Art
Bakıda çoxdandır görünməyən böyük kino festivalı - FOTO
Dünən Nizami Kino Mərkəzində çoxdandır səbirsizliklə gözlənilən XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub.
Publika.az xəbər verir ki, 2009-cu ildən bəri paytaxtın önəmli mədəniyyət hadisəsinin açılışına kino və incəsənət dünyasının tanınmış simaları, rejissorlar, ssenaristlər, prodüserlər, operatorlar ilə yanaşı, ictimai xadimlər də qatılıb. Pandemiya səbəbiylə ötən il təxirə düşən tədbir böyük marağa səbəb olub. Kino sahəsində belə irimiqyaslı tədbirlər üçün hamının nə qədər darıxdığı üzlərdən də oxunurdu. Camiyənin çoxdandır bir-birini görməyən nümayəndələri festival başlamazdan öncə foeyə toplaşaraq böyük məmnuniyyətlə fotoqrflara poza veriblər, kimisi də jurnalistlərin ardı-arası kəsilməyən suallarını cavablandırıb.
Gecənin açılışında Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ölkədə kino sənətinin və kino sənayesinin nümayəndələrinin inkişafına dövlətin diqqət və qayğısından danışıb, mənəvi-əxlaqi və vətənpərvərlik dəyərlərinin təbliğində kinonun mühüm missiyasını diqqətə çatdırıb. Daha sonra xüsusilə festivala dəvət olunan əcnəbi qonaqlara ölkənin adət-ənənələri, mədəniyyəti, adətləri və şanlı tarixi haqqında məlumat verilib. Festivalın keçirilməsinin ölkədə kino sənətinin inkişafında, yeni istedadların üzə çıxarılmasında və gələcək layihələrin həyata keçirilməsində əhəmiyyəti qeyd edilib.
Müasir dünyada kinonun rolu çox böyükdür. Axı kino insanları kədərləndirir və əyləndirir, yeni ideyalar təqdim edir və köhnə məlumatları möhkəmləndirir, keçmişə nəzər salmağa, indini daha dərindən anlamağa və gələcəyi təsəvvür etməyə çalışmağa kömək edir. Əminliklə demək olar ki, filmlər fərdin şüurunu dəyişdirməklə bütövlükdə cəmiyyətə güclü təsir göstərir. İnsanların bu sənət növündə daim yeni tendensiyalara ehtiyacı var, ona görə də kino dünyası və cəmiyyət həmişə paralel istiqamətlərdə inkişaf edir. Nəticə etibarı ilə tamaşaçı təkcə onun əhval-ruhiyyəsini deyil, həm də əxlaqi prinsiplərini, həyat tərzini, vərdişlərini dəyişdirə biləcək zəngin müxtəlif emosiyalar və çoxlu yeni ideyalar əldə edə bilir.
Festivalın direktoru Fehruz Şəmiyev qeyd edib ki, kinoforumun işi həmişə yerli rejissorlara dəstək olmaq məqsədi daşıyır. Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 2004-cü ildən keçirilir. Festival Azərbaycanda ən uzunmüddətli və ən böyük festivaldır.
Gecənin aparıcısı teleradio aparıcısı Anar Vəliyev olub. O, festival haqqında ətraflı danışıb, qonaqları səhnəyə dəvət edib. Tədbir zamanı festivalın təqdimat videoları təqdim olunub.
Bu il festivalda iştirak üçün dünyanın 72 ölkəsindən 3217 qısametrajlı filmin müəllifi müraciət edib. Onlardan 82 iş milli müsabiqə proqramına təqdim olunub. Seçim komissiyasının qərarı ilə 18 ölkədən (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və s.) 30 film festivalın beynəlxalq müsabiqə proqramına, 26 film isə beynəlxalq müsabiqə proqramına daxil edilib.
Beynəlxalq müsabiqə proqramının filmlərini tanınmış publisist, yazıçı, bir sıra bədii və sənədli filmlərin ssenari müəllifi, Avropa Kino Akademiyasının və Oskar mükafatına namizədlərin seçilməsi üzrə Ukrayna Komissiyasının üzvü Orxan Fikrətoğlu, Belqrad kinofestivalının yaradıcılarından biri, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, uğurlu serb prodüseri Miroslav Maqoroviç və beynəlxalq kinofestivallar laureatı, türk kinorejissor, ssenarist Erdem Təpəgöz olub.
“Nizami” Kino Mərkəzinin səhnəsindən Miroslav Maqoroviç və Erdem Tepegez festival, kinoda müasir tendensiyalar haqqında fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıblar.
Milli müsabiqə proqramının münsiflər heyətinə tanınmış aktrisa, Azərbaycanın Xalq artisti Mehriban Zəki, tərcüməçi, şair, publisist Səlim Babullaoğlu, bir sıra kinofestivalların iştirakçısı və qalibi, kinorejissor Elməddin Əliyev daxil olub. Mehriban Zəki çıxışında müsabiqənin keçirilməsinin vacibliyini qeyd edib. Və filmləri obyektiv qiymətləndirəcəyinə söz verib.
Bu il festivalda ilk dəfə olaraq “Azərbaycan kinematoqrafiyasında xidmətlərə görə” “Qızıl Nar” mükafatı təqdim edilib. Mükafat tanınmış rejissor, ssenarist, operator və prodüser Hüseyn Mehdiyevə verilib. Bu mükafat bundan sonra hər il kino xadimlərinə təqdim olunacaq.
12-ci dəfə keçirilən festivalın yeniliklərindən biri də tədbirin əsas mükafatı olan gənc heykəltəraşlar tərəfindən hazırlanmış “Qızıl Nar” heykəlciyinin yeni dizaynıdır. Bununla yanaşı, “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə milli müsabiqə proqramının qalibləri pul mükafatı alacaqlar. Milli müsabiqə proqramının ümumi mükafat fondu 5000 manatdır.
Festivalın təşkilatçılarının daha bir sürprizi Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) nominantlarının əsərlərinin nümayişi olunmasıdır. Festival təşkilatçılarının British Council ilə əməkdaşlığı nəticəsində bakılı tamaşaçılar BAFTA (2020-2021) mükafatının nominantlarını və qaliblərini görəcəklər.
Sərt karantin rejiminə görə 2020-ci ildə onlayn keçirilən səhnəyə ötənilki festivalın münsiflər heyəti də dəvət olunub. Tədbirdə rejissor və prodüser Oleq Səfərəliyev (Rusiya-Azərbaycan, 11-ci festivalın münsiflər heyətinin sədri), ssenari müəllifi və telejurnalist Nadir Bədəlov və rejissor Ərturan Nəcəfi çıxış ediblər. Ötənilki beynəlxalq və milli proqramda “Ən yaxşı bədii film” nominasiyası üzrə qaliblər - rejissorlar Georgi M.Unkovski (Makedoniya) və Azər Allahverdiyev (Azərbaycan) video formatda müraciət ediblər, onların STİCKER (Stiker) və ÜÇ YOL (Üç Yol) filmləri təqdim edilib.
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Noyabrın 19-dan 23-dək keçiriləcək. Festival çərçivəsində saat 12.00-dan başlayaraq beş gün ərzində Nizami Kino Mərkəzində qısametrajlı filmlər nümayiş etdiriləcək. Qaliblərin elanı və mükafatlandırma mərasimi 23 noyabr saat 19:00-da baş tutacaq. Qısametrajlı filmlər festivalı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbir Nizami Kino Mərkəzi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti və "British Council" tərəfindən dəstəklənir.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...