NATO-dan mesajlar var…
Bizi izləyin

Dünya

NATO-dan mesajlar var…

Politoloq Elman Nəsirli NATO ətrafında baş verən bir sıra məsələlərə münasibət bildirib.

Politoloq Publika.Az-a deyib ki, NATO baş katibliyinə Türkiyə təmsilçisinin gətirilməsi bu ölkənin 1952-ci ildən bəri təşkilata üzv olduğu tarixin nadir hadisəsi olardı: “Soyuq müharibənin ən şiddətli dövründə Türkiyə NATO-da əhəmiyyətli rol oynayıb. Bu gün blok daxilində Türkiyənin əhəmiyyəti daha da artıb, ona görə belə təklifin səslənməsi mühüm bir hadisədir.

NATO dünyada ən mürəkkəb regionun Yaxın və Orta Şərq olduğunu yaxşı anlayır. Bu regionda Türkiyəsiz nəyəsə nail olmaq müşkül məsələdir”.

NATO rəhbərliyinə Türkiyə nümayəndəsini gətirilməsi əslində bu ölkənin mümkün NATO-İran qarşıdurmasında ön cəbhədə dayanması anlamına gəlmirmi?

Elman Nəsirli hesab edir ki, bugünkü İran-Türkiyə münasibətləri barədə birmənalı fikir söyləmək çətindir: “Düzdür, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərliyi altında qonşularla “sıfır problem” strategiyası həyata keçirilirdi. Lakin hadisələrin gedişi göstərdi ki, bu strategiyanın özündə də taktiki dəyişikliklər baş verməlidir.

Həm Suriya, həm Ermənistan, həm də İranla münasibətləri “sıfır nöqtəsi”nə çatdırmaq qeyri-realdır. Bununla belə, zənnimcə, İranla münasibətlərdə NATO-nun Türkiyəni qabağa verməsi ehtimalı azdır”.

Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi bir vaxtda NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat diqqət çəkməyə bilməz. Azərbaycan dəfələrlə bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlar başlayacağı halda öz ərazisindən istifadəyə imkan verməyəcək. NATO-nun sözügedən bəyanatı Azərbaycanı öz tərəfinə çəkən mesaj ola bilərmi?

Elman Nəsirli bildirib ki, NATO-nun bundan əvvəlki sammitlərində də münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı bəyanatlar verilib.

Bununla belə, politoloq müəyyən işarələrin ola biləcəyini mümkün hesab edir: “Bəyanatda qeyd olunub ki, Cənubi Qafqazdakı münaqişələr NATO-nu narahat edir. Bu o deməkdir ki, münaqişələri tezliklə həll etmək lazımdır. Eyni zamanda bu bəyanatı münaqişənin həllində maraqlı olmayan, suyu bulandıran tərəflərə, o cümlədən Ermənistanı müdafiə edən İrana da mesaj hesab eləmək olar”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm