Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” - Şok təfərrüat
Bizi izləyin

Kriminal

Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” - Şok təfərrüat

Yevlax rayonunda 1964-cü il təvəllüdlü Mətləb Şükürov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 1984-cü il təvəllüdlü həyat yoldaşı Ləmanı qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 2024-cü il mayın 19-da saat 17 radələrində Yevlax şəhərində baş verib.

Mətləb həmin gün spirtli içki qəbul edib. Alkoqol sərxoşluğu vəziyyətində və narkotik vasitə olan marixuananın təsiri altında arvadı Ləmanın onunla eyni evdə yaşamaq istəməməsini bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan qadını öldürmək qərarına gəlib.

Cinayətkar niyyətini həyata keçirmək məqsədilə o, evin həyətində olan stolun üzərindən məişət bıçağını götürüb və şalvarının arxa nahiyəsində kəmərinə keçirib. Daha sonra yaşadığı evdən küçəyə çıxıb piyada irəliləyib, arvadı Ləmanın işdən evə geri qayıtmasını gözləyib. Getdiyi küçənin digər küçə ilə kəsişməsində arvadı ilə qarşılaşıb.

Mətləb arvadyla salamlaşıb, birlikdə piyada küçə ilə yaşadıqları ev istiqamətində gəlib və yaşadığı evin yaxınlığına çatarkən qəfildən sol əli ilə Ləmanın saçından tutub, sağ əli ilə də əynində olan şalvarın kəmərində gizlətdiyi bıçağı çıxarıb. O, Ləmanın bədəninin sinə nahiyəsinə 2 bıçaq vurub.

Daha sonra Ləmanın saçından buraxmayaraq onu küçədə adamların gözü qarşısında təxminən 10 metr məsafədə yaşadığı evə doğru sürütləyərək özü ilə gətirib, küçədə yenidən üzü üstə yerə yıxıb. Burada da Ləmanın bədəninin sol arxa nahiyəsinə yenidən səkkiz bıçaq zərbəsi vurub.

Ümumilikdə 10 bıçaq zərbəsi alan Ləman ölüb.

İstintaq orqanı tərəfindən Mətləbin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 30 dekabr 2022-ci ildə həbsdən çıxıb və evinə gəlib:

“Həmin vaxt oğlum Ceyhun əsgərlikdə idi. Həyət qapısını döydüm ki, qapını açsınlar. Qayınanam həyətə düşərək qapını açdı, mənə “xoş gəldin” demədən evə girməyə qoymadı. Qayınanamdan nə baş verdiyini soruşdum. Arvadım və qayınanam mənim evə daxil olmağımı istəmədilər. Mən də dedim ki, atamın ilini yola verək, onlarla söhbət edəcəm.

Həyətimzidə iki ev vardı. Məni evə buraxmadıqları üçün gedərək aşağıdakı evdə qaldım. Atamın ilini yola verdikdən sonra evdəkilərə dedim ki, baldızım bir də bizim evə gəlməsin. Qayınanam və baldızım həyat yoldaşıma mənim haqqımda mənfi sözlər deyərək onu mənə düşmən etdilər.

Qayınanama izah etməyə çalışdım ki, bu ev mənim evimdir. Məni hansı səbəbə evə qoymurlar?”.

Təqsirləndirilən şəxs qeyd edib ki, evə gəldikdən sonra 500 manat qapıya xərc çəkib və 27 metr həyət barısı çəkib: “Heç biri mənə kömək etməyib. 150 manat yoldaşıma pul vermişəm ki, evə çılçıraq alsın.

Heç bir qonşu məndən şikayət etməyib. Çünki içmirdim, narkotikdən istifadə etmirdim. Gündəlik 21 manata işləyirdim. Yoldaşıma dedim ki, gündəlik 20 manat verim, evə hər gün bazarlıq etsin, mənimlə razılaşmadı. Oğlumdan iki dəfə xahiş etdim ki, məni anası ilə barışdırsın. O da bizi barışdıracağına söz verdi, iki dəfə anasından xahiş etdi. Lakin yoldaşım mənimlə barışmadı.

Gördüm, bunların fikri tamam başqadır. Məni kişi kimi evdə saymırlar. Evdən gedəndə qapını bağlayırdılar. İşdən gələndə məni evin yuxarı mərtəbəsinə qoymurdular. Axırda məni bezdirdilər. Yoldaşıma 50 dəfə dedim ki, bunun axırı yaxşı olmayacaq. Baxdım ki, paltarımı özüm yuyuram, yeməyimi özüm bişirirəm, qabları özüm yuyuram. Özüm-özümə düşündüm ki, belə yaşamaq olmaz.

Yoldaşımı öldürdükdən sonra bıçaqla özümə 3 zərbə vurdum. Çünki ölmək istəyirdim, həbsə düşmək yox.Lakin polis əməkdaşları imkan vermədilər və məni xəstəxanaya çatdırdılar”.

İş üzrə zərərçəkmiş Ləmanın hüquqi varisi qismində ifadə verən oğlu Ceyhunun sözlərinə görə, 2022-ci ilin yanvar ayında hərbi xidmətə gedib, 2023-cü ilin iyun ayında hərbi xidmətdən gəlib:

“İl yarım əsgərlikdə olmuşam. İl yarım ərzində atam bir dəfə zəng edərək mənimlə maraqlanmadı. 21 il ərzində atam əlimdən tutaraq nə məni məktəbə aparıb, nə də mənə bir dəst paltar alıb. Bu şəxs mənə atalıq etməyib. Həbsdə olub, narkotik qəbul edib. Məni anam böyüdüb, mənə atalığı da o edib.

Anam məktəbdə işləyirdi, yaşlı xəstə qadına baxaraq pul qazanırdı. Bizi əziyyətlə böyüdürdü. Nənəmin də bir əli üstümüzdə olurdu”.

Hüquqi varis qeyd edib ki, bir nəfər veteran olub, anası ölənə qədər o kişiyə baxıb: “Əsgərlikdən gəldikdən sonra atam bizimlə yaşayırdı. Bir otaqda olmasa da , atam evin zalında qalırdı.

Əsgərlikdən gəlməyimə bir ay qala anam kredit çəkərək mənə maşın aldı ki, taksi fəaliyyəti ilə məşğul olum.

Əsgərdən evə qayıtdıqdan sonra atamı kənara çəkdim və dedim ki, pis əməllərindən əl çəksə, onu anamla barışdıracam. Atama dedim ki, artıq böyümüşəm, evlənmə çağıma çatmışam. Ondan narkotiki tərgitməyi xahiş etdim. Çünki kiminsə evinə elçi gedəndə mənə deyəcəklər ki, bunun atası narkotikdən istifadə edir. Belə adamın oğluna kim qız verər?

Atam işləmirdi, bütün günü narkotik istifadəçiləri ilə gəzirdi. Pensiya alırdı, həmin pulu marixuanaya verirdi. Dəfələrlə pis əməllərindən əl çəkməsini xahiş eləsəm də, məni dinləmirdi. Mən də ona deyirdim ki, evdən çıx, bizimlə yaşama.

Hadisə günü anamı məktəbin qarşısında düşürdüm. Sonra avto-yuma məntəqəsinə gəldim. Maşını yuduzdurdüm, şəhərə çıxdım. Bu vaxt telefonuma zəng gəldi. Zəng edən anam idi. Telefonu açan vaxt anamın qışqırıq səsini eşitdim. Dərhal hadisə yerinə getdim. Bir də gördüm ki, atam anamı bıçaqlayıb.

Atam anamı 15-20 metr yerdə sürüdü. Qonşuların köməyi ilə anamı maşına mindirərək xəstəxanaya apardıq. Anam yolda öldü”.

Qeyd edək ki, Mətləb Şükürov bundan əvvəl Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 2021-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasından 6 ay çıxılıb və qəti olaraq 2 il cəza təyin olunub. Nizami Rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilib.

Ümumilikdə 1 il 11 ay 21 gün həbsxana həyatı yaşayan Mətləb həbsdən çıxdıqdan sonra arvayıyla yola getməyib və sonda qətl hadisəsini törədib.

Ağır cinayət törədən Mətləbin barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Mətləb Şükürov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm