Dünyanın gözü Türkiyədə: Ağ, yoxsa qara tüstü çıxacaq?
Bizi izləyin

Dünya

Dünyanın gözü Türkiyədə: Ağ, yoxsa qara tüstü çıxacaq?

Xəbər verdiyimiz kimi, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və İran xarici işlər naziri Abbas Əraqçinin fevralın 6-da İstanbulda mümkün nüvə sazişini müzakirə etmək üçün görüşməsi gözlənilir. Mümkün görüş dünya mediasında geniş əks-səda doğurub.

Publika.az xəbər verir ki, İsrailin "Maariv" qəzeti bununla bağlı "Türkiyə vəziyyəti sakitləşdirməyə çalışır, amma müharibə küləkləri İran üzərindən əsir" başlıqlı məqalə dərc edib.

Xəbərdə ABŞ-ın görüşə böyük sövdələşmə ilə gələcəyi və iranlıların bundan xəbərdar olduğu bildirilib:

"Qiymətləndirmələrə görə, əgər İran tamamilə təslim olmasa, artıq bir çox hərbi hissə yerləşdirmiş ABŞ Tehrana hücum edəcək. Türkiyədəki görüşdən sonra bölgədən ağ tüstü, yoxsa qara tüstü çıxacağını görəcəyik. İranlılar şərəf və prinsiplərindən imtina edib tam təslim olaraq, zənginləşdirilmiş uranı təhvil verəcək və nüvə layihələrini ləğv edəcəklərmi? İsrail proqnozlaşdırır ki, ABŞ sonda İranla müharibəyə girəcək və İrana hücum edilərsə, amerikalılar İsrailin İrana qarşı əməliyyatlar aparmasına icazə verəcəklər", - məqalədə qeyd olunub.

Tel-Əvivdə yerləşən "JDN" qəzeti "Nüvə danışıqları yoldadır: Türklər sülh mərhələsinə qədəm qoyur, İran təhdid, Vaşinqton tərəddüd edir" başlıqlı məqaləsində bildirib ki, İsrail bu görüşdən narahatdır. Çünki İranın irəliləyişini məhdudlaşdırmaq üçün sürətli tədbirlər görülmək əvəzinə, Tehranın danışıqlar yolu ilə nüvə sahəsində vaxt qazandığı düşünülür.

"Nziv" ​​qəzetinin "Türkiyədə keçiriləcək görüş Yaxın Şərqə sakitlik gətirməyəcək və İsrailə ciddi zərər verəcək" başlıqlı məqaləsində, bu danışıqların Ankarada keçirilməsinin qəsdən planlaşdırılmış siyasi siqnal olduğu iddia edilib. “Əsl sual artıq İranın təslim olub-olmayacağı deyil. Bu sualın cavabı artıq məlumdur. Vaşinqton İrana qarşı sərt məhdudiyyətlər tətbiq edən bir razılaşmanı qəbul etməyə hazırdırmı, yoxsa bu danışıqlar gərginliyin yenidən artmasından əvvəlki son dayanacaqdır? Əsl sual budur", - xəbərdə qeyd olunub.

Yunanıstanın “New Post” qəzetində “Ankarada sülh pəncərəsi” başlıqlı məqalədə bildirilib ki, Türkiyə regionda ümumi böhran ssenarisinin qarşısını almaq məqsədilə kommunikasiya kanallarını asanlaşdırmaq üçün pərdəarxası əlaqələr qurur.

Afinada yerləşən “Press Room” qəzeti isə bu xəbəri “Yaxın Şərqdə ümid işığı” başlığı ilə yayımlayıb. "Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Türkiyə bu böhrana son qoysa, Yaxın Şərqdə tarazlıq yarada bilər. Ankara bu məqamda həlledici rol oynayır", - xəbərdə qeyd olunub.

Qeyd edək ki, ABŞ və İran rəsmiləri 2025-ci ilin iyun ayında İran və İsrail arasında 12 günlük münaqişədən sonra ilk dəfə bir araya gələcək.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm