Dünya
Məşhur banan oğurlandı - 6,2 milyon dollarlıq soyğun
Fransanın Metz şəhərində yerləşən "Centre Pompidou-Metz” muzeyində nümayiş etdirilən və dəyəri milyonlarla dollar olan "Komediyaçı” ("Comedian”) əsərinin əsas elementi sayılan "divara yapışdırılmış banan” yenidən oğurluq hadisəsi ilə gündəmə gəlib. Muzey rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib, oğurlanan bananın isə qısa müddətdə yenisi ilə əvəzləndiyini açıqlayıb.
Publika.az xəbər verir ki, müasir incəsənət dünyasının ən mübahisəli əsərlərindən biri hesab edilən bu iş italiyalı vizual sənətçi Mauritsio Kattelanın müəllifliyinə məxsusdur və divara yapışdırılmış adi banandan ibarətdir.
AFP-nin məlumatına görə, muzey əməkdaşları bananın yoxa çıxdığını şənbə günü aşkar ediblər. Hadisədən sonra dərhal polisə məlumat verilib.
Parisdəki Pompidou Mərkəzinin Metz filialı tərəfindən yayılan açıqlamada naməlum şəxs və ya şəxslərə qarşı oğurluq faktı ilə bağlı rəsmi şikayət verildiyi bildirilib. Açıqlamada həmçinin əsərin mərkəz hissəsini təşkil edən bananın yenisi ilə dəyişdirildiyi qeyd olunub.
Muzey rəhbərliyi vurğulayıb ki, bu, əsərə qarşı ilk müdaxilə deyil. Təzəliyini qorumaq üçün hər üç gündən bir dəyişdirilən banan daha əvvəl də ziyarətçilərin diqqət mərkəzində olub.
Ötən ilin iyul ayında bir ziyarətçi sərgidəki bananı yeyərək geniş rezonans doğurmuşdu. Hadisədən sonra təhlükəsizlik əməkdaşları dərhal yeni banan yerləşdirmişdilər. Həmin vaxt muzey rəhbərliyi hüquqi tədbir görməmişdi.
Mauritsio Kattelan isə o zaman verdiyi açıqlamada zarafatla bildirib ki, ziyarətçinin yalnız bananı yeyib, yapışqan lenti yeməməsi onu məyus edib.
Bu dəfə isə şübhəli şəxsin kimliyi müəyyən edilmədiyindən muzey rəhbərliyi hüquqi prosedura başlamaq qərarına gəlib. Rəsmilər hadisənin ikinci dəfə baş verdiyini xatırladaraq bunun həm də sənət əsərinə hörmət məsələsi olduğunu qeyd ediblər.
Mauritsio Kattelanın sənətin dəyəri və mahiyyəti barədə müzakirə yaratmaq məqsədilə hazırladığı "Komediyaçı” əsəri ilk dəfə 2019-cu ildə Mayami Biçdə keçirilən "Art Basel” sərgisində nümayiş olunub. Əsərin iki versiyası 120 min dollara satılıb, üçüncü versiya üçün isə 150 min dollar qiymət müəyyən edilib.
İllər keçdikcə əsərin bazar dəyəri xeyli artıb. Çin əsilli kriptovalyuta sahibkarı Castin San 2024-cü ildə əsərin bir versiyasını 6,2 milyon dollara alıb. O, satınalmadan bir neçə gün sonra Honq-Konqda kameralar qarşısında həmin bananı yeyərək yenidən diqqət mərkəzinə düşmüşdü.
Satirik və təxribatçı sənət layihələri ilə tanınan Mauritsio Kattelan yalnız "Komediyaçı” əsəri ilə deyil, həm də ABŞ Prezidenti Donald Trampın ilk prezidentliyi dövründə Ağ Evə təklif edilən, 18 karat qızıldan hazırlanmış və tam istifadəyə yararlı "America” adlı qızıl tualet əsəri ilə məşhurlaşıb.
Sənətçinin bu əsəri də 2019-cu ildə İngiltərədəki "Blenheim Palace” sarayından oğurlanmış və beynəlxalq mediada geniş əks-səda doğurmuşdu.(Qaynarinfo)
-
Region13:30Putin Paşinyana zəng etdi
-
ABŞ12:49Tramp 2000 diplomatı qovdu - ABŞ-ın 98 ölkədə səfiri yoxdur
-
İdman12:02Gey olduğunu etiraf edən Şumaxer evləndi - Toydan FOTOLAR
-
Rəsmi xronika11:16Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Elm və təhsil10:54İyunda görünəcək nadir mənzərə: Əvvəlcə Venera ilə Yupiter yaxınlaşacaq, sonra...
-
ABŞ09:44Ağ Ev şiələrin nəzarəti altındadır - Obamaya haker hücumu
-
Sosial09:26Birinci siniflər üzrə son statistika: 4 gün qaldı
-
Magazin207:3055 yaşlı teleaparıcı alt paltarında belə rəqs etdi - VİDEO

































