Lüks brendlərin alıcıları “barmağına dolayan” REKLAM TƏLƏSİ
Bizi izləyin

Dəb

Lüks brendlərin alıcıları “barmağına dolayan” REKLAM TƏLƏSİ

“Balenciaga”nın yırtıq “zombi papuşlarından” sonra “Gucci” və “Adidas”ın birgə istehsalı olan və sukeçirən çətiri moda aləminin gündəm mövzularından birinə çevrilib.

Xəbər veridyimiz kimi, iki bahalı brendin belə qeyri-adi yeniliyi və istifadəyə yararsız olan məhsulun 1290 dollara başa gəlməsi tənqid edilib. Lüks moda evlərinin bu cür addımlarını şərh edən ekspertlər hesab edir ki, bu, gündəm olmaq üçün atılan addımdır. Maraqlıdır ki, moda aləmində yeni tendensiya yaranıb. Hər hansı məşhur brendin istehsal etdiyi yamaq-yırtıq və ya mənasız məhsullar dərhal dəbə minir. Alıcı hesab edir ki, əgər bunu nüfuzlu bir moda evi edibsə, ona tonlarla pul tökməyə dəyər. Marka asılılığı olanlar özlərini ultrafərqli hiss etmək üçün nəyə desən əl atmağa hazır olur. Beləliklə, zövqsüz məhsulları alıb qürurla geyinən alıcı kütləsi onların istər-istəməz qarderoba yol açmasına və necə deyərlər dizaynerlərin bizi ildən-ildən “barmağında dolamasına” imkan verir.

Publika.az tanınmış moda mütəxəssislərinin bu barədə rəylərini öyrənib.

Tanınmış modelyer-dizayner, sənətçünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın sözlərinə görə, illərlə öz sözünü demiş brendlər bu gün istədiklərini istehsal edə bilirlər.

src="/storage/files/upload/3791d513e69f66fd99a9f51d757c254a8feffea0.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

“İnsanlar da pullarını o məhsullara çox böyük həvəslə xərcləyirlər. Nə yazıq ki, bu, reallıqdır... Guya dəbdədir, guya filan brendin məhsuludur... Məsələn, bizim həyət-bacaya geyindiyimiz rezin ayaqqabıları məşhur brendlər çox baha qiymətə istehsal edir.

“Gucci” və “Adidas”a gəlincə, normal qiymətə kifayət qədər çətirlər var. Azərbaycanda yağışla bərabər hər zaman həm də külək olduğuna görə çətiri tez qırır. Ən keyfiyyətli çətir belə bizdə küləyin qarşısında dözümlü olmur. Yəqin ki, ancaq pulunu xərcləməyə yer tapmayan insanlar bu çətirə və hansısa məşhur brendin istehsalı olan rezin ayaqqabılara o qədər pul verər. Halbuki, el dilində “şəpşəpi” adlandırdığımız bu ayaqqabıları hər yerdə çox ucuz qiymətə tapmaq olar. Bu məhsulları alan və onlara gülən də var. Amma çox insanın reaksiyası demək olar ki, eynidir. Bu, həm də bir zövq məsələsidir. Buna fikir söyləsək, ona riayət edən nə qədər insan olacaq, söyləməsək nə dəyişəcək?”, - mütəxəssis açıqlamasında qeyd edib.

Gülnarə Xəlilova onu da bildirib ki, yerli istehsala və yerli dizaynerlərin məhsullarına müraciət etmək lazımdır: “Əlbəttə ki, onların da hamısı keyfiyyətli məhsul istehsal etmir, çox az brendin işləri keyfiyyət və peşəkarlıqla icra olunur. Amma fikir vermişəm ki, keyfiyyəti və tikiş xətaları olan brendlərin işi daha yaxşı və rahat gedir, məhsulları da rahat alınır. İnsanlar reklam siyasətinə çox tez aldanır. Hansısa endirim adı altında keyfiyyətsiz məhsullar alırlar.

O məhsulda ki zəhmət, peşəkarlıq, səliqə və keyfiyyət var, ona həqiqətən endirim etmək olmur. Əslində göz qabağındadır, baxanda görürsən ki, sırf alınsın deyə böyük miqdarda gətirilib, adı yerli məhsul kimi qoyulur ki, guya burada istehsal olunur. Və ya keyfiyyətsiz məhsullarını rahatlıqla sata bilirlər, insanların da çox faizi onu alırlar. Amma keyfiyyətli, qəşəng, zövqlü olan məhsullara maraq nə yazıq ki, həqiqətən azdır”.

Norveçdəki “Can Azərbaycan” diaspor təşkilatının sədri, kral ailəsi üçün geyimlər hazırlayan məşhur modelyer və “Shervin Najafpur” moda evinin təsisçisi Şervin Nəcəfpurun sözlərinə görə, artıq elə bir dövrdə yaşayırıq ki, dəb əvvəlki kimi uzun müddət davam etmir:

src="/storage/files/upload/61921ffd9119872c69fb77c11d70e78646bc28c5.png" style="width: 300px;" class="fr-fic fr-dib">

“Məhz buna görə gündəmdə qalmaq üçün bütün mətbuatın, sosial şəbəkələrin, məşhur bloger və influenserlərin diqqətini bir neçə saniyə olsa belə öz üzərlərinə cəlb etməyə çalışırlar. Bunun adı PR STUNTS kimi gedir. Misal üçün, 1600 dollara sizi yağışdan qorumayan bu çətir TRENDƏ düşəcək. Bütün statistikalarda bir-iki gün top trenddə qalacaq. Hər iki şirkət çox danışılacaq, bu, insanları mağazaya daxil olmaq və onlayn şopinqə dəvət etmək üçün atılan bir reklam strategiyasıdır.

Şəxsi fikrim, MÖHTƏŞƏM “PR stunt”dır! Bu dövrdə qeyri-adi yaradılıcılıq gündəmə düşür və bundan yaxşı istifadə edə bilənlər çox uğurlu nəticələr əldə edir. Bravo deyirəm bunu düşünən hər kimdirsə. “Gucci” və “Adidas” bu addımı elə-belə atmaz. Böyük komanda dayanır, mütləq ki, hər cür riski ölçüblər və bunu ictimaiyyətə təqdim ediblər. İstifadə məsələsinə gəlincə, çətir ancaq günəşdən özünü sahildə qorumaq üçün istifadə oluna bilər. Və məşhurların kliplərində, fotosessiyalarda və filmlərdə görə biləcəyik”.

Dizaynerlərin xəyal dünyası adi insanlardan əlbəttə ki, fərqlənir, axı moda həm də emosiyaların ötürülməsidir. Onları yaradıcı edən məhz sərhədsiz fantaziyalarıdır. Bəli, zövqlər müzakirə olunmur, amma o da var ki, kiminsə fantaziyası cəmiyyəti zövqsüzlüyə sürükləyirsə və baha qiymətə istifadə oluna bilməyən geyimlər sırıyırsa, laqeyd qalmaq olmur...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm