Dünya şöhrətli dizaynerdən dəbli görünməyin 5 sirri
Bizi izləyin

Dəb

Dünya şöhrətli dizaynerdən dəbli görünməyin 5 sirri

Zəriflik, dəbdəbə və klassik üsluba sadiqlik bəlkə də “Giorgio Armani” moda evinin əsas xüsusiyyətləridir. 46 il əvvəl yaradılan markanın dəbə dərin və ağıllı yanaşması bu günə qədər hiss olunur. Moda evinin təsisçisi Corcio Armaninin hər bir ifadəsi zərif qadınlar üçün çox əhəmiyyətlidir.

Publika.az modapərəst oxucuları bu yazıda əfsanəvi dizaynerin bu mövsüm dəbli görünməyin 5 sirri ilə tanış edib.

Dəbdəbəli geyim istənilən vaxt aktualdır.

Corcio Armani hər zaman dəbə şüurlu yanaşma tərəfdarıdır. Bu səbəbdən də onun məhsullarını tez ötüşən trendlər cərgəsində görə bilməzsiniz. Kutyurer əmindir ki, dəbdəbəli və eleqant obrazlar sürətli moda dünyasına daxil ola bilməz.

“Çox diqqətlə hazırlanmış və uzun müddət xidmət edəcək gözəl əşyaların qiyməti yüksəkdir, lakin onlar gələn mövsüm qarderobun bir kənarına atılmır. Bu, ekoloji mühitə zərər verməyən daha sərfəli alış-veriş üsuludur”, - Armani qeyd edir.

Odur ki, dizaynerin sözləri üzərində düşünməyə dəyər. Axı trendlər bir neçə ayda aktuallığını itirə bilər.

Geyim üzərində baş sındırmayın!

Armaninin indiyə qədər verdiyi ən dəyərli tövsiyə anasının sözləridir: “Gözəl obraz yaratmaq istəyirsənsə, yalnız lazım olanı et, həddi aşma”. Bu ifadə dizaynerin dünyagörüşünü və markanın bütün konsepsiyasını təşkil edir. Armani alıcılarını şoka salmağı sevmir, dəbdə ən kiçik vulqarizm əlamətlərini isə gözü götürmür.

Minimalizm prinsiplərinə riayət edən dizayner əmindir ki, şıq görünmək əslində çox asandır. Minimalizm və lakonik üslub zərafəti olan qadın qarderobunda olmalıdır.

Pencək və ağ köynək qarderobun əvəzolunmazıdır.

Son müsahibələrinin birində dizayner bildirib ki, pencək və qar kimi ağ köynəklər qadın qarderobunun baza geyimləridir. Zərif bir pencəyi və ya jaketi müxtəlif geyimlərlə kombinə edə bilən universal məhsul adlandırmaq olar. Ağ köynəksə ümumiyyətlə qarderobun ən vacib elementidir. Həm iş kostyumu, həm də gündəlik şalvar ilə möhtəşəm görünəcək.

İdeal palto seçimi

Əyninizə yaraşmayan model palto seçimində ən böyük səhvdir. Armani hesab edir ki, boş modellərin içində itib-batacaqsınız, dar paltolar isə sadəcə narahatdır.

“İdeal palto çiyin və sinəni təbii şəkildə “qucaqlamalı”, düymələri rahat bağlanmalıdır. Qollar bədənin həssas, kövrək və cazibədar hissəsində - bilək səviyyəsində bitməlidir ”, - kutyurer bildirib.

Çoxyönlü olmasına diqqət edin. İtalyan dizayner klassik üslubları məsləhət görür.

Kaşmir mövsüm keçidləri üçün əla materialdır.

Style-Update-The-Perfect-Cashmere-Sweater-Irina-Linovich-by-STYLEDUMONDE- Street-Style-Fashion-Photography20180930_48A9444FullRes - In The Groove

Dəyişkən hava şəraitində məşhur modelyer kaşmir geyim almağı məsləhət görür. Bahalı material olsa da, buna dəyər. Bu materialdan hazırlanan istənilən geyim soyuq havada sizi isti saxlayacaq, isti havalarda isə sizi çox qızdırmayacaq. Həm də inanılmaz dərəcədə şıq və bahalı görünəcək.

İncə və dəbli görünmək ilk baxışdan göründüyü qədər çətin deyil. Mükəmməl uyğunlaşan bir neçə keyfiyyətli baza geyimlərinə sahib olmaq və gözəlliyin detallarda olduğunu unutmamaq kifayətdir. “Zəriflik gözə batmır, xatirələrdə qalır” - C.Armani bir daha vurğulayır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm