Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... - ŞOK
Bizi izləyin

Kriminal

Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... - ŞOK

Sabirabad rayonunda 1998-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan münaqişə nəticəsində əmisi oğlu Rəmişi (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Məmməd Sabirabad rayonunun kəndində, kanal kənarında əmisi oğlu Rəmişin bir neçə dəfə ona anasının əxlaqsız olmasını bildirməsindən əsəbiləşib.

Kanalın qırağında və beton pilitələrin yanında Rəmişin baş və bədənin müxtəlif nahiyələrinə yumruq, təpik və ağac parçası ilə zərbələr vurub. Onları yanlarında olan həmkəndilləri aralaşdırıb.

Məmməd yaşadığı evə gedib. Lakin Rəmiş sakitləşməyib, Məmmədin və ailəsinin ünvanına nalayiq sözlər deyə-deyə onun yaşadığı evin həyətinə gəlib. Onların arasında mübahisə yenidən qızışıb.

Məmməd həyətdəki çardağın altında, qoyun qəhəlinin hasarı üzərindən götürdüyü bıçaqla Rəmişə zərbələr vurub. Rəmiş aldığı xəsarətlərdən vəfat edib.

“Anamın ünvanına nalayiq ifadələr işlətdi”

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, evlərindən təxminən 40-50 metr aralıdan keçən su kanalının yaxınlığında oturub siqaret çəkərkən həmkəndlisi və qohumu Rəmiş sərxoş vəziyyətdə yanına gəlib:

“Rəmiş anamın ünvanına nalayiq ifadələr işlətdi. Buna görə aramızda mübahisə yarandı, əlbəyaxa olub bir-birimizi vurduq. Həmin vaxt orada olan Səlim və Vüqar bizi araladılar. Mən qaçaraq yaşadığım evin həyətinə getdim. Rəmişin atası Bahadur da oraya gəldi və oğlunu sakitləşdirməyə çalışdı.

Lakin Rəmiş paltarlarını əynindən çıxarmağa başlayaraq qışqıra-qışqıra başıma oyun açacağını bildirdi. Yaşadığım evin həyətinə doğru qaçdı. Həyətə girib üzərimə gəldi. Onun ardınca atası Bahadur da həyətə daxil oldu”.

“Dedim, yaxın gəlsən, vuracam, məni dinləmədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, qoyun qəhərlnin yanında siqaret çəkdiyi yerdə Rəmiş hər iki əli ilə onun yaxasından yapışıb, onu təhqir edərək öldürəcəyini deyib: “Yaxamdan tutub məni boğmaq istədi. Rəmişin bədənimin yuxarı hissəsində paltarı olmadığına görə ona müqavimət göstərməkdə çətinlik çəkdim. İmkan tapıb sifətindən iki yumruq vurdum.

Rəmişin atası Bahadur bu hadisələri görsə də, heç bir fiziki müdaxilə etmədi. Yalnız “Rəmiş, eləmə!” dedi. Amma Rəmiş buna məhəl qoymadı.

Mən Rəmişi itələyə-itələyə qoyun qəhəlinin hasarına sıxışdırdım. Hasarın üzərində olan bıçağı götürdüm, Rəmişə yaxınlaşmamağı, yoxsa onu bıçaqla vuracağımı dedim. O buna məhəl qoymadı, üzərimə gəldi. Sağ əlimdəki bıçaqla Rəmişin sol qoluna zərbə vurdum. Lakin o, yenə üzərimə gəldi. Yaxın gəlməməsini desəm də, məni dinləmədi, yenidən yaxamdan tutdu. Bu anda onu bıçaqla vurdum. Bıçaq səhv etmirəmsə sol qoltuqaltı hissəsinə dəydi. Zərbəsi qüvvətli olduğundan Rəmişin bədənini xeyli deşərək keçdi.

İkinci bıçaq zərbəsini endirdikdən sonra təxmiən 6-7 saniyə bir-birimizlə yaxalaşdıq. Rəmiş qəfildən yerə yıxıldı və hərəkətsiz qaldı. Bunu görəndə əlimdəki bıçağı Rəmişin yanına yerə atdım. Bizdən təxminən 3-5 metr aralıda olan Bahadur qışqıra-qışqıra yanımıza gəldi, məndən Rəmişi nə ilə vurduğumu soruşdu, bıçaqla vurduğumu dedim.

Bahadur Rəmişin yanında dayanıb qışqırmağa və ağlamağa başladı. Evə gedib ata-anama bu barədə məlumat verdim. Rəmiş atası və qohumları tərəfindən xəstəxanaya aparıldı. Təxminən 25-30 dəqiqə sonra evimizə polis əməkdaşları gəldi”.

“Oğlum əlimdən çıxıb qaçdı”

Cinayət işi üzrə zərərçəkmiş Rəmişin hüquqi varisi qismində ifadə verən atası Bahadurun sözlərinə görə, mərhum Rəmiş oğlu, təqsirləndirilən Məmməd isə əmisi nəvəsidir: “Hadisə günü axşam saatlarında evdə olarkən gəlinim Selcan məni yuxudan oyatdı, Rəmişin Məmmədlə dalaşdıqlarını dedi, gedib onları sakitləşdirməyimi istədi.

Çölə çıxıb kanala tərəf getdim. Ətraf qaranlıq olduğundan heç nə görə bilmədim. Sadəcə Səlim adlı qonşumuzun Rəmişi sakitləşdirmək istədiyini eşitdim.

Onlara yaxınlaşanda Rəmişin Məmmədgilə getmək istədiyini, lakin Səlimin buna imkan vermədiyini, yaxınlıqda Səlimin arvadının da olduğunu gördüm. Rəmişin əlindən tutub yaşadığımız evə aparmaq istəsəm də, o, təkidlə Məmmədgilə getmək istədiyini dedi. Sərxoş vəziyyətdə olduğuna görə ondan Məmmədlə mübahisəsinin səbəbini soruşa bilmədim.

Rəmiş qəfildən əlimdən çıxararaq Məmmədin yaşadığı evə tərəf qaçdı. Onun arxasınca getdim. Məmmədgilin evinin giriş qapısına çatanda onu həyətlərin ortasında dayanan gördüm”.

“Qışqıraraq ağladım”

Bahadur qeyd edib ki, Məmməd onları görüb qoyun qəhəlinin qarşısındakı bağın içərisinə doğru qaçıb: “Rəmiş bunu görüb qəhəlin qarşısında olan bağa keçdi. Mən də onun arxasınca bağa girdim. Həmin vaxt Rəmişin birbaşa bağa bitişik çardağın altına qaçdığını, Məmmədin isə həyətdəki mətbəx olan otaq tərəfdən surətlə oğluma doğru yüyürdüyünü gördüm.

Mən asta yerişlə çardağın altına tərəf getdim. Qaranlıq olduğundan Məmmədin əlində hər hansı əşya olduğuna diqqət yetirmədim. Çünki ağlıma iki gənc oğlanın sadəcə bir-biri ilə dava etməsi gəldi. Fikirləşdim ki, çatıb hər ikisinə bir şillə vuraraq onları ayıraram.

Çardağın altına doğru irəliləyərəkən Məmmədlə Rəmiş bir-biri ilə tutaşmışdı. Onlara çatmağa təxminən 3-5 metr məsafə qalanda Rəmiş qəfildən yerə yıxıldı. Məmməd mənim ona yaxınlaşdığımı görüb, hər hansı söz demədən dərhal qaçdı. Buna görə Məmməddən Rəmişi nə ilə vurduğunu soruşa bilmədim.

Yerdə böyrü üstə hərəkətsiz və uzanmış vəziyyətdə olan Rəmişi çağırdım, lakin cavab vermədi. Əlimdəki fanarın işığını yandırıb üzərinə tutanda əynindəki paltarın sinə nahiyəsində qan gördüm, nəfəsi də gəlmirdi. Buna görə Məmmədin Rəmişi bıçaqla vurduğunu başa düşdüm.

Gözümün qarşısında Rəmişin yerə yıxılması və ölməsi mənə çox pis təsir etdiyinə görə qışqıraraq ağladım. Səsimə Məmmədin anası, atası həyətə düşərək olduğum yerə gəldilər. Qonşunun avtomobili ilə onu Şirvan şəhər mərkəzi xəstəxanasına apardıq. Orada ilkin tibbi müayinə edən tibb işçisi oğlumun öldüyünü dedi”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Vəkil şikayətində onun əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib. Eyni tələblə zərərçəkmiş şəxsin hüquqi varisi də çıxış edib. Hüquqi varis şikayətində təqsirləndirilən şəxsin oğlunu qəsdən öldürmədiyini qeyd edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin müdafəçisinin şikayəti qismən təmin edilib.

Məmmədin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib. Onun cəzası 13 ilə endirilib.

Bu qərardan narazı qalan dövlət itithamçısı kasasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını tələb edib.

Təqsirləndirilən şəxsin vəkili və zərərçəkmiş şəxsin hüquqi varisi də kasasiya protesti verib. Onlar təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilməsini istəyiblər.

Ali Məhkəmənin qərarı ilə həm təqsirləndirilən şəxsin vəkilinin, həm də zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib.

Amma dövlət ittihamçısının protesti təmin edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, ağırlaşdırıcı halların müəyyən edilməsi üçün iş yenidən apellyasiya instansiyasına qaytarılıb.

Şirvan Apellyasiya Məhkəməsində yenidən bu iş üzrə araşdırma aparılıb və qərarlar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm