Bayden xəbərdarlıq edir, Papa sülhə çağırır, Netanyahu isə...
Bizi izləyin

Dünya

Bayden xəbərdarlıq edir, Papa sülhə çağırır, Netanyahu isə...

Bayden xəbərdarlıq edir, Papa sülhə çağırır, Netanyahu isə...

İsrailin Qəzzaya hərbi müdaxiləsi zamanı mülki vətəndaşların itkiləri artdıqca, atəşkəslə bağlı beynəlxalq təzyiqlər də artır. Hətta İsrailin ən böyük müttəfiqi olan ABŞ da İsrailin baş naziri Netanyahu və hökumətini açıq şəkildə tənqid etməyə başlayıb.

Publika.az xəbər verir ki, BMT Baş Assambleyasında atəşkəs çağırışına Aİ rəsmilərinin açıqlamalarının da əlavə edilməsi ilə “Netanyahu təcrid olunur” şərhləri verilib.

1. Bayden xəbərdarlıq etdi

ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən sessiyadakı çıxışında İsrail ordusunun Qəzza zolağında fərq qoymadan davam etdirdiyi bombardmanları səbəbindən “qlobal dəstəyini” itirməyə başladığını bildirərək, Netanyahuya xəbərdarlıq edib. İsrailin hazırkı hökumətinin bütün zamanların ən sağçı İsrail hökuməti olduğunu ifadə edən Bayden, Netanyahunun İsrail-Fələstin problemini həll etmək üçün hökumətini dəyişməli olduğunu vurğulayıb. Netanyahunun ona “Siz də Almaniyanı bombardman etdiniz və atom bombası atdınız” dediyini bildirən Bayden, “Bəli, məhz buna görə İkinci Dünya Müharibəsindən sonra bu vəziyyətin təkrarlanmaması üçün Birləşmiş Millətlər Təşkilatı kimi qurumlar quruldu” deyə qeyd edib. Ağ Ev Milli Təhlükəsizlik müşaviri Cek Sallivanın Netanyahu ilə görüşmək üçün bu gün İsrailə gedəcəyini açıqlayıb.

2. BMT-də atəşkəs dəstəyi artdı

BMT Baş Assambleyası Qəzzada təcili atəşkəs tələb edən qətnamə layihəsini geniş fərqlə qəbul edib. Səsvermədə 193 üzv ölkədən 153-ü qərarı dəstəkləyib, ABŞ, İsrail və Avstriya da daxil olmaqla 10 ölkə əleyhinə çıxıb, 23 ölkə isə bitərəf qalıb. Misirin müraciət etdiyi və Türkiyənin də daxil olduğu təxminən 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsinə verilən dəstək atəşkəs istəyən hər kəsi qane edib. Oktyabrın 27-də atəşkəs tələb edən qətnamə 121 səslə qəbul edilib. Maraqlıdır ki, hazırkı qərarın lehinə səs verən ölkələrin sayı 153-ə yüksəlib.

Zəfərə qədər davam

İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq təzyiqlərə baxmayaraq, Qəzza zolağında hücumları davam etdirəcəklərini bəyan edərək, “Sona qədər davam edəcəyik. Bizi heç nə dayandıra bilməz” deyib. Qəzza zolağında hücumlarını davam etdirən İsrail ordusunun hərbi rəsmiləri ilə dünən telefonla danışan Netanyahu “Davam edin. Son əsgərə qədər davam etməyinizi istəyirəm. Biz sona qədər, qələbəyə qədər, HƏMAS-ı məhv edənə qədər davam edəcəyik” ifadələrini işlədib.

3. Müttəfiqlərin birgə bəyanatı

Kanadanın baş naziri Castin Trüdo, Yeni Zelandiyanın baş naziri Kristofer Lukson və Avstraliyanın baş naziri Entoni Albaniz tərəfindən imzalanan bəyannamədə İsrailin özünü müdafiə edərkən beynəlxalq humanitar qanunlara hörmət etməli olduğu vurğulanıb və atəşkəs çağırışı təkrarlanıb.

4. Aİ Netanyahunu hədəf aldı

Avropa Parlamenti Baş Assambleyasında İsrail-Fələstin mövzusunda keçirilən sessiyada çıxış edən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell, Aİ-nin iki dövlətli həll məsələsində israrlı olduğunu vurğulayaraq, münaqişəyə siyasi həll yolunun tapılmalı olduğunu bildirib. Netanyahunu "Fələstin dövlətinin qurulmasına" qarşı olduğu üçün tənqid edən Borrell, iki dövlətli həllin həm İsrail, həm də Fələstinə təhlükəsizlik və sülh təmin etmək üçün ən yaxşı həll yolu olduğuna inandıqlarını ifadə edib.

5. Papadan çağırış

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk dünən keçirilən ümumi qəbul iclasında Qəzzada atəşkəs çağırışını təkrarlayıb. “Mən İsrail və Fələstindəki münaqişəni böyük narahatlıq və ağrı ilə izləməyə davam edirəm. Təcili humanitar atəşkəsə çağırışımı təkrar edirəm. Orada çox əzab var" deyən Papa əlavə edib:

“İsraillilərin və fələstinlilərin bu böyük iztirablarına son qoyulsun”.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm