Art
Xalq Əmanəti layihəsinin XX nəşri – Zəlimxan Yaqub
Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşrini təqdim edir. Yubiley nəşri müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun yaradıcılığının müxtəlif mərhələləri əks olunub.
Gücünü torpaqdan, el-obadan alan şair xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr edib. Zəlimxan Yaqub mütəfəkkir şairdir.
Şairin söz xəzinəsi o qədər zəngindir ki, bu yalnız cild-cild kitablarla özünü təsdiq etmir, Zəlimxan Yaqubun nitqindəki xəzinə heç bir kitaba, qəzetə, nəşrə sığmazdı. Söz onun dilindən bulaq kimi qaynardı…
“Söz Hacı Bəktaş Vəli dərgahına döndü, mən isə əlində dəmir əsa, ayağında dəmir çarıq aylarla-illərlə səhralar, dağlar, dərələr keçə-keçə o dərgaha doğru gedən Yunus Əmrəyə! Dahilərin yaratdığı söz qalasına bircə kərpic də mən qoymaq istədim, ulu sözə üz tutdum”-deyir.
Söz üçün ən ulu dərgaha vardım,
Mən sözün eşqinə dağları yardım.
Axtara-axtara gedib çatardım,
Olsaydı dünyanın harasında söz.
“Alın yazım, taleyim – yaradıcılığım” adlı giriş yerinə-avtobioqrafik manifestlə başlayan kitabda şairin demək olar bütün yaradıcılığı yer alıb. “Seçilmiş əsərləri” toplusunda yaradıcılığının bütün dövrlərindən, qollarından nümunə var.
Kitab Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində ərsəyə gəlib.
Layihə çərçivəsində 2010-cu ildən etibarən mədəni irsimizin gələcək nəsillərə çatdırılması yolunda yaxşı işlər görülüb. Kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, həmçinin kitab və sənət xiridarlarına hədiyyə olunur.
Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova,Tağı Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” və M.Ş.Vazehin üç dildə (Azərbaycan, alman, rus dillərində) “Bütün əsərləri” işıq üzü görüb. Bütöv bir kitabxanası var layihənin...
Növbəti kitabı Zəlimxan Yaqubun “Seçilmiş əsərləri”dir. Bütöv bir ömrün dastanıdır bu əsərlər, tarixin, ədəbiyyatın yaddaşıdır...
Sözlə başlayan yolçuluğudur şairin.
Yolçusu var, dərvişi var, qulu var,
Ayağı var, qanadı var, qolu var,
Qəbrimizdən o yana da yolu var,
Eşqi ilə öldüyümüz yolların.
Yollar hardan keçsə də, sonunda vətənə dönür. Bütün yollar vətənə qovuşdurur adamı. Zəlimxan Yaqub bütün qəlbi ilə “Söz”dən sonra tutduğu yola və Vətənə bağlı şair idi. Çox sevdiyi şeiri də vətəninə baş əydirəcək qədər vətən aşiqi.
Sev güllü yazını, qarlı qışını,
Səslə kotanını, hayla xışını,
Qoru bu torpağın hər qarışını,
Baş əy bu müqəddəs torpağa, şeirim!
Vətən yaralı olanda, ona olan sevginin üzərinə bir də dərdi gəlir, olur sevgili dərd. Vətənlə birgə o dərdi də sevirsən-bilmirsən sevgin böyükdür, yoxsa dərdin. “Mən öləndə üzümü Borçalıya çevirin”- yazır. Qəribdi Borçalı, yaralıdır. Kəpənəkçi kəndində keçən uşaqlığından elə yazır ki, düşünürsən bu mühitdə, bu torpaqda doğulub böyüyən elə Zəlimxan Yaqub olardı.
“Bəzən gecə səhərə qədər yata bilməzdim ki, sabah toy var kənddə, filan aşıq oxuyacaq. “Əsli və Kərəm”dən, “Abbas və Gülgəz”dən, “Şah İsmayıl və Gülzar”dan dastan deyəcək. Borçalının taleyi ilə bağlı məşhur kişilərdən və məşhur hadisələrdən Qasımlı Səməd ağadan, Kəpənəkçi Emin ağadan, Darvazlı Mehralı bəydən, Qarayazılı İsaxandan, nə bilim daha nələrdən danışacaq”.
Vətən də belə vətən, hər insanı bir tarix, bir dastan ola. Zəlimxan Yaqubun rişəsində onların hərəsindən bir damla var, özü demiş, söz var.
Palıd kimi tufanlarla öc olan,
Qüvvət kimi qolumuzda güc olan,
Papaq kimi başımızda tac olan,
Zireh kimi əynimizə geyilən—
Nəymiş Allah, bu Borçalı deyilən?!
Yaxud Vətən həsrətli daha bir şeirdə deyir:
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
“Seçilmiş əsərlər” həm də bir ömrün tarixidir, Zəlimxan Yaqub ömrünün. “Səni sevmək üçün gəldim dünyaya” deyən gənclikdən,
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?!
“Aldığın işığı dünyaya payla” deyən ahıllığa qədər:
Payız kövrəldəndi, bahar coşduran,
Məni sərt eyləyən qış da gözəldir.
Ürəyin daşdımı demə, ay insan,
Duymağı bacarsan daş da gözəldir.
Sonuncu misralar artıq bir coşqun, emosiyalara üstünlük verən ürəkdən deyil, kövrələn, anlayan, bağışlayan, Allaha, ruha çağıran qəlbdən gələndir.
Professor Nizami Cəfərov onun yaradıcılığı barədə deyir: “Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur.
Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirrini də məhz burada axtarmaq lazım gəlir. Tarix dönə-dönə sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətin tərcümeyi-halı olaraq yaşayan sənətkar-mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir”.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır