Kinomuz bu gün hansı durumdadır? - Müsabiqə qalibi danışdı
Bizi izləyin

Art

Kinomuz bu gün hansı durumdadır? - Müsabiqə qalibi danışdı

Bu gün Azərbaycanda kino işçilərinin peşə bayramıdır. Azərbaycan kinosunun 128, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının isə 100 yaşı tamam olur.

Ötən gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsi yekunlaşdı və qalibləri müəyyənləşdi.

Müsabiqənin qalibi tanınmış rejissor Mirsadıq Ağazadənin "Supəri" ssenarisi oldu.

Tanınmış rejissordan müsabiqə, eləcə də Azərbaycan kinosunun bugünkü durumu ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

Rejissor Mirsadıq Ağazadə Publika.az-a açıqlamasında bildirdi ki, Mədəniyyət Nazirliyində son illərdə aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir:

Ən azından böyük dəyişikliklər hiss olunur. Söhbət yaxşı cəhətdən olan dəyişikliklərdən gedir. Həmin işlərdən biri də “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin keçirilməsi idi. Sevindirici cəhət ondan ibarətdir ki, bu müsabiqə bizim 44 günlük müharibədəki Qarabağ zəfərimizlə bağlı oldu. Yəni müsabiqədə tələb olunan ssenarilər bu istiqaməti əhatə etdi. Çox şadam ki, bu müsabiqədə iştirak elədim, bunun özü mənim üçün bir stimuldur. Bu müsabiqədə iştirakı hətta qalib olmayan ssenarilər üçün də böyük stimul sayıram. Yaşıma görə Qarabağ müharibəsinə qatıla bilmədim. Amma kinorejissor olaraq sevinirəm ki, bu mövzudakı ssenarimlə bu müsabiqəyə qatıldım”.

Mirsadıq Ağazadə müsabiqədə qalib olan ssenaridən də danışıb: “Ssenarinin qısa məzmunundan danışmaq istəyirəm. Hadisələr ikinci Qarabağ savaşından sonrakı qələbə ab-havası ilə başlayır. Hadisələrin axarı birinci Qarabağ müharibəsinə gedib çıxır. Əsas məğz ondan ibarətdir ki, yaşadığımız və təsirindən, eyforiyasından çıxa bilmədiyimiz bu qələbəni birinci Qarabağ müharibəsinin şəhidlərinə, qazilərinə, yaralılarına borcluyuq. Əsas yol oradan başladı. Həmin dövrün şahidləri birinci Qarabağ savaşının ağrı-acılarını bu günkü günümüzə gətirib çıxardılar. Onlar ikinci Qarabağ savaşındakı qələbəmiz üçün öz balalarını, övladlarını da Vətənə əmanət etdilər”.

Tanınmış rejissor Azərbaycan kinosunun bugünkü durumundan da danışıb. “Azərbaycan kinosunun bu günkü vəziyyəti sizi qane edirmi?” – sualına Mirsadıq Ağazadənin cavabı birmənalı olub:

“Əgər biz dünya kinosuna inteqrasiya etməyi bacarsaq, o zaman kinomuzun durumu bizi qane edər. Hazırda kinomuzun durumu məni qane etmir. İndi yeni qurum yaranır, ARKA... Azərbaycan Respublikası Kino Agentliyindən gözləntilərimiz çoxdur. Bu qurum kinomuzun gələcəyi ilə bağlı böyük üfüqlər aça bilər. Ən azından kinomuz bir az müstəqil olar. Eyni zamanda, Avropa və dünya kinosuna da bizim inteqrasiyamız başlayar. O zaman kinomuzun durumu bizi qane edə bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm