33 ölkədə fəlakətə hazırlıq başlandı - Dünya qiyaməti gözləyir?
Bizi izləyin

Nida Təhlil

33 ölkədə fəlakətə hazırlıq başlandı - Dünya qiyaməti gözləyir?

33 ölkədə fəlakətə hazırlıq başlandı - Dünya qiyaməti gözləyir?

Dünya qiyamətə hazırlığa başlayıb? Hazırd yaşanan qlobal təşviş bu sualı ön plana çıxarır. 33 ölkədə hökumətlər əhaliyə 72 saat, yaxud bir həftəlik ərzaq ehtiyatı, batareya və şamlar, təcili yardım ləvazimatları yığmağı tövsiyə edir. Bu hazırlığın üç mümkün səbəbdən qaynaqlandığı ehtimaları var.

1. Dəhşətli müharibənin baş verməsi;
2. Təbii fəlakətlərin olması;
3. Bəşəriyyəti çətin vəziyyətə salacaq kibertəhdidlər;


Bunlardan hansının baş verəcəyi müəmmalıdır, lakin dünyanın müxtəlif coğrafiyalarında yerləşən ölkələrin eyni anda insanlara “fəlakətə hazırlıq” çağırış etməsi diqqət çəkir.

Avropa: Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Avstriya, İsveçrə və Xorvatiya.
Şimali Amerika: Kanada, Meksika, Amerika Birləşmiş Ştatları.
Cənubi Amerika: Çili, Kolumbiya, Argentina və Braziliya.
Afrika: Cənubi Afrika.
Asiya: Yaponiya, Tayvan, İsrail, Hindistan, Filippin, Sinqapur.
Avstraliya və Okeaniya: Avstraliya, Yeni Zelandiya.

Fəlakətə hazırlıq çağırışı edən bu ölkələrdə əsaslandırma müxtəlifdir. Avropa İttifaqı təbii fəlakətlər, kiberhücumlar və müharibə də daxil olmaqla ciddi təhlükələrin olacağını düşünür, buna qarşı 2025-ci ilin 26 mart tarixində qəbul edilən Hazırlıq Birliyi Strategiyasını tətbiq edir. Strategiyaya görə üzv dövlətlərdəki əhali ən azı 72 saatlıq ehtiyat toplamalıdır. İsveç və Norveç bir həftəlik, Almaniya isə hətta 10 günlük ehtiyat yığmaq çağırışı edib. Böyük Britaniya “Hazır Ol” proqramına uyğun olaraq, adambaşına 9 litr su, quru qida, dərman və 3 günə yetəcək batereya ehtiyatı saxlamağı tövsiyə edir.

Uzaq şərqdə Yaponiyadan tutmuş uzaq qərbdə ABŞ-a qədər demək olar ki, eyni çağırışlar eşidilir.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bu hazırlığın “milli dayanıqlılığı gücləndirmək” məqsədi daşıdığını bildirsə də, bunun əhalini təşvişə salmamaq üçün deyildiyi ehtimalı böyükdür. Xüsusilə hazırlığın dünyanın müxtəlif coğrafiyalarında çoxsaylı ölkə tərəfindən həyata keçirilməsi bunu deməyə əsas verir.

Fəlakətə hazırlığın iki mümkün ehtimalı irəli sürülür.

Birincisi, qlobal müharibənin şiddətlənməsidir.

Bu, üçüncü dünya müharibəsinin başlanması yox, İran və Ukraynada davam edən döyüşlərin genişlənməsi, Tayvan üzərində toqquşmaların başlanması kimi müxtəlif regionlarda baş verən böhranlardır. Toqquşmaların güclənməsi qlobal təchizat zincirini sıradan çıxara, qlobal qıtlığın yaranmasına səbəb ola bilər.

İkincisi, kibertəhdidlərin dünyanı iflic etməsidir.

Kibertəhdidlərin artması dünyanı buna qarşı hazırlıqlı olmağa məcbur edir, lakin indi onlarla ölkənin eyni anda hərəkətə keçməsi gözlənilən riskdən qaynaqlana bilər. Mümkün ssenarilərdən biri belədir ki, internet sistemində problemin yaranması ilə maliyyə, biznes sektorundan tutmuş qida sektoruna qədər bütün istiqamətlərdə ciddi fəsadlar yaradacaq. Hətta İrana qarşı genişmiqyaslı müharibənin təkrarlanacağı təqdirdə, Tehranın qlobal böhran yaratmaq məqsədilə kommuniksiya kabellərini hədəfə alacağı ehtimalları da var.

Bu ehtimallar fonunda zəif də görünsə, bəşəriyyət üçün bəla olan nüvə təhlükəsi də daim aktualdır.

Hökumətlərin sürətlə fəlakətə hazırlığın konkret nədən qaynaqlandığı hələ də müəmmalı olaraq qalır. Lakin pərdəarxasında ciddi proseslərin getdiyi və bundan bütün dünyanın zərər çəkə biləcəyi görünür.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm