Dəb
“Futurizm peyğəmbəri” moda dünyasına hansı inqilabları gətirdi? - FOTO
“Mugler” niyə bu gün aktualdır sualının cavabı çox sadədir. Brendin kolleksiyaları yeni və yaradıcı yanaşmalarla zəngindir. Elə bu xüsusiyyətlərinə görə də, brendin təsisçisi - Terri Müqler “futurizm peyğəmbəri” adını qazanıb. O, bütün karyerası boyunca moda tendensiyalarının formalaşmasına əhəmiyyətli təsir göstərib. Qadın geyimlərinə aşırı azadlıq və cəlbediciliyi gətirməklə dizayner moda dünyasında yeni bir cığır açmağa müvəffəq olub.
Publika.az oxucuları Terri Müqler və onun brendinin uğur hekayəsi ilə tanış edir.
Terri 1948-ci ildə Strasburqda anadan olub. Terri hələ balaca olanda yaşıdlarından seçilirdi. Gələcək dizayner uşaqlıqdan öz dünyasını yaratmaq arzusunda idi və buna görə də asudə vaxtının çox hissəsini tamaşalar yazmaq, kostyumlar tikmək və kinoya getməklə keçirirdi. Yaş həddi uyğun gəlməsə də, o, 14 yaşında qeyri-adi qabiliyyətlərinə görə, incəsənət məktəbinə qəbul edilmişdi. Lakin çox keçmədən təhsilini yarımçıq qoyaraq “Rhenish Ballet” balet şirkətinə qoşulmağa qərar verdi. Cüzi rəqqas maaşı ilə Terri evini tərk etdi və şəhərin mərkəzində kiçik bir otaq kirayələdi. Bir neçə il sonra məqalənin qəhrəmanı Parisə köçdü.
Fransanın paytaxtında rəqqas “Qudule” mağazasında vitrin dekoratoru kimi işləməyə başladı. Vitrinə düzdüyü geyimlərin uyğunluğu və fərqliliyi alıcıların diqqətindən yayınmırdı. Odur ki, başqalarının onun moda bacarıqları barədə heyranedici rəyləri Müqleri paltar dizaynı ilə ciddi məşğul olmağa ruhlandırırdı. O, 70-ci illərin sonlarının punk estetikasından çox təsirlənmişdi və özünün dediyi kimi, mifoloji dünyanın “zəhərli çiçəkləri və canlılarına” biganə qala bilməmişdi. Onun stili o dövrdə məşhur olan, sərt memarlıq və anatomik formaları ilə seçilən hippi üslubunun tam əksi idi.
1973-cü ildə Müqler məşhur fransız modelyeri Azzedine Allayanın dəstəyi ilə yaradılmış “Cafe de Paris” adlı ilk qadın kolleksiyasını nümayiş etdirdi. 1974-cü il Terri üçün çox uğurlu il oldu və öz brendinin yaradılması ilə yadda qaldı. Terri Müqler kolleksiyaları İngiltərə və Amerikanın ən yaxşı mağazalarında satış rekordu qırmağa başladı. 1978-ci ildə Müqler Parisdə yeni bir butik açdı, həm də kişilər üçün “L'homme Mugler” xəttini buraxdı. Kişi geyimləri də dizayn baxımdan qadınlardan daha az cəsarətli deyildi. Maraqlıdır ki, bu, alıcı tələbatını tamamilə ödəyirdi. 1998-ci ildə isə Terri kompüterdə virtual moda nümayişi yaradan ilk dizayner oldu.
Tarixi, ənənəvi və milli geyimlər, ümumiyyətlə köhnə dəb bir çox dizaynerin zəngin ilham mənbəyi olsa da, Müqlerin fəlsəfəsində keçmişə qayıdış yasaq idi. Dizayner hesab edirdi ki, geyim yaradarkən kemişdən ilhamlanmaq lazım deyil. Onun layihələrinin dizaynı həmişə ənənəvi konsepsiyalara zidd olub. Güclü və müstəqil qadınlar üçün nəzərdə tutulmuş dar kostyumları, paltarları və korsetləri inqilabi dəyişikliklərin simvoluna çevrildi.
Dayana Ross Sid Çariss, Tippi Xedren, həmçinin Donald Trampın birinci xanımı İvan Tramp dizaynerin əsas ilham pəriləri olub. Demi Murun “Ədəbsiz təklif” filmindəki məşhur qara paltarı da Terrinin əl işidir.
Terri Müqlerin əfsanəvi evinin fəlsəfəsini moda və mifologiyanın vəhdəti kimi qələmə vermək olar. “Mugler” estetikasının əsas dayağı seksual fetiş sayıla bilər. Ona görə ki, dizayner modellərini dəmir korset və uzunboğaz laklı çəkmələrlə bəzəməyi çox sevirdi, eyni zamanda dəri və rezindən açıq-saçıq paltarlar tikirdi. Brendin ən məşhur əsərləri arasında 1950-ci illərdə ABŞ avtomobil sənayesinin üslubundan ilhamlanaraq papaq, korset, papaq və büstyerdən ibarət parlaq qırmızı kovboy kostyumunu göstərmək olar. İyirmi ildən artıqdır ki, “Mugler” burjua cəmiyyətinə qlamurluğu və əzəməti ilə meydan oxuyan bir inqilabçı kimi sənayedə hökmranlıq edir.
“Mən həmişə yer üzündəki ən gözəl heyvana - insana heyran olmuşam” deyən dizayner özünü heç bir trendlər cədvəlinə yaraşdırmırdı. Bu ehtiras onu qadınları gözəl, güclü, özünəinamlı, eyni zamanda vəhşi göstərən futurist paltarlar yaratmağa vadar edirdi. “Mən sadəcə həyata pozitiv baxışı olan bir insanam” deməklə dizayner bütün qəribəliklərinə bəraət qazandırırdı.
1992-ci ildə yorulmaq bilməyən dizayner ətir yaratmağa başlamaq qərarına gəldi. Brendin ətir xəttinin ilk məhsulu forma və məzmun baxımından fərqlənən “Angel” idi. Ətrin özəlliyi ondan ibarət idi ki, onun tərkibində çiçək notları yox idi. Ətir pralin, şokolad və paçuli notlarına əsaslanırdı ki, onların köməyi ilə ətriyyatçı evdə hazırlanmış çörək qoxusunu canlandıraraq qadınların mələk mahiyyətini çatdırmaq istəyirdi. “Angel” o illərdə o qədər məşhur idi ki, 1998-ci ildə hətta “Chanel”in 5 nömrəli parfumunu devirməyi və Fransa ətir bazarında bir nömrə olmağı bacardı. Ümid edirik ki, bu məqalə sizi də yeni zirvələri fəth etməyə ruhlandıracaq...
Ümumiyyətlə karyerası boyunca Terri öhdəsinə götürdüyü hər işdə uğur əldə edib. Qadın və kişi geyim xətti, eyni zamanda ətir istehsalı ilə məşğul olan modelyer dizayn və fotoqrafiya ilə bağlə bir neçə kitabın müəllifidir. Boş dayanmayan maestro sonrakı illərdə Corc Maykl üçün videoklip çəkməyə, 2008-2009-cu illərdə Beyons üçün inanılmaz konsert şouları hazırlamağa da müvəffəq olub.
Görkəmli dizayner 23 Yanvar tarixində 2022-ci ildə vəfat edib.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO