Duran “Qarabağ”dan getmirmiş, Qurban Qurbanov zorla satıb?
Bizi izləyin

Köşə

Duran “Qarabağ”dan getmirmiş, Qurban Qurbanov zorla satıb?

Duran “Qarabağ”dan getmirmiş, Qurban Qurbanov zorla satıb?

“Qarabağ”ın 12 illik möhtəşəm seriyası bitdi. Və camaatımız əlinə balta alıb asıb-kəsir Qurban Qurbanovu. İttiham bəllidir: futbolçuları satdığı üçün belə oldu.

Və ittihamlardan belə nəticə hasil olur ki, məsələn, Duran “Qarabağ”da qalmaq istəyirmiş, amma Qurban Qurbanov onu zorla satıb ki, pul qazansın.

Bilmirəm, yəqin ki, dünyada bütün azarkeşlər elə azərbaycanlılar kimidir, hansısa futbolçu satılanda baş məşqçini, klub rəhbərliyini ittiham edirlər.

Amma dünya futbolunun diktə etdiyi şərtlər tam başqadır. İndi heç bir futbolçunu klubda məcbur saxlamaq olmaz. Hər şey azarkeşlərin düşündüyü kimi deyil. Məsələn, “Qarabağ”la anlaşan futbolçu, böyük ehtimalla, belə bir bənd əlavə etdirir müqaviləyə: Daha güclü çempionatdan və ya da daha varlı klubdan təklif alsam, gedəcəm. Vəssalam, buraxmaya bilməzsən o futbolçunu.

Və yaxud da ki, indi futbolçuların müqavilələrində buraxılış kompensasiyası ilə bağlı bənd olur. Məsələn, yazılır ki, mənə görə 10 manat təklif edən olsa, gedəcəm.

“Barselona” Neymarı satmaq istəyirdi? Yox. PSJ onu “Barsa”nın əlindən məhz müqavilədəki bu bəndə görə aldı.

Və yaxud Rodrinin “Barselona”ya keçidini götürək. “Siti” ən yaxşı oyunçusunu, komandanın ürəyini pula görə satdı? “Siti”nin pulu yoxdur?

Elə deyil, müqavilədəki bəndlər işə düşür bu yerdə. Bir də Xulian Avlavres qalmaqalına baxın. 2030-cu ilə qədər müqaviləsi var “Atletiko” ilə. Amma israr edir ki, “Barselona”ya gedirəm. “Atletiko” da inad edib satmır. Satmaq istəyir, amma “Barselona”ya satmır. Artıq Alvares “Ateltiko” üçün yükdür. Böyük yükdür. Komandada qalsa, tam yarasız futbolçu olacaq. “Atletiko” ona ancaq yüksək məvacib ödəyəcək. Vəssalam.

Dünyanın futbolu bazarı belə idarə olunur, azərbaycanlı azarkeşlərin istəyinə tabe deyil. Heç Qurban Qurbanovun da istəyi nəyəsə yaramır. Məndən olsaydı, Yanukoviç də satılmalı idi. Yaxşı təklif almışdı, amma onu məhz Qurban Qurbanov buraxmadı. Oyununu görürük, demək olar ki, yarasızıdır. Bir komandada könülsüz qalmağın yaratdığı fəsaddır bu. “Seltik” kimi komandadan sanballı təklif alan Duranı saxlamaq mümkün deyildi. Getməliydi, getdi də.

Sistem budur. Bu bazarda sağ qalmaq üçün heç kimin tanımadığı Duranı almalı, tanıtmalı və satmalısan.

Olur, futbolçu olur ki, yaxşı təklif alsa da, komandada qalır. Məsələn, Zubir kimi. 3-4 il əvvəl böyük məbləğli təklif almışdı. Amma getmədi, özü də məhz Qurban Qurbanov amilinə görə getmədi “Qarabağ”dan. Ta bütün şirəsini bu komandaya verdikdən sonra getdi.

Əlinizdəki baltanı yerə qoyun. Qurban Qurbanov Duranı məcbur satmayıb. Dünyanın elə bir komandası yoxdur ki, eniş yaşamasın. 12 illik sabitliyi də hər komanda əldə edə bilmir. Bu sabitlik peşəkar işin bəhrəsi idi, öz-özünə alınmırdı.

Bir ildən sonra daha güclü “Qarabağ” qayıdacaq. Niyə? Çünki sistem var. Bu sistem inkişafı körükləyir. Onda baltanı gizlətməyə yer axtaracaqsınız. Qoyun yerə o baltanı, qan tökməyin.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm