Dünya
Kubada da “Venesuela ssenarisi” – Bu ilin sonuna qədər...
Venesuelada baş verənlərdən sonra diqqət gündəmi Kubaya yönəlib. Bəziləri ABŞ Prezidenti Donald Trampın növbəti hədəfinin Kuba olacağını gözləyir. Yayılan xəbərlərə görə, Vaşinqton 2026-cı ilin sonuna qədər Kuba hökumətini dəyişməyi prioritet kimi nəzərdən keçirir. Trampın "Kuba illərdir Venesueladan böyük həcmdə neft və pullar alır. Kubaya daha çox neft və ya pul axmayacaq. Mən onları çox gec olmamışdan əvvəl razılaşma əldə etməyə çağırıram" deməsi təsadüf kimi qiymətləndirilmir.
Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatının uğurunu Kubada rejim dəyişikliyi üçün açılan imkan pəncərəsi kimi qəbul edir. Donald Tramp komandasının hələlik adanın hazırkı hakim elitasını devirmək üçün konkret planı yoxdur. Lakin hətta sərt kursu dəstəkləyənlər də etiraf edirlər ki, Kuba rejimi Venesuela rejimindən daha sabitdir. Hələlik Ağ Evdə müzakirə gedir: “Kuba problemi”ni indi həll edək, yoxsa sonraya saxlayaq? Tramp administrasiyasının “qırğı”larından olan Marko Rubio bir çox məsələlərdə olduğu kimi, yenə də qəti hərəkətlərin tərəfdarıdır. Tramp da özünü sələflərinin (10 ABŞ prezidentinin) həll edə bilmədiyi problemi həll etməyə hazır və qadir sayır.

Vassaldan “Azadlıq adası”na
Xatırladaq ki, Kuba problemi ABŞ üçün 1953-59-cu illər arasında yaranmağa başlayıb. 1959-cu ildən etibarən əsl problem halına gəlib. Həmin ilə qədər Kuba ABŞ-nin vassalı olub. Vaşinqton bu ölkədə yerli diktator Fulgencio Batistanın rəhbərliyi ilə amansız rejim bərqərar edib. Ada dövlətində korrupsiya, işsizlik, aqrar bərabərsizlik hökm sürüb. Hər yanda ABŞ kapitalı dominant olub, əsas sənaye sahələri (şəkər, rabitə) ABŞ şirkətləri tərəfindən idarə olunub. 1952-ci il çevrilişindən sonra Batista ölkənin konstitusiyasını ləğv edib, söz azadlığını yasaqlayıb, repressiv rejim qurub və bu addımlar həm yerli mafiya, həm də ABŞ tərəfindən tam dəstəklənib. Xalq kütlələri həm Batistanın amansız rejimindən, həm də ölkənin ABŞ-nin açıq müstəmləkəsi olmasından narazı olub. Bütün bunlar sonda Kubada Fidel Kastronun başçılığı ilə üsyanın başlamasına və Batistanın ölkəni tərk etməsinə gətirib çıxarıb. Ölkə uzun müddət “Azadlıq adası” kimi tanınıb. Amma son vaxtlar vəziyyət dəyişib. Rusiya SSRİ-nin varisi kimi Kubanı tam müdafiə edə bilmir.

İqtisadi təzyiq və elit bölünməyə yönəlmiş çoxşaxəli strategiya
Beləliklə, Venesueladakı uğurlu rejim dəyişikliyi əməliyyatından sonra ABŞ administrasiyası Kubada da oxşar ssenarini reallaşdırmaq istəyir. Venesuelada dövlət başçısının ələ keçirilməsini əhatə edən birbaşa hərbi əməliyyat həyata keçirilib. Kubada isə iqtisadi təzyiqə və elit bölünməyə yönəlmiş çoxşaxəli strategiya təklif olunur. Söhbət neft tədarükünün tam dəniz blokadasından gedir. Embarqonu sərtləşdirmək üçün 1996-cı il qanunundan istifadə, Kuba ilə əməkdaşlıq edən ölkələrə qarşı hədəfli sanksiyalar nəzərdə tutulur. Daxili siyasi təzyiqə gəldikdə, Kuba elitasının nümayəndələri ilə əlaqə tapmaq, mühacir təşkilatları ilə işləmək, hakimiyyətin keçidinin potensial tərəfdarlarını müəyyən etmək cəhdləri var.

İqtisadi durum həqiqətən çətindir
Kubada iqtisadi durum həqiqətən çətindir. Bir vaxtlar yerli istehlakın əsas məhsulları olan süd, donuz əti, lobya və düyü kimi qidaların istehsalı kəskin azalıb. 2024-2025-ci illərdə Kuba ilk dəfə olaraq yeddi yaşdan kiçik uşaqlar üçün paylanan toz südün tədarükü ilə bağlı BMT-nin Ümumdünya Ərzaq Proqramının qrantlarına etibar etmək məcburiyyətində qalıb. Son bir ildə ölkədə yoxsulluq daha da artıb: kubalıların 88%-i gündə 1,90 dollardan az pulla yaşayır.
Venesueladan neft tədarükünün (ehtiyacların 50%-ni ödəyirdi) kəsilməsindən sonra adada elektrik kəsintiləri, ciddi yanacaq çatışmazlığı var.
“Kuba güzəştə getməyəcək”
Bütün bunların fonunda Kuba Prezidenti Migel Dias-Kanel bildirir ki, təzyiq altında hər hansı qarşılıqlı anlaşmaya nail olmaq mümkün deyil. Kuba ABŞ ilə bərabərlik və hörmətə əsaslanan anlaşma danışıqlarına hazırdır, amma heç vaxt siyasi güzəştə getməyəcək.
ABŞ-ni çəkindirən əsas məsələ Kubanın Venesueladan fərqlənməsidir. Uzunmüddətli böhranla adada İraq ssenarisinin təkrarlanması qorxusu var. Kuba rejimi altmış ildən çoxdur ki, sabitliyini qoruyub saxlayır. 1962-ci il Karib böhranı, onilliklər davam edən iqtisadi embarqo, çoxsaylı daxili və xarici çətinliklər riski istənilən nəticəni verməyib. Geosiyasi aspektlərə gəldikdə, Kubanın Meksika körfəzinin girişindəki strateji mövqeyi, o cümlədən Rusiya və Çinlə sıx münasibətləri də gözardı edilməməlidir.

Qərb mediasının ssenariləri
“The Wall Street Journal” (WSJ), “Reuters” və “Politico” daxil olmaqla bir neçə qərb mediasının təhlillərində bildirilir ki, Ağ Ev müvafiq qurumlara bu ilin sonuna qədər iqtisadi boğulma və Kuba elitasının nümayəndələri ilə pərdəarxası sövdələşmələrin kombinasiyasına arxalanmaqla Havanada hakimiyyət dəyişikliyinə nail olmaq tapşırığı verib.
Xatırladaq ki, Barak Obama prezident olarkən, ABŞ Kuba ilə münasibətləri normallaşdırmaq siyasəti yürüdürdü. O vaxt iki ölkə arasında diplomatik əlaqələr bərpa olunmuş, icazəli səfər kateqoriyaları genişləndirilmişdi. Lakin Tramp ilk prezidentlik müddətində bu kursu qismən geri çevirdi: 2017-ci ildə o, "sazişi ləğv etdiyini" elan etdi və məhdudiyyətlər bərpa olundu. ("Kaspi" qəzeti)
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi

































