Art
Eldar Əliyev Bakıda dəfn ediləcək
Mədəniyyət Nazirliyi İtaliyada vəfat edən azərbaycanlı vokalçı Eldar Əliyevin dəfni ilə bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumatda deyilir:
"Öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.
E.Əliyevin qısa, lakin parlaq həyat və yaradıcılıq yolu iki ölkə - Azərbaycan və İtaliya arasında özünəməxsus bir körpü olub. Bakı şəhərində doğulub boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olduğu dövrdə ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın tanınmış Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, bütün ömrü boyu azərbaycanlı olduğu ilə fəxr edib, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.
Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə "La Scala" (Milan), “Staatsoper” (Berlin), “Opéra National de Paris” (Paris), “Teatro dell’Opera di Roma” (Roma), “Teatro La Fenice di Venezia” (Venesiya), “Teatro Real” (Madrid), “Covent Garden” (London), “Nationaltheater München” (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil edib.
Dünya mədəniyyətinin beşiyi sayılan, bəşəriyyətə görkəmli sənətkarlar bəxş etmiş İtaliyanın vokalçıları sırasında öz sözünü demək, dünyanın ən məşhur sənət məbədlərindən hesab edilən "La Scala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə eyni səhnəni paylaşmaq hər ifaçıya müyəssər olmur. "La Scala"nın solistləri cərgəsinə qoşulmuş böyük Azərbaycan müğənnisi Eldar Əliyevə bu sənət xoşbəxtliyi nəsib olmuşdu. Şöhrətin zirvəsində olduğu zaman uşaqlıq dövrünün acılarının, keçirdiyi sarsıntıların nəticəsi olaraq, səhhətində yaranmış problemlərlə bağlı hədsiz sevdiyi opera səhnəsindən ayrılmasına baxmayaraq, o, İtaliya ictimaiyyəti, sənətsevərləri tərəfindən bugünədək unudulmamışdır. Eldar Əliyevin vəfatı ilə əlaqədar "La Scala" teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır. Bu günlər İtaliyanın kütləvi informasiya vasitələrində öz sənəti ilə milyonların məhəbbətini qazanmış dünya şöhrətli vokalçı Eldar Əliyevə həsr edilmiş çoxsaylı məqalələr dərc olunub.
Böyük vokalçı təkrarolunmaz sənəti ilə nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakı şəhərində keçirilmiş və Qran-pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu nüfuzlu müsabiqədə qələbə qazandığına və Vətənin etimadını doğrultduğuna görə özünü xoşbəxt sayırdı.
Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər “La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni" adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini vermişdir. “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşaraq həsrətində olduğu Vətənə dönsə də onun ölməz sənəti İtaliyada yaşamaqda davam edəcək.
Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək".
Qeyd edək ki, Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız






































