"Əlillər binası"nda şok: qadının intim görüntülərini çəkdi, tələb etdi ki... - Təfərrüat
Bizi izləyin

Kriminal

"Əlillər binası"nda şok: qadının intim görüntülərini çəkdi, tələb etdi ki... - Təfərrüat

Abşeron rayonunda 1982-ci il təvəllüdlü Fikrət qeyri-rəsmi münasibətdə olduğu Fəridəni seksual xarakterli hərəkətlərə məcbur etməkdə ittiham olunub.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Fikrət 2020-ci ilin yay aylarından 2021-ci ilin dekabr ayınadək olan müddətdə Abşeron rayonu Xırdalan şəhərində, "Əlillər binası”nda kirayə yaşadığı mənzildə onunla qeyri-rəsmi münasibətdə olan Fəridə ilə birgə yaşadıqları dövrdə çılpaq foto-şəkillərini və intim münasibətdə olduqlarına işarə edən birgə fotoşəkillərini mobil telefonu vasitəsilə çəkərək saxlayıb.

Aralarında tez-tez mübahisələr yaranması səbəbindən 2021-ci ilin dekabrında Fəridə Fikrətdən ayrılmağı, əlaqələrinin kəsilməsini istəyib.

Fikrət ondan asılı vəziyyətə düşmüş Fəridəyə davamlı olaraq vatsap vasitəsilə zəng edərək, mesaj yazaraq və səs göndərərək onunla yenidən görüşməyəcəyi, cinsi əlaqəyə girməyəcəyi halda birlikdə yaşadıqları müddətdə mobil telefonu vasitəsilə çəkdiyi fotoşəkilləri sosial şəbəkədə yayacağını, eləcə də yaxın qohumlarının mobil telefonlarına göndərəcəyini bildirib.

Fikrət Fəridənin onun bu sözlərinə əhəmiyyət vermədiyini görüb. Həmin fotoşəkilləri Fəridənin bacısının qızı Vüsaləyə, bacısı Xumara və qardaşı Musaya göndərib.

Daha sonra Fəridəni onunla yenidən görüşməyəcəyi və cinsi əlaqəyə girməyəcəyi halda fotogörüntüləri digər yaxın qohumlarının, keçmiş həyat yoldaşı və onun qohumlarının da mobil telefonlarına göndərəcəyi ilə hədələyib.

Fikrət bu hədə-qorxu ilə davamlı şəkildə 2021-ci ilin dekabrından 2023-cü ilədək Fəridəni kirayədə yaşadığı həmin mənzilə və görüşə çağırıb.

Orada Fəridənin ondan asılılığından istifadə etməklə cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur edib.

“Ayrılmaq istəmədiyimi bildirdim”

İstintaq orqanı tərəfindən Fikrətin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fikrət ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Laçın rayonu, Şamkənd ərazi dairəsində qeydiyyatda olmaqla Binəqədi rayonu, Xocəsən qəsəbəsi, yeni məhəllədə tək kirayədə yaşayır: “Fəridə ilə təxminən 3 il olar qeyri-rəsmi birlikdə yaşamışıq. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızda mübahisələr oldu.

Təxminən 8-9 ay əvvəl Fəridəyə işləmək üçün Almaniyaya gedəcəyimi bildirdim. Buna görə onun evimdən birdəfəlik getməsini istədim. Təxminən 3 ay Almaniyada qaldım. Həbs olunmamışdan 6-7 ay Bakı şəhərinə qayıtdım. Fəridə məndən ayrılmaq istədiyini desə də, mən ayrılmaq istəmədiyimi bildirdim”.

“Videogörüntüləri ilə hədələməmişəm”

Təqsirləndirilən şəxs bildirib ki, sonrakı günlərdə Fəridə onunla görüşməkdən imtina etdiyinə görə mobil telefon danışığı zamanı aralarında yenə də söz-söhbətlər yaranıb: “Əvvəllər Fəridə ilə bir yerdə yaşayarkən öz razılığı ilə birlikdə olduğumuz şəkilləri mobil telefonuma çəkmişdim. O məndən ayrılmaq istədikdə isə əvvəllər çəkdiyim şəkilləri onun mobil telefonuna göndərdim. Bu şəkillərin bizim xatirəmiz olduğunu, onu çox istədiyimi bildirdim.

Ona görə xahiş etdim ki, mənimlə görüşə gəlsin. Təxminən həbs olunmamışdan 15 gün əvvəl Fəridə ilə Xırdalan şəhərində, Heydər Əliyev parkında görüşdük. Bir-birimiz ilə sevgi münasibətlərimizi davam etdirməyə razılaşdıq.

Fəridəyə mənimlə sevgi münasibətlərini davam etdirməsə, foto və video-görüntülərini yaxın qohumlarına göndərəcəyim ilə hədələməmişəm. Onun çılpaq fotoşəkillərini çəksəm də, intim əlaqələrimizi çəkməmişəm. Fəridənin çılpaq şəkillərini çəkməyimdən özünün xəbəri olub”.

“Ayrılmaq istəyəndə hədələməyə başladı”

İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, Salyan rayonunun kəndində qeydiyyatda olmaqla Xırdalanda övladları ilə birlikdə kirayədə yaşayır: “2017-ci ildə həyat yoldaşımdan boşanmışam. 2020-ci ilin yay aylarında Fikrətlə Xırdalan şəhərində tanış olmuşuq. Aramızda sevgi münasibətlərimiz yarandı.

Fikrət ilk tanışlığımızda boşandığını bildirirərək birlikdə ailə kimi yaşamağı təklif etdi. Mən əvvəlcə razılaşsam da, sonradan onunla ailə kimi deyil, sevgili kimi münasibət saxladım. Ona görə mütəmadi olaraq Fikrətin Xırdalan şəhərində "Əlillər binası"nda kirayə tutduğu evdə görüşmüşəm.

Münasibətlərimiz təxminən 1 il yaxşı olsa da, sonradan məni qısqandığına görə mütəmadi mübahisələr etməyə başladıq. Bu səbəbdən ondan ayrılmaq qərarına gəldim. Fikrətdən yavaş-yavaş uzaqlaşarkən məni hədələməyə başladı”.

“Əhəmiyyət vermədim”

Zərərçəkmiş qeyd edib ki, Fikrət 2021-ci ilin təxminən dekabrından etibarən ondan qəti olaraq ayrılmaq istədiyini, ona görə də onunla görüşməkdən imtina etdiyini başa düşüb: “Həmin ərəfədə mənə zənglər edərək, vatsapda mesajlar yazaraq, onda intim foto və video görüntülərimin olduğunu, həmin intim görünütüləri həmişə görüşdüyümüz mənzildə öz mobil telefonu ilə gizlin çəkərək mobil telefonunda saxladığını, hətta həmin foto və video-görüntüləri fləş karta köçürdərək saxladığını bildirdi.

Bildirdi ki, münasibəti yaxşı olan vaxtlarda mənimlə vatsap xidməti ilə görüntülü danışarkən çılpaq vəziyyətdə bədənimin müxtəlif yerlərini çəkərək telefonunda saxlayıb.

Bütün bunlar barədə məlumat verərək onunla görüşmək üçün gəlməyimi tələb etdi. Görüşə gəlməyəcəyim halda həmin fotoşəkillərimi və video-görüntülərimi yaxın qohumlarıma, keçmiş həyat yoldaşıma, həmçinin keçmiş həyat yoldaşımın ailə üzvlərinə göndərəcəyi ilə hədələməyə başladı.

Əvvəlcə Fikrətin dediklərinə, yəni onun hər hansı bir çılpaq foto şəkillərimi və intim videolarımı gizlincə çəkməsinə inanmadım. Buna görə ona əhəmiyyət vermədim, ondan uzaq durdum”.

“Həzz aldığını söylədi”

Fəridənin sözlərinə görə, daha sonra Fikrət ciddi olduğunu və dediklərini sübut etmək üçün onu görüşə dəvət edib: “Fikrətlə həmin mənzildə sadəcə söhbət etmək, bu məsələyə aydınlıq gətirmək məqsədilə görüşdük. Mobil telefonundakı fotoşəkillərimizi və intim əlaqədə olduğumuz video-görüntüləri, eləcə də görüntülü danışdıqda xəbərim olmadan həmin anın görüntülərini şəkil formatında skrin edərək çəkdiyini, öz mobil telefonunun yaddaşında gizlincə saxladığı çılpaq şəkilləri mənə göstərdi.

Həmin foto və video-görüntüləri nə məqsədlə gizlin şəkildə çəkdiyini soruşdum. Fikrət şəkillərə və görüntülərə baxaraq həzz aldığını söylədi”.

“Məcbur cinsi əlaqədə olmuşam”

Zərərçəkmiş bildirib ki, bundan sonra Fikrətin onun gizli video, fotolarını çəkməsindən bərk qəzəblənib, onunla bir daha görüşməyəcəyini bildirib, həmin evdən çıxaraq gedib:

“Fikrət yenə də məndən əl çəkmədi, görüşməyimizi, cinsi əlaqədə olmağımızı, onunla görüşərək ehtiraslarını soyutmağımı tələb etdi. Əks halda gizlincə çəkdiyi şəkillərimi və intim video-görüntülərimi sosial şəbəkədə yayacağı, yaxın qohumlarımın mobil telefonlarına göndərəcəyi ilə hədələməyə başladı.

Fikrətin mobil telefonunda çılpaq halda fotoşəkillərimin və intim əlaqədə olduğum video-görüntülərimin olduğunu öz gözlərim ilə gördüyü üçün, bu şəkilləri və videoları yayacağından ehtiyat edərək onunla görüşməyi davam etdirməyə məcbur oldum. Ona görə də 2022-ci ilin təxminən oktyabr-noyabr ayınadək Fikrətlə onun istədiyi vaxtlarda görüşərək cinsi əlaqədə olmuşam”.

“Əl çəkmədiyini gördüm”

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin təxminən oktyabr-noyabr ayında yenə də söz-söhbət yarandığına görə ayrılıblar və Fikrət işləmək məqsədilə Almaniyaya gedib: “Almaniyadan da mənə zəng etməyə başladı. Zənglərinə cavab vermədim. Amma dəfələrlə zəng edərək, mesaj yazaraq onda olan çılpaq fotoşəkillərimi və intim əlaqələrimizin video-görüntülərini yayacağı ilə hədələdi. Məndən telefon zənglərinə cavab verməyimi tələb etdi. Yenə də ona əhəmiyyət vermədim.

Sonradan çılpaq fotoşəkillərimi və intim əlaqələrimizin video-görüntüsünü bacımın qızına, bacıma göndərdiyindən xəbər tutdum.

Fikrət qohumlarıma zəng edərək məndən əl çəkmədiyini gördüm. Buna görə onun telefon zənglərinə cavab verdim. Biz bir müddət telefon vasitəsilə danışdıq”.

“Tədbir görülməsini xahiş etdim”

Fəridənin sözlərinə görə, 2023-cü ilin təxminən mart ayında Fikrət Almaniyadan geri qayıdıb: “Fikrət yenə də görüşməyi, onunla cinsi əlaqədə olmağı tələb etdi. Əks halda başqa fotoşəkillərimi və intim videolarımı sosial şəbəkədə yayacağı, qohumlarıma göndərəcəyi ilə hədələdi. Bu hərəkətləri ilə məni cinsi əlaqədə olmağa məcbur etdi. Məcbur qalaraq ilk öncə Abşeron Rayon Prokurorluğuna, daha sonra da Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim. Fikrətin barəsində müvafiq qanuni tədbir görülməsini xahiş etdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fikrət 2 ay 4 gün müddətində islah işləri cəzasına məhkum edilib.

Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm