Ekologiya
Dünya iqlim normalarında TARİXİ REKORD - Azərbaycanda da ola bilsin ki... - AÇIQLAMA
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) may və iyun aylarında okean səthinin orta temperatur göstəricilərinin artması ilə bağlı Şimal qütbünün böyük ərazisində havaların adətən olduğundan daha isti keçəcəyi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, adətən istiləşməyə gətirib çıxaran El-Ninyo hava fenomeninin yoxluğuna baxmayaraq, havanın temperaturu rekorda yaxın göstəricilərə çatıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər şöbəsinin direktor müavini, iqlimşünas Məhərrəm Həsənov Publika.az-a açıqlamasında bildirib ki, ola bilsin ki, bu il əvvəlki rekordlar yenilənəcək.
Ancaq bu, mütləq mənada olan bir fikir deyil: “Rekordların yenilənməsi müəyyən illərdə müşahidə edilən hadisələrdir. 2019-cu ildə Bakıda mütləq maksimum temperatur dəyişdi. Naxçıvanda isə 2000-ci ildə dəyişdi. Bu ilin də ən isti yay olacağı haqqında məlumat var. Ancaq təbii ki, bu ehtimaldır. Bu elə bir şeydir ki, adətən ən isti il, ən isti 10 il deyərkən, həmin ilin keçməsindən sonra hesablanır və ondan sonra deyilir. Məsələn, 2001-2011-ci illər son dövrlərin ən isti 10 illiyi oldu. Ümumdünya Meteorologiya Təşkilatı da bu ilin xüsusilə də yay aylarının çox isti olacağı haqqında informasiya verib”.
Ölkəmizə gəlincə AMEA rəsmisi qeyd edib ki, ehtimal ola bilər ki, Azərbaycanda da bu yay isti olacaq. Ancaq iqlim proqnozunu qabaqcadan vermək bəzən özünü o qədər də doğrultmur: “Azərbaycan da dünyanın bir hissəsidir. Təbii ki, əgər qlobal mənada istilər olacağı halda ölkəmizdə də bu müşahidə oluna bilər. Lakin ölkəmizin coğrafi mövqeyi və relyefi bir qədər onun dəyişməsinə imkan yarada bilər. Çünki şimaldan Böyük Qafqaz dağları, qərbdən Kiçik Qafqaz dağları, cənub-şərqdən Talış dağları bəzən müəyyən hava kütləsinin buraya gəlib özünü olduğu kimi göstərməsinə maneə ola bilir. Bundan əlavə yayda şərqdən gələn quru isti hava kütlələrini Xəzər dənizi bir qədər mülayimləşdirir. Ona görə də, yüksək ehtimalla ÜMT-nin göstərdiyi böyük dəyişiklik olmayacaq. Fərz edək ki, temperatur orta çoxillik göstəricidən 1-2 dərəcə yüksək ola bilər. Ən yüksək temperatur ölkəmizdə 2000-ci ildə 46 dərəcə olaraq Naxçıvanda müşahidə olundu. Bu bütün illər ərzində ən yüksək temperaturdur. Bu il ehtimal ki, bir az dəyişərək 46.5-47 dərəcə ola bilər. Ancaq dünyada rekord istilərin olacağı haqqında məlumatlar ehtimal olunan proqnozlardır”.
İqlimşünas əlavə edib ki, havanın temperaturu yüksələndə su hövzələrinə, okena da təsir göstərir. Hazırda müşahidə edilən iqlim dəyişikliyi isə bir çox amillərlə bağlıdır. Əsas amil müasir dövrdə antropogen faktordur: “Yəni buna istehsalın təsiri, atmosferin çirklənməsi kimi amillər təsir edir. Lakin pandemiya ilə əlaqədar atmosferin çirklənməsi həm ölkəmizdə, həm də dünya miqyasında xeyli azalıb. Səbəb isə hazırda sənaye müəssisələrinin əksəriyyətinin dayanması və avtomobillərdən az istifadə olunmasıdır. Bunlar atmosferin çirklənməsini müəyyən qədər azaldır. Atmosferin də çox çirklənməsi havada istilik effekti yaradan qazların çoxalmasına səbəb olur. Bu qazlar pandemiya ilə bağlı bir qədər azalıb. Bu da temperaturun çox yüksəlməsinə maneə olan amil kimi yəqin ki, özünü göstərə bilər. ÜMT-nin dediyi rəqəmlərə şübhə ilə baxmıram. Ancaq bir iqlimşünas kimi çox böyük fərq gözləmirəm. Pandemiyada atmosferin çirklənməsi bilavasitə azaldığına görə temperaturun gözlənilən dərəcədə qızması azala bilər”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru, ekoloq Telman Zeynalov isə hesab edir ki, riyazi üsulla havanın temperaturunun gələcəkdə necə olacağını dəqiq proqnozlaşdırmaq bəzən mümkün olmaya bilir:
“Demək olmaz ki, 1 aydan sonra temperatur necə olacaq və iqlim dəyişir. Əgər iqlim silahından istifadə olunarsa, bu proqnozlar əksinə olar. Son dövrlər külək gah şimaldan, gah da qərbdən əsir. Deməli, bu onu göstərir ki, hər 30, 60 və 100 ildən bir iqlim dəyişir. Yəni havalar gah isinir, gah da soyuyur. Əgər isinmə prosesi gedirsə şimal qütbündə havaların temperaturu tədricən artmağa başlayır. Cənub qütbündə isə havalar soyumağa doğru gedir. Hər hansı bir yerdə temperatur artırsa, digər yerdə mütləq azalmalıdır. Təbiətdəki tarazlıq qorunub saxlanmalıdır”.
Bakıda temperaturun həddindən artıq normadan çox olmasını ekoloq belə izah edib: “Əgər sovetlər dövründə Bakıda 1 milyon 200 min əhali yaşayırdısa, hazırda 4.5 milyon insan məskunlaşıb. 15 mindən çox yüksək mərtəbəli bina inşa edilib. Tullantıların miqdarı, eyni zamanda avtomobillərin sayı artıb, ətraf mühitə zəhərli maddələrin atılması həddən artıq çoxalıb. Buna görə də şəhərdə temperatur yüksək olur. Pandemiya dövründə maşınların hərəkəti azaldığı üçün atmosfer az da olsa təmizlənib. Lakin pandemiyadan sonra müəssisə və fabriklər yenidən fəaliyyətə başlayacaq. Yeni texnologiyalar tətbiq edilməlidir. Köhnə texnologiyalar yenidən işə düşəcək və hava daha da çirklənəcək. Belə olduğu halda təbii olaraq bu, havanın temperaturuna öz təsirini göstərəcək”.
Akqabay Mıradov
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var