Türk aktrisadan etiraf: “24 saatlıq ərə getdim”
Bizi izləyin

Bilgi.az

Türk aktrisadan etiraf: “24 saatlıq ərə getdim”

Publika.az aktrisa və model Özge Ulusoyun Ayşe Armana verdiyi müsahibəni təqdim edir. O, Azərbaycan tamaşaçısına "Möhtəşəm Yüzil" serialından tanışdır.

- Kişilərin heyran qaldığı birisiniz. Bu xoşunuza gəlirmi?
-
Həm də necə, bəyənilmək çox möhtəşəm hissdir.


- Nə yaxşı, söhbəti dəyişmədən söyləyirsiniz. Bir çox qadın "Ağlımı və bacarığımı bəyənmələri daha əhəmiyyətlidir, gözəllik keçicidir" və s. deyib qeyri-səmimi davranırlar…
-
Vallah, mən modeləm. İşim gözəlliklə bağlıdır. Təbii ki, insanların məni gözəl kimi qəbul etmələrindən xoşum gəlir. Üstəlik, sadəcə, gözəl olduğum üçün deyil, səmimi olduğum üçün də məni bəyənirlər.



- Özümüzə güvənimiz də var!
-
Var, var. Bir də kişilər bu ölkədə gözəl və maraqlı qadın tipinə alışmayıblar. Mən beləyəm. Bütün dostlarımı güldürə bilirəm. Zarafatcılam, özümlə də, başqaları ilə də lağlağı edə bilirəm. Ciddi və qaraqabaq olmuram, kaprizli deyiləm, yolagedənəm. İngilis dilində "easy going" (adamayovuşan – red.) deyildiyi kimi…


- Bu çox yaxşıdır ki!
-
Həqiqətən, beləyəm. Moda nümayişi üçün 40 ölçülü ayaqqabı gəlir, hamı təşvişə düşür, mənim ayağım 38 ölçülü olsa da, "Təlaşlanmayın! Gətirin, mən geyərəm" deyirəm. Ucuna pambıq tıxayıb podiuma çıxıram.

- "Survivor"da da çox üzüyola idiniz…
- Bəli. Acun belə "Yeganə şikayət etməyən Özge idi"dedi.


- Bir də deyəsən, dostlarınız sizi dəcəl və çılğın qız kimi tanıyırlar. Eləsiniz?
- Bir az eləyəm. Əqrəb bürcündənəm, amma bir az dəyişkənəm. "Survivor"dan sonra hər ağızdan bir səs çıxdı. Biri sinəmə söz atıb, "bunlar silikondur" dedi, başqası "dəlisən, görmürsən sallanırlar?" söylədi.



- Həqiqətən, silikondur?
- Elə şey olar? Anamın və böyük bacımın sinəsinə baxsınlar. Ailəliklə sinəmiz olduqca böyükdür.

- Sizcə, digər modellərdən fərqiniz nədir?
- Bax beləyəm. Olduğum kimiyəm, özümü yuxarıdan aparmıram. Səhnə arxasında qəribə şeylər olur. Çantasını köməkçilərinə daşıtdıranlar var. Özlərini bir şey zənn edənlər, göylə gedənlər… Ancaq mən tanış olduğum insanlara ünvanı nə olursa-olsun kübar yanaşıram, "sizli"-"biz"li danışıram. Təbii ki, bu, bir az da ailə tərbiyəsindən qaynaqlanır.



- Həyatda nəyə nail olmaq istəyirsiniz? Uğurlu evlilik, yoxsa möhtəşəm karyera?
-
Mən xoşbəxt olmaq istəyirəm.


- "Xoşbəxt olmaq istəyirəm"in içərisini necə doldurursunuz?
- Sağlam olmaq, ailəm və sevdiklərimlə birlikdə olmaq istəyirəm. Bir adamla "biz" olmadan öncə "mən" ola bilmək istəyirəm. Uğur qazanmaq istəyirəm. Bunun üçün də doğru addımlar atdığımı düşünürəm. Yolda anamı saxlayıb "Nə şirin qız böyütmüsünüz!" deyirlər. Seksual qadın kimi qəbul olunuram, ancaq xanım-xatın duruşum da var. İkisinin sinteziyəm. Ona görə də "ailənin seksual qızı" elan olunmuşam.

- "Survivor"da iştirak etməyinizin əsas səbəbi nə idi?
- Məni "24 saat evli qalan qız" kimi tanıyırdılar, istədim ki, həqiqi "mən"imi görsünlər. Getməmişdən öncə, təbii ki, qorxdum. Dostuma "Birdən səfeh bir şey söyləsəm..." dedim. "Sən səfehsən?" soruşdu. "Yox" cavab verdim. "Onda səfehləməzsən" dedi. Bundan sonra yola çıxdım…

- Uşaqlıqda nəyin arzusunda idiniz?
- Balerina olmaq istəyirdim. Uşaqlığım baletlə keçdi. Konki sürmədim, velosipedə minmədim. Balet ucbatından bir çox şeydən məhrum oldum. Ankarada doğulub orada böyümüşəm. İbtidai məktəbdən sonra konservatoriyaya daxil oldum. Universitetin üçüncü ilində Mimar Sinan Universitetinə keçdim. Bir kurs yuxarıya keçirdilər, çünki çalışqan tələbə idim. Universiteti erkən bitirdim. Ancaq bitirdiyim il zədələndim.

- Çox pis…
-
Bəli. Rəqs edərkən diz qapağım tərəf müqabilimin dizinə dəyərək yerindən çıxdı, ayağım burxuldu. Baletə geri dönə bilərdim, ancaq bu dəfə fobiya yarandı məndə. Bir də olacaq deyə qorxdum. Haqlı çıxdım, rəqs etmədiyim halda bu təkrarlandı, yenə zədələndim.

- İndi də Acunun "Yok Böyle Dans" proqramnda iştirak edirsiniz…
-
Bəli. Risklidir, ancaq diqqətli olacağam. Bu, mənim üçün bir imtahandır. 11-12 ildir rəqs eləmirəm. Çətin olacaq, ancaq çox istəyirəm. Həyəcanla gözləyirəm.


- Balerina olmağınızı ailənizdə kim daha çox arzulayırdı – ananız, ya atanız?
-
Atam... Atam çox istəyirdi. "Ailədə memar var, mühəndis var, vəkil var, bir sənətçi də olsun" dedi. Atamın dəstəyi ilə başladım. Bir də böyük bacım var. Bahçeşehir Universitetində dosentdir. Radio, televiziya və kino fakültəsinin məzunudur. Uzun müddət birlikdə yaşamışıq. Çox yaxşı yola gedirik.


- O da sizin kimi gözəldir?
-
Gözəl də sözdür! Uşaqkən bacım kimi olmaq istərdim. Sarışın, mavi gözlü. Çox populyar idi. Anam da sarışındır və yaşıl gözləri var. Atam əsmərdir. Mən atamın rəngini, anamın üz xətlərini daşıyıram. Bacımsa, əksinə. Gözəl olan o idi. Mən universitetin birinci kursuna qədər görüş təklifi almamışam. Çirkin ördək balası idim. Rəfiqələrim sevgili dəyişdirərkən, mən sinfin uzun, sısqa və qalın qaşlı tək qızı idim. Universitetdə dəyişdim, özümə baxmağa başladım. Ancaq o vaxtlara qədər gözəllik deyəndə mənim adım çəkilmirdi.

- Çox gözəl olduğunun fərqində olan qızlarda şahzadə ab-havası vardı…
- Bax o məndə yoxdur. Mən də özümü gözəl sayıram, ancaq "Allahım nə qədər gözələm. Yaşasın!" ab-havası yoxdur məndə. Gözəlliyin yetmədiyini, çox iş görməli olduğumu bilirəm. Necə ki universiteti qurtardıqdan sonra bir il fasilə verdim. Yenə modellik və manikenlik edərkən "Yeditepe"də iki il sənətşünaslıq oxudum. İndi də magistrlik oxumaq istəyirəm...

- Anan və atan necə adamdırlar?
- Atam hərbçi olsa da, çox mülayim və yola gedən adamdır. Onunku odur, qəzetini oxuyub, siyasət proqramlarını izləsin… Anam isə təşkilatçıdır. Hər şeyi o təşkil edir, evdə söz sahibi odur. Ancaq təbii ki, ən son anda hər cür qərar üçün ataya müraciət olunur. Öz havalarında olan şirin insanlardır. Anam çox gözəldir, sarışın bir Bo Derek.

- Şou biznes tarixinə "24 saatlıq evlilik yaşayan qız" kimi düşdünüz. Valideynləriniz də məsələyə qarışdı…
-
Bəli. Sağ olsunlar, gəlib müdaxilə etdilər. Anam və atam məni bu dünyada ən yaxşı tanıyan insanlardır. Xəta etdiyimi bildikləri üçün elə davrandılar.

- Aşiq oldunuz, yoxsa?.. Nə məsələydi? Aşiq olanda insanın ağlı başından gedir axı…
-
Eşq filan deyildi. Çox üzgün vaxtlarım idi. Özümü kədərli və vurulmuş kimi hiss edirdim. Bir anda elə bir hadisə gəldi başıma.

- Valideynlərinizin qarışması "Qızımız sarsaqladı" mənasına gəlirdimi?

- Bəli. Gəldilər, məsələyə müdaxilə etdilər. Yaxşı ki, məni qurtardılar.


- Heç utandınız? "Vay, valideynlərim də qarışdı məsələyə, rüsvay olduq" dedinizmi?
-
Yox, elə şey olar? Əslində, valideynlərimin işə qarışması xoşuma gəldi. "Mənim gözəl ailəm var, arxamdadırlar" kimi hiss etdim. Onsuz da elədirlər, dünyada arxamda yalnız ailəm var.

- Dönüb geri baxarkən nə deyirsiniz? "Həyatımın ən böyük xətası"?
- Yox. "Hamının başına gələ bilər" deyirəm. Bir anlıq duyğusal boşluğa düşəndə nələr olmur ki? Utanıb eləmirəm. Həyatımdakı hər şeyi qəbul edirəm.

- Ancaq insan bir şey hiss etməsə, evlənməz. Deməli, hissləriniz olub...

- Təbii. O an tam nə hiss etdiyimi, nə düşündüyümü, inan ki, xatırlamıram belə.

- 30 yaşa gəlincə biz qadınlar evlənmə təlaşına qapılırıq. Bəlkə də, elə bir şey olub...
-
Möhkəm ailəm var. Mən də hər zaman ayaqlarımın üzərində duran qız olmuşam. Daim xəyalı göylərdə uçan tip deyiləm. Ancaq o vaxt uzun müddət birlikdə olduğum birindən ayrılmışdım. Üzgün idim. Başımı itirmişdim. Özümü boşluqda hiss edirdim. İndi düşünürəm ki, bəlkə də, birinin mənə sahib çıxmasını istədim. Məsələ sevgi və ya eşqdə deyildi, birinin mənə dəstək çıxıb yanımda olmasını istədim...

- Evlənmək niyə, sevgili ola bilərdiniz...
-
Bilmirəm. Bir anda iş o nöqtəyə gəldi və olan oldu.

- Daha öncəki sevgilinizdən ayrıldınız və özünüzü məscid həyətinə atılmış kimi hiss etdiniz?
-
Gözləmədiyim bir vaxtda gözləmədiyim ayrılıq yaşadım. Bu, məni bir az boşluğa sürüklədi. Mən insanlara lazım olandan artıq güvənirəm. Hamını özüm kimi bilirəm. Son vaxtlarda verdiyim ən böyük qərar budur: artıq bəzi şeyləri ölçüb-biçmək istəyirəm. Elə o saat güvənmək istəmirəm. Düzdür, belədə mənfəətpərəst qadın oluram, onda da özüm olmuram. Ancaq yenə də bir az diqqətli olacağam. Xüsusən də eşq məsələsində…


- Uzun sevgili münasibəti yaşadığınız adam İlker İnanoğlu idi?
- Bəli.

- Bitməsi üçün xüsusi bir səbəb var idi?
- Yox idi. Sadəcə, vaxtı çatmışdı.

- Bir-birinizdən bezdiniz?
- Çox uzun sürdü münasibətimiz. Çox da yaxşı başa düşürdük bir-birimizi. Ancaq dediyim kimi, vaxtı çatmışdı, nə olmalıydısa, oldu.

- Ayrılmaq istəyən o idi?
- Yox. Birlikdə qərar verdik.


- O sizin yaşadığınız ən böyük eşq macərası idi?
-
Mən insanın həyatda yalnız bir dəfə aşiq ola biləcəyinə inanmıram. Həyatın boyu bir çoxuna, fərqli şəkillərdə aşiq olub sevə bilərsən. Ancaq bəli, böyük eşq idi. Çünki çox yaxşı anlayırdıq bir-birimizi. Mənim üçün aşiq olduğum adam həm də danışa biləcəyim, birlikdə bəzi hisslərimi bölüşəcəyim insan deməkdir. O vaxtlar da demişdim: "Sevgilimdən ayrıldığım vaxt ən yaxın dostumu da itirmiş oldum!".

- Oldunuz ancaq siz də 5 yaşında deyilsiniz! O 24 saatlıq nikaha ananızla atanızın mütləq müdaxilə etməsi lazım idi?
-
Etməsəydilər də, yenə eyni şey olacaqdı. Ertəsi gün yuxudan oyananda özümə "bunu necə etdin, Özge?!" dedim.

- Ailəniz qəzetdən öyrənib gəldi?
- Kimsə bacıma demişdi, o da ailəmə xəbər vermişdi.



- Ananızın "Gəlinlik yerinə kəfənini geyin!" deməsi doğrudurmu?
-
Yox, canım, jurnalistlər uydurublar. Atamın məni döydüyü də yalandır. Atamı görsəniz, bunun mümkün olmayacağını anlayarsınız. Onlar gəlib məni pambığa sarıyıb, o bəladan çıxardılar.

- Evləndiyiniz adam nə dedi?
-
Onun haqqında heç danışmaq istəmirəm. Məhkəməmiz hələ davam edir …

- Oteldə döyülmə hadisəsi, boğazınıza yapışmalar…
-
Bunlar doğrudur. Ona görə məhkəmə davam edir.

- Sizi biriylə əlbəyaxa təsəvvür edə bilmirəm. Elə bir tip deyilsiniz. Sanki hər şeyi şirin-şirin həll edərsiniz…
-
Bəzi insanlarla olmur.


- Bəs, bu 24 saatlıq evliliyin karyeranıza zərər vurmadığını düşünürsünüz?
-
Bəli, elə düşünürəm. Çünki mən pis qəlbli biri deyiləm. Bu hadisədən sonra "özünü reklam etdi" dedilər. Karyerama baxdığınız zaman belə biri olmadığımı anlayarsınız. Mən bəhs olunan həmin adam da daxil olmaqla, heç kimə pislik etmək istəmədim. Bunlar yaşandı və bitdi. O hadisədən sonra "Survivor" gəldi. Ora gedib özümü ifadə etmək istədim. Bunda da məqsədimə çatdığımı düşünürəm. İndi insanlar məni 24 saatlıq evliliklə deyil, "Survivor"la xatırlayırlar.

- İndilərdə Hacı Sabancı ilə sevgilisiniz?
- Yox, sadəcə dostuq. Bu söz lap şablon oldu, ancaq həqiqətən elədir. Onsuz da əsgərliyə gedir.

- Deyək ki, bir adamı sevirsiniz, münasibətdə olmaq üçün nə qədər gözləməlisiniz? Belə qaydalarınız var? Ürəyiniz istəyir, ancaq hökmən bir həftə, iki həftə, bir ay keçməlidir…
- Belə qaydalarım var. Çünki mənimlə məni heç tanımayan insanlar belə orada-burada mənimlə birlikdə olduqlarını iddia edə bilirlər. Bu qədər diqqətli olmağıma baxmayaraq, belə dedi-qodular olursa, diqqətli olmasam, görün nələr olar. Yəni tabularım var.

- Ancaq tanımadığınız bir adamla düşünmədən evlənib, 24 saat evli qaldınız. Bu da tabuların olmadığını göstərir.
-
Elə ailəm də buna təəccübləndi. Çünki dəlisov xarakterdə olan bacımdır. İstanbula gəldiyim vaxt "Özge bacısına sahib çıxar" demişdilər. Mən belə addım atanda ailədəki "məntiqli qız" imicim yerlə bir oldu. İndi çox təmkinlidirlər. Anam həmişə zəng edib, "Özge, haradasan, kiminləsən?" deyə maraqlanır. Ancaq artıq nə onları, nə də özümü təəccübləndirəcək bir şey edərəm.

- Əslində, sizin başınıza gələn hadisəni oxuyanda biz də bir çox şeyi eyni vaxtda yaşadıq. Həm üzüldük, həm acıdıq, həm əyləndik, həm təəccübləndik , həm də "Allah bizim uşağımızın başına gətirməsin" dedik…

- Bəli, o dövrü çətinliklə arxada qoydum. Allah həqiqətən heç kimin başına gətirməsin…

- Onu bir də gördünüzmü?
- Yox, heç qarşılaşmadıq.

- Ancaq onunla münasibətiniz var idi, deyilmi?
-
Yox. Qəflətən evləndim. Biz görüşmürdük də. Ora moda nümayişinə getmişdim, o da dostları ilə gəlmişdi. Olanlar bir anda cərəyan etdi…


- Onda heç onunla yatmamısınız…
-
Təbii ki, yox! Mən anamgildə qaldım o axşam. Onları məni götürüb otellərinə apardılar.

- Sərxoş idiniz?
- Yox.


- Yanınızdakılar "Evlənin!" deyirdilər?
-
Bəli. Məni çox yaxşı tanıyan bir dostum var, o yanımda yox idi. Mənə sən "Sən 24 saatlığa evlənmədin, 24 saatlığa başına hava gəldi" dedi. Həqiqətən elə idi, sonra özümə gəldim.



- Gözəllik yarışmaları ilə bağlı kompleksiniz də yoxdur. Həmişə bəzi iştirakçılar "qoşuldum, ancaq əslində, mən istəmirdim, dostum şəklimi göndəribmiş" deyə danışırlar…
-
Mənə də bacım təkid etdi. Ancaq heç kim başqasını məcbur edə bilməz. Mən "Elite Model" yarışmasına qoşuldum, üçüncü oldum. Sonra "Miss Turkey"də iştirak etdim. Niyə buna xor baxdıqlarını anlamıram. Türkiyə gözəli olmaq qürur verən bir şeydir.


- Belə gözəl olmağınızın sirri nədir? Yemirsiniz?
- Yeyirəm.

- Quruluşunuz belədir?
- Kaş ki. Çox yediyim vaxt kökəlirəm. Çox şanslı dostlarım var. Yeyirlər, ancaq kökəlmirlər. Mən onlardan deyiləm. Anam bosniyalıdır. Biz yedikcə kökəlirik. Ancaq anam da həmişə çəkisinə diqqət yetirən bir qadındır. Mən də hər şeydən yeyirəm, amma az yediyim üçün belə qalıram.


- Eşq acısı yaşadınızmı?
- Yaşamışam.



- Buna səbəb olan adamlarla qarşılaşdığınız vaxt nə edirsiniz?
- Nə edəcəyəm? Salamlaşıram. Hər şeyin dərmanı zamandır. Hər şey zamanla unudulur. Mən kin saxlayan biri deyiləm.


- Bazar günləri necə keçir?
- Səhərləri yataqda. Baş ucumda kitablarım, əlimdə qəzetim, "ipad"ım… Tək yaşayıram. Ancaq bu, heç xoşuma gəlmir. Bir müddət evdə təkbaşına vaxt keçirdikdən sonra bacımın yanına gedirəm, məndən bir küçə yuxarıda yaşayır. Bacım uşaqları da gəlirlər. Hamımız Nişantaşındayıq. Mən dostcanlıyam. İstəyirəm ki, həmişə çevrəmdə insanlar olsun.


- Ən pis xüsusiyyətin nədir?
- Olduqca səbirsizəm. Hər şeyin tez bir zamanda olmasını istəyirəm. Hər yerə vaxtından əvvəl gedirəm.

- Bir adamda ən çox sevmədiyiniz şey nədir?
- Eqoistlik. Çünki mən belə deyiləm. Hər şeyi bölüşürəm. Səxavətliyəm, pulum olsun, hərəyə bir şey alıram.

- Kişilər sizə bahalı hədiyyələr alır?
- Heç almayıblar. Heç… Qıraqdan baxanda elə görünür ki, imkanlı ailələrin uşaqları ilə münasibətim var. Ancaq elə şey heç olmadı. Bəlkə də, narahat olacağımı düşünürlər. Misal üçün dünən özümə "ipad" aldım.

- Bu qara "Chanel" çanta da gözəldir…
- Onu da mən aldım.


- Yaşadığınız ev?
- Anamgil aldı.


- Pul qazandıqda…
- Təkrar ev almaq istəyirəm. Pulumu daşınmaz əmlaka yatıracağam.

- Kişilərin təsirinə tez düşürsünüz? Güvənib arxalarınca gedirsiniz?
- Bəli. Ancaq öz həyatımı kənarda tuturam, indiyədək heç bir sevgilim mənə işimlə bağlı "bunu etmə, ora getmə" deməyib. Çünki doğru şeyləri seçirəm.

- Sevgililəriniz sizi qısqandılarmı?
- Təəssüf ki, özümü ağıllı aparmağıma baxmayaraq, qısqandılar. Halbuki, həyatımda biri olan vaxt o qədər sevir və bağlanıram ki, gözümün başqa nəyisə, kimisə görməsi mümkün deyil.

- Çoxmu sevgiliniz oldu?
- Yox, olmadı. Ancaq mənimlə münasibəti olduğunu söyləyən çox sayda insan var. "Survivor"dan sonra kimlə sevgili olacağım, hətta kimlə yatağa girəcəyimlə maraqlanırdılar. Sağda-solda belə şeylər yazırlar, mən gülüb keçirəm. Hesab verəcəyim anamla atamdır. Başqa kimsəm yoxdur. İstəyən istədiyini söyləsin.

Çevirdi: Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm