "Sevgi adına  yaşamaq"
Bizi izləyin

Art

Aytən Cavanşirin "Qayıtmasam da, gözlə" kitabı təqdim olundu - "Sevgi adına  yaşamaq"

Ötən gün yazıçı Aytən Cavanşirin “Ali və Nino” kitab evində yeni buraxılan “Qayıtmasam da, gözlə” adlı kitabının imza günü keçirilib.

Publika.az xəbər verir ki, fevral ayının əvvəllərində işıq üzü görən “Qayıtmasam da, gözlə” romanı 3 illik yuxusuz gecələrin bəhrəsidir. Romanın əsas ideyası dünyada baş verən siyasi prosesləri sevgi və sədaqət fonunda göstərməkdir. Hadisələr “Keçmişin ətri” adlı əntiq əşyalar dükanından başlayır. Daha sonra əsas qəhrəmanların taleləri onları dünyanın müxtəlif yerlərinə səpələyir.

Əsərin əsas mövzusunun müharibə və terrora qarşı etirazla yanaşı, böyük sevgiyə inam üzərində qurulduğunu deyən yazıçı bildirib ki, onun üçün fərqli millətlərdən olan insanlarla və yeni mədəniyyətlərlə tanış olmaq məqsədilə açıq olmaq çox vacibdir:

“Müasir dünyada müharibə, din üçün yer olmamalı, o sevgi, anlayış və mehribanlıqdan ibarət olmalıdır. İnanıram ki, belə bir münasibət dünyanı daha yaxşı hala gətirəcək”.

Müsahibəsində yazıçı romanın epizodlarından birinə toxunub:

“Əsərin baş qəhrəmanlarından biri Fransada yaşayan azərbaycanlı həkim Ziyadır. Klassik musiqi heyranı olan cərrah terrorçu ilə üzbəüz qalarkən bu kəlmələri söyləyir: “Mən heç vaxt sizdən biri olmayacağam. Heç vaxt” deyib yerdəki avtomatı terrorçunun götürməsinə şərait yaradır. Çünki əlində avtomat tutan hər kəsə nifrət edir. Soyuqqanlı şəkildə qana batmış xələtini soyunur, onu təmiz, amma tərs üzünə geyinir. Xələtin yaxalığını düzəldib sakitcə terrorçunun avtomatı götürməsini müşahidə edir.

Bu mənim dünyaya mesajımdır. Siz bunu divanəlik adlandırırsınız? Çoxları bunu absurd hesab edər, ancaq
mesaj da elə bundadır. “Mübarizə aparmaq. Təslim olmamaq. Xilas etmək. Daha çox insan xilas etmək. Sağ
qalmaq. Sevmək üçün, sevginin xatirinə”

Əslində, sevginin böyüyü və kiçiyi olmur. O, ya var, ya yoxdur. Bu kitab hər şeyə rəğmən sədaqəti aşılayır. Kor-koranə, cahilcəsinə, qovuşacağına inanmadan gözləməyi və nəinki bunu. 320 səhifəlik kitabda o qədər çox mövzu işlənib ki, məncə, hər oxucu orada öz mövzusunu, taleyini tapacaq. Kitabdakı hadisələr Bakı ilə yanaşı, Polşa, İtaliya, Fransa, Bolqarıstan və İraqda cərəyan edir.

Əsərin qəhrəmanı Ejeni axtarışdadır. Xoşbəxtliyin nə olduğunu dəqiq bilməsə də, ona can atır. Günlərin bir günü qonaq olduğu Bakıda əntiq əşyalar dükanında onu görür və həmin gündən həyatı dəyişir. Başa düşür ki, bu yaşa qədər ali hisslərdən bixəbər yaşayıbmış. Lakin qəfil aşiq olduğu həkimin ürəyinə yol tapmağın asan olmadığı üzə çıxır. Klassik musiqi heyranı olan cərrah özünü olduqca qəribə aparır.

İlk baxışda hər kəsə qarşı biganə olan həkim əslində göründüyü kimi deyil. O, keçmişinin bu zərif qıza xələl gətirəcəyini düşünüb gəldiyi yerlərə qayıdır. Bütün hekayə də elə bundan sonra başlayır. Ayrılıqda ikən qayıtmaq istəyi yaranır. Amma bu, mümkün olacaqmı? Dünyanın amansız gedişatının fonunda cərəyan edən sevgi hekayəsi heç kimi laqeyd buraxmayacaq...

“Qanun” nəşriyyatında işıq üzü görən roman şəhərin bütün kitab mağazalarında satılır.

Qeyd edək ki, Aytən Cavanşir ədəbiyyata 2012-ci ildə “Vəkil” romanı ilə gəlib, onun ədəbiyyatda yaratdığı ilk obraz, həyatda düzgün prinsiplərə riayət edən ədalətli vəkildir və bu günə qədər oxucular onun bu əsərini yüksək qiymətləndirirlər.

2014-cü ildə isə yazıçının hekayələrdən ibarət “Ayaqlarım üşüyürdü” kitabı işıq üzü görüb. Bu kitab Bakı kitab mağazalarının versiyasına görə bir neçə ay ərzində ən çox satılan kitablar siyahısına daxil edilib. Sonra sənət həvəskarları və nostalji sevənlər üçün nəzərdə tutulmuş “Pərdələri çəkin” kitabı nəşr olunub, yazıçının sözlərinə görə, “Pərdələri çəkin” İtaliya, Fransa musiqisinə və kinosuna olan sevgisinin təzahürüdür. İtalyan və fransız mahnılarının, eləcə də klassik musiqinin vurğunu olduğunu deyən yazıçı Aytən Cavanşir dəbdə olan əsərləri deyil, sevib-seçdiklərini oxuduğunu bildirib.

Yazıçının oxuculara növbəti hədiyyəsi avstraliyalı yazıçı Kolin Makkollounin “Tikanlıqda şərqi deyənlər” əsərinin azərbaycan dilinə tərcümə etməsi oldu. Təəccüblüdür ki, bu roman “Vəkil” kitabının baş qəhrəmanının ən sevimli kitabı idi: “Romanı yazanda təsəvvür etməzdim ki, bir gün onu ana dilimə tərcümə edəcəyəm”, - deyə yazıçı açıqlamasında qeyd edib.

“Əgər məndən yazıçı və ya tərcüməçi olduğumu soruşsalar, şübhəsiz ki, ilk variantı seçəcəyəm. Müəyyən bədii əsər tərcümə edən tərcüməçi ona öz ruhunu ötürməlidir. Səbrli olmağımı tələb edən çox uzun və çətin bir iş idi. Yazıçı eqoizmini bir kənara qoyub əsərə həssaslıqla yanaşdım, sanki onun müəllifi özüm idi. Bu səbəbdən oxucu kitabda imzamı hiss edir”, - A.Cavanşir əlavə edib.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm