Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı
Bizi izləyin

Dünya

Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı

Rusiyada tanınmış biznesmen və keçmiş senator Umar Cəbrailovun 32 yaşlı qızı Alvina Cəbrailova sosial şəbəkədə canlı yayıma çıxaraq ailəsi, atasının sərvəti və onların mürəkkəb münasibətləri barədə sensasion açıqlamalar verib.

Publika.az xəbər verir ki, Alvina atasından qalan mirasın gözlənildiyi qədər böyük olmadığını deyib.

Onun sözlərinə görə, biznesmenin böyük sərvəti illər ərzində dəbdəbəli həyat tərzinə - məşhurlarla keçirilən gecələrə, yaxtalara və bahalı əyləncələrə xərclənib: “Sağa-sola milyonlar, milyardlar paylayırdı. İndi isə mənim mirasım - sadəcə bu gün sahib olduğumdur. Artıq böyümüşəm və hər şeyi qaydaya salmaq mənim məsuliyyətimdir”.

Alvina uşaqlığını “əyləncəli” adlandırsa da, indi anlayır ki, əsas olan var-dövlət yox, insanın özünü təmin etmə bacarığıdır. O, atasını həm sevdiyini, həm də tənqid etdiyini gizlətməyib: “Onu sevirəm, amma eyni zamanda tənqid edə bilirəm. İnsan həm yaxşı, həm də pis ola bilər”.

O bildirib ki, atasını daha çox media vasitəsilə tanıyıb: “Atam хаrizmatik, ağıllı və zarafatcıl idi. Amma içində çox təhlükəli, qaranlıq tərəf də var idi. Mən onu insan kimi o qədər də yaxşı tanımırdım”.

Ən sarsıdıcı açıqlamalardan biri isə zorakı davranışlarla bağlı olub. Onun sözlərinə görə, atası onu illərlə spirtli içki içməyə məcbur edib: “Məni içki içməyə vadar edirdi. Bəzi şeylər var ki, danışmaq belə istəmirəm. O, ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı”.

Qeyd edək ki, Umar Cəbrailov martın 2-də Moskvadakı mənzilində ölü tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Bildirilir ki, biznesmen uzun müddət depressiyadan və narkotik asılılığından əziyyət çəkib, son illər isə külli miqdarda borclanmışdı.

Onun ikinci qızı Danata hazırda Avropada yaşayır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm