Art
Şeyx Əbdül: "Nəhayət, Şah İsmayıl Xətai həbsdən azad olundu”
“Nəhayət ki, Şah İsmayıl Xətai məhkum olunduğu həbsdən azad olundu. Əvvəlki yerində qərəzli-qərəzsiz, bilərəkdən və ya bilməyərəkdən heykəl həbs olunmuşdu. Dövlətçiliyimizi, tariximizi, milli-mənəvi dəyərimizi yazan bir sərkərdənin heykəlini aparıb doğum evinin qarşısına qoymuşdular. Onun hər tərəfini keçilməz etmişdilər. İllər əvvəl çıxışımda demişdim ki, buna görə Hacıbala Abutalıbovu məhkəməyə vermək lazımdır. Ona yaxınlaşmaq üçün nə bir keçid, nə də ki, işıqfor qoymuşdular. Ziyarət etmək istəyənlər, maraqlananlar heykələ uzaqdan boylanıb baxmaqla kifayətlənirdi”.
Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Şeyx Əbdül Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsinə münasibət bildirərkən deyib.
O, abidənin ziyarətgaha çevrilməsi təklifi ilə çıxış edib:
“Şah İsmayıl heykəli başını aşağı salmış, qılıncı dizinin üzərində qoyulmuş vəziyyətdə təsvir olunub. Halbuki, qılıncı heç vaxt qında olmayıb, həmişə at belində olub, qılıncı da əlində. O, 230 il ömrü olan ana dilli böyük Səfəvi imperiyasını yaradıb. 2 milyon 800 kvm. idarə olunan ərazini əhatə edib. Şah İsmayıl Xətai dünyada analoqu olmayan tarix yazıb. Onun qurduğu dövlətin hüdudları, sərhəddi, mədəniyyəti, idarəetmə sistemi, dili və s. bəllidir. Dünyaya dərs olan tariximizi və mədəniyyətimizi arxa plana atmışıq. Efirlərdə dayaz mövzular müzakirəyə çıxır, adamı yandırır. Tariximizə, mədəniyyətimizə və dövlətçiliyimizə qarşı uzanan əllər kəsilməlidir. 100 illərdir ancaq özümüzü aşağılamaqla məşğuluq”.
Daha sonra Şeyx Əbdül Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:
“Çox təqdirəlayiq hadisədir, odur ki, Azərbaycan xalqına müraciət edərək hər kəsi hər il Şah İsmayıl Xətainin heykəlini ziyarət etməyə səsləyirəm. Onu müqəddəs ziyarətgaha çevirməliyik, qoy bütün dünya da bunu görsün. Hamı bilir ki, ulu öndər Heydər Əliyevin tapşırığı ilə 40 ildir bu işlə məşğulam.
Hz. Məhəmməd peyğəmbərin (s.ə.v.) müqəddəs bir kəlamı var, o deyirdi ki, əgər iş görülürsə, onun qiyməti nəticəsinə əsasən verilməlidir. Görülən işin nəticəsi yoxdursa, söz alveridirsə, populist çıxışlar və toz basmış əsərlər heç kəsə lazım deyil”.
Şeyx Əbdül heykəlin obrazının dəyişdirilməsi təklifi ilə çıxış edib:
“Şah İsmayıl əlində sıyırma qılınc tutmuş vəziyyətdə təqdim olunmalıdır, orada bütün tarixi illüstrasiyaların verilməsini, böyük mədəniyyət ocağı olan aşıq məclislərinin təsvirinin qurulmasını təklif edirəm. Bir tərəfdə aşıqlar, digər tərəfdə sərkərdələr göstərilsin. Dolayısı ilə böyük kompleks abidə inşa edilsin və insanlar onu ziyarətə gəlsin. Daş parçasının yerini dəyişdirməklə iş bitmir, ora kütləviləşməli, müqəddəsləşməli və oranı ziyarət etmək ənənə halını almalıdır. Evlənənlər, turistlər, məktəblilər, böyük şirkətlər Şah İsmayıl abidəsini hər il ziyarət etməlidir, hətta əsgərlərin andiçmə mərasimlərini də orada keçirməyi tövsiyə edirəm”.
Məlumat üçün bildirək ki, Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil alıb.
Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müxtəlif müraciətlər daxil olurdu. Qurumun Mətbuat Xidməti bildirib ki, bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.
Qeyd olunub ki, bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək:
“Digər tərəfdən Xətainin heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da həmin ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq. Heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilib”.
Aytən Məftun
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar