Ultra zənginlərin yeni hobbisi: Turizmin "qaranlıq" tərəfi - Müharibəni fürsətə çevirdilər
Bizi izləyin

Dünya

Ultra zənginlərin yeni hobbisi: Turizmin "qaranlıq" tərəfi - Müharibəni fürsətə çevirdilər

Dünyanın bir çox yerlərində davam edən müharibələr ultra zənginlərin yeni əyləncəsinə çevrilib. Böyük tələbat olan və “qaranlıq turizm” adlanan bu tendensiya üçün döyüş meydanlarını ziyarətçilərin üzünə açan ölkələr var.

Publika.az xəbər verir ki, son illərdə adi turizmdən kənara çıxmaq istəyən səyahətçiləri cəlb edən yeni səyahət tendensiyası yaranıb. “Qaranlıq turizm” adlanan bu tendensiya bəşər tarixində travmatik hadisələrin, fəlakətlərin və ya dəhşətli izlərin geridə qaldığı yerləri araşdırmaq növüdür.

İstiqamətlər, ümumiyyətlə döyüş meydanları, köhnə həbsxanalar, təbii fəlakətlərə məruz qalmış bölgələr, soyqırımı muzeyləri və ya terror aktlarının baş verdiyi şəhərlərdir. Xüsusilə yaşlı və imkanlı turistlər tərəfindən bu sahəyə tələbat günü-gündən artır.

“Future Market Insights”ın “Dark Tourism Market Outlook” hesabatına görə, bazarın 2024-cü ildə 31,89 milyard dollara, bazar dəyərinin isə 2034-cü ildə 40,82 milyard dollara çatacağı gözlənilir.

Hesabatda bildirilir ki, "qaranlıq turizm"in populyarlığının artması müəyyən istiqamətlərin romantikləşdirilmiş variantlarını əks etdirən sənədli filmlərin və televiziya proqramlarının çoxalaması ilə bağlıdır.

Polşadakı Auschvitz Konsentrasiya Düşərgəsi, Yaponiyadakı Xirosima Sülh Muzeyi və ABŞ-dakı 11 Sentyabr Memorialı qaranlıq turizmin ən məşhur nümunələrindən bəziləri olsa da, hazırda ən çox seçilən yerlər Ukrayna, İsrail, Pakistan və İraqdır. Bu ərazini fürsətə çevirmək istəyən turizm operatorları qazanc əldə etməyi hədəflədiyi halda, heç bir təhlükəsizlik tədbiri olmayan bu yerlər böyük təhlükə yaradır. Oraya gedən qonaqlar sözün əsl mənasında ölümə meydan oxuyurlar. Mütəxəssislər bu cür səfərlərin həyat təhlükəsizliyi üçün risk yaratdığını qeyd edirlər.

Ukraynanın “Visit Ukraine” ictimai təşkilatı 2022-ci ildə Rusiya ilə münaqişə zamanı zədələnmiş Kiyev vilayətinin şəhərlərinə turlar təşkil etməyi təklif edib. Turizmin İnkişafı Dövlət Agentliyi Ukraynada sığortanın riskləri qarşılaya bilməyəcəyi barədə xəbərdarlıq edib və turistlərə müharibə bitənə qədər bu yerlərdən uzaq durmağı tövsiyə edib. Müharibə turizmi təşəbbüsləri Kiyevdə 2022-ci ilin aprelində, rus qoşunlarının bölgədən çıxarılmasından az sonra ortaya çıxmağa başlayıb. “Visit Ukraine” kimi təşkilatlar ölkəyə turist gətirməyi planlaşdırmaqda davam edir. Ukraynaya səyahət edən turistlər böyük riskə gedirlər.

“TIME” jurnalının tərtib etdiyi hesabata görə, İsrail son vaxtlar bu kontekstdə turist cəlb edən ölkələrdəndir. HƏMAS-ın 7 oktyabr hücumundan sonrakı aylarda ölkədə yeni turizm növü yaranıb. Məşhurlar, siyasətçilər İsrailə səfərlərini Qəzza sərhədi yaxınlığında dağılmış cənub bölgəsinə getmədən başa vurmurlar. Cerri Seynfeld, İlon Mask, Maykl Duqlas, ABŞ prezidentliyinə keçmiş namizəd Nikki Heyli, İvanka Tramp və Qared Kuşner zaman-zaman yanan evlərin qarşısında poza verənlərdən bir neçəsidir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm